FƏLƏQ SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 3

:

FƏLƏQ SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİNİN DAVAMI
Fələq surəsinin 4-cü ayəsində belə buyurulur: وَ مِنْ شَرِّ النَّفَّاثاتِ فِي الْعُقَدِ “Düyünlərə üfürənlərin (cadu edənlərin) şərindən.”

Nəffasat” sözü “nəfs” sözündən götürülmüşdür və həqiqətdə "ağız suyunun az bir miqdarını çölə tullamaq" mənasındadır. Ağız suyunu atmaq üfürməklə yerinə yetirildiyi üçün “nəfs” kəlməsi, “nəfx” (üfürmək)” mənasında da qeyd edilmişdir. Lakin təfsirçilərin çoxu “nəffasat” kəlməsini “cadugər qadınlar” mənasına təfsir etmişlər. (“Nəffasat” kəlməsi qadın cinsinin cəmidir və bu sözün təki “nəfs” kəlməsinin çoxaltma dərəcəsi olan “nəffasəh” kəlməsidir). Onlar dualar oxuyaraq düyünlərə üfürər və bu yolla cadu edərdilər. Lakin təfsirçilərin bir qrupu onu "vəsvəsə edən qadınlar" mənasına təfsir etmişdir ki, bu qadınlar həmişə kişilərin, xüsusən, öz ərlərinin başını dolduraraq onların yaxşı iş görə bilməklə bağlı dəmir iradələrini süstləşdirirlər. Belə qadınların vəsvəsələri tarix boyu çoxlu sayda ölümcül hadisələr törədib müharibə alovları qalayıb və möhkəm iradələri süstləşdirmişdir.
Fəxri Razi deyir: “Qadınlar kişilərin qəlbinə öz məhəbbətləri ilə nüfuz edərək onları ələ alırlar.” (“Fəxri Razi” təfsiri, c. 32, səh. 196.)
Bu isə digər dövrlərə nisbətən bizim dövrümüzdə daha aşkardır, çünki casuslar dünya siyasətçilərinə nüfüz etmək üçün ən mühüm vasitələrdən biri kimi qadınlardan istifadə edirlər ki, “nəffasati fil uqəd” sayəsində məxfi sandıqların qıfıllarını açsınlar və ən sirli məsələlərdən xəbərdar olaraq onu düşmənin ixtiyarında qoysunlar.
Bəziləri də, “nəffasat” kəlməsini “nufusun şərirə (şər nəfslər)” yaxud davamlı təbliğatları ilə möhkəm qərar və əhdləri süst edən “vəsvəsəçi camaat” mənasına təfsir etmişlər.
Bir ehtimala əsasən, bu ayənin ümumi anlayışı var və o, bütün bu deyilənlərin hamısına şamil olur. Hətta sözgəzdirənlərin sözlərinə də. Belə ki, onlar ailələri belə süst və viran edir.
Əlbəttə, buna da diqqət etmək lazımdır ki, ayənin öncədən söylədiyimiz nazilolma səbəbindən başqa, elə bir qəti nişanəsi yoxdur ki, cadugərlərin cadu etməsindən xəbər versin. Əgər ayəni bu şəkildə təfsir etsək belə, yenə onun nazilolma səbəbinin düzgünlüyünə sübut deyil. Lakin yeganə dəlilimiz Peyğəmbərin (s) cadugərlərin şərindən eynilə sağlam insanların heç vaxt o xəstəliyə tutulmadıqları halda, xərçəng xəstəliyindən Allaha pənah apardığı kimi, Allaha pənah aparmasıdır.

İncəlik:
CADUNUN TƏSİRİ
Xatırladılması zəruri olan nöqtə budur ki, əgər haqqında danışdığımız ayələrdə Peyğəmbərə (s) cadu edənlərin sehrindən və cadusundan Allaha pənah aparması əmr edilirsə, bu, o demək deyil ki, onlar Peyğəmbərə (s) cadu edib, əksinə eynilə bunun kimi anlamaq lazımdır ki, Peyğəmbər (s) hər növ səhv, xəta və günahlardan belə Allaha pənah aparır. Yəni, Allahın lütfündən istifadə edərək bu təhlükələrdən amanda qalır və əgər Allahın lütfü olmasaydı, cadunun Peyğəmbərə (s) də təsir etməsi mümkün idi. Bu məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə budur ki, “nəffasati fil uqəd (düyünlərə üfürənlər)” cümləsindəki məqsədin cadugərlər olmasına dair bir sübutumuz yoxdur.
Uyğun surənin sonuncu ayəsində belə buyurulur: وَ مِنْ شَرِّ حاسِدٍ إِذا حَسَدَ
“Həsəd etdiyi zaman hər bir paxılın şərindən.”
Bu ayə onu göstərir ki, paxıllıq yaramaz sifətlərin ən pisi və ən çirkinidir, çünki Quran onu yırtıcı heyvanların, sancan ilanların və vəsvəsə edən şeytanların cərgəsində yerləşdirib.

