İXLAS SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 1

:

İXLAS SURƏSİNİN MƏNA VƏ MÖHTƏVASI
Müqəddəs Məkkə şəhərində nazil olan bu surə dörd ayədən ibarətdir. Bu mübarək surə, adından (İxlas və Tövhid) məlum olduğu kimi, Allahın yeganəliyindən söz açmış və dörd qısa ayədə Allahın birliyini elə mükəmməl şəkildə vəsf etmişdir ki, ona əlavələr etməyə əsla ehtiyac yoxdur.

"İxlas" surəsinin “nazilolma” səbəbi ilə əlaqədar imam Sadiqdən (ə) belə nəql olunmuşdur: "Yəhudilər Peyğəmbəri-Əkrəmdən (s) Allahı onlar üçün vəsf etməsini (necə bir varlıq olmasını) istədilər. Həzrət üç gün sükut edərək cavab vermədi. Axırda "İxlas" surəsi nazil oldu və Peyğəmbər (s) onların sualına cavab verdi."
Bəzi rəvayətlərdə bu barədə sual edən şəxsin yəhudilərin tanınmış qəbilə başçılarından biri olan Abdullah ibn Surya olduğu qeyd olunmuşdur. Digər rəvayətlərdə isə qeyd olunur ki, Abdullah ibn Səlam bu sualı Məkkə şəhərində Peyğəmbərə (s) vermişdi. O, zahirdə İslam dininə iman gətirsə də, bunu həmişə inkar edirdi.
Başqa bir rəvayətdə isə Məkkə müşriklərinin belə sual verdikləri bildirilir. (“əl-Mizan”, c.20, səh. 546.)
Eyni zamanda, bəzi rəvayətlərdə də, sual verənlərin Nəcran məsihiləri olması vurğulanıb.
Bu rəvayətlərin arasında heç bir ziddiyyət yoxdur, çünki onların hər birinin belə bir sual verməsi mümkündür və müxtəlif şəxs və qövmlərin suallarına bir yerdə cavab verməyin özü də mübarək surənin sonsuz əzəmətinin dəlil-sübutudur.

İXLAS SURƏSİNİN oXUNMASININ FƏZİLƏTİ
"İxlas" surəsinin tilavətinin fəziləti barədə məşhur İslam mənbələrində çoxlu rəvayətlər vardır ki, bu mübarək surənin əzəmətindən xəbər verir. O cümlədən, Peyğəmbərdən (s) nəql edilən bir hədisdə o həzrətin belə buyurduğu bildirilir:
"Aranızda elə bir kəs vardırmı ki, bir gecədə Quranın üçdə-birini oxuya bilməsin?!"
Orada iştirak edənlərdən biri təəccüblə soruşdu: "Ey Allahın Rəsulu! Bunu bacaran kimsə varmı?!" Peyğəmbər (s) bunun mümkün olduğunu deyərək cavab verdi: “”Qul huvəllahu əhəd” surəsini oxuyun!”
İmam Sadiqdən (ə) nəql edilən bir hədisdə belə oxuyuruq: "Peyğəmbər (s) Səd ibn Məazın dəfn mərasimində iştirak etdi, ona cənazə namazı qıldıqdan sonra buyurdu: "Aralarında Cəbrail olmaqla 70.000 mələk onun cənazə namazına dayanmışdı. Mən Cəbraildən "o hansı əməlinə görə buna layiq görülüb?" – deyə soruşdum. Cəbrail onun hər bir halda – istər oturan halda, istərsə də ayaq üstə və hərəkət halında – davamlı olaraq “”Qul huvəllahu əhəd” surəsini tilavət etdiyini və məhz bu əməlinə görə mələklərin ona namaz qılmasına layiq olduğunu dedi.” (“Məcməul-bəyan”, c.10, səh. 561.)
İmam Sadiqdən (ə) nəql olunan digər bir hədisdə isə deyilir: “Beş (vacib) namazlarını qılaraq gününü başa vuran bir şəxs əgər o namazların hər hansı birində (ən azından bir dəfə) "İxlas" surəsini oxumamış olsa (yəni onun yerinə digər surələrdən birini oxusa), o şəxsə belə deyilər: "Ey Allahın bəndəsi! Sən namaz qılanlardan deyilsən!" (“Məcməul-bəyan”, c.10, səh. 561 və digər “Təfsir” və “Hədis” kitablarında.)
Başqa bir hədisdə isə Peyğəmbər (s) buyurur: "Allaha və Qiyamət gününə iman gətirən hər bir şəxs gərək (vacib namazlarında) "İxlas" surəsini tərk etməsin; çünki Allah-taala həmin şəxsə dünya və axirət xeyrini birgə bəxş etməklə onun özünü, ata-anasını, eləcə də övladlarını bağışlayar."
Digər hədislərdən məlum olur ki, evə daxil olanda bu mübarək surəni oxumaq ruzini artırar, fəqirlik və yoxsulluğu aradan aparar. (“Məcməul-bəyan”, c.10, səh. 561 və digər “Təfsir” və “Hədis” kitablarında.)
"İxlas" surəsinin fəziləti ilə bağlı hədis və rəvayətlər o qədər əhatəli və çoxdur ki, hamısı bu kitaba sığmaz. Burada qeyd etdiklərimiz isə bu hədislərin yalnız az bir qismini təşkil edir.
"İxlas" surəsinin Quranın üçdə-biri hesab olunmasının səbəbi nədir?
Bu sualla bağlı bəzilərinin nəzərincə, Quran üç hissədən: "əhkam" (şəriət hökmləri), “əqaid” (əqidə və ideologiya) və “tarix”dən ibarətdir və "İxlas" surəsi bunlardan ikinci hissəni, yəni "əqaid" bölməsini xülasə şəkildə bəyən etdiyinə görə Quranın üçdə-biri sayılır.
Digərlərinin sözlərinə əsasən, Quran “Məbdə” (başlanğıc, Allah), “Məad” (hesab və cəza günü) və “bu ikisinin arasında baş verənlər”dən ibarət üç məsələni bəyan edir və "İxlas" surəsi də başlanğıcla (Allahla) bağlı məsələləri özündə əks etdirir. Bu nəzəriyyəni qəbul etmək olar, çünki Quranın təqribən üçdə-biri “Tövhid” ilə bağlı ayələrdən ibarətdir və "İxlas" surəsi bu ayələrin ümdə məzmununu özündə əks etdirir.
"İxlas" surəsinin fəzilət və əzəmətinə dair söylənənləri imam Zeynəl-Abidinin (ə) bir mübarək kəlamı ilə sona çatdırırıq. İmamdan (ə) “Tövhid” barəsində sual olunduğu zaman, o həzrət buyurdu: “Allah-taala uzun illərdən sonra (axirəz-zamanda) baş verəcək məsələlərə dəqiq, əsaslı formada və diqqətlə yanaşan qövmlərin olacağından xəbərdar olduğu üçün, "İxlas" surəsini, eləcə də "Hədid" surəsinin ilk ayələrini – “وَ هُوَ عَلِيمُ بِذَاتِ الصُّدُورِ – bizatis-sudur” ayəsinədək tövhidlə əlaqədar olaraq nazil etdi. Bundan daha artıq tələb edən kəs həlak olacaqdır.”
(“Üsuli-Kafi”, c.1, səh. 163, (Tövhid, bölmə 7, hədis 3).

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!