İNŞİRAH SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 1

:

İnşirah surəsinin möhtəvası
Bu surənin “Zuha” surəsindən sonra nazil olması çox məşhurdur. Eyni zamanda, surənin möhtəvası da həmin məsələni təsdiqləyir.


Əvvəlki surədə olduğu kimi, bu surədə də Allah-taala Peyğəmbərə (s) bəxş etdiyi nemətlərdən söhbət açır. Əvvəlki surədən (“Zuha” surəsindən) fərqli olaraq bu surədə sadəcə mənəvi nemətlər barədə danışılır. Ümumiyyətlə, “İnşirah” surəsinin möhtəvası üç məsələ ətrafında bəyan edilir:

1. Üç böyük mənəvi nemətdən söz açılır,

2. Peyğəmbərin (s) İslama dəvəti ilə bağlı gələcəkdə bütün çətinliklərinin aradan qalxacağı haqda müjdə verir,

3. Allaha diqqət yetirmək, eyni zamanda, dua və ibadətə təşviq barədə danışılır.

Əvvəl də qeyd etdiyimiz kimi, Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə əsasən, “Zuha” və “İnşirah” surəsinin hər ikisi bir surə hesab edilir və əgər namazda oxunularsa, onların hər ikisi birlikdə qiraət edilməlidir ki, bir surə kamil hesab olunsun. Əhli-sünnə alimləri arasından Fəxri-Razi də İbnTavus və Ömər ibn Əbdüləzizə istinadən, namazda bu iki surənin bir surə hesab edildiyini və onları oxuyarkən iki surə arasında “Bismillah” kəlməsini demədiklərini qeyd etmişdir. Amma şiə fəqihlərinin nəzərincə, o cümlədən, Təbərsinin “Məcməul-bəyan” təfsirində qeyd etdiklərinə əsasən, “Bismillah” kəlməsini demək lazımdır və onu söyləməmək düzgün deyil.

Təəccüblü burasındadır ki, Fəxri Razi bu surələri vahid bir surə hesab edən şəxslərin nəzərini qeyd etdikdən sonra, onların sözlərini təkzib edir və bildirir ki, bu surələr iki ayrıca surədir və onların möhtəvası da bir-birindən fərqlənir. Belə ki, “Zuha” surəsi nazil olarkən Peyğəmbər (s) kafirlərin əziyyətindən narahat, amma “İnşirah” surəsi nazil edilərkən o həzrət xoşhal və şad idi. Belə olduğu halda, bu iki surə necə bir surə hesab edilə bilər?! (“Fəxri Razi” təfsiri, c. 32, səh. 2)

Şübhəsiz, Fəxri Razinin sözləri insanda təəccüb doğurur, çünki hər iki surədə Peyğəmbərin (s) keçmişi, o həzrətin Allaha ümidvar olması və ona Allah tərəfindən nemətlərin verilməsindən danışılır. Həmçinin, onların xatırladılmasının zəruriliyi diqqətə çatdırılır, çünki həmin məsələ qəlbin aramlığına səbəb olur.

Nəticədə, qeyd etməliyik ki, bu iki surənin bir-biri ilə yaxın rabitəyə malik olması hansısa bir şəkk-şübhənin yaranmasına əsas sayıla bilməz.

Bu surənin Məkkədə nazil olduğunu bildirmişlər. Bəzi təfsirçilər “Biz sənin adını sənin (əzəmətin) üçün ucaltdıq” – ayəsindən bu surənin Mədinədə nazil olduğunu söyləmişlər. Amma insaflı olaraq demək lazımdır ki, İslam Peyğəmbəri (s) Mədinəyə hicrətdən qabaq da camaat arasında məşhur idi. Bütün yığıncaqlarda o həzrətin peyğəmbərliyi və İslamla bağlı söhbətlər gedirdi. Həqiqətdə, bu surə Məkki surələrdəndir.

İnşirah surəsini oxumağın fəziləti

“İnşirah” surəsini oxumağın fəziləti barədə Peyğəmbərdən (s) belə bir hədis nəql edilmişdir: “Bu surəni oxuyan şəxsin savabı Mühəmmədi (s) qəmgin görərək onun qəlbindən kədəri uzaqlaşdıran şəxsə verilən savab qədərdir.” (“Məcməul-bəyan” təfsiri, c. 10, səh. 507)

بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحيِم

أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ

1. “Məgər biz sənin sinəni (köksünü) genişləndirmədikmi?

Ayənin ifadələri Allah-taalanın Peyğəmbərə (s) hədsiz məhəbbət və ona təsəlli verməsini göstərir. Birinci ayədə Allah böyük nemətlərindən birinə işarə edərək buyurur ki, “Məgər biz sənin sinəni (köksünü) genişləndirmədikmi?”

