ZUHA SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 2

:

Sual: Vəhyin kəsilməsinin müddəti neçə gün olmuşdur?
Cavab: Bu barədə rəvayətlərdə müxtəlif rəqəmlər söylənilmişdir: 12 gün, 15 gün, 19 gün, 25 gün, hətta 45 gün də söylənmişdir. Bəzi rəvayətlərdə isə yalnız 2 gün olduğu bildirilir.

TƏFSİR
Bu surənin əvvəlində biz “nur” və “zülmət”lə bağlı olan iki andla qarşılaşırıq:

وَالضُّحَىٰ

1.“And olsun günəşin doğmasına və aydın gündüzə!”

وَاللَّيْلِ إِذَا سَجَىٰ

2.“And olsun sakitləşməkdə və (hər yeri) bürüməkdə olan gecəyə!”

“Zuha” sözü günün əvvəllini, yəni günəşin doğaraq hər tərəfi öz nuruna qərq etdiyi zamanı bildirir. Bu vaxt həqiqətdə, gündüzün ən yaxşı vaxtıdır. Bəzilərinin ifadəsi ilə desək, o, cavanlıq dövrü hökmündədir. Yay fəslində hələ hava qızmamış və qış fəslində isə havanın sızağı azalmışdır. İnsanın ruhu və cismi belə bir vaxtda hər bir fəaliyyətə hazırdır.
“Səca” sözü “sucu” kökündəndir və həqiqətdə, “sükunət və aramlıq” mənasındadır. Eyni zamanda, bu söz “örtmək” və “qaranlığın çökməsi” mənalarında da işlədilir. Həmin səbəbdən, meyiti kəfənə bükdükdə, ona “müsəcca” deyilir. Amma ayədə həmin söz “sükunət və aramlıq” mənasında istifadə olunmuşdur. Küləksiz gecələr aram və sakit olduğu üçün “ləylətus-saciyə”, tufan və fırtınasız dəniz “bəhrun sac” adlanır.
Beləliklə, gecədə əhəmiyyət daşıyan məsələ onun aram və sakitçiliyə malik olmasıdır və bu zamanlarda insanların əsəb və psixoloji halı normal vəziyyətdə olur. Onlar gecənin aramlığından istifadə edərək sabahkı işlər üçün hazırlıq görürlər. Bu səbəbdən, belə dəyərli nemətə and içilməsi zərurilik daşıyır. Bu iki anddan ibarət olan ayələr möhtəva baxımından da bir-biri ilə bağlı və yaxın rabitəyə malikdirlər. Gündüz vəhyin Peyğəmbərin (s) pak qəlbinə nazil olduğu, gecə isə vəhyin bir qayda olaraq müvəqqəti kəsildiyi bir vaxtdır.
Bu iki andın ardından nəticə olaraq onun cavabına toxunulur və Allah-taala belə buyurur:

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ

3.“(Ey Mühəmməd,) Rəbbin səni tərk etməmiş və (sənə) acığı tutmayıb.”
“Vəddəə” sözü “təvdi” kökündəndir və “danışığı kəsmək” və “vidalaşmaq” mənasını verir.
“Qəla” sözü “kin və qəzəbin şiddətli” forması mənasını ifadə edir və bəzən bu söz “qələvə” qəlibində gələrək “tullamaq” mənasında da işlədilir. Rağib İsfahani hər iki sözün bir mənaya qayıtdığını düşünür. Belə ki, əgər kimsə bir şəxsə ədavət və kin bəsləsə, sanki qəlbi həmin şəxsi qəbul etmir və kənara tullayır.
Nəticədə, bu ayə Peyğəmbərə (s) təsəlli verərək bildirir ki, əgər müəyyən məsləhət səbəbi ilə vəhy nazil olmasa və təxirə düşsə, bu, düşmənlərin dediyi kimi, Allahın onu tərk etməsi və o həzrətə qəzəblənməsi mənasında deyil. Peyğəmbər (s) daim Allahın lütf və mərhəməti sayəsində və onun xüsusi himayəsindədir.
Daha sonra Allah belə buyurur:

وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَىٰ

4.“Və şübhəsiz, axirət sənin üçün dünyadan daha xeyirlidir.”
Bu ayə ilə Allah-taala bildirmək istəyir ki, ey Peyğəmbər, sən dünyada Allahın lütf və mərhəmətinin əhatəsində olduğun kimi, axirətdə də onun rəhməti sənə şamil olacaq.
Bəzi təfsirçilər bu ayənin Peyğəmbərin (s) həyatının başlanğıcı və sonuna işarə olduğunu bildirmiş və ayədəki məqsədin Peyğəmbərin (s) gələcəkdə müvəffəqiyyət əldə etmək, düşmənlərə qalib gəlmək, İslamın bütün dünyaya yayılması, şirk və bütpərəstliyin kökünün kəsilməsindən ibarət olmasını söyləmişlər.
Əvvəlki təfsirlə bu təfsir arasında heç bir ziddiyyət yoxdur.

Bəhsimizlə bağlı ayələrin sonunda Allah bu ayədə belə buyurur:

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ

5.“Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər nemət) bəxş edər ki, (Ondan) razı qalarsan.”
Bu ayə Allah-taalanın öz üstün bəndəsi olan peyğəmbərinə nisbətdə bildirilən ən yaxşı ayədir. Yəni, ey Peyğəmbər (s) Allah sənə hədsiz nemətlər verəcək, sən gələcəkdə düşmənlər üzərində qalib olacaqsan və İslam dini bütün dünyaya yayılacaq. Axirətdə isə ən böyük nemətlərə layiq görüləcəksən.
Aydın məsələdir ki, sonuncu peyğəmbər və aləmə rəhbər ünvanında o həzrətin razılıq və sevinci sadəcə öz nicat və qurtuluşu ilə bağlı deyil, əksinə o zaman razı və şad olacaq ki, onun ümmətinə şəfaəti Allah tərəfindən qəbul ediləcək. Rəvayətdə bu ayənin ən ümidverici ayə və o həzrətin şəfaətinin qəbul olunacağına bir işarə olması bildirilmişdir.
İmam Baqir (ə) atası imam Zeynəlabidindən (ə), o həzrət əmisi Məhəmməd ibn Hənəfiyyədən, o da Əmirəl-möminindən (ə) belə nəql edir: “Allahın Rəsulu (s) buyurur: “Mən qiyamətdə şəfaət məqamında olacaq və o qədər günahkarların bağışlanmasına vasitəçilik edəcəyəm ki, sonra Allah deyəcək: “Razı qaldınmı, ey Mühəmməd?” Mən də razı qaldığımı bildirəcəyəm.”
Əmirəl-möminin (ə) bu hədisi nəql edərkən üzünü bir qrup insana tutaraq buyurdu: “Siz bu ayənin – “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin!” – ən ümidverici ayələrdən olduğunu düşünürsünüzmü? Onlar cavab verdilər ki, “bəli!” Əmirəl-möminin Əli (ə) buyurdu: “Amma biz Əhli-beyt (ə) “Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər nemət) bəxş edər ki, (Ondan) razı qalarsan.” ayəsinin ən ümidverici ayə olduğunu düşünürük.” (“Təfsiri Əbülfutuh Razi”, c. 12, səh. 110.)
Aydın məsələdir ki, Peyğəmbər (ə)  hər kəsə şəfaət etməyəcək və hər hansı bir günahkar da bunun intizarında olmamalıdır. İmam Sadiqdən (ə) olan digər bir hədisdə belə buyurulur: “Bir gün Peyğəmbər (s) xanım Fatimənin evinə daxil olduqda, onun əynində dəvə yunundan qalın bir paltar olduğunu və əl dəyirmanı ilə un üyütdüyünü gördü. Allah Rəsulunun (s) gözlərindən yaş axmağa başladı və buyurdu: “Qızım, dünyanın çətinliyinə axirətin şirinliyi müqabilində səbirli ol. Allah mənə bildirmişdir ki, “Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər nemət) bəxş edər ki, (Ondan) razı qalarsan.”  (“Məcməul-bəyan” təfsiri, c. 10, səh. 505.)

Ardı var...

ARDINI BURADAN OXUYUN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!