ZÜLMKARLIQ - I hissə

:

ƏDALƏTIN ICTIMAIYYƏTDƏ OYNADIĞI ROL
Tarixə nəzər saldıqda və baş verən cərəyanları araşdırdıqda bunun şahidi oluruq ki, müxtəlif dövrlərdə bütün millətlər arasında müqəddəs "ədalət" kəlməsi baş verən bir çox inqilabi hərəkatların və siyasi cərəyanların əsasını təşkil etmişdir.

Haqq-ədalətdən məhrum olmaq, təcavüz və zorakılıqdan cana gəlmək insanların ruhiyyələrini o qədər həyəcanlandırmışdır ki, mərd-mərdanə mübarizə meydanına qədəm qoyaraq hamılıqla hakim təbəqəyə qarşı çıxmışlar və cəsarətlə öz etirazlarını bildirmişlər. Bu cəsur insanlar zülm və haqsızlığın aradan qaldırılmasında yorulmadan mübarizə aparmış və canlarının bahasına olsa da belə, heç bir fədakarlıqdan boyun qaçırmamışlar.
Lakin təəssüflər olsun ki, bu hərəkat və cərəyanların bir çoxu müvəffəqiyyət qazana bilməmiş, arzu və qarşılarına qoyduğu məqsədə çatmamışdır. Onların uğursuzluqlarının səbəbləri aşağıda qeyd olunanlara diqqət yetirdikdə aşkar olur:
–Cəmiyyət öz təbii axarından çıxaraq pisliklərə adət etdikdə, artıq heç vaxt ədalət və bərabərliyə tabe olmaq istəmir. İstənilən şəraiti əldə etmək üçün haqq-ədaləti bərqərar etmək tamamilə mümkündür. Həmin şərait yaranmadıqda isə ədalətin həqiqi siması həyat üfüqündə heç vaxt doğmayacaqdır.
–Hər şeydən əvvəl cəmiyyət "ədalət" üzərinə qoyulmuş qanuna ehtiyac duyur. Belə ki, orada bütün ictimai təbəqələrin hüquqları nəzərə alınmalı və ümumi mənafe ilə həmahəng olmalıdır. Yalnız bundan sonra təlim-tərbiyə və əxlaqi dəyərlər onun inkişaf və geniş vüsət tapmasına təsir göstərə bilər.
–Ədalət, yaradılmış aləmdə müşahidə olunan bir qanundur. Dünyanın keçməli olduğu mərhələ onun əsasında müəyyənləşdirilmiş və onda hər hansı bir dəyişikliyin aparılması qeyri-mümkündür.
–Öz vücudumuzda şahid olduğumuz əsraramiz həmahənglik yaradılış aləmində hökm sürən ədalət və bərabərlikdən xəbər verir və biz öz vücudumuza nəzər salmaqla bu böyük nəzm-intizamdan agah ola bilərik. Yaradılış aləmində hökm sürən bərabərlik icbari bir müvazinətdir. Lakin bəşər azad düşüncə və iradəyə yiyələndiyi üçün ədalət də onun yaşadığı cəmiyyətdə öz istək və iradəsi ilə bərqərar olunmalıdır. İnsanın şüur və düşüncə qüvvəsi bəzi məsələlərdə şəriət qanunlarına ehtiyac duymadan özü müstəqil olaraq həqiqəti dərk edib onun əsasında hökm çıxarmağa qadirdir. Ağıl yaxşı və xeyirxah işləri yüksək qiymətləndirir, xoşagəlməz və nalayiq rəftar və davranışlara qarşı isə barışmaz mövqe tutur.
Ədalət bəşəriyyətin həyatında böyük əhəmiyyət kəsb etməklə yanaşı, bütün gözəl əxlaqi xüsusiyyətlərin mənşəyini təşkil edir. Bir sözlə, ədalət insanı xeyirxah işlərə sövq edən bir xüsusiyyətdir. İnsanları bir-birlərinə yaxınlaşdıraraq onların arasında birlik və səmimiyyətin yaranmasına səbəb olan da məhz ədalətdir.
Məşhur Yunan filosofu Əflatun deyir: "İnsanın vücudunda ədalət nuru şölələndikdə onun nuru insanın bütün xüsusiyyətlərinə də işıq saçır. Çünki insanın bütün gözəl xüsusiyyətləri məhz ədalətdən ilham alır və onu xeyirxah işlər görməyə qadir edir. Bu isə səadət və xoşbəxtliyin son nöqtəsi və insanın Allaha yaxınlaşması deməkdir."
Əgər həyatın əsasını ədalət təşkil etdiyini və onun ən zəruri məsələlərdən biri olduğunu desək, səhvə yol vermərik. Haqq-ədalətin bərqərar olunması ilə insanın həyatında yeni bir fəsil başlanır və ictimaiyyətin hərəkətsiz vücuduna yeni ruh üfürülmüş olur. Ədalət, həyata can və özünəməxsus bir gözəllik bəxş edir. Həyata davam etməyə və çətinliklərinin aradan qaldırılmasına qadir olan cəmiyyət də, məhz haqq-ədalət üzərində qurulmuş və ona arxalanan bir cəmiyyətdir.

