MƏCBURİYYƏTLƏ İXTİYAR ARASINDA OLAN HƏDD

:

1. Məcburiyyətin qarşılığı olan nəzəriyyə
Məcburiyyət nəzəriyyəsinin müqabilində «təfviz» adlanan bir nəzəriyyə vardır. Bu əqidədə olanlar deyirlər ki, Allah insanı yaratdıqdan sonra onu tam şəkildə azad buraxmışdır.

Beləliklə də, insan bütün işlərində tam azaddır və Allah onun işlərində heç bir rol oynamır. Şübhəsiz ki, bu nəzəriyyə də tövhidlə uyğun gəlmir. Çünki tövhid bizlərə öyrədib ki, aləm Allahın mülküdür, heç bir şey onun hakimiyyətindən kənar deyil. Hətta insan iradəsinin azad olduğuna baxmayaraq, eyni zamanda, insanların bütün əməlləri onun qüdrət və hakimiyyət çərçivəsindədir. Əgər belə olmasa, onda Allaha şərik qoşmuş olarıq. Daha aydın desək, biri bütün yeri-göyü xəlq etmiş böyük Allah