ƏXLAQİ BAXIMDAN TÖHMƏTİN DİNLƏYİCİSİNƏ MƏNFİ TƏSİRİ

:

Bir nəfərin gümanına görə vurulan, hətta doğru olub-olmaması məlum olmayan bir xəbər təbiidir ki, onun dinləyicisinə müəyyən təsir bağışlayacaqdır.

Dinləyicinin nəfsi zəif olarsa, yəqin ki, töhmətin təsiri altına düşüb mövzuya müdaxilə edəcəkdir. Hətta dinləyici şəri vəzifəsinə əməl edərək töhmət vuran adamla mübahisəyə qalxarsa belə, yenə də onun ruhu bu işdən təsirlənib ittiham vurulmuş şəxsə etimadını azaldacaqdır.
Əxlaq alimləri töhmətin dinləyicisi barədə dörd mövqe nəzərdə tutmuş və elmi cəhətdən çıxış yolları təqdim etmişlər:
1. Dinləyici söhbət edən şəxsin “töhmət” vurduğunu bilir;
2. Dinləyici söhbət edən şəxsin dediklərinin “töhmət”, yaxud “böhtan” olduğunu ayırd edə bilmir; çünki söhbət edənin yalandan nisbət verməsi də ehtimal olunur.
3. Dinləyici söhbət edən şəxsin “töhmət”, yaxud “qeybət” etdiyini müəyyənləşdirə bilmir;
4. Dinləyici söhbət edən şəxsin söhbətinin “töhmət”, “qeybət” və ya “böhtan” olduğunu bilmir;
a) Şəxs eşitdiyi xəbərin töhmət olduğunu bilir və zəif həddə bədgümanlıq hisslərinə qapılır. Yəni dinləyici biri haqqında töhmət eşidərkən onun bədgümanlıqdan yaranmış olduğunu bilir. Bu vəziyyətdə bədbinlikdən uzaq durub, ittiham edilmiş adama qarşı mənfi fikirlərə düçar olur.
b) Dinləyici eşitdiyi xəbərin böhtan, yaxud töhmət olmasında şəkk edir. Töhmət olarsa, xəbərin bir tərəfdən güman, digər tərəfdən isə yalan (böhtan) olmasına ehtimal edilir. Bu baxımdan da, dinləyici bədgümanlığı rahatlıqla özündən uzaqlaşdıra bilir.
c) Danışılan sözün töhmət, yaxud qeybət olması müəyyənləşmir. Çünki verilən xəbərin güman üzərində qurulması buna imkan vermir.
d) Bu mövqedə hər üç qismin tərkibi ehtimal olunur. Belə ki, deyilən sözə qeybət, töhmət və böhtan ehtimalı verilir, hər qismin zəif və şiddətli olması ilə dinləyicinin ruhuna öz təsirini buraxır. İmam Əmirəlmöminin Əli (ə) bu barədə buyurur:

اَيُّهَا النّاسُ مَنْ عَرَفَ مِنْ اَخيهِ وَثيقَةَ ديْنٍ وَ سَدادَ طَريقٍ فَلا يَسْمَعَنَّ فيه اَقاوَيلَ النّاسِ اَما اِنَّهُ قَدْ يَرْمِى الرّامى وَ يخْطِئُ السِّهامُ وَ يُحيلُ الْكَلامُ وَ باطِلُ ذلِكَ يَبُورُ وَ اللّهُ سَميعٌ وَ شَهيدٌ اَما اِنَّهُ لَيْسَ بَيْنَ الْحَقِّ وَ الْباطِلِ اِلّا اَرْبَعُ اَصابِعَ فَسُئِلَ عَنْ مَعنْى قَوْلِهِ هذا فَجَمَعَ اَصابِعَهُ وَ وَضَعَها بَيْنَ اُذُنِهِ وَ عَيْنِهِ ثُمَّ قالَ: الْباطِلُ اَنْ تَقُولَ سَمِعْتُ وَ الْحَقُّ اَنْ تَقُولَ رَاَيْتُ

