QURANİ KƏRİMDƏ NӘSX - XXII hissə

:

CİHAD AYƏSİNİN NƏSXİ
«Əgər [sizə əmr olunan bu döyüşə] çıxmasanız Allah sizə şiddətli bir əzab verər». (9/39).

İbni Abbas, Həsən Bəsri və Əkrəmdən nəql olunmuş rəvayətdə ayənin həmən surənin 122-ci ayəsi ilə nəsx olunduğu göstərilir.

Orada deyilir:

«[Ehtiyac olmadıqda] möminlərin hamısı birdən [cihada, döyüşə] çıxmalıdır.» (9/122).

Nəsx nəzəriyyəsi tərəfdarlarının irəli sürdükləri nəzəriyyədə deyilir: Tövbə surəsinin 39-cu ayəsində bütün müsəlmanlara döyüşə getmək əmr olunur. Lakin həmən surənin 122-ci ayəsində hökm artıq ümumi xarakter daşımır.

Cavab:

Ayənin nəsx olunduğunu yalnız o zaman qəbul edə bilərik ki, birinci ayədə döyüşə getməyin vacibliyi bütün müsəlmanlara şamil olsun. Belə olduqda hökm ikinci ayə ilə nəsx və yalnız müəyyən şəxslərə aid ola bilər.

Lakin əvvəlki ayələri nəzərdən keçirməklə belə qənaətə gəlmək olur ki, döyüşə getmək bütün müsəlmanlara deyil, yalnız o şəxslərə vacib olmuşdur ki, onlar özləri bunu Peyğəmbərdən (s) dəfələrlə xahiş etmişlər. Əvvəlki ayələrdə deyilir:

«Ey iman gətirənlər! Sizə nə oldu ki: «Allah yolunda döyüşə çıxın!» – deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki, dünya malı axirət yanında [axirətlə müqayisədə] yalnız cüzi bir şeydir!

Əgər [sizə əmr olunan bu döyüşə] çıxmasanız Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər [yerinizə başqa bir tayfa gətirər].

Siz isə [döyüşə çıxmamağınızla Allaha və Peyğəmbərinə] heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!» (9/38-39).

Ayənin ümumi məzmunu:

«Cihad hökmü verilən və döyüş meydanına getməyə əmr olunan, lakin buna tabe olmayan şəxslər əzaba layiqdirlər.» Belə bir mənanı nəzərə alaraq deyə bilərik ki, cihadın bütün müsəlmanlara vacib olması ilə heç bir bağlılığı yoxdur ki, başqa bir ayə ilə cihadın vacibliyini aradan götürərək onu nəsx etmiş olsun.

AYƏNİN NƏSX OLUNMASINA DAİR İRƏLİ SÜRÜLMÜŞ BAŞQA BİR FƏRZİYYƏ

Bu ayə ilə cihad ayəsinin nəsx olunduğuna dair irəli sürülmüş başqa bir nəzəriyyəni tamamilə əsassız bilmək olar. Bunlar Tövbə surəsinin 41-ci ayəsinə istinad edərək deyirlər:

«[Ey möminlər!] Ağırlı-yüngüllü [qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-kasıb] hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun.» (9/111).

Ayənin məzmunundan belə qənaətə gəlmək olur ki, müsəlmanlar hamılıqla döyüş meydanına doğru hərəkət etməli və Allah yolunda düşmənə qarşı mübarizə aparmalıdır və bu ayə cihadın hamıya deyil, yalnız müəyyən şəxslərə vacib olduğunu bəyan edən həmən surənin 122-ci ayəsi ilə nəsx olunmuşdur.

Cavab:

Əvvəlki ayədə qeyd etdiyimiz kimi, ayənin məna və məfhumu nəsx olunsun deyə, ümumi xarakter daşımır və burada əmr olunan müəyyən şəxslər nəzərdə tutulur. Bütün bunlarla yanaşı bu mətləbə işarə etdik ki, ümumi bir hökmü müəyyən şəxslərə aid etmək nəsx deyil, ümumi hökm üçün bir növ istisnadır.

O ki, qaldı 122-ci ayəyə (və ma xanəm muminunə – möminlər döyüşə birdən çıxmamışdılar) qətiyyətlə deyə bilərik ki, bu iki ayəni nəinki nəsx etməmiş, əksinə açıq-aşkar olaraq onların nəsx olunmadığına dəlalət edir. Çünki ayədə bir başa göstərilir ki, döyüş meydanına getmək əvvəldən də ümumi xarakter daşımamışdır ki, bütün müsəlmanlara aid və sonralar çarəsizlik üzündən nəsx olunmuş olsun. Döyüş meydanına getmək elə ilk günlərdən yalnız müəyyən şəxslərə xüsusilə də bunu Peyğəmbərdən (s) tələb edən və döyüş əzmində olan fədailərə aid olmuşdur.

İZN AYƏSİNİN NƏSXİ

«Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara [cihadda iştirak etməyə] izn verdin?

Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izn istəməzlər [o saat cihada çıxarlar] Allah müttəqiləri tanıyandır!

Səndən [cihada çıxmaq üçün] izn istəyənlər ancaq Allaha və axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar.» (9/43-45).

İbni Abbas, Həsən Bəsri və Əkrəmdən nəql olmuş rəvayətdə deyilir: Bu ayə Nur surəsinin 62-ci ayəsi ilə nəsx olunmuşdur. Orada deyilir:

«Əgər onlar bəzi işlər üçün səndən izn istəsələr, onlardan özün istədiyinə [yanından getməyə] izn ver.» (24/62).

Cavab:

Ayənin nəsx olunmasına dair irəli sürülmüş bu nəzəriyyəni tamamilə əsassız hesab etmək olar. Çünki ayənin məzmunundan məlum olur ki, döyüş meydanının tərk olunması üçün icazənin verilməməsi o zaman olmuşdur ki, kimin yalan, kimin də həqiqəti söylədiyi arasında fərq qoymaq olmurdu. Ayə nazil olmaqla əmrə tabe olmaq istəməyən və müxtəlif bəhanələrlə şəhərdə qalmaq üçün Peyğəmbərdən (s) icazə istəyən və beləliklə döyüşdə iştirak etməyən şəxslərin iç üzü açılır.

Allah-taala, Peyğəmbərə (s) kimin yalan, kimin də həqiqəti söylədiyi və kimin həqiqətən iman gətirdiyi, kimin də küfr etdiyi bəlli olmayınca kimsəyə əmrə tabe olmamağa icazə verməməyi əmr edir. Hər şey məlum olduqdan sonra Allah-taala bir tərəfdən möminlərə Peyğəmbərdən (s) icazə almaqla bəzi çətinlikləri aradan qaldırmaq üçün müvəqqəti olaraq döyüşlərdə iştirak etməməyə izn verir. Digər tərəfdən də (Fə izastəzənukə libəzi şanihim – əgər onlar bəzi işlər üçün səndən üzr istəsələr) ayəsi ilə Peyğəmbərə (s) məsləhət gördüyü şəxslərə ciddi çətinliklərini aradan qaldırmaq üçün döyüşdə iştirak etməyə icazə verməsini icazə verir. Verilən izahla hər iki ayənin müəyyən mətləbə toxunduğu və birinin digərini nəsx etmədiyi artıq bəlli olur.

Əl-Bəyan kitabından

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!