DOSTLUQDA MEHRİBANLIQ VƏ ETİDAL

:

MƏSULİYYƏTLƏRƏ MÜNASİBƏTDƏ ORTA HƏDD – “ETİDAL”
Bu məqamda digər bir əhəmiyyətli, həssas məsələ vəzifələrin icrasında və hüquqların qorunmasında “etidalın”, yəni orta həddin gözlənilməsidir. İnqilabdan sonra bir çox məsullar məhz bu əhəmiyyətli nöqtəyə diqqət yetirmədiklərindən problemlərlə üzləşdilər.

Öhdəsinə ağır məsuliyyət düşən fərdlərin bir çoxu öz işinə ifrat aludə olduğundan öz yaxınlarına, ailə-övladlarına münasibətdə etidalı gözləyə bilmədilər. Çoxları məşğulluq səbəbindən sübh evdən çıxıb, evə gecəyarı qayıtdıqlarından öz övladlarının haqqını yerinə yetirə bilmədilər. Fədakar şəhidlərdən biri buyururdu ki, səhər uşaqlar yuxuda ikən evdən çıxar, gecə onlar şirin yuxuda olarkən evə qayıdardım. İşin çoxluğu səbəbindən insan öz ailə-övladlarının hüquqlarından xəbərsiz qalır, ailəyə aid vəzifələrini yerinə yetirə bilmir. Ağır ictimai vəzifələri öhdəsinə almış insan, ailəsi, övladları, valideynləri qarşısındakı vəzifələrini yerinə yetirməkdə aciz olur. Bəli, insan, adətən, bir işə məşğul olarkən ikinci vəzifəsinə bir o qədər də diqqət yetirə bilmir, ya da bu vəzifəni tamamilə unudur. İctimai məsələlər onun başını elə qatır ki, öz ailə problemlərinin həllinə vaxt ayıra bilmir. Bu nöqtəni daim xatırlamağa ehtiyac duyulur. Ona görə də, Əmirəlmöminin (ə) buyurur: “Məbada, əhlin sənin yanında ən bədbəxt adamlar olsunlar.”
Hər birimizin ailə qarşısında vəzifələri vardır. Məbada, bu vəzifələri yerinə yetirməməklə öz ailə-övladımızı təhlükəyə ataq. Onların da hüquqları var və bu hüquqlara riayət olunmalıdır. Heç olmaya, başqalarına diqqət yetirdiyiniz qədər öz övladlarınıza da vaxt ayırın. Onlar da insandır və sizin öhdənizdə haqları var. Məbada, məşğul olduğumuz işlər bizi ailəyə münasibətdə biganəliyə sövq etsin. Bu məsələyə tələbələr, təhsil sahəsində çalışanlar xüsusi diqqət yetirməlidirlər. Bu təbəqə cəmiyyət qarşısında özünü daha məsuliyyətli hiss edir. Onlar təhsili cihad və digər ictimai məsuliyyətlər kimi vacib sayırlar. Onlar gecə-gündüz oxuyur və oxuduqları ilə kifayətlənmirlər. Zəruri həddə istirahət edir, bütün vaxtlarını elmi araşdırmalara sərf edirlər. Bu ağır məşğulluq valideynlərin, ailə övladların hüquqlarını ikinci plana keçirir. Valideynə və həyat yoldaşına münasibətdə belə diqqətsizlik göz qabağındadır.
Təhsil məqsədi ilə başqa şəhərlərə üz tutanlar uyğun problemlə daha tez-tez üzləşirlər. Belələri, adətən, valideynlərdən və həyat yoldaşından uzaq düşürlər. Onların həyat yoldaşları kimsə ilə ünsiyyətdə olmur və tənhalıqda oturub yol gözləyirlər. Bu qəbildən olan insanlar təhsilə o qədər aludə olurlar ki, ailəyə lazımınca diqqət yetirə bilmirlər. Bəzən isə hətta valideynlərin və həyat yoldaşının halından xəbər tutmağı unudurlar. Bu insanlar üçün sanki həyatda kitab-dəftərdən başqa heç nə yoxdur. Hətta evlərinə qayıtdıqdan sonra qoca valideynə, xəstə övlada diqqət yetirmir, öz elmi araşdırmalarına məşğul olurlar. Bu insanlar valideynə, ailə-övlada və digər yaxınlara münasibətdə vəzifələrinə diqqətsiz olur, hətta onlara qismən də vaxt ayırmırlar.
Aydındır ki, bu dövrdə təhsil cihad və digər ictimai fəaliyyətlər kimi vacibdir. Amma bilməliyik ki, haqqı boynumuzda olanlara lazımınca diqqət ayırmasaq, təhsilin də davamı faydasız olasıdır. Valideynə, ailə-övlada diqqətsizlik onlarda əsəb və digər xəstəliklər yarada bilər, müalicə isə xeyli vaxt aparar. Ən pis nəticələrdən biri isə həmin şəxslərin övladlarının İslama münasibətə biganə tərbiyə olunmasıdır. Bu halda özünüz və cəmiyyətiniz üçün bəla olası bir övlad yetişdirmiş olarsınız. Məbada, ailəniz sizin yersiz hərəkətləriniz səbəbindən ən bədbəxt insanlar olsunlar. Sizin ölçü-biçisiz rəftarlarınız onları ən bədbəxt adamlara çevirə bilər. Özünüz öz əlinizlə ailə-övladınızı bədbəxt etməyin. Belə bir rəftar, şübhəsiz ki, müttəqilər imamı Əlinin (ə) tövsiyələrinə ziddir.