Nəşrəh” sözü “şərh” kökündəndir və Rağib İsfahaninin “Mufrədat” kitabında qeyd etdiyinə əsasən, ətin hissəciklərini genişləndirib artırmaq mənasını verir və ayədəki məqsəd ilahi nur vasitəsi ilə Peyğəmbərin (s) qəlbinin genişləndirilməsi və ona aramlıq bəxş edilməsidir. Daha sonra sözlərinə belə əlavə edir ki, Peyğəmbərin (s) sinəsinin genişləndirilməsi o həzrətin düşüncələrinə aydınlıq gətirmək mənasını ifadə edir. Eyni zamanda, həmin genişliyi həm ilahi vəhy sayəsində o həzrətin elminin hədsiz olması, həm də inadkar düşmən və kafirlər müqabilindəki böyük səbri mənasına da yozmaq mümkündür.

Həzrət Musa ibn İmran (ə) da Allah tərəfindən Fironu dinə dəvət etməklə vəzifələndirildikdə, o, dərhal Allaha belə ərz etdi: “Ey Rəbbim, sinəmi genişləndir (mənə çoxlu səbr və hövsələ ver) və işimi mənə asanlaşdır.” (“Taha” surəsi, ayə 25-26)

Digər ayədə isə Peyğəmbərə (s) xitab olaraq Allah belə buyurur: “Belə isə, Rəbbinin hökmünə səbr et (onların məhvinə tələsmə) və balıq sahibi (Yunus) kimi olma! O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə (balığın qarnında Allahı) səslədi.” (“Qələm” surəsi, ayə 48)

Sinənin (qəlbin) genişliyi müqabilində qəlbin daralması dayanır və “Hicr” surəsinin 98-ci ayəsində belə buyurulur: “Şübhəsiz, biz sənin qəlbinin onların dediklərindən sıxılmasını bilirik.”

Adətən, heç bir rəhbər, xüsusən də, İslam Peyğəmbəri (s) kimi əzəmətli risalət məsuliyyətini üzərinə götürmüş şəxs qəlbi genişlik olmadan qarşılaşdığı çətinliklərə sinə gərib cəmiyyətdəki düşmənlər müqabilində möhkəm dayana bilməz. Bu xüsusiyyət bütün ilahi peyğəmbərlərdə, xüsusi ilə də, Allahın Rəsulunda (s) var idi.

Peyğəmbər (s) hədislərinin birində buyurur: “Mən Allah-taaladan bir şey istədim, amma kaş istəməyəydim!

İlahi, sən məndən əvvəlki peyğəmbərlərin ixtiyarında küləyi qoymuş və onlara ölüləri diriltmək möcüzəsi vermisən.

Allah-taala mənə belə buyurdu: “Yetim ikən sənə pənah vermədikmi?” Mən cavab verdim ki, bəli, ey mənim Rəbbim!

Allah bir daha buyurdu: “Sən yolunu itirdiyin zaman səni hidayət etmədikmi (sənə yolu göstərmədikmi)? Mən “Bəli, ey mənim Rəbbim!” deyə cavab verdim.

Allah buyurdu: “Biz sənin sinəni (qəlbini) genişləndirmədikmi?” Mən cavab verdim ki, bəli, ey mənim Rəbbim!” (“Məcməul-bəyan” təfsiri, c. 10, səh. 508)

Bütün bunlar, qəlb genişliyinin peyğəmbərlərə verilən digər möcüzələrdən qat-qat üstün və əhəmiyyətli olduğunu göstərir.

Həqiqətən də, əgər insan Peyğəmbərin (s) yaşadığı dövrə və o həzrətin üzləşdiyi çətinliklərə nəzər salsa, başa düşər ki, bütün çətinliklər müqabilində Allah Rəsulunun (s) davam gətirə bilməsi adi bir məsələ deyildir və bu qüdrət və qəlbi genişlik Allah tərəfindən ona verilmişdir. Bunun özü də, Peyğəmbər (s) üçün Allah tərəfindən ilahi bir təsdiqdir.

Bəzi təfsirçilər “qəlbin genişləndirilməsi” ifadəsindəki məqsədin o həzrətin uşaqlıq, yaxud gənclik dövründə baş verən bir hadisəyə, yəni asimandan mələklərin gəlib qəlbini çıxarması, onu yuyaraq ilahi elm və rəhmətlə doldurmasına işarə olduğunu bildirirlər. (“Durrul-mənsur” (“Əl-Mizan”ın c. 20, səh. 452-də nəqlinə əsasən) və “Fəxri Razi” təfsiri, c.32, səh 2. Hədisin məzmunu “Səhih Buxari”, “Səhih Tirmizi” və “Sünəni Nəsai”də də merac məsələsi ilə bağlı qeyd edilmişdir.)