İncəlik:
1. HƏSƏD APARANLARIN ŞƏRİ
“Həsəd” çirkin bir şeytani adətdir ki, iman zəifliyi, dardüşüncəlik və paxıllıq kimi müxtəlif amillərin təsiri nəticəsində insanın vücudunda yaranır və başqalarında olan nemətlərin aradan getməsi və zay olmasını arzulamaq mənasını daşıyır.
Həsəd əksər böyük günahların sərçeşməsi və başlanğıcıdır. Hədisdə qeyd edildiyi kimi, alov odunu necə aradan aparırsa, həsəd də insanın imanını məhv etməklə o cür aradan aparır. İmam Baqir (ə) buyurur: "Həqiqətən, atəş odunu yediyi kimi, həsəd də imanı yeyir." (“Biharul-ənvar”, c. 73, səh. 237)
İmam Sadiqdən (ə) nəql olunan başqa bir hədisdə oxuyuruq: "Dinin bəlası “həsəd”, “özünü böyük hesab etmək” və “lovğalanmaq”dır." (“Biharul-ənvar”, c. 73, səh. 238)
Bu ona görədir ki, həsəd aparan (paxıl) şəxs əslində ilahi hikmətə etiraz edir ki, nə üçün Allah insanlara nemət verib, onları öz lütfünə şamil edib?
Bu barədə "Nisa" surəsinin 54-cü ayəsində oxuyuruq: أَمْ يَحْسُدُونَ النَّاسَ عَلى‏ ما آتاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ
"Yoxsa, onlar Allahın insanlara (Peyğəmbərə və onun Əhli-beytinə) Öz fəzlindən verdiyi şeyə görə paxıllıq edirlər?"
Mümkündür paxılın işi o yerə çatsın ki, hətta paxıllıq etdiyi şəxsin əlində olan nemətin aradan getməsinə görə özünü oda-közə vursun və məhv etsin. Necə ki, bunun nümunəsi hekayətlər və tarixdə məşhurdur.
Həsədin pisliyi haqda elə bunu demək kifayətdir ki, dünyada ilk qətl hadisəsi “Qabil” tərəfdən “həsəd”in təsiri nəticəsində qardaşı “Habili” vurub öldürməsi oldu.
Həmişə peyğəmbər və övliyaların yolundakı maneələrdən biri “həsəd aparanlar (paxıllar)” olub. Məhz buna görə də, Qurani-kərim Peyğəmbərə (ə) göstəriş veriri ki, paxılların şərindən Allaha və fələqin Rəbbinə pənah aparsın.
Son mətləb budur ki, bu surədə yalnız Peyğəmbərə (s) paxılların şərindən Allaha pənah aparması barədə xitab olunmasına baxmayaraq, bütün insanlar paxılların şərindən Allaha pənah aparmalıdır. Şübhəsiz, Peyğəmbərə xitab olunması nümunə və örnək xarakteri daşıyır.

2. ŞƏR VƏ FƏSADLARIN ƏN MÜHÜM MƏNBƏLƏRİ
Allah-taala bu surənin başlanğıcında Peyğəmbərə (s) göstəriş verir ki, şər olan bütün məxluqların şərindən Allaha pənah aparsın. Sonra şərin izahında üç növ şərə işarə edir. Birincisi, qaranlıqdan istifadə edən qara qəlbli təcavüzkarların şəri, ikincisi, pis söz və çirkin təbliğatları ilə iradələri, ailələri, imanları, əqidələri süst edən vəsvəsəçilərin şəri, üçüncüsü isə paxılların şəri.
Bu izahlardan belə başa düşülür ki, ümdə olan şər və bəlalar elə buradan qaynaqlanır və fəsadların ən mühüm mənbələri bu üç mənbədir. Bu, olduqca mənalı və üzərində düşünülməsi zəruri olan mətləbdir.

İlahi! Biz də paxılların şərindən Sənin müqəddəs zatına pənah aparırıq!
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh!

Kitabın adı: “Nümunə” təfsiri
Tərcümə edən: Seyyid Azər Əhmədoğlu

 

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!