ZUHA SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 3

:

VƏHYIN KƏSILMƏ FƏLSƏFƏSI
Yuxarıdakı ayələrdən də məlum olduğu kimi, Peyğəmbərin (s) sahib olduğu şeylər Allah tərəfindəndir və o həzrətin vəhyin nazil olmasında heç bir ixtiyarı yoxdur. Allah istədiyi zaman vəhy nazil edər və onu kəsər.

Bu məsələnin özü, Peyğəmbərdən (s) onların istədiyi kimi bir möcüzə göstərmək və ya hər hansısa bir hökmü dəyişmək istəyən kəslərə tutarlı cavabdır. Peyğəmbər (s) bildirirdi ki, mən öz ixtiyarımla və özbaşına nəyi isə dəyişə bilmərəm.
Həmin məsələyə “Yunis” surəsinin 15-ci ayəsində də işarə edilmişdir: “Bizim aydın ayələrimiz onlara oxunan zaman, Bizə qovuşacaqlarına ümidi olmayan (məadı inkar edən) kəslər «bundan başqa bir Quran gətir, ya onu dəyişdir» (məsələn, onun bəzi ayələrini və surələrini çıxart, orada şirkin haramlığından, bütlərin pislənməsindən, Qiyamətdən, murdarın və qumarın haram olmasından bir şey olmasın) deyərlər. De: «onu(n hamısını, ya bəzisini) özbaşıma dəyişdirmək mənə yaraşmaz və (buna) mənim haqqım və qüdrətim yoxdur. Mən yalnız mənə vəhy edilən şeyə tabe oluram. Şübhəsiz, əgər mən Rəbbimə qarşı itaətsizlik etsəm, böyük bir günün əzabından qorxuram.“

أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ

6.“Məgər (O) səni yetim ikən tapıb sığınacaq və pənah vermədimi?!
Qeyd etdiyimiz kimi, bu surə Peyğəmbərə (s) təsəlli olaraq nazil edilmiş və o həzrətə verilən nemətlər xatırlanmışdır. Ayənin davamında Allah-taala o həzrətə verilən üç böyük nemətdən söhbət açır və onlarla bağlı üç mühüm göstəriş verir. Allah-taala bildirir ki, “Məgər (O) səni yetim ikən tapıb sığınacaq və pənah vermədimi?!” Sən ananın bətnində olarkən atan Abdullah dünyasını dəyişdi və biz səni baban Əbdülmüttəlibin himayəsində böyütdük. Altı yaşında olarkən anan vəfat elədi və sən tək qaldın. Biz Əbdülmüttəlibin qəlbində sənə qarşı məhəbbəti artırdıq. Sən səkkiz yaşına çatdığın zaman baban Əbdülmüttəlib dünyasını dəyişdi və biz səni əmin Əbu Talibin himayəsinə verdik və o, səni öz canı kimi qorudu. Bəli, sən yetim idin və mən sənə pənah verdim.
Bəzi təfsirçilər bu ayənin təfsirində ayə ilə uyğun gəlməyən fərqli nəzəriyyələr irəli sürmüşlər. O cümlədən, “yetim” sözündəki məqsəd o həzrətin şərafət və üstünlükdə tayı-bərabərinin olmamasını söyləmişlər. Belə ki, bənzəri olmayan gövhərə də “durrun yətim” deyirlər. Yəni, Allah-taala sənə peyğəmbərlik verərək şərafət və üstünlükdə bənzərsiz etmişdir. Eyni zamanda, sən özün bir zaman yetim olmağına baxmayaraq, bütün yetim və kimsəsizlərin pənahı və rəhbərinə çevrildin.
Şübhəsiz ki, əvvəldə qeyd etdiyimiz təfsir ayə ilə daha münasib və onun zahiri ilə uyğundur.
Daha sonra Allah-taala ikinci nemət barəsində söz açaraq buyurur:

وَ وَجَدَكَ ضَالًّا فَهَدَىٰ

7.“Və səni (dini mərifətlərdən) xəbərsiz bilib (vəhy vasitəsilə) sənə yol göstərdi.”
Bəli, sən risalət və peyğəmbərlikdən xəbərsiz idin və biz bu nuru sənin qəlbində yerləşdirdik ki, onun vasitəsi ilə insanları hidayət edəsən. Allah digər bir ayədə həmin məsələyə belə toxunur: “Sən (bundan öncə) kitabın, nə imanın (dinin hökmlərinin əsas və şaxələrinin) hansı(lar) olmasını bilmirdin. Lakin Biz bu Quranı, vasitəsi ilə bəndələrimizdən istədiyimizi (dinin əsasını qəbul etdikdən sonra, sonrakı kamillik mərtəbələrinə) istiqamətləndirdiyimiz bir nur etmişik.” (“Şura” surəsi, ayə 52.)
Bundan öncə Peyğəmbər (s) ilahi nübüvvət məqamından xəbərsiz idi və Allah bu məqamı o həzrətə verməklə onu hidayət etdi. “Yusif” surəsinin 3-cü ayəsində də Allah belə buyurur: “Biz bu Quranı sənə vəhy etməklə, ən gözəl əhvalatı ən gözəl hekayə etmək üslubu ilə sənə oxuyuruq və həqiqətən sən bundan öncə (bu əhvalatdan) xəbərsizlərdən idin.”
Aydın məsələdir ki, əgər ilahi və qeybi yardımlar olmasaydı, Peyğəmbər (s) öz məqsəd və hədəfinə nail ola bilməzdi.
Ayədə qeyd edilən “zəlalət” kəlməsindəki məqsəd o həzrətin iman, tövhid və paklıqdan uzaq olması deyil, əksinə o həzrətin nübüvvət sirləri və İslam həqiqətlərindən xəbərsiz olması məsələsidir. Təfsirçilər də həmin düşüncəyə malikdirlər və bu məsələ əvvəlki ayələrdən də başa düşülür. “Bəqərə” surəsinin 282-ci ayəsində borc veriləndə sənəd hazırlanması haqda Allah belə buyurur:
“Müsəlman kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmasa, şahidlər içərisindən (dinlərindən) razı olduğunuz bir kişi və iki qadını şahid tutun ki, əgər o iki qadından biri unutsa, o biri onun yadına salsın.”
Bu ayədə “zəlalət” sözü unutmaq mənasında işlədilmişdir və “fətəzəkkər” sözü də həmin məsələyə dəlalət edir.
Təfsirçilər 7-ci ayə “Və səni (dini mərifətlərdən) xəbərsiz bilib (vəhy vasitəsilə) sənə yol göstərdi.” – barədə digər təfsirlər də qeyd etmişlər. Belə ki, ey Peyğəmbər (s), sən tanınmır və camaat arasında məşhur deyildin. Amma biz sənə o qədər əzəmətli nemətlər verdik ki, hamı səni tanımağa başladı.
Digər təfsirə əsasən məsələnin bəyanı belədir:
Sən Əbdülmüttəlibin himayəsində olarkən bir dəfə Məkkənin dərələrində yolu azmışdın. İkinci dəfə isə süd anan Həlimə səni Əbdülmüttəlibin yanına gətirərkən bu hadisə baş vermişdi. Üçüncü dəfə isə əmin Əbu Taliblə Şama səfər edərkən gecənin zülmət qaranlığında yolu itirmiş və Allah-taala bütün bu zamanlarda səni baban və ya əminin yanına qaytararaq səni hidayət etmiş və sənə yol göstərmişdi.
Lüğətdə “zall” sözü iki mənada işlənir: Birincisi, “yolunu itirmək (azmaq)” və ikincisi, “azğınlıq” (zəlalət) mənasında. Məsələn, “Əl-hikmətu zallətul-mumin” ifadəsi “Hikmət möminin itirdiyidir.” mənasını bildirir. Həmin səbəbdən, “gizli və məxfi” mənalarda da bu söz istifadə edilmişdir.
“Səcdə” surəsinin 10-cu ayəsində buyurulur: “Müşriklər dedilər: “Məgər (biz) torpağın köksündə dağılıb (gizlənib) yox olduqdan sonra, yenidənmi yaradılacağıq?!” (Bizim qüdrətimiz məhdud deyildir). Əksinə, onlar öz Rəbbi ilə görüşü inkar edirlər.”
Əgər “zəlalət” sözü “itmək” mənasında olsa, qarşıya heç bir çətinlik çıxmır. Həmin sözü ikinci mənada “yolunu azmaq” kimi nəzərdə tutsaq, bu zaman o həzrətin peyğəmbərlikdən qabaqkı dövrünə işarə olduğunu başa düşə bilərik. Yəni, Peyğəmbər (s) özündən heç bir şeyə malik deyildi və sahib olduğu bütün nemətlər Allah tərəfindən idi.
Daha sonra Allah-taala üçüncü nemətə işarə edərək buyurur:

وَ وَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ

8.“Və səni fəqir və ehtiyac (içində) görüb, ehtiyacsız etdi.”
Sonra Allah-taala varlı və pak bir qadın olan Xədicəni sənə doğru yönəltdi və onun bütün sərvətini sənin ixtiyarında qoydu ki, böyük hədəflərinə nail olasan. Eyni zamanda, Allah döyüşlərdəki qələbələr sayəsində sənə hədsiz qənimətlər bəxş etdi və sən ehtiyacsız oldun.
İmam Rzadan (ə) olan bir hədisdə belə buyurulur: “Allah sənin məxluqat arasında bənzərsiz olduğunu bildiyindən, insanları sənin pənahında yerləşdirmədimi? Sən öz qövmünün arasında tanınmaz görüb onları sənə tərəf yönəltdi, səni elm və bilik əhlinə hami edərək onları sənin sayəndə ehtiyacsız etdi.”
Əlbəttə, bu hədis ayənin batini mənasına işarə edir və qeyd etdiklərimiz ayənin zahiri ilə bağlı idi. (“Məcməul-bəyan”, c. 10, səh. 506.)
Nəzərinizə çatdırırıq ki, bu ayə Peyğəmbərin (s) alçaldılması və məqamının kiçildilməsi kimi başa düşülməməlidir, əksinə Allah-taala o həzrətə verdiyi nemətləri xatırladır. Onları yada salmaq Allahın aşiqi olan Peyğəmbər (s) kimi bir şəxsdə ona məhəbbəti bir qədər də artırır və Allah Rəsulunun (s) qəlbində aramlıq yaradır.
Sonrakı ayədə isə əvvəlki ayələrin nəticəsi olaraq Allah tərəfindən verilən nemətlərlə bağlı Peyğəmbərə (s) üç göstəriş verilir. Əlbəttə, ayənin xitabı Peyğəmbərə (s) olsa da, onun göstərişlərini ümumilikdə bütün insanlara şamil etmək olar.
Allah-taala buyurur:

فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ

9.“Belə isə əsla yetimi alçaltma və qovma!”
“Təqhər” kəlməsi “qəhərə” sözündəndir. Rağib İsfahaninin “Mufrədat” kitabında qeyd etdiklərinə əsasən, bu söz “təhqir” mənasındadır.
Yetimlərə yemək vermək və onlara yardım etmək məsələsi ilə bağlı qeyd olunan ən mühüm məsələ onlara daha çox məhəbbət göstərmək və qəlblərini ələ almaqdan ibarətdir. Allah Rəsulundan (s) nəql edilən məşhur bir hədisdə belə buyurulur: “Kim yetimə nəvaziş göstərmək niyyəti ilə onun başını sığallasa, qiyamət günü həmin şəxsin əlinin toxunduğu tüklər qədər nura sahib olacaq.” (“Məcməul-bəyan”, c. 10, səh. 506.)
Sanki Allah Peyğəmbərə (s) buyurur ki, sən də bir gün yetim olmuş və onun ağrı-acılarını yaşamısan. Həmin səbəbdən, yetimlərə nəvaziş və qayğı göstər və onların teşnə olan ruhunu öz məhəbbətinlə sirab elə.
Sonrakı ayədə ikinci göstərişə işarə edilir:

وَ أَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ

10.“Və dilənçini (də) acıqla qovma.”
Ayədəki “və la tənhər” sözü “acıqla qovmaq” mənasındadır.
“Sail” sözündəki məqsədin kim olması barədə bir neçə təfsir var:
Birincisi, ondakı məqsəd elmi və etiqadi məsələlər barəsində sual verən kəslərdir. Əvvəlki ayələrdə Allah bildirir ki, səni (dini mərifətlərdən) xəbərsiz bilib (vəhy vasitəsilə) sənə yol göstərdik. Belə isə sən də həmin nemətin şükrünü yerinə yetirmək məqsədi ilə ehtiyacı olanları hidayət etməyə çalış və hidayət olmaq istəyəni öz yanından qovma.
İkincisi, məqsəd maddi baxımdan ehtiyaclı olan və Peyğəmbərə (s) üz tutan kəslərdir. İmkanın daxilində onlara yardım elə və öz yanından onları qovma.
Üçüncüsü, məqsəd hər iki dəstədən olan şəxslərdir və Peyğəmbərə (s) hər iki dəstədən olan ehtiyaclıların ehtiyacını imkan daxilində ödəməsi tapşırılır.
Bəzi təfsirçilər “sail” sözündəki məqsədin maddi deyil, elmi məsələlər barəsində bir şey tələb edən kəslər olmasını bildirmiş və demişlər ki, Quranın heç bir ayəsində həmin söz “maddi bir şey istəmək” mənasında qeyd edilməmişdir.
Əksinə, nəzərinizə çatdırırıq ki, Quranın əksər ayələrində həmin məsələ təkrar-təkrar işlədilmişdir. Məsələn, “Zariyat” surəsinin 19-cu ayəsində belə buyurulur: “Onların mallarında əl açanlar və məhrumlar üçün (Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş) bir haqq var idi.”
Bu mənada olan digər ayələr isə “Məaric” surəsinin 177-ci və “Bəqərə” surəsinin 25-ci ayələridir.
Sonda Allah-taala axırıncı göstəriş barədə belə buyurur:

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ

11.“Və Rəbbinin (sənə bəxş etdiyi) nemətindən söhbət aç!
De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qurana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən.
Nemətlər barədə dillə danışmaq təkəbbür və fəxarət üçün deyil, əksinə şükrün yerinə yetirilməsi səbəbi ilədir. Bəzən də əməl sayəsində bu nemətlər barədə söhbət açılır və Allahın necə böyük nemətlər bəxş etdiyi diqqətə çatdırılır.
Bu xüsusiyyətlər həqiqətdə, səxavətli şəxslərə aiddir, amma paxıl insanlar onlara dünyanı versələr də həmin nemətləri gizlətməkdə israr edərlər və onların söhbətləri uzun-uzadı arzularla doludur və simalarından daim fəqirlik yağır.
Peyğəmbər (s) buyurur: “Allah bir kəsə nemət verdikdə, onun nişanələrini həmin şəxsdə görmək istəyir.”  (“Nəhcül-fəsahə”, hədis, 683.)
Yəni, Allahın səni fəqirlikdən xilas edərək sənə nemət verməsinə şükr əlaməti olaraq onlar barədə söhbət aç.
Bəzi təfsirçilər “nemət”dəki məqsədin, nübüvvət, Quran kimi mənəvi nemətlər olmasını və Peyğəmbərin (s) onlar barədə təbliğ etməsini vurğulamışlar. Bundan əlavə, ayədəki məqsədin həm maddi, həm də mənəvi nemətlər olduğunu düşünmək olar.
İmam Sadiq (ə) belə buyurur: “Ayədə nəzərdə tutulan məqsəd Allahın sənə etdiyi yaxşılıq, verdiyi nemət və ruzilər barədə söhbət açmağındır.”  (“Məcməul-bəyan”, c. 10, səh. 507.)
Eyni zamanda, Peyğəmbər (s) buyurur ki, insana yetişən hər hansı bir nemət və ya xeyirin təsir və nişanələri onda görünməzsə, həmin şəxs Allah düşməni və onun nemətlərinə müxalif hesab edilir.  (“Qurtubi təfsiri”, c. 10, səh. 7192; Bu  mənaya yaxın olan digər hədis “Üsuli-kafi”, c. 2-də qeyd edilmişdir.)

Əmirəl-möminin (ə) də belə buyurur: “Allah gözəldir və gözəllikləri də sevir. Eyni zamanda, nemətin bəndədəki nişalərini görmək istəyir.” (“Furui Kafi”, c. 2, səh. 438.)

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!