MEHRİBANLIQ YOXDURSA, YOLLARINIZ AYRIDIR
İmam Əli (ə) oğlu imam Həsənə (ə) buyurur: “Səni istəməyənə bağlanma. Məbada, qardaşının dostluq əlaqələrini qırmaqda gücü sənin bu əlaqələri qorumaqdakı gücündən çox ola. Məbada, pislik qüvvən yaxşılıq qüvvəni üstələyə. Məbada, xəsislik əzminiz bağışlamaq əzmindən çox ola. Məbada, təqsir gücün fəzilət gücünü üstələyə. Məbada, zalımın zülmü gözünə böyük görünə. Çünki o bu zülmü ilə öz zərərinə və sənin xeyrinə çalışır. Səni şad edən kəsin mükafatı ona pislik etmək deyil.” (“Nəhcül-bəlağə”)
Müsəlmanın, xüsusi ilə, Əhli-beyt (ə) məktəbi davamçısının ən böyük əxlaqi vəzifələrindən biri, rəvayətlərdə təkid olunduğu kimi, dostların hüquqlarına riayət olunmasıdır. Rəvayətlərdə işlədilən “ixvan” kəlməsi ümumi bir məna daşıyır və təqribən, “qardaş” mənasını ifadə edir. Bu kəlmə inqilabdan sonra möminlər tərəfindən daha çox işlənməyə başladı və onlar bir-birlərinə “ixvan”-”qardaş” deyə müraciət etməyə başladılar. “Hüquqi-ixvan” dedikdə, dostların və ünsiyyətdə olduğumuz digər şəxslərin hüquqları başa düşülür. İslamda dostlar – ”ixvan” üçün bir sıra hüquqlar nəzərdə tutulmuşdur. Biz bu hüquqları öyrənməli, onlara riayət etməli və bu yolla dostlara vəfadarlığımızı sübuta yetirməliyik. Bu vəzifə İslam məktəbində, xüsusi ilə Əhli-beyt (ə) yolunda ciddi tapşırılmış insani bir dəyərdir. Əmirəlmömininin (ə) vəsiyyətinin bu hissəsində də dostların hüquqları, dost seçimi və bu qəbildən olan digər məsələlər açıqlanır.
Deyildiyi kimi, insanların bir-birlərinə dostluq və məhəbbətlərinin müxtəlif səbəbləri ola bilər. İnsan bəzən diqqəti cəlb edən təqvaya, bəzən əhatəli biliyə, bəzən də hansısa bir kamilliyə görə qarşı tərəflə dostluq əlaqəsi qurmaq istəyir. Amma bəzən qarşı tərəfdə bu dostluğa meyil olmur. Heç vaxt belə münasibətlə rastlaşdıqda, dostluq əlaqəsi qurmağa səy göstərməyin. Siz bir şəxsə yaxınlaşmaq istədikcə o sizdən uzaqlaşmağa çalışırsa, israr etməyin. Əmirəlmöminin (ə) öz kəlamının bu hissəsində həmin mühüm nöqtəyə toxunaraq buyurur: “Səni istəməyənə bağlanma. Əgər dostluq etmək istədiyiniz şəxs sizinlə dostluğa meyil göstərmirsə, təkid etməyin. Çünki israrınız şəxsiyyətinizin alçalmasına səbəb ola bilər. Şübhəsiz ki, səmimi dostluq əlaqələri qurmaq üçün başqa adamlar var. Siz israr etdikcə qarşı tərəf bu dostluqdan qaçırsa, səy göstərib, vaxtınızı hədərə verməyin. İnanın ki, bu dostluqdan faydalana bilməyəcəksiniz. Ona görə də, dost seçimində çalışın ki, sizə meyli olan adamlarla dostluq əlaqəsi qurasınız. Çünki dostluq birtərəfli münasibət deyil. Dostluq ünsiyyət və ictimai bir rəftar kimi qarşılıqlı olmalıdır. Əlbəttə, dərin imana malik iki mömin üçün dost seçimində meyar həmin imandır. Əgər hər iki tərəf iman əhlidirsə və bir-birlərinə məhəbbətləri varsa, onların dostluğu üçün digər bir meyar olası deyil.
Beləcə, ictimai mühitdə və öz dostlarınızla əlaqədə soyuqluq müşahidə edirsinizsə, israr etməyin, bu israr faydasızdır. Şübhəsiz ki, qarşı tərəfin soyuqluğunun müxtəlif səbəbləri ola bilər. Bəzən qarşı tərəfdəki soyuqluğu şübhələr yaradır. Bəzən isə sui-zənn, bədgümanlıq dostluğa mane olur. Maneələri səy və təlaşla aradan qaldırmaq lazımdır. Maneələr aradan qalxdıqdan sonra da qarşı tərəf dostluğa maraq göstərməzsə, çalışıb tər axıtmağınızın axırı peşmanlıq və şəxsiyyətinizin alçalması olacaqdır. Əmirəlmöminin (ə) buyurur: “Səni istəməyənə bağlanma.” Əgər bir şəxs sənə meyilsizdirsə, onunla dostluğa israr göstərmə.

