İXLAS SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 3

:

İXLAS SURƏSİNİN TƏFSİRİNİN DAVAMI
Növbəti ayədə Allahın müqəddəs zatının vəsfində buyurulur: “Allah Səməddir – ehtiyaclı olan hər bir kəsin üz tutacağı kəs Allahdır.” "Səməd" (صمد) kəlməsi barəsində təfsirçilər ayə və hədislərdə, eləcə də lüğət alimləri bir çox məna qeyd etmişlər.

Rağib özünün “Mufrədat” kitabında deyir: “Səməd” sözü “ağa və ya böyük bir şəxsiyyət” mənasındadır ki, önəmli işlərin həyata keçirilməsində ona müraciət olunsun.
Bəziləri belə deyir: "Səməd" sözü lüğətdə “içərisi boş olmayan, dolu” mənasındadır."
“Məqayisul-lüğət” kitabında deyilir: "Səməd" sözü əslində “qəsd” və “sarsılmaz” mənalarını daşıyan iki fərqli kəlmədən götürülmüşdür. Allah-taalaya buna görə Səməd deyilir ki, bəndələri Onun dərgahını qəsd edirlər (nəzərdə tuturlar). Ola bilsin ki, lüğət kitablarında "Səməd" kəlməsi üçün gələn aşağıdakı bir çox məna bu səbəbdən ortaya çıxmışdır:
“Sonsuz əzəmət sahibi”, “insanların öz hacətləri üçün üz tutduqları varlıq”, “Ondan üstün bir varlığın olmadığı ən üstün kəs” və “bütün məxluqatın fani olmasından sonra baqi və əbədi qalanın məhz O (Allah) olması.”
İmam Hüseyn (ə) bir hədisdə "Səməd" sözü üçün beş məna bəyan edərək buyurur:
Səməd – böyüklük və ağalığın son həddində olan varlıq;
Səməd – əzəli və əbədi olan varlıq;
Səməd – daxili (boşluğu) və ya kənarı (sərhədi) olmayan varlıq;
Səməd – qidalanmayan (yeyib-içməyən) kəs;
Səməd – yatıb istirahət etməyən kəs. (“Biharul-ənvar”, c.3, səh. 223.)
Digər yerdə belə qeyd olunur: "Səməd" sözü "həyat sürüb davam etməsi üçün digərinə ehtiyacı olmayan kəs" mənasındadır. Səməd – yəni, heç zaman dəyişilməyən varlıq.
İmam Zeynəl-Abidin (ə) buyurur: "Səməd – şəriki olmayan, nəyisə qorumağın onun üçün çətin olmadığı və eləcə də heç nəyin ondan məxfi qalmadığı (hər şeyin onun üçün aşkar olduğu) kəsdir." (“Biharul-ənvar”, c.3, səh. 223.)
Həmçinin, bəziləri deyiblər: "Səməd o kəsə deyilir ki, istənilən zaman yaratmaq istədiyi şeyə "ol!" deməklə onu yaratsın."
Bir rəvayətdə deyilir: Bəsrə əhalisi imam Hüseynə (ə) məktub yazaraq o həzrətdən “Səməd”in mənasını soruşdular, imam Hüseyn (ə) buyurdu: "Bağışlayan və mehriban Allahın adı ilə. Elminiz olmadığı halda Quran barəsində mübahisə etməyin, çünki mən cəddim Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: "Elmi olmayan halda Allah barəsində danışan şəxs onun üçün oddan hazırlanmış məkanda qərarlaşacaqdır." Allah-taala Özü "Səməd" sözünü təfsir edərək buyurmuşdur: “Doğmamış və doğulmamışdır və heç bir şey Onun tayı və bənzəri olmamışdır.” Bəli, Səməd heç nədən vücuda gəlməyən (həmişə mövcud olan), nəyinsə daxilində və ya üzərində olmayan, hər bir şeyi öz qüdrəti ilə yaradan və vücuda gətirən kəsdir. Fəna olmaq üçün yaratdıqları Onun iradəsi ilə aradan gedəcək və bəqa (qalmaq) üçün yaratdıqları da Onun elmi ilə olduğu kimi qalacaqdır. Budur “Allahus-Səməd”in mənası!" (“Məcməul-bəyan” təfsiri, c.10, səh. 565.)
Məhəmməd ibn Hənəfiyyənin “Səməd” barəsində Əmirəl-möminin imam Əlidən (ə) sual etdiyi zaman o həzrətin (ə) belə buyurduğunu digər bir hədisdə oxuyuruq: "Səmədin yozumu və mənası budur: O, nə isimdir və nə də cisim; bənzərsiz və misilsizdir, təsəvvür olunmaz və bənzədilməzdir, Onun üçün hədd-hüdud yoxdur, zaman və məkandan xaricdir (onların xaliqidir), keyfiyyətdən ibarət olmayan Odur. "Bu", "burada", "orada" kimi bir sıra işarə əvəzlikləri ilə ifadə və işarə olunmaz; dolu və ya boş, ayaq üstə və oturan halda, dayanmış və ya hərəkətdə, nurlu və ya nursuz deyil, nə ruh və nə də cisimdən ibarət deyil, eyni halda heç bir nöqsanı yoxdur, hansısa bir məkan Onu özündə sığışdıra bilməz. İyi və rəngi yoxdur, heç bir insanın təsəvvürünə gəlməz (sığmaz). Bunlar bütövlükdə Allahın pak olan zatından uzaqdır." (“Biharul-ənvar”, c.3, səh. 230, hədis 21.)
Bu şərif hədis açıq-aşkar göstərir ki, “Səməd” çox geniş məna və ümumi bir məfhumu daşımaqla eyni zamanda, yaranmışların bütün xüsusiyyət və sifətləri Allahın müqəddəs zatından uzaqdır. Buna görə ki, yuxarıda sadalananlar bütövlükdə məxluq və yaradılmışlara, hətta demək olar ki, bütün maddi aləmə məxsus olan xüsusiyyətlərdir və Allah-taala bütün bunlardan üstün və ucadır.
Son elmi kəşflərdə maddi əşyaları təşkil edən bütün atomların nüvə və elektronlardan ibarət olunduğu aşkarlanmışdır. Qəribədir ki, atomun ümumi həcmi ilə müqayisədə nüvə və elektronlar arasında olan fasilə çoxdur. Belə ki, həmin fasilə götürülsə, əşyalar təəccüb doğuracaq həddə kiçiləcəkdir. Buna misal olaraq əgər çəkisi 60 kq. olan bir insanın vücudundakı atomların nüvə və elektronları arasındakı məsafələr götürülsə, bu zaman həmin şəxsin cisminin gözlə çətinliklə görünəcək həddə kiçilməsi mümkündür, lakin bununla belə, o, öz çəkisində (60 kq.) qalacaqdır.
Bəziləri Səmədin “daxili boş olmayan vücud” mənasını nəzərə almaqla və bu kimi kəşflərdən istifadə etməklə belə nəticəyə gəlmişlər ki, Quran bu termin vasitəsilə cismin bütün xüsusiyyətlərinin Allahın zatından uzaq olduğunu bəyan etmək istəyir. Çünki bütün cisimlər içərisi boş olan zərrəciklərdən – atomdan yaranmışdır. Bu, Quranın elmi möcüzələrindən biri ola bilər. Lakin unutmamalıyıq ki, “Səməd” sözü lüğətdə “böyük və yüksək məqamlı, hər bir cəhətdən dolu və kamil olan bir şəxsiyyət” mənasındadır ki, bütün ehtiyaclılar ona müraciət edir. Demək olar ki, digər mənalar da, elə həmin kök və mənaya qayıdır.

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!