İXLAS SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 5

:

İXLAS SURƏSİNİN TƏFSİRİNİN DAVAMI - Bir sıra əhəmiyyətli mövzular:
TÖVHİD DƏLİLLƏRİ - "Tövhid" dedikdə Allahın zatının yeganəliyi və Onun üçün hər hansı bir tay, bərabər, ya da oxşarın olmaması nəzərdə tutulur.

Quran ayələri və digər nəqli dəlillərdən əlavə, çoxlu əqli dəlillərlə də bunu isbat etmək mümkündür. Burada həmin dəlillərin yalnız bir qismini diqqətinizə çatdırırıq.
1. “Mahiyyəti olmayan sırf vücud” dəlili (Mahiyyət hər hansı bir şeyi başqalarından ayırıb seçmək üçün bir şeyə qoyulan hədd-hüduddur və Allah-taalada mahiyyət yoxdur; O, sırf vücuddan ibarətdir.)
Xülasə olaraq demək olar ki, Allah-taala heç bir həddi-hüdudu, qeydi-şərti olmayan sırf vücud, mütləq varlıqdır. Belə bir varlığın qeyri-məhdud olması şübhəsizdir. Buna görə ki, əgər məhdudiyyətlə üzləşmiş olsaydı, axırda yoxluğa düçar olmalı idi. Bütün varlıq aləminin mənşəyi olan müqəddəs bir varlıq heç vaxt bu kimi nöqsanlı hallara düçar ola bilməz. Xarici (zehindən kənar) aləmdə elə bir şey yoxdur ki, “yoxluğu” Ona nisbət verə bilsin. Həmin səbəbdən, hansısa bir hədd-hüdudla məhdudlaşmır.
Bundan əlavə, aləmdə iki qeyri-məhdud varlığın təsəvvürü də qeyri-mümkündür. Çünki əgər iki qeyri-məhdud varlıq olmuş olsa, mütləq onların biri digərində olan kamilliklərə sahib ola bilməz, yəni birində olan kamilliklər digərində olmaz. (Əks halda, əgər hər biri digərinin malik olduğu kamilliklərə malik olsa, elə ikisi bir varlıq olacaqdır). Nəticədə, onların hər ikisi məhdud olar. Bunun özü “Vacibul-vücud”un (vücud və varlığı vacib və zəruri olan kəsin), yəni Allahın zatının yeganəliyinə açıq-aşkar dəlildir.
2. Elmi dəlil
Bu böyük kainata, varlıq aləminə nəzər saldığımız zaman, ilk nəzərdə yeri, günəşi, ayı, səmadakı ulduzları, bitkiləri və heyvanları, ümumiyyətlə, aləmdəki varlıqları pərakəndə halda görürük. Amma bir qədər diqqət etdiyimiz zaman, aləmdə olan hətta zərrələrin belə, bir-biri ilə sıx əlaqə və rabitədə olmasını, bu aləmə müəyyən və dəqiq bir qanun silsiləsinin hakim kəsildiyini müşahidə edirik.
Elm inkişaf etdikcə, aləmə vahid bir nizamın hakim olması daha aşkar şəkildə nəzərə çarpır. Bəzən çox sadə bir analiz və araşdırmadan sonra əzəmətli və ümumi bir qanun kəşf edilir. Buna misal olaraq, İshak Nyutonun qarşılaşdığı hadisəni – almanın ağacdan qopduğu zaman yerin onu cəzb etməsini – qeyd etmək olar. Bu kimi hadisələr aləmdə ümumi bir qanun olan “ümumdünya cazibə qanunu”ndan xəbər verir.
Bu və bu kimi digər qanunlar, habelə aləmə hakim olan bu vahid sistem onları yaradanın yeganəliyinə dair danılmaz fakt və sübutdur.
3. Təmanö (mane olmaq, digərinin qarşısını almaq) dəlili
Allah-taalanın yeganəliyini sübuta yetirən dəlillərin sırasında yer tutan digər bir dəlil isə mübarək “Ənbiya” surəsinin 22-ci ayəsində işarə edilən “təmanö” dəlilidir. Həmin ayədə buyurulur: “Əgər yerdə və göydə Allahdan başqa digər məbudlar da olsaydı, aləm məhv olar, ona hakim olan vahid nizam-intizam pozulardı. Uca ərşi yaradan Allah ona verilən bütün nisbətlərdən (təsəvvürlərdən) pak və münəzzəhdir.”
Bu dəlillə bağlı, “Təmanö dəlili” kitabı, c.13, səh. 381-də ətraflı məlumat əldə edə bilərsiniz.
4. Peyğəmbərlərin yekdilliklə yeganə Allaha doğru dəvət etməsi
Bu, tövhidi isbat etmək üçün digər bir dəlildir. Əgər aləmdə iki “Vacibul-vucud” (zəruri varlıq) olsaydı, hər ikisinin feyz (lütf) mənbəyi olması lazım gələrdi. Çünki kamil və qüsursuz bir varlığın ətrafa nur saçmaqda paxıllıq etməsi qeyri-mümkündür və bu, Onun kamilliyinə nöqsan gətirə bilər. Digər tərəfdən, Onun hikmət sahibi olması tələb edir ki, başqalarını Öz feyzinə qərq etsin.
Bu feyzin özü iki qisimdən ibarətdir: təkvini (yaradılış aləminə dair) və təşrii (hidayət aləminə dair) feyz.
Buna əsasən, əgər Allah-taaladan başqa, digər məbudlar da olsaydı, onların da elçilər göndərərək insanları özlərinə doğru dəvət etməsi lazım gələrdi. Beləliklə, bu elçilər də onların tərəfindən olan təşrii feyzi insanlara çatdırmalı idilər.
Həzrət Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyətnaməsində buyurur: “Oğul! Əgər Allahın tayı-bərabəri olsaydı, onun da elçiləri sənin sorağına gələrdilər və onun da mülk sahibi olduğunun şahidi olardın, onun xüsusiyyətləri və işləri ilə tanış olardın. Amma Allahın belə bir bənzəri və tayı-bərabəri yoxdur. O, Özünün vəsf etdiyi kimi, yeganə məbuddur.” (“Nəhcül-bəlağə”, imam Həsənə (ə) vəsiyyət, 31-ci məktub.)
Bunların hamısı Allahın zatının yeganəliyinə dair dəlillərdir. Beləliklə, Allahın tərkibdən – hər hansı bir hissə və əczalardan ibarət olmadığına dair sübut və dəlillər açıq-aşkar ortadadır. Əgər Allah hissə və əczadan təşkil olunsaydı (tərkib tapsaydı), təbii olaraq, həmin əczalara ehtiyaclı olardı. Halbuki, Vacibul-vücud olan Allahın nəyəsə ehtiyaclı olması ağıla sığmır.
Eyni zamanda, Allah-taalanın əqli tərkibdən (mahiyyətlə vücudun, cinslə növün tərkibindən) təşkil olunması da qeyri-mümkündür. Çünki mahiyyətlə vücud tərkibi məhdudluqdan doğur. Biz də bilirik ki, Onun vücudu qeyri-məhduddur. Həmçinin, cinslə növ tərkibi də mahiyyətdən doğan bir xüsusiyyətdir. Buna əsasən, deməliyik ki, mahiyyəti olmayan varlığın cinslə növü də yoxdur.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!