DOSTLUQ QIRILASI DEYİL
Zikr olunmuş dürlü kəlam dostluğun formalaşmasında ilkin addımlarla bağlıdır. Buyruq dostluğun formalaşma mərhələlərini açıqlayır. Bəzən dostluq təklifi qəbul olunur, bəzən isə qarşı tərəf dostluğa meyil göstərmir. Bu halda, dediyimiz kimi, insan öz təklifini zorla qəbul etdirməməlidir. Amma dostluq təklifi qəbul olunduğu vaxt, şübhəsiz ki, məsələyə başqa formada yanaşılasıdır. Yəni insan bir şəxsi dostluğa seçdikdən sonra və tərəflər bir-birlərinə bağlandıqları vaxt yeni məsələlər ortaya çıxır. Əgər dostluq yarandıqdan bir müddət sonra tərəflərdən biri soyuqluq göstərərsə, nə etmək lazımdır? Görən əvvəlki kimimi rəftar etməliyik? Qarşı tərəf dostluq hüquqlarını pozur deyə, bizdəmi dostluğa son qoymalıyıq? Cavab budur ki, yox! Bu halda başqa bir ünsiyyət qaydasına əməl etmək lazım gəlir.
Əgər dostluq düzgün şəkildə, dini əsaslar üzərində qurulmuşdursa, bu dostluğu pozmaq düzgün iş deyil. Əgər dini və dünyəvi həyatımız üçün münasib bir dost seçmişiksə, qarşı tərəfin soyuqluğu səbəbindən dostluq pozulmamalıdır. Əksinə çalışmalıyıq ki, qırılmaqda olan dostluğu möhkəmləndirək. Dostumuzu əsassız səbəblərə görə itirməməliyik.
Bəli, ilkin mərhələdə dostluğu zorla qəbul etdirmək düzgün deyil. Amma dostluq yarandıqdan sonra hansısa bəhanələrlə bu dostluğu qırmamalıyıq. Bu barədə imamlardan (ə) müxtəlif bəyanatlar nəql olunmuşdur. Əvvəlki söhbətlərimizdə onlardan bəzilərini xatırladıq. Əmirəlmöminin (ə) isə buyurur ki, əgər dostun əlaqəsini qırmaq istəyirsə, sən bu dostluğu qorumağa çalışmalısan. Məbada, bu dostluq əlaqəsinin qırılması ilə razılaşasan. İki pəhləvan güləş meydanında bir-birlərinə qalib gəlmək istədikləri kimi, siz də qalib gəlməyə çalışmalı, dostluğunuzu hifz etməlisiniz. Dostluq əlaqəsinin möhkəmləndirilməsi üçün bütün qüvvənizi sərf etməlisiniz, öz qələbənizlə dostluğun puça çıxmasının qarşısını almalısınız. Ona görə də buyurulur ki, məbada, səndən uzaqlaşmaq istəyən dosta məğlub olasan. Əksinə, qalib gəlməyə çalışmalısan. Dostluğu qorumaq səylərin qarşı tərəfin dostluğu pozmaq səylərindən zəif olmasın. Əgər qarşı tərəf dostluğu pozmağa çalışırsa, sən onun niyyətini boşa çıxarmalısan. Həzrətin (ə) buyruğu dostluğun qorunmasında insanı şücaətləndirir və o öz güclü müqaviməti ilə dostluğu qorumağa çalışır. Həzrət buyurur: “Məbada, qardaşının dostluğu qırmaq gücü sənin dostluğu qorumaqdakı gücündən çox ola.” Əgər o, bu işdə məqsədinə çatsa, bil ki, sən zəifsən və ona təslim olmusan. Həzrət Əlinin (ə) tövsiyəsinə görə isə sən ondan güclü olmalı, dostluq rabitəsinin qırılmasına imkan verməməlisən. Eləcə də, əgər sizin dostluğunuz Allah istəyincədirsə, bu dostluğu hökmən qorumaq lazımdır. Bu ilahi dostluğu boş yerə əldən çıxarmayın. Çünki insanın dünya və axirəti üçün yaxşı dost olduqca zəruri və əhəmiyyətlidir.

Kitabın adı: Əbədi öyüd

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!