YALANIN NÖVLƏRİ

:

Əxlaq və fiqh alimləri sahib olduqları elmlərə əsasən yalanı bir neçə qrupa bölürlər. Fəqihlər bəşər övladının zahiri əməllərini analiz edərək, ilahi qanunlara uyğun olub-olmamasını araşdırırlar. Əxlaq alimləri isə insanların rəftarlarının batini və daxili aspektinə ciddi yanaşaraq, bir əməlin batini haqda nəzəriyyələr irəli sürürlər.

FİQHİ BAXIMDAN YALANIN NÖVLƏRİ
Əxlaq alimlərinin yalan haqda nəzəriyyələrini şərh etmədən öncə onu da xatırlatmalıyıq ki, insanlar xəbər verərkən müxtəlif üslublardan istifadə edirlər. Elə bu cəhətdən yalan da müxtəlif növlərlə bəyan edilir.
Xəbərin çatdırılması təkcə insanın ağzı vasitəsilə deyil, müxtəlif amillərlə də həyata keçir. Belə ki, yalan sadəcə sözlə məhdudlaşmır, baş, bədən, əl, yazı, şəkil və digər vasitələrlə də həqiqət olmayan xəbərləri qarşı tərəfə çatdırmaq mümkündür. Fiqh alimləri bütün bu növlərin yalan olduğunu vurğulayaraq, hamısının haram olduğunu təsdiqləyirlər.

ƏXLAQİ BAXIMDAN YALANIN NÖVLƏRİ
Fəqihlər yalanı söz, yazı, işarə adı altında qruplaşdırırlar. Əxlaq alimlərinin nəzərincə isə yalan 6 növdən ibarətdir:
1. Yalan söz;
2. Yalan niyyət;
3. Yalan əzmkarlıq;
4. Əzmkarılqda olunan vəfada yalan;
5. Yalan əməl;
6. Dini məqamlar – mərifət və irfanda yalan.

1. Yalan söz: İnsanların həqiqətə uyğun olmayan sözləri danışdıqları zaman meydana çıxır. Yəni həqiqətə uyğun olmayan bir söhbəti dilə gətirib danışan şəxs “yalan söz” günahına batmış olur. Əlbəttə, bəzi insanlar o qədər həqiqətdən uzaq sözlər danışırlar ki, onların yalan söz danışmağı, yaxud rəftarı təqribən bir nəfsani mələkəyə və adətə çevrilir. Bu halda həmin şəxs “yalançı” bir insana çevrilir və onun üçün yalan danışmaq adi bir peşə kimidir. Hətta həmin şəxs əməlinin çirkinliyini belə hiss edə bilmir.
Yalançılığa adət etmiş şəxs öz qələmi, dili və rəftarını yalanla qidalandırır. Hələ yalan danışmağa adət etməyib, lakin zaman-zaman müxtəlif səbəblər üzündən məcburən yalan danışan şəxslər narahatlıq hissi keçirib, vicdan əzabı çəkdiklərinə baxmayaraq, rəvayətlərdə belə şəxsləri də məzəmmət edərək buyururlar:

لا شَيْمَةَ اَقْبَحُ مِنَ الْكِذْبِ

“Heç bir əməl yalandan pis deyildir.”1

شَرُّ الاْ َخْلاقِ الْكِذْبُ و شَرُّ الشِّيَمِ الْكِذْبُ و اَقْبَحُ الْخَلائِقِ الْكِذْبُ

“Ən pis rəftar yalandır.”2

لَيْسَ الْكِذْبُ مِنْ خَلائِقِ الاْ ِسْلامِ

“Yalan islami rəftar və əxlaq deyil.”3
Mənəvi bağlılığı olub müsəlmanlıq iddiasında olan şəxslər heç bir zaman pis rəftara – yalançılığa qurşanmazlar. Yalançılığın mənəvi əhval-ruhiyyə ilə uyğunluğu yoxdur.

لَيْسَ الْكِذْبُ مِنْ خَلائِقِ الاْ ِسْلامِ.