ZÜLMKARLIĞIN YANDIRICI ŞÖLƏLƏRI
Zülm və sitəmkarlığın ictimaiyyətin parçalanmasına, ictimai və əxlaqi əmin-amanlığın məhv olub aradan getməsinə səbəb olması elə bir inkaredilməz həqiqətdir ki, hətta dinə heç bir etiqadı olmayan şəxslər belə ona etiraf edə bilər. Zülmkarlıq baş alıb getməklə əlaqələr kəsilir və hərc-mərclik ictimaiyyətə hakim olmağa başlayır. Haqq-ədaləti ayaqları altına atan sitəmkar dövlətlər tezliklə zəifləyib parçalanmışlar. Tarixə nəzər saldıqda bir daha bu həqiqətin şahidi oluruq ki, zülmkar qüvvələr nə qədər böyük qüdrətə malik olsalar da nəhayət, törətdikləri cinayətlərin acı aqibəti ilə qarşılaşaraq özlərini ağır fəlakətə düçar edirlər. Bu barədə kifayət qədər misal və tarixi dəlillərə işarə etmək olar. Lakin biz onlardan biri ilə kifayətlənib tarixin canlı şahidlərindən biri olmuş Məhəmməd ibn Əbdülməlik barədə söhbət açmaq istəyirik:
–Abbasilər sülaləsinin vəzirlərindən biri olan bu şəxs vəzir olduğu illər ərzində yüksək mövqeyə malik olmuşdur. Son dərəcə zülmkar və daşürəkli olan Əbdülməlik dustaqları cəzalandırmaq üçün divarlarına şiş mıxlar vurulmuş dəmir təndir düzəltdirmiş və həbs olunanları onun içinə ataraq təndirin hərarətini artırmış və beləliklə, bədbəxt dustaqlar acınacaqlı bir vəziyyətdə can vermişlər.
Mütəvəkkil hakimiyyətə gəldikdən sonra isə Əbdülməlik vəzirlikdən kənarlaşdırılır və özünün düzəltdirdiyi təndirə atılır. O, ömrünün son anlarında kağız-qələm istəyir və orada iki beyt şeir yazır:
Şerin məzmunu: “Dünya bir yoldur və hər gün ondan ötüb keçmək gərəkdir. O, yuxu tək gözlər önündə canlanar. Sakit ol və narazılıq etmə. Bu dünya var-dövlət tək hər gün bir millətin və ya qövmün əlinə düşər.”
Mütəvvəkil məktubu oxuduqdan sonra vəzirin azad olunmasını əmr edir. Lakin artıq gec idi, çünki vəzir acınacaqlı bir vəziyyətdə dünyasını dəyişmiş idi!
Bəli, dünyanı ölüm-dirim meydanına çevirən şəxslər öz qüdrət və mövqeylərini qorumaq üçün hər şeydən məhrum olan zəif təbəqəyə ağlasığılmaz əzab və işkəncələr vermiş və ağır cinayətlərə əl atmışdır. Lakin çox keçmədən sinələr qəzəblə dolmuş və ani bir sıçrayışla qanlı inqilablar həyat səhnəsini tamamilə dəyişmişdir.
Zülm və sitəmkarlıq hər hansı bir müəyyən təbəqəyə aid deyildir. Hər bir şəxs istənilən şəraitdə əgər həyatın naz-nemətlərindən bəhrələnmək üçün heç nəyi nəzərə almadan qanundan kənara çıxarsa, başqalarının hüququnu tapdalayaraq onlara qarşı zülm etmiş olur. Lakin təəssüflər olsun ki, bu günlər yaşadığımız dünyada zülm və sitəmkarlıq günbəgün artır, bəşəriyyətin sivilizasiyasını ciddi təhlükə ilə üzləşdirir.
Sitəmkarlara qulluq edən muzdurlar bacardıqları qədər başqalarının hüquqlarını tapdalayır və dayağı olmayan millətlərin var-dövlətlərini qarət edirlər.

Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
Tərcümə edən: İ. Əhmədov

Ardını buradan oxuyun

 

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!