Məlum məsələdir ki, bu hadisə kinayə və təşbih olaraq işlədilmişdir və ondakı məqsəd cismani qəlb deyil, əksinə Peyğəmbərin (s) ruhi və mənəvi baxımdan paklığına, ilahi vəhylə rabitəyə malik olmasına işarədir. Ayənin həmin hadisəyə dəlil olaraq nazil edildiyini söyləmək olmaz və ayədəki “qəlbi genişlik” ifadəsi daha əhatəli mənaya malikdir və onun sayəsində Peyğəmbər (s) bütün çətinlikləri geridə qoyaraq ilahi risalət vəzifəsini layiqli şəkildə yerinə yetirə bildi.

Daha sonra Allah-taala Peyğəmbərə (s) bəxş etdiyi digər bir nemətə toxunur və belə buyurur:

وَ وَضَعْنَا عَنْكَ وِزْرَكَ

2. “(Nübüvvət) yükünün ağırlığını səndən götürmədikmi? (Onu sənin üçün yüngül etmədikmi?)”

Vizr” sözü lüğətdə “ağırlıq” mənasını verir və “vəzir” sözü də məhz bu sözdən götürülmüşdür. Hakimiyyət və dövlətin ağır yükünü öz üzərinə götürən şəxsə də “vəzir” deyilmişdir.

Günahlar insanın çiynində ağır bir yük olduğu üçün də “vizr” adlandırılmışdır.

الَّذِي أَنْقَضَ ظَهْرَكَ

3. “Elə bir yük ki, onun ağırlığı sənin belini bükmüşdü.”

Ənqəzə” sözü “nəqəzə” kökündəndir və mənası “kəndirin düyünün aşılması” və ya evin (binanın) bir-birinə birləşmiş hissələrinin ayrılması” mənasını verir. “İntiqaz” isə binanın hissələrinin bir-birindən ayrıldığı zaman yaranan və ya insanın fəqərə sümüyünün ağır yükün altında çıxardığı səsə (şaqqıltıya) deyilir. “Nəqəzə” sözü əhd-peymanı pozmaq mənasında da işlədilir.

Görəsən, Allahın Peyğəmbərin (s) çiyinlərindən götürdüyü yük hansı yük idi?

a) Ayələrin şahidliyindən asanlıqla məlum olur ki, həmin yük nübüvvət və risalət yükü idi.

b) Həmçinin, o həzrətin təkallahlılığa dəvəti və yaşadığı mühiti fəsad və çirkinliklərdən təmizləməklə bağlı olan yük və çətinliyi idi. Əlbəttə, təkcə İslam Peyğəmbəri (s) deyil, bütün peyğəmbərlər ilahi dəvətin əvvəllərində belə çətinliklərlə qarşılaşırdılar. Amma Peyğəmbərin (s) yaşadığı dövr və mühit əvvəlki peyğəmbərlərin yaşadığı mühitdən nisbətən çətin və acınacaqlı idi.

c) Bəzi təfsirçilər həmin yükü risalətin başlanğıcındakı vəhyin ağırlığı ilə bağlı olduğunu da bildirmişlər.

e) Bəziləri müşriklərin inadkarlıq və tərsliyi, bir qrup o həzrətin əmisi Əbu Talib, zövcəsi Xədicənin vəfatından sonra yaranan çətinlik kimi yozmuş, digər dəstə isə onu günahdan paklıq və ismətin çətinliyi məsələsi ilə əlaqələndirmişdir.

Amma ən birinci təfsir daha münasib və diqqətə layiq təfsirdir.

Allah-taala Peyğəmbərə (s) verdiyi üçüncü nemətlə bağlı belə buyurur:

وَرَفَعْنَا لَكَ ذِكْرَكَ

4. “Sənin adını sənin (əzəmətin) üçün ucaltdıq.”

Allah-taala bu ayədə bildirir ki, biz sənin adını hər yerdə ucaltdıq və sənin adın İslamla yanaşı və hər yerdə çəkilir. Bundan daha üstünü isə gecə-gündüz verilən azanlarda sənin adın Allahın adı kənarında çəkiliərək xatırlanır.

Allahın birliyi ilə yanaşı sənin risalətinə verilən şəhadət İslama və pak olan bu dinin Allah tərəfindən qəbul olunmasına dəlildir.

Bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tövhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin, Allah, mələklər və insanlar səni mədh etsinlər, şöhrətin tədriclə yer kürəsini əhatə etsin, axirətdə “Məhmud” məqamına nail olasan – deyə, sənin adını hər yerdə ucaltdıq.

Görəsən, bundan da böyük bir iftixar və məqam təsəvvür edilə bilərmi? Bu ayənin təfsiri barədə o həzrətin özü belə buyurur: “Cəbrail (ə) nazil olaraq Allahın belə buyurduğunu söylədi: “Mənim adım çəkildiyində, sənin də adın xatırlanır və bu, sənin əzəmət və məqamın üçün kifayətdir.””

Ayədə işlədilən(لَكَ  “ləkə”) – “sənin üçün” sözü düşmənlərin yaratdığı bütün maneələrə baxmayaraq, Allahın İslam Peyğəmbərinin (s) adını ucalmasına bir daha təkid etdiyini göstərir.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!