“Yalan imanı insandan uzaqlaşdırar.”4

Qeyd olunan rəvayətdə yalan pis bir rəftar kimi xatırlanmışdır. Lakin bundan əvvəlki rəvayətdə yalançı şəxsin rəftarından əlavə, əxlaqı da nəzərdə tutulmuşdur. Belə ki, yalanın nəfsani rəzilətlə sıx əlaqədə olmasına baxmayaraq, insanın adət və mələkə rəftarına çevrilir, onun ən pis və xoşagəlməz xüsusiyyətini özündə əks etdirir. Halbuki bu xarakterin insan mənəviyyatı ilə heç bir uyğunluğu yoxdur.
2. Yalan niyyət: Bəzən insanlar yaxşı ibadət və ya xeyirli bir iş görmək qərarına gəlirlər. Amma onların bu işi görməkdə niyyətləri yalnız Allah-Taala deyil, əsas məqsəd öz nəfsani istəklərinə cavab verməkdən ibarətdir. Belə bir halda “yalan niyyət” məfhumu həqiqətə qovuşur. Onu da qeyd edək ki, “riya” haqqında söhbətlərimizdə bu barədə ətraflı danışacağıq.
Xalis niyyətlə zidd məna daşıyan “yalan niyyət” təqribən, bəzi fərqləri nəzərə almamaqla riya və yaxud ikiüzlülük məfhumu ilə sinonimdir. Buna görə də, “riya”, “yalan niyyət”in bir qolu hesab olunur. Bəli, riya, niyyətə başqa bir şeyi, yaxud insanı ibadət qəsdinə daxil etmək deməkdir. Belə ki, insan Allaha xatir nəzərdə tutduğu işi başqalarının diqqətini cəlb etmək üçün edərsə, niyyətində yalan olduğu sübuta yetər. Çünki həmin şəxs Pərvərdigara xatir ibadət niyyətində yalan danışmış olur. Məsələn, bir nəfər ibadət etmiş olduğunu düşünərək arıqlamaq məqsədi ilə oruc tutarsa, niyyətinin yalan olduğunu göstərər. Əlbəttə, niyyətdə yalan məfhumu riyadan daha da genişdir.
Hətta insan yaxşı niyyətlə belə nəfsani tələblərinə cavab verən bir əməl yerinə yetiribsə, yenə də niyyətdə yalançılıq günahına düçar olmuşdur.
3. Yalan əzmkarlıq: Bəzən, insan Pərvərdigarın dərgahına daha da yaxınlaşıb, Ona sığınmaq üçün bir sıra xeyir işlər, ibadətlər etmək qərarına gəlir. Amma bu qərarın özündə belə şəkk-şübhəyə düşüb nəfsinin tələblərindən başqa heç bir şeyə cavab vermir. Beləliklə də, süstlük və zəifliyə düçar olur. Çünki bu şəxsin qərarı sadiq və düzgün deyildir. Təbii ki, bu şəkk-şübhəyə səbəb olan zəifliyin mənşəyi nəfsin istəklərilə bağlıdır. Bu tip vəziyyətdə insan “yalan əzmkarlıq” xəstəliyinə tutulmuşdur.
Qarşıya çıxan bu süstlük insanın verdiyi qərarla uyğun gəlmədiyindən əzmində də sadiq deyildir. Həmin şəxs özündə müşahidə etdiyi zəiflik qədər yalançıdır. Bu eynilə “niyyətdə yalançılıq”la bağlı söylədiyimiz kimidir.
4. Əzmkarılqda olunan vəfada yalan: Bəzi xeyir işlərin müəyyən zaman çərçivəsində, xüsusi bir şəraitdə həyata keçirilməsi lazımdır. Məsələn, həcc səfərinin vacib bir əməl kimi müəyyən bir zamanı vardır. Habelə xüsusi şərtlərin, o cümlədən maddi imkanın olması zəruridir. Həmçinin vacib oruc yalnız mübarək Ramazan ayına məxsusdur. Eləcə də, ilahi haqların icrası bəzi şəraitlərdə olmalıdır. Lakin bəzən insan bu şəraitlər yaranmadan öncə başqa bir xeyir iş görmək niyyəti ilə ciddi surətdə işə başlayır. Ciddi dedikdə məqsəd onun niyyətində heç bir şəkk-şübhənin, zəifliyin olmadığını nəzərə çatdırmaqdır. Amma şərait yaranan kimi, məsələn, zaman və imkan münasib olduğunda nəfsani istəklər hər bir tərəfdən insana hücum edir, öz məqsədinə çatana kimi ona qələbə çalmağa çalışır. Belə ki, bütün əhd-peymanı, qərarı və verdiyi sözləri ayaq altına alır. Beləliklə də, “əzmkarılqda olunan vəfada yalan” günahına düçar olur.
5. Yalan əməl: Əməldə yalançılıq insanın zahirdə gördüyü işlə, niyyətində tutduğu işin tamamilə birbirinin əksi olmasıdır. Yəni insan daxili və batini istəyi tarazlaşmır. Amma zahirdə özünü elə göstərir ki, guya bu onun içindən gələn daxili rəftarıdır. Daxili aləmlə zahiri rəftarın üst-üstə düşməməsi, uyğun olmaması da yalançılığın bir növüdür. Məsələn, “vüqarlı” olmaq insanların ən gözəl göstəricilərindən biri hesab olunur. Bir şəxsin belə bir xüsusiyyətə sahib olmadığı halda özünü ağır, mətin və vüqarlı göstərməsi yalançılıqdır. Bu növ yalançılığa əxlaq alimləri tərəfindən “yalan əməl” adı verilmişdir. Çünki onun rəftarı içində gəlmir və daxili xüsusiyyəti ilə ziddiyyət təşkil edir.
Başqa bir misalda isə bir şəxsin namaz qılarkən özünü necə aparmasına işarə etmək olar. Bəzən insanlar namaz qılarkən zahirdə özlərini ilahi və müqəddəs birisi kimi qələmə verməkdən ötrü namazı ruhani bir ab-hava ilə qılır, xüsusi hallarla özlərini müqəddəs insanlara oxşadırlar. Amma belə şəxslər onu da unutmamalıdırlar ki, namaz kimi bir ibadətin bu məqsədlə qılınması “əməldə yalançılıq” hökmünü özündə əks etdirir. Onu da qeyd edək ki, “əməldə yalançılıq” məfhumunun “riyakarlıq” və “niyyətdə yalançılıq”la fərqi vardır. “Riyakarlıq” insanın bir işi görərkən niyyətində Allahı deyil, başqasını tutması, yəni özünün xeyirli işini başqalarına göstərmək məqsədini güdməsidir. “Əməldə yalan” məfhumu isə insanın daxili niyyəti ilə xarici rəftarının ziddiyətindən qaynaqlanır. Belə ki, bu insanın xeyirli niyyətini kiməsə göstərib-göstərməməsi şərt deyil. Bəzən bir nəfər, hətta tək olduqda belə bu uyğunsuzluqda günahlandırılır. Çünki namazı elə qılır, guya Allah qorxusundan təşvişə düşmüşdür. Əslində, bu yalnız xarici rəftarındadır və onun daxilində belə bir hisslər müşahidə olunmur. İnsan əməlinin yalan-doğru olması onun daxili duyğuları ilə tam əlaqədədir. Bu səbəbdən də yalnız zahiri görnüşü olan rəftarları ayırmaq mümkündür. Belə bir vəziyyətdə insanın bu rəftarı başqalarına görə etməsi niyyəti əlavə olunarsa, “niyətdə yalan” hökmü də ona şamil olacaqdır.
6. Dini məqamlar – mərifət və irfanda yalan: Ümumiyyətlə, insanlar ilahi məqamlara, mənəvi rütblərə doğru hərəkət etməyə meyllidirlər. İman, təqva, təvəkkül, razılıq, xof və rəca kimi nəfsani fəzilətlərə yetişməyə can atırlar. Bəzən insanlar bu məqamlara çatdıqlarını təsəvvür edirlər. Əslində, bu məqamlara nail olmaq o qədər də sadə iş deyil. Çünki bu fəzilətə sahib olmaqdan ötrü çoxlu mərhələri keçmək, bir çox çətinlikləri arxada qoymaq gərəkdir. Təəssüf ki, bəziləri bunun asan olduğunu zənn edərək bu xüsusiyyətlərə sahib olduqlarını düşünürlər. Məsələn, bir şəxs özündə “xof”u (Allahdan qorxu) nişanəsi olmadan bu xüsusiyyətə malik olduğunu zənn edir.
İnsanlarda qorxu hissləri imandan qaynaqlanır. İman olmazsa, qorxu da olmaz. Həmçinin qorxu və xof da bir növ ruhi duyğu olaraq insanı daxildən hərəkətə gəlir. İnsanda bu hisslər oyanarsa, onun zahiri rəftarlarına da sirayət edər. Rəngin saralması, üzdə olan dəyişikliklər insandakı qorxunu əks etdirir. Bu hallar isə insanı daxili hisslərinə uyğun rəftar etməyə vadar edir. Övliyaların namaz qılıb, ibadət edərkən bədənlərində titrəyişi, üzlərinin rənginin qaçması rəvayətlərdə dəfələrlə söylənmişdir. İmam Həsən Müctəbanın (ə) hətta dəstəmaz alarkən belə üzünün rənginin qaçmasına səbəb Allah qorxusunun olması hədislərdə dəfələrlə bəyan edilmişdir. İmam Həsən Müctəbanın (ə) belə hallar yaşaması itaət hakimiyyətinə tabeçilik, günhalardan pəhriz etmək və azğınlıqdan xilas yolunu insanlara göstərməkdən ibarət idi.
Əmirəlmöminin Əli (ə) dəfələrlə buyurmuşdur:

اِيّاكُمْ وَالْكَذِبَ فَاِنَّ كُلَّ راجٍ طالِبٌ وَ كُلَّ خائِفٍ هارِبٌ

“Yalandan çəkinin! Həqiqətən, ümid edən hər bir şəxs ilahi mükafat da istəyər, naümid isə ilahi əzabdan qaçar.”5
İnsan qəlbində qorxu olmazsa, günhadan çəkinib ondan uzaq durmaz. Hətta mənəvi xüsusiyyət olan “rəca” halları zamanı belə günaha düçar olmaq ehtimalı vardır. İmam Əli (ə) bu barədə buyurur:

يَدَّعى بِزَعْمِهِ اَنَّهُ يَرْجُو اللّهَ كَذَبَ وَالْعَظيمِ ما بالُهُ لا يَتَبَيَّنُ رَجاؤُهُ فى عَمَلِهِ

“Bəziləri Allah-Taalaya ümidvar olduğunu güman edirlər. And olsun Yaradana! Onlar yalan deyirlər. Rəftarlarında Allaha ümidvarlıq hissi görünməyən insanların ümidvar olduğunu sanmaqmı olar?”
Bu, eynilə “rəca” məqamında yalançılıq deməkdir. Daha sonra buyurur:

فَكُلُّ مَنْ رَجا عُرِفَ رَجاءُهُ فى عَمَلِهِ...

“Ümidvar olan hər bir şəxsin rəftarında və əməlində də ümidvarlıq hiss olunar.”
“Rəca” məqamlı şəxslər heç vaxt vacib əməlləri tərk etməz, Allahdan başqa heç nəyə bel bağlamazlar. Amma bu günlərdə bütün insanlarda Allaha ümidvarlıq duyğusunun möhkəm olmadığının şahidiyik. Çünki maddi mənbələrə olan ümidvarlıq insanları öz toruna salmışdır. İmam Əli (ə) bununla əlaqədar buyurmuşdur:

يَرْجُو اللّهَ فِى الْكَبيرِ وَ يَرْجُو الْعِبادَ فىِ الصَّغيرِ

“Böyük işlərdə Pərvərdigara, kiçik məsələlərdə isə Onun bəndələrinə ümid bəsləyərlər.”6
Beləliklə də, dini məqamlarda yalan danışmaq insanların boyunduruğu olub onları həlakətə sürükləyir.

Kitabın adı: İlahi əxlaq
Tərcümə edən: F. Şükürova


1. “Qürərül-hikəm”, səh. 220, 4383-cü hədis.
2. Yenə orada, 4373, 4375 və 4383-cü hədis.
3. Yenə orada, 4379-cu hədis.
4. Yenə orada, səh. 219, 4361-ci hədis.
5. “Kafi”, Kuleyni, 2-ci cild, səh. 343, 21-ci hədis.
6. “Nəhcül-bəlağə”, Sübhi Saleh, səh. 225, 160-cı xütbə.

 

Tags: SUALLARA CAVAB, FİQH, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!