İXLAS SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 2

:

İXLAS SURƏSİNİN TƏRCÜMƏSİ
“Bağışlayan və mehriban Allahın Adı ilə. De! Allah yeganə və təkdir (Müqəddəs Zatı bəsitdir, hətta əqldə belə bölünməzdir). O, Səməddir – ehtiyaclı olan hər bir kəsin üz tutacağı kəsdir. Doğmamış və doğulmamışdır (Müqəddəs Zatı bir şeydən ayrılmamış və bir şey də Onun Zatından ayrılmamışdır). Heç bir şey (və heç zaman) Ona tay və bənzər olmamışdır.”

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ - قُلْ هُوَ اللَّهُ أَحَدٌ (1) اللَّهُ الصَّمَدُ (2) لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ (3) وَ لَمْ يَكُنْ لَهُ كُفُواً أَحَدٌ (4)
İXLAS SURƏSİNİN TƏFSİRİ
Allahın zat və sifətləri barəsində müxtəlif qövm və şəxslər tərəfindən dəfələrlə soruşulan suallara cavab olaraq, Allah-taala bu surənin ilk ayəsində buyurur: “De! Allah yeganə və təkdir (Müqəddəs Zatı bəsitdir, hətta əqldə belə bölünməzdir).”
Bu ayənin, ərəb dilində qeyri-müəyyənlik mənasını ifadə edən 3-cü şəxs əvəzliyi, yəni “هو” “Huvə” kəlməsi ilə başlamasının özü Allahın zatının dərk olunmamazlığına işarə edən bir növ rəmzdir. Allahın xəlq etdiyi varlıqlar aləmi öz dərkinə uyğun olaraq Onun varlığının aşkar formada göstərici olmasına baxmayaraq, Allah-taalanın zatı o qədər əzəli və sonsuzdur ki, insanların məhdud düşüncə və təfəkkürü Onu dərk edə bilməz:
سَنرُيهِمْ ءَايَاتِنَا فىِ الاَفَاقِ وَ فىِ أَنفُسِهِمْ حَتىَ‏ يَتَبَينَ لَهُمْ أَنَّهُ الحْقُّ أَوَ لَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلىَ‏ كلِّ شىَ‏ءٍ شهَيدٌ
“Tezliklə Öz ayə və nişanələrimizi kainatda, eləcə də onların öz vücudlarında onlara göstərəcəyik ki, Onun haqq olduğu onlar üçün aşkar olsun. (“Fussilət” surəsi, ayə 53.)
Daha sonra isə bu həqiqəti aşkar edərək buyurur: “Allah yeganə və təkdir.” Qeyd olunmalıdır ki, “قل” De! kəlməsi (Peyğəmbərə (s)) əmr edir ki, həmin həqiqəti izhar edərək aşkarlasın. İmam Baqir (ə) bunları qeyd etdikdən sonra buyurur: "Kafirlər və bütpərəstlər öz bütlərinə işarə edərək deyirdilər: “Bunlar bizim məbudlarımızdır. Ey Məhəmməd! Sən də öz Allahını vəsf elə, Onu görək və tanıyaq.”" Bu zaman Allah-taala bu ayələri nazil etdi: “De! Allah yeganə və təkdir...”
Buradakı “هو” (huvə) şəxs əvəzliyindəki “ه” “ha” hərfi başqalarının diqqətini cəlb etmək üçündür, “واو” “vav” hərfi isə 3-cü şəxs əvəzliyidir və hiss orqanları və duyğu üzvləri ilə dərk olunmayan şəxsə işarədir. (Yəni, Allah-taala heç bir hiss orqanı və duyğu üzvü ilə hiss ediləsi deyil və yalnız ağıl Onun varlığını dərk edə bilər). (“Biharul-ənvar”, c.3, səh. 221, hədis 12.)
Başqa bir hədisdə həzrət Əli (ə) buyurur: "Bədr döyüşü olan gecə həzrət Xızrı (ə) yuxuda gördüm, ondan "Düşmənlərə necə qalib gəlim?" – deyə, soruşduğumda, dedi:
"De: یا هُو یا مَن لا هُوَ الاَّ هُو
"Sübh açıldıqda yuxumu Peyğəmbərə (s) də danışdım, buyurdu: "Ey Əli (ə)! Sənə “İsmi-əzəm” öyrədilib. Bu cümlə "Bədr" döyüşündə mənim dilimin əzbəri idi." (“Biharul-ənvar”, c.3, səh. 221, hədis 12.)
Siffeyn müharibəsində Əmmar Yasir həzrət Əlinin (ə) bir dua zümzümə etdiyini eşitdi, nə oxuduğunu soruşduqda, İmam buyurdu: "Tövhidin sütunu olan “İsmi-əzəmdir.”" (“Biharul-ənvar”, c.3, səh. 221, hədis 12.)
 “الله” Allah kəlməsi Allah-taalanın məxsus ismidir. İmam Əlinin (ə) mübarək kəlamından başa düşülür ki, təkcə Allah kəlməsi Allah-taalanın “cəlal” və “cəmal” sifətlərini bütövlükdə əhatə etmiş və məhz buna əsasən də “İsmi-əzəm” (ən böyük ad) adlanmışdır.
Bu ad yalnız Allaha məxsusdur, lakin Onun Cəlal və Cəmal sifətlərinə işarə olan “Alim”, “Xaliq”, “Raziq” və “Ğalib” kimi digər isimləri başqalarına da ünvanlanır.
“الله” Allah kəlməsinin kökü ərəb dilində “وله” "Vələhə" sözündən olub “تحّیر ” "Təhəyyür" (heyrətə düşmək) mənasındadır. Çünki, ağıllar Onun zatını dərk edə bilməyib heyrətdədirlər. Həzrət Əli (ə) buyurmuşdur: "Allah kəlməsinin məfhumu məxluqatın Ona heyran olduğu və sevdiyi məbuda işarədir. Allah (bu maddi) gözlərdən və insanların fikir və düşüncələrindən gizlində olan bir varlıqdır." (“Biharul-ənvar”, c.3, səh. 221, hədis 12.)
Bəziləri də onun “الاهة” "əl-ilahə" kökündən olduğunu və "ibadət olunan varlıq" mənasını ifadə etdiyini qeyd etmişlər, amma əslində Allah “Əl-ilah” sözündən olub “tənha məbud” mənasındadır.
Əslinin hansı kökdən alınmasına baxmayaraq, qeyd etdiyimiz kimi, bu kəlmə sonradan Allah-taalaya xas olan bir ismə çevrilmişdir və Onun hər bir eyib və nöqsandan uzaq olan bütün kamal sifətlərinə işarə edir.
Bu müqəddəs isim Quranda təqribən min dəfə təkrar edilmiş, lakin digər isimlər bu miqdarda hallanmamışdır. Bu mübarək isim insanın qəlbinə aydınlıq gətirən, ona güc və xatircəmlik verən, onu nur dəryasına, səfa ilə dolu bir cahana qərq edən müqəddəs bir addır.
Amma “أحد” Əhəd kəlməsinə gəldikdə isə, bu kəlmə “وحدة” "vəhdət" sözündəndir. Elə buna görə də bəziləri "Əhəd" ilə "Vahid" kəlmələrini eynimənalı olaraq təfsir etmişdirlər. Səbəbi də bu kəlmələrin hər bir cəhətdən misilsiz olan o müqəddəs Zata işarə etməsinə etiqadlı olmaqdır. O, elmdə yeganə, qüdrətdə misilsiz, mehriban və rəhmli olmaqda tək, ümumiyyətlə, hər bir cəhətdən misilsiz bir məbuddur.
Lakin bəziləri "Əhəd" ilə "Vahid" kəlmələrinin arasında fərqin olmasına inanırlar. O fərq də bundan ibarətdir ki, Əhəd istər xarici aləmdə, istərsə də zehində parçalanmağı, artmağı və çoxalmağı qəbul etməyən bəsit bir zata (varlığa) dəlalət edir, buna görə də heç vaxt ədədlər sırasında yer tutaraq sayılmır. Lakin bunun əksinə olaraq "vahid" üçün xaricdə və ya zehində ikinci, üçüncü və s. bir şey təsəvvür olunur. Biz “Onlardan bir nəfər də olsa belə, gəlmədi” deyəndə məqsədimiz budur ki, heç kim gəlmədi. Amma əgər desək ki, bir nəfər gəlmədi, bu zaman ehtimal verilir ki, bir yox, iki və ya daha artıq sayda adam gəlmiş olsun. (“əl-Mizan” təfsiri, c.20, səh. 543)
Lakin qeyd etmək lazımdır ki, bu cür fərq həmin kəlmənin Quran və hədislərdəki mənaları ilə uyğun gəlmir.
Bəziləri "Əhəd" kəlməsinin Allahın zatının xaricdə və ya zehində (cins, fəsil (növ fərqi) və mahiyyət) hissələrdən tərkib tapmadığına, "Vahid" kəlməsinin isə Allahın zatının xaricdə olan çoxluq qarşılığında yeganəliyinə etiqadlıdırlar.
İmam Baqir (ə) buyurur: "Əhəd yeganə olan kəsdir, Əhəd və Vahid kəlmələrinin bir məfhumu vardır, o da misli və bənzəri olmayan Allahın zatıdır. Həmçinin, Tövhid Allahın şərikinin olmadığını və yeganəliyini iqrar etməkdir."
Bu hədisin davamında oxuyuruq ki, “vahid” ədəd deyil, ədədlərin bünövrəsi, əsasıdır. Ədəd ikidən başlayır, buna əsasən “اللَّه احد” yəni, insanların Onun zatını dərk etməkdə aciz olduqları məbud. O, Öz ilahiyyətliyində yeganə, məxluqların xüsusiyyətlərindən pak və üstündür.(“Biharul-ənvar”, c.3, səh. 222)
Quran ayələrində işlənən "Vahid" və "Əhəd" sözlərinin hər ikisi Allahın zatına işarədir. Şeyx Səduqun “Tövhid” kitabında deyilir: "Cəməl" döyüşünün qızğın çağında bir ərəb ayağa qalxdı və dedi: "Ey Möminlərin əmiri! Deyirsən ki Allah-taala vahiddir? Vahidin mənası nədir?" Camaat hər tərəfdən onun üstünə acıqlanaraq dedilər: "Ey ərəb! Bu nə sözdür danışırsan? Bu nə sualdır? Görmürsənmi ki, Əmirəl-möminin döyüşlə bağlı məsələlərlə məşğuldur? Hər sözün öz yeri, öz məqamı var!" Bu zaman həzrət Əli (ə) buyurdu: "Ona toxunmayın! Onun istədiyi şey bizim bu düşmən ordusundan istədiyimizlə eynidir (o, tövhid barəsində sual edir və biz də öz müxaliflərimizi buna dəvət edirik)."
Sonra buyurdu: Ey ərəb! “Allah vahiddir” deyəndə dörd məna ehtimal verilir, lakin bunların ikisi Allah barəsində doğrudur, digər ikisi isə yox. Doğru olmayan iki mənanın biri ədədlərdə deyilən “tək”likdir və bu, Allah barəsində doğru deyil (O bir dənədir, iki deyil; deyə bilmərik, çünki bu sözün məfhumu belədir ki, əgər “birdir” desək, Onun üçün ikinci mövcud olmasa da belə, təsəvvür olunur. Halbuki, Onun zatı nəhayətsiz və sonsuz olduğu halda ikincinin təsəvvürü mümkün deyil). İkincisi olmayan varlıq da ədədlər sırasına daxil olmur. Məgər görmürsünüz ki, Allah-taala Onun “üç nəfərdən biri” olduğunu deyənləri kafir hesab etmişdir?!
Allah barəsində düzgün olmayan digər bir məna da "vahid" kəlməsini "növ" mənasına götürməkdir, necə ki, deyirik: "Filankəs camaatdan biridir." Bu da Allah üçün doğru deyildir, çünki Allah üçün növün, cinsin məfhumu yoxdur. Bu sözün məfhumu təşbih və bənzətmədən ibarətdir və Allah-taala hər hansı bir oxşar və bənzərdən uzaq və üstündür.
Allahın barəsində doğru olan mənalar isə belədir:
İlk öncə deməliyik ki, Allah-taala vahiddir, yəni aləmdə olan varlıqlar arasında Ona bənzəyəcək bir varlıq yoxdur. Bəli, bizim Rəbbimiz Odur!
Daha sonra isə demək lazımdır ki, Allah-taalanın zatı, istər xaricdə (zehindən xaric aləmdə), istərsə də, zehində qisimlərə bölünən deyil. Bəli, böyük olan Allah Odur! (“Biharul-ənvar”, c.3, səh. 206, hədis 1.)
Xülasə şəkildə deməliyik ki, Allah əhəd və vahiddir. Yəni, "yeganədir" dedikdə ədəd, növ və ya cins baxımından deyil, Onun misli və bənzərinin olmaması, zati vəhdət və yeganəliyi nəzərdə tutulur.
Bu əqidənin dəlili də aşkardır: O, heç bir cəhətdən nəhayəti, sonu olmayan sonsuz, qeyri-məhdud bir varlıqdır. Aydındır ki, bu halda bütün cəhətlərdən sonsuz, qeyri-məhdud olan ikinci bir zatın təsəvvürü artıq mümkün deyil. Çünki, əgər iki qeyri-məhdud zat olsa, artıq nəhayətsizlik və sonsuzluq aradan gedir və bu zaman hər ikisi elə məhdud bir varlığa çevrilmiş olur ki, onların birində olan şey digərində yoxdur.

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!