“Ay camaat! Din qardaşınızı öz dinində möhkəm, rəftar və əməllərinin isə şəriətə uyğun olduğunu müşahidə etsəniz, kiminsə onun haqqında danışdıqlarına qulaq asmayın. Həqiqətən də, bir şəxsin atdığı hədəfə tuşlanmayan ox kimi belə sözlərin də kökü yoxdur və söylənilənlər düzgün deyildir. Ayıq olun! Çünki haqq və batil arasında məsafə yalnız dörd barmaqdır.” Həzrətdən soruşurlar ki, haqq ilə batil arasında dörd barmaq məsafə nə deməkdir? İmam Əli (ə) mübarək barmaqlarını büküb qulağı ilə gözü arasına qoyaraq buyurur: “Batil – eşitdim, haqq isə – gördüm deməkdir.”1
Rəvayətə istinadən demək olar ki, güman əsasında verilən bir məlumat ehtimal xarakteri daşıdığından onun töhmət, böhtan, yaxud qeybət hesab olunması təbiidir. Ola bilər ki, bu barədə söhbət edən şəxs söylədiklərini öz gözləri ilə görmüşdür, lakin dinləyici bu ehtimalı eşitmiş hesab edir. Bu səbəbdən də, eşidilən hər bir sözün təsiri altına düşmək ağılsızlıqdır. Çünki eşitdiyimiz sözlər çox nadir hallarda sədaqətlə söylənilən söz olur.

İmam Həsəndən (ə) soruşurlar: “Haqq və batil arasında fasilə nə qədərdir?” Həzrət cavab verir:

اَرْبَعُ اَصابِعَ فَما رَأَيْتَهُ بِعَيْنِكَ فَهُوَالْحَقُّ وَ قَدْ تَسْمَعُ بِاُذُنَيْكَ باطِلا كَثيرآ 

“Dörd barmaqdır. Gözlərinlə gördüyün haqq, qulaqlarınla eşitdiyin isə çox vaxt batildir.”2

TÖHMƏTİN QARŞISININ ALINMASI

Töhmətin tərifinə əsasən, insan başqalarının da bu günaha düçar olmaması üçün ilk növbədə başqalarına qarşı bədgümanlıqdan pəhriz etməli, kimdənsə töhmət eşitdiyi halda, həmin sözlərin təsiri altına düşməməlidir. Həmçinin kiminsə də onun haqqında pis fikirlərə düşüb, töhmət vurmasına şərait yaratmamalıdır. Yəni elə bir iş görməməlidir ki, kənardan ona tamaşa edən adam haqqında bədgümanlığa düçar olsun. Bu baxımdan da, cəmiyyətdə pis tanınmış adamlarla müaşirət etməkdən çəkinmək lazımdır. Çünki bu tip adamlarla oturub-durmaq başqalarının sənin haqqında pis fikirləşməsinə səbəb olar və cəmiyyət arasında yersiz ittihamlarla nəticələnər. İmam Baqir (ə) öz oğluna buyurur:

يا بُنَىَّ! مَنْ يَصْحَبْ صاحِبَ السَّوْءِ لاَ يسْلَمْ وَ مَنْ يَدْخُلْ مَدَاخِلَ السَّوْءِ يُتَّهَمْ

“Oğlum! Pis işlərlə məşğul olan adamlarla münasibət quran insan sağlam qalmaz. Kimsə pis məkana qədəm qoyarsa, ittiham olunar.”3
Digər bir yerdə imam Sadiq (ə) Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir:

اَوْلَى النّاسِ بِالتُّهَمَةِ مَنْ جالَسَ اَهْلَ التُّهْمَة

“İttiham olunan adamların ittihama ən layiqlisi, ittiham olunmuşlarla yoldaşlıq edənlərdir.”4
İmam Əli (ə) buyurur:

اِيّاكَ وَ مَوَاطِنَ التُّهَمَةِ وَ الْمَجْلِسَ الْمَظْنُونَ بِهِالسَّوءُ، فَاِنَّ قَرينَ السَّوْءِ يَغُرُّ جَليسَه

“Sizə qarşı töhmət və bədgümanlar ola biləcək məclislərdə iştirak etməkdən çəkinin. Həqiqətən də, pis yoldaş öz yoldaşını da aldadar.”[5]

مَنْ وَضَعَ نَفْسَهُ مَواضِعَ التُّهْمَةِ فَلا يَلُومَنَّ مَنْ اَساءَ بِهِ الظَّنّ

“Özünü töhmət qarşısında qoyan şəxs, ona bədgüman edəni də qınamasın.”6

مَنْ دَخَلَ مَداخِلَ السُّوءِ اتُّهِم

“Pis məkana daxil olan şəxs müttəhəmdir.”7

GÜMAN VƏ DUYĞULARA ƏSASLANAN XƏBƏRLƏRƏ QARŞI MÜNASİBƏT

Heç bir şəxsin mömin bacı-qardaşı barəsində nalayiq sözləri dilinə gətirməyə haqqı yoxdur. Güman olunan bir rəftarı kiməsə nisbət vermək də “töhmət” hesab olunur. Çünki töhmət vuran şəxs öz bədgümanlığını dilə gətirir. Bu isə adından məlum olduğu kimi, gümana əsaslanan bir sözdür və çox vaxt həqiqətlə uzlaşmır, hətta başqalarının da pis fikirləşməsinə səbəb olur.
Bir insanın hansı rəftara malik olduğunu iki yolla aydınlaşdırmaq olar: 1. dolayısı yolla; 2. birbaşa.
Dolayısı yolla hiss etmək: Bu zaman insan ittiham etdiyi adamın rəftarını görməyib və sözlərini eşitməyib, lakin kimdənsə onun haqqında eşitdiklərinə əsasən pis gümanlara düçar olur. Yəni eşitmək yolu ilə kimisə bir rəftarda ittihamlandırır. Mövzu ilə bağlı bir çox rəvayətlər nəql olunmuşdur və rəvayətlərin hamısında insanlara eşitdikləri sözü həqiqət hesab edərək ona inanmaq qadağan edilmişdir.
Əlbəttə, bu mövzu çox genişdir. Çünki burada qeyri-müstəqim vasitə insandır. İnsan isə şəxsi istəklərinin tələbinə cavab verərsə, ən alçaq varlığa çevrilər. İnsan düzgün yolda irəliləyərsə, hətta mələklərdən üstün bir məxluq ola bilər.
Bir çox insanlar kin-küdurət, həsəd, paxıllıq, tamah və bu kimi rəzilətlərin təsirindən başqalarına töhmət vururlar. Bu isə dinləyicinin sadəliyindən asılı olaraq böhtan formasında özünü əks etdirir. Əksər insanların nəfsləri ilahi tərbiyəyə alışmadığından sözləri də, işləri də, xəbis nəfslərinin təsiri altına düşür. Beləliklə də, etibarsız və rəzilət sahibinə çevrilirlər.
Bəzən isə, insan nəfsi bir o qədər çirkin xarakterə sahib olur ki, mömin bacı-qardaşlarına dair heç özünün görüb-eşitmədiyi sözü gözü ilə görmüş kimi nəql edir. Hətta işi o yerə çatdırır ki, töhmət vurduğu şəxsin təzyiqi ilə qarşılaşdıqda, onun özünü töhmət vurmaqda günahlandırır. Onu dinləyən bu sözlərin düzgün olmadığını anlayıb tənə etdikdə belə, özünü eşitməməzliyə vurub sözünə davam edir.
Məsum imamlar (ə) insanların batini xüsusiyyətləri haqda yetərli məlumatlara sahib olduqlarından bəşər övladının kiminsə barəsində danışdıqları sözü batil bir əməl hesab etmişlər. İmam Əlidən (ə) nəql olunan hədisdə deyilir:

اَلْباطِلُ اَنْ تَقُولَ سَمِعْتُ والْحَقُ اَنْ تَقُولَ رَأيْت

“Batil eşitdim, haqq gördüm deməkdir.”8
Yuxarıda qeyd olunan məsələlər haqqında düşünərkən qarşıya belə bir sual çıxır: Eşidilən məlumat adil bir insan tərəfindən söylənilərsə, bizim vəzifəmiz nədir?
Ümumi hökmə əsasən, bunun bir başqasına söylənilməməsi vacibdir. Belə bir vəziyyətə, düçar olan şəxslər bu məsələni təsdiqləməyib, eyni zamanda təkzib etməmələri gərəkdir. Ona görə ki, müttəhim, yaxud adil bir adamın arasında birini təsdiqləmək o birini təkzib etmək anlamına gəlir. Ədalətli şəxs qəlbində təsdiqlənərsə, müttəhimi yalançı hesab etmək, müttəhimi təkzib etmək isə, ədalətli adamın təkzib olunması ilə nəticələnir.
Xarici baxımdan məlumat verən adamın ədalətli, yaxud düzgün olmasına baxmayaraq, onun bu xəbəri çatdırması qeybət hökmündədir və onun etibardan düşməsinə gətirib çıxarır. Beləliklə də, qeybət fitnə-fəsad, qeybət edən isə fasiq adlanır. Əxlaq alimləri Qurani-Kərimə əsasən belə düşünürlər ki, insanlar fasiqlərdən eşitdikləri sözü nəql etməməlidirlər. Quranda buyurulur:

يا اَيُّهَاالَّذينَ امَنُوا اِنْ جاءَكُمْ فاسِقٌ بِنَبَأٍ فَتَبَيَّنُوا

“Ey iman gətirən şəxslər! Sizə fasiq bir adam xəbər gətirərsə, tədqiqat edib haqqında araşdırma aparın. (Onun sözünü araşdırmadan qəbul etməyin).”9
Sırf adil adamdır deyə, insanların hər dedikləri söz haqda danışmaq caiz deyildir.
Birbaşa hisslər: İnsan bir rəftarı gözü ilə görüb, yaxud söz vasitəsilə eşidərsə, buna birbaşa və vasitəsiz hisslər deyilir.
Böyük şiə alimi Məhəmmədmehdi Nəraqi insanların birbaşa hisslərlə üzləşdikləri zaman necə rəftar edəcəkləri haqda yazır: “İnsanın gördüyü hər işi təsdiqləməsi caiz deyil. Bəzi əməllərin iki üzü vardır . Beləliklə də, bu növ əməlləri gördükdə, insanların onu pis və nalayiq əməl sanmaları, daha sonra isə çıxardıqları nəticəni dilə gətirib kiməsə nəql etmələri caiz deyildir. Rəvayətlərə əsasən, “insanın gördüyü hər bir şey haqdır” olduğunu qəbul edirik. Lakin bu rəvayətdə adıçəkilən göz adi göz ola bilməz. Əslində, burada “gözünüzlə gördüyünüz” dedikdə, saf, qərəzsiz, pak, nəfsani duyğulardan kənar bir göz nəzərdə tutulur. Təbiidir ki, pak nəzərlər də hər bir əməli düzgünlüyə doğru mənalandırıb, fitnə-fəsad olduğunu düşünmürlər. İmam Əli (ə) Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir:

اُطْلُبْ لِاَخيكَ عُذْرآ فَاِنْ لَمْ تَجِدْ لَهُ عُذْرآ فَالَْتمِسْ لَهُ عُذْر آ 

“Zahirdə nəzərə nöqsanlı görünən bir əməli mömin qardaşında müşahidə etdiyin halda, ilk növbədə onu düzgün hesab et. Onun rəftarına bir üzr tapa bilməsən, onda özündən bir üzr tapıb onu düzəlt.”10
Belə nəticə çıxır ki, bir əməlin zahirinə diqqət etməmək lazımdır. Çünki zahirdə pis görünən bəzi əməllər, zatən yaxşı rəftar ola bilər. Əgər heç bir yolla onu yaxşı yerə yozmaq mümkün deyilsə, onda başqaları üçün özündən yaxşı bir cəhət tapıb deməlidir. İmam Cəfər Sadiq (ə) buyurur:

ضَعْ اَمْرَ اَخيكَ عَلى اَحْسَنِهِ حَتّى يَأْتِيَكَ ما يَغْلِبُكَ مِنْهُ وَ لا تَظُنَّنَّ بِكَلِمَةٍ خَرَجَتْ مِنْ اَخيكَ سُوءآ وَ اَنْتَ تَجِدُ لَها فِي‌الْخَيْرِ مَحْمِلا

“Mömin qardaşının rəftarını yaxşı yerə yoz. Pis olduğuna yəqin etməyincə, başqasının sözləri haqda pis fikirləşmə və yaxşı şeylər fikirləşmək üçün müxtəlif üsullar tap.”11
Beləliklə, birbaşa hisslər insanı səhvə yönəldə bilər. Çünki insanın nəfsani istəkləri onun gördükləri və eşitdiklərinə öz təsirini göstərir. Müxtəlif nəticələr, habelə yersiz mühakimələr insanları haqq yolundan sapındırır.
Nifrət və qəhər gözəllikləri eybəcərləşdirən əxlaqi rəzalətdir. Eyni zamanda töhmət vuran insanın çirkin nəfsani adətləri başqalarına da sirayət edə bilər. Məsələn, bir nəfər bu xəstəliyə tutulduğu üçün ətrafındakı insanları da özü kimi görüb, pis məqsədlərə doğru gedir və bu işi başqalarına da şamil edir. Çünki özü kimisə ələ salmaq məqsədilə təvazökarlıq edir, başqalarının ona qarşı təvazökarlığını da ələ salmaq kimi bir rəftar olduğunu zənn edir. Təqribən, “kafir hamıya kafir gözü ilə baxar” misalında olduğu kimi!
Bu mövzu əsnasında onu da xatırlatmaq lazımdır ki, bəzi vaxtlar şəxsi düşmənçiliklər də töhmətin reallaşmasında əsas rol oynayır. Beləliklə də, insanın nəfsani xəstəlikləri onun bədbinliyinə səbəb olur. Bütün nəfsani xəstəliklərin kökündə dünyanı sevib, insani məqamlardan qafil olmaq dayanır. Maddi dünyaya bağlanıb, ölüm, qiyamət, hesab-kitab, cəhənnəm və bu kimi önəmli məsələlərdən üz çevirmək mənəviyyatdan uzaqlaşmağa gətirib çıxarır. Bir hədisdə buyurulur:

حُبُّ الدُّنْيا رَأْسُ كُلِّ خَطيئَة

“Bütün səhvlərin başlanğıcı dünyanı sevməkdir.”12

Kitabın adı: İlahi əxlaq
Tərcümə edən: F. Şükürova
1. “Biharul-ənvar”, Əllamə Məclisi, 72-ci cild, səh. 197, 16-cı hədis.
2. Yenə orada, 10-cu cild, səh. 130, 1-ci hədis.
3. “Müstədrəkül-vəsail”, Muhəddis Nuri, 8-ci cild, səh. 339, 9600-cü hədis.
4. Yenə orada, 9601-ci hədis.
5. Horr Amoli, “Vəsailuş Şiə”, 12-ci cild, səh. 37, 15575-ci hədis.
6. Yenə orada, 15578-ci hədis.
7. Yenə orada, səh. 38, 15578-ci hədis.
8. “Biharul-ənvar”, Əllamə Məclisi, 72-ci cild, səh. 197, 16-cı hədis.
9. “Hücurat” surəsi, 6-cı ayə.
10. “Biharul-ənvar”, Əllamə Məclisi, 72-ci cild, səh. 197, 15-ci hədis.
11. “Kafi”, Kuleyni, 2-ci cild, səh. 362, 3-cü hədis.
12. Yenə orada, səh. 130, 11-ci hədis.

 

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!