DOSTLUQDA HÖRMƏTİN QORUNMASI ZƏRURƏTİ

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
Allah-taala icazə vermir ki, mömin şəxs özünü abırdan salsın və ya başqalarına ehtiramsızlıq göstərsin. Mömin şəxsin hörməti gözlənilməlidir. Başqalarına səni hörmətdən salmaq icazəsi verilmədiyi kimi, sən də öz hörmətini və digər möminlərin hörmətini qorumalı, sui-zənn və yersiz ittihamlara yol açmamalısan.

Mömin şəxs ittiham üçün şərait yaratmamalıdır. Eləcə də, başqaları ittiham olunmamalıdır. Əlbəttə ki, bu iki qaydaya əməl etmək çox çətindir. Bir tərəfdən xalqın razılığını güdməməli, digər tərəfdən onların bədbin olması üçün şərait yaratmamalıyıq. Bu sərhədləri dəqiq qorumaq asan deyil. İnsan öz eyib və günahlarını gizlətməlidir. Xalqdan gizli qalmış eyiblərimizi açıqlamağa ixtiyarımız yoxdur. Bu qaydaya riayət edilsə, insana qarşı müsbət fikir yaranar. Bu, ilahi bir nemətdir və bu nemətin qədrini bilmək lazımdır. Xalqın etimadı adlı nemətdən maddi və mənəvi fəaliyyətlərdə bəhrələnmək lazımdır. Dostların və müsbət fikirli xalqın varlığı ilahi hədəflərə çatmaqda yardımçı ola bilər.
Əgər haqqınızda ictimai rəy müsbət olarsa, xalq sizə inanarsa, bu inam sizi yaxşılığa vadar edər və çalışarsınız ki, insanların rəyini doğruldasınız. Əgər sizə aid edilən kamillik və gözəl xasiyyətlər sizdə yoxdursa, bu sifətləri əldə etməyə çalışın. Əgər xalq düşünürsə ki, siz ibadət və təqva əhlisiniz, bu rəyləri həqiqətə çevirməyə səy göstərin. Əgər sizi doğruçu hesab edirlərsə, çalışın ki, yalan danışmayıb, dilinizi əsassız sözlərdən qoruyasınız. Bir sözlə, xalqın müsbət rəyi nemətini əldən çıxarmayın. Xüsusi ilə, ictimai mövqeyə malik insanlar üçün xalqın müsbət fikri olduqca əhəmiyyətli sərmayədir. Ona görə də, xalqın xoş gümanını qoruyun, xalqın arzuladığı və Allahın razı qalacağı rəftar sahibi olun.
Sözsüz ki, mömin, müvəhhid, kamil imana malik insanlara belə tövsiyələr verməyə ehtiyac yoxdur. İmam Həsən (ə) isə bu kamil sifətlərin nümunəsidir. Pak insana “xalqın arzuladığı kimi ol” demək yersizdir. Çünki bu insan Allaha görə özünü çirkinliklərdən pak etmiş və xalqın müsbət rəyini əvvəlcədən qazanmışdır. Əvvəldə qeyd etdiyimiz kimi, vəsiyyətnamədəki bu tövsiyələr bütün xalqa ünvanlanmışdır. Çünki adi insanlara büdrəmələr, xətalar labüddür və başqaları bu nöqsanlardan xəbərsiz ola bilərlər. Yalnız belə insanların xalqın arzusuna uyğun rəftara çalışması məntiqi olar.

DOSTLUĞUN BƏLASI
Dostluq dünyasının dəqiq və incə nöqtələrindən biri həyatın bütün eniş-yoxuşlarında dostluq hüquqlarına riayət etməkdir. İnsan biri ilə dost olduğu vaxt bəzən bu dostluq sayəsində öz dostunun hüquqlarına diqqətsiz olur. Belə olduqda, dost dostun hüquqlarını dəqiq yerinə yetirmir. Mömin dostun hüquqlarından biri budur ki, başqalarının hüzurunda onun hörməti qorunsun. Ehsan edilərkən hamıdan əvvəl dost nəzərə alınmalıdır. Dost möhtacdırsa, təcili surətdə onun ehtiyacı ödənməlidir. Təəssüf ki, bəzən dostluqda səmimiyyət elə bir həddə çatır ki, insan dostluq vəzifələrini unudur. Hətta bəzən dostun özü də unudulur.
Belə bir münasibəti doğuran həddi aşmış səmimiyyətdir. Çünki çox səmimi olan insanlar bir-birlərinə qarşı o qədər də diqqətli olmurlar. Beləcə, bir çox qarşılıqlı hüquqlar kölgədə qalır. Məsələn, səmimi münasibətdə olan insanlar bir-birlərinə “sən” deyə müraciət edirlər. Bu sayaq rəftara adət edənlər başqaları ilə ünsiyyətdə olarkən eyni cür müraciət edirlər. Unutmamalıyıq ki, belə rəftar insanların bir-birlərinə qarşı diqqətsizliyi ilə sonuclanır. Aydındır ki, insanlar arasındakı səmimiyyət hüquqların pozulması ilə müşayiət olunmamalıdır. İnsan insana qiymət verməli və hədlərə riayət etməlidir. Səmimiyyəti hörmətsizliyə, ictimai hüquqların pozulmasına çevirmək olmaz. İctimai həyatda hər bir insanın öz mövqeyi və hüquqları vardır. Uyğun hüquqlar və ictimai mövqe gözlənilməlidir.
Bu qaydaya, mühüm əxlaqi nöqtəyə hətta ailə daxilində də əməl olunmalıdır. Ərlə arvadın səmimiyyəti təbii bir gerçəklikdir. Amma bu səmimiyyət ailə daxilində hüquqların pozulması ilə nəticələnməməlidir. İctimai ehtiram zərurətinə görə insan başqalarının yanında öz həyat yoldaşına hörmətlə yanaşmalı, onunla nəzakətli davranmalıdır. Ərlə arvad ikilikdə olduqda, bir-birlərinə istədikləri kimi müraciət edirlərsə, bu o demək deyil ki, xalqın gözü qarşısında da eyni münasibətdə olmalıdırlar. Övladların, qohum-əqrəbanın yanında ərlə-arvad bir-birlərinə nəzakətlə müraciət etməli, hörmətlə davranmalıdırlar.
Unutmayaq ki, bütün məqamlarda sərhədlər mövcuddur və bu sərhədlər qorunmalıdır. İki nəfər arasındakı səmimiyyət onlara icazə vermir ki, bir-birlərinə hörmətsizlik göstərsinlər. Sərhədlərin pozulması münasibətlərin pozulması ilə nəticələnə bilər. Məsələn, dostluğu bəhanə edərək dostun haqqını yerinə yetirməsək, az sonra bu dostluqdan əsər-əlamət qalmaz. Həzrət (ə) buyurur: “Qardaşının haqqını ona olan dostluğa görə zay etmə.” Yəni aranızdakı səmimiyyətə arxalanaraq, onun hüquqlarını pozmamalısınız. Şəksiz ki, dostun da öz hüquqları var və bu hüquqlara riayət olunmalıdır. Səmimiyyətin öz yeri, hüquqlarınsa öz yeri var. Əgər dostunun hüquqlarına əməl etməsən, şübhəsiz ki, bu dostluğa zərbə vurmuş olacaqsan. “Filankəs mənim dostumdur” deyə, onun hüquqlarını tapdamaq tamamilə məntiqsiz bir hərəkətdir. Əgər bir şəxslə dostsansa, onun hüquqlarına hökmən riayət et. Vəsiyyətnamədə oxuyuruq: “Haqqını zay edəcəyin kəs sənə dost deyil.”

Kitabın adı: Əbədi öyüd

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!