ALLAH YOLUNDA XALİS İNFAQ

:

{وَمَثَلُ الَّذِینَ ینْفِقُونَ أَمْوَالَهُمُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَتَثْبِیتًا مِنْ أَنْفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَآتَتْ أُكُلَهَا ضِعْفَینِ فَإِنْ لَمْ یصِبْهَا وَابِلٌ فَطَلٌّ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِیرٌ}

“Mallarını Allahın razılığı və ruhlarını (insani səciyyələrini) möhkəmlətmək yolunda sərf edənlər uca bir nöqtədə olan (saf havadan qədərincə bəhrələnən), gur yağışların suvardığı, ikiqat artıq meyvə verən bağa bənzərlər. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh də ona kifayət edər və dağ daim təravətli qalar). Həqiqətən, Allah etdiyinizi əməlləri görəndir!”1

NÖQTƏLƏR:

ƏMƏLDƏ İXLAS VƏ YAXUD DƏYƏRLƏR İNQİLABI

Əməllərdə ixlas və yaxud Allah yolunda görülən işlər İslamda böyük əhəmiyyət kəsb edir və buna əməl edən cəmiyyətdə səfa-səmimiyyət hökm sürür.
Şübhəsiz, məqsədsiz iş yoxdur və belə bir hal bir növ xəta və qəflət sayılır. Fərdi işlərdə məqsəd şəxsi xarakter daşıyır. Məsələn, ehtiyacını təmin etmək üçüm işləyən insan işləyirsə, onun bu işi bəyənilir və təriflənir. Amma işlər ictimai xarakter daşıdıqda, məqsəd tamamilə dəyişilməli, ilahi razılıq və yaxud ən azı insanlara qayğı və məhəbbətlə yerinə yetirilməlidir.
Qurani-Kərimdə riyakarlıqla görülən işləri yarımçıq, ixlasla yanaşı olan işləri isə tamam sanaraq onlara dair misallar çəkir. Biz ötən məsəldə birinci təşbehlə tanış olduq və indi isə ixlasla bağlı ikinci məsəl haqda söz açırıq:
Kəndli özünə yerin yüksək bir nöqtəsində saf havadan, günəş şüasından və bol yağışdan bəhrələnən münasib sahə ayırır və ora fidan və cavan ağaclar əkir. Münasib hava şəraitinə uyğun olaraq az bir müddət ərzində fidanlar böyük ağaclara çevrilir və ikiqat meyvə verir.
Maraqlıdır, ötən məsəldə şiddətli yağış bağa ziyan vurursa, bu məsəldə isə fidan və ağaclara faydalıdır və onları inkişaf etdirir. Çünki birinci məsələ görə, iqlim və şəraitdən xəbərsiz kəndli azacıq torpaqla örtülmüş daşın üzərinə toxum səpir və təbii ki, belə bir şəraitdə toxum kök atmayacaq, cücərməyəcək və şiddətli yağış toxumu torpaqla birgə yuyub aparacaq.
Demək, riyakar şəxs əməllərində azacıq torpaqla örtülmüş daşın üzərinə toxum səpən kəndliyə bənzəyir. Belə ki, onun zəhməti kök atmayacaq, ruhu və qəlbində təsiri olmayacaq.

İXLASIN HƏDDİ
İxlasın müxtəlif dərəcələri var ki, bəziləri yalnız övliyalara məxsusdur. Belə nəql edirlər ki, Seyid Mürtəza ilə Seyid Rəzinin atası dünyadan getdikdən sonra, qalan irs onların arasında bərabər bölüşdürüldü və bir Quran qaldı. Bölgü aparan Quranı onlardan birinə verməyi qərara alaraq dedi: “Sizdən hər kim yetkinlik həddinə çatdığı vaxtdan indiyədək günah etməyibsə, Quran onun olmalıdır.” Bu zaman hər iki qardaş əlini Quranın üstünə qoydu. Bölgü aparan dedi: “Hansı biriniz indiyə qədər “məkruh” bir əməl yerinə yetirməyibsə, Quran onun olacaq.” Hər iki qardaş əlini Quranın üstünə qoydu. Bölgü aparan dedi: “Sizdən hər hansı biriniz indiyə qədər “mübah” bir iş görməyibsə, Quran ona çatacaq.” Bu zaman təkcə Seyid Mürtəza əlini Quranın üstünə qoydu.
Bölgü aparan soruşdu: “Mübah iş görməmək mümkündürmü?” Seyid Mürtəza dedi: “Mən yetkinlik həddinə çatdığım vaxtdan bütün işlərimi, hətta yemək-içmək və yatmağı da Allaha xatir, Allaha qulluq və itaət məqsədilə yerinə yetirmişəm!”

QURANİ-KƏRİM VƏ İXLASA DƏVƏT
Qurani-Kərimin ayələrində ixlasa dəvət olduqca çoxdur:
1. “Mərzatİllah”

{وَمِنَ النَّاسِ مَنْ یشْرِی نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ}

“İnsanlardan eləsi var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin (s) yatağında yatmış Əli (ə) kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır.”2
2. “Vəchullah”

{...وَمَا تُنْفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّهِ...}

“Allahın özünü razı salmaqdan başqa bir şey üçün xərcləmirsiniz.”3
3. “Rİzvanullah”
Əməldə ixlasla bağlı işlənilən “rizvan” sözü mərifət və kamal əhlinin nəzərində xüsusi cazibədarlığa malikdir və onu qazanmaqdan üstün bir ləzzət yoxdur. Hər arifin son arzusu “rizvan” məqamına ucalmaq və Haqqın razılığını qazanmaqdır. Qurani-Kərimdə bu söz “rizvanullah”, “rizvanun minəllah”, “rizvanəhu”, “rizvan”, “rizvanən” kimi müxtəlif ibarələrlə qeyd edilir. Məsələn:

{...تَرَاهُمْ رُكَّعًا سُجَّدًا یبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ...}

“...Peyğəmbər və onun dostlarını həmişə rüku və səcdə halında daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən...”4

Kitabın adı: Qurani-kərimdə ibrətamiz məsəllər
Tərcümə edən: Rza Şükürlü


1. “Bəqərə” surəsi, ayə 265.
2. “Bəqərə” surəsi, ayə 207.
3. “Bəqərə” surəsi, ayə 272.
4. “Fəth” surəsi, ayə 29.

 

Tags: QURAN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!