ALLAHIN ƏDALƏTLİ OLMASININ SÜBUTU

:

Sual: Nəyə əsasən Allahı ədalətli bilirik?
Allah-Taala ən yüksək ixtiyara, yenilməz qüdrətə malik olduğu və heç bir qüvvənin təsirinə məruz qalmadığı halda, mümkün olan hər işi yerinə yetirmir. O, qadir olduğu hər işi yox, istədiyi işi yerinə yetirir.

Məlum olduğu üzrə, Onun istək və iradəsi səbəbsiz, ölçüsüz deyil. O, kamal sifətlərinin tələb etdiyi işi görür. Əgər onun kamal sifətləri bir işin baş verməsini tələb etmirsə, həmin iş yerinə yetirilmir. Allah-Taala mütləq kamal sahibi olduğundan, Onun istəyi məxluqların kamal və xeyridir. Əgər bir məxluqun varlığı dünyada şər işlərin yaranmasına səbəb olursa, onun şər olmasının səbəbi vücudundakı təbiətə qayıdır. Demək, Allahın kamal sifətlərinin tələbinə görə, dünya ən çox kamal və xeyrə malik halda yaranmışdır. Bununla da, Allah-Taalanın hikmət və müdriklik sifətinə sahib olması isbat olunur.
Allahın iradəsi (Onun varlığı xeyir işlərin mənbəyi olduğundan) insanın yaranışını zəruri edir. İnsanın ən əsas üstünlüklərindən biri onun ixtiyar və iradə azadlığına malik olmasıdır. Şübhəsiz, ixtiyar qüvvəsi varlığın kamal sifətlərindəndir. Ona sahib varlıq digərindən üstün və kamil hesab olunur. İnsan bu xüsusiyyətə sahib olduğundan, həm yaxşı və saleh əməllər yerinə yetirib əbədi və son kamala çata bilər, həm də çirkin işlər görüb əbədi bədbəxtliyə və uçuruma yuvarlana bilər. Əlbəttə, Allahın istəyi insanın təkamülə çatmasıdır. Lakin təkamülə çatmaq insanın ixtiyarında qoyulduğu üçün onun şeytani istəklərə uyaraq azğınlığa düşməsi də mümkündür. Onun öz istək və ixtiyarı ilə belə azğınlığa düşməsi də ikinci dərəcəli olaraq ilahi iradə dairəsində qərar tutacaqdır.
Haqqa yönəlmək üçün xeyir və şər yollarını düzgün tanımaq lazımdır. Allah-Taala insanı xeyir və məsləhətli işlərə çağırmış, günaha və azğınlığa səbəb işlərdən çəkindirmişdir ki, onun təkamülə doğru hərəkəti üçün zəmin yaransın. Çünki ilahi göstərişlər insanın öz əməllərinin nəticəsinə çatması üçün təyin edilmişdir. Bunun Allah-Taalaya heç bir faydası yoxdur. Elə bu səbəbdən də, bu göstərişlərin insanın qüdrətinə münasib olması ilahi hikmətdəndir. Çünki itaəti (icrası) mümkün olmayan göstərişlər yersizdir.
Beləliklə, ədalətin ilk mərhələsinin (təklif məqamındakı ədalətin) dəlili budur ki, əgər Allah-Taala Öz bəndələrinə onların qüdrətindən xaric bir vəzifə təyin etsə, onların yerinə yetirilməsi mümkünsüz olacaq və həmin vəzifə yersiz sayılacaq.
İnsanlar arasında hökm verərkən ədaləti gözlədikdə, bu işin insanların müxtəlif savab və ya cəzalara layiq olmasını müəyyən etmək məqsədilə yerinə yetirilməsi isbat olunur. Belə ki, əgər ədalətin əksinə olarsa, ilahi məqsədin naqis olmasına gətirib çıxaracaq.
Nəhayət, mükafat və cəza verərkən yaradılışın son məqsədinə diqqət yetirməklə ədalət təmin olunur. Belə ki, Allah-Taala insanları yaxşı və pis əməllərin nəticələrinə çatmaq üçün yaratmışdır. Əgər tələblərin əksinə mükafat və cəza verilsə, məqsəd həyata keçməz. Beləcə, ilahi ədalətin dəlili budur ki, Onun zati sifətləri hikmət və ədalətlə rəftar etməsinə səbəb olur. O, zülmə, haqsızlığa, puç və yersiz işlərə səbəb olacaq heç bir sifətə malik deyil.1

Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. “Amuzeşe əqaid”, 1-ci cild, səh. 162-164.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!