İXLAS SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 4

:

İXLAS SURƏSİNİN TƏFSİRİNİN DAVAMI
Növbəti ayədə Allah barədə ata-övlad etiqadına malik olan məsihi, yəhudi və ərəb müşriklərinin əqidəsi ilə əlaqədar buyurulur: “Doğmamış və doğulmamışdır.” Onlar Allahın ata, oğul və Ruhul-qudusdan (müqəddəs ruh) ibarət bir üçlük olduğuna inanırdılar.

Məsihilər İsanı (ə), yəhudilər isə Üzeyiri (ə) Allahın oğlu hesab edirdilər. "Yəhudilər dedilər: “Üzeyir Allahın oğludur!” Məsihilər dedilər: “İsa Allahın oğludur!” Bu, onların öz dilləri ilə bundan əvvəlki kafirlərin sözlərinə bənzədiyini dedikləri sözlərdir. Allahın lənəti onlara olsun! Haqq yoldan necə azırlar?! (“Tövbə surəsi”, ayə 30.)
Həmçinin, ərəb müşrikləri də mələklərin Allah-taalanın qızları olduqlarına inanırdılar:
"Onlar elmsizlik və cəhalət ucbatından yalan yerə Allah üçün oğlanlar və qızlar düzəltdilər (buna etiqadlı oldular)." (“Ənam” surəsi, ayə 100.)
Bəzi hədislərdən məlum olur ki, mübarək ayədəki “təvəllüd” (yəlid və yuləd sözlərinin sinonimidir) sözü geniş və əhatəli bir məna daşıyır; maddi və lətif olmasından asılı olmayaraq hər hansı bir əşyanın Ondan xaric olmadığını (doğmadığını) və eləcə də, o müqəddəs Zatın bu kimi əşya və cisimlərdən xaric olmadığını bəyan edir.
“Doğmamış və doğulmamışdır.” – bu mübarək ayə eynilə imam Hüseynin (ə) bəsrəlilərin məktubuna cavab olaraq "Səməd" kəlməsini təfsir etdiyi kimi təfsir olunmuşdur:
“لَمْ يَلِدْ” Doğmamışdır – yəni hər hansı bir şey Ondan xaric olmamış, Ondan doğulmamışdır, istər övlad və ana südü kimi maddi cisim və əşyalar olsun, istərsə də, nəfs (ruh) kimi lətif və zərif olsun. Həmçinin, Allahda yuxu, ağrı, sevinc və kədər, gülmək və ya ağlamaq, qorxu və ya ümid, şövq və ya məzəmmət, toxluq və ya aclıq kimi hallar baş verməz, O, bu kimi xüsusiyyətdən dəfələrlə uzaq və ucadır.
Eləcə də, bir mövcudun digər bir mövcuddan xaric olduğu kimi, yəni bitkilərin torpaqdan, meyvənin ağacdan, suyun bulaqdan, həmçinin lətif əşyaların öz mənşəyindən, baxışın gözdən, eşitməyin qulaqdan, iyləməyin burundan, dadmağın ağızdan, tanımağın qəlbdən, qığılcımın daşdan və sözün səs tellərindən xaric olduğu kimi, Allah-taala da hansısa bu kimi əşya və cisimlərdən xaric olmamışdır. (“Biharul-ənvar”, c.3, səh. 224.)
Bəli, bu hədisə əsasən “təvəllüd” geniş bir mənanı əhatə edir, hətta hansısa bir nəticənin digər bir məsələdən əldə olunması və alınmasına belə şamil olur. Həqiqətdə, bu, mübarək ayənin ikinci mənasıdır. Birinci məna isə bundan əvvəl bəyan edib açıqladığımız mənadır. Bundan əlavə, qeyd etmək lazımdır ki, ilk mənanı bir qədər diqqətlə izlədikdən sonra ikinci məna kamil surətdə dərk olunur. Maddədə olan xüsusiyyətlərin heç biri Allahda olmadığı üçün, Onun övladı da yoxdur.
Nəhayət, sonuncu ayədə Allahın vəsfinin son və ən yüksək mərhələsi bəyan olunur: “Və heç bir şey Onun tayı və bənzəri olmamışdır.”
“کُفو” Kufv kəlməsi əslində "məqam və rütbədə eyni olmaq" və "bərabərlik" mənalarını ifadə edir, eləcə də "oxşarlıq" və "bənzərlik" kimi mənalara da şamil olur. Bu ayəyə əsasən, yaranmışların xüsusiyyətləri, həmçinin, hansısa bir nöqsan və məhdudiyyət bütövlükdə Allahın zatından uzaqdır. “Zati tövhid” (Allah-taalanın zatən yeganəliyi) də məhz budur.
Buna əsasən, O, zatında heç bir oxşarı olmayan, xüsusiyyət və sifətlərində bənzərsiz, işlərində misilsiz olan Uca Tanrıdır.
Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də olan xütbələrindən (çıxışlarından) birində buyurur: "O, kimsəni doğurmamışdır ki, Özü də doğulmuş olsun; kimsədən də doğulmamışdır ki, məhdud olsun; misli və bənzəri də yoxdur ki, Ona həmtay olsun; Onun üçün oxşar təsəvvür olunası deyil ki, Onunla eyni (bərabər) olsun."
Bu, tövhidin ən ali dərəcələrini bəyan edən bir təfsirdir. Allahın salamı sənə olsun, ey möminlərin əmiri Əli (ə)!

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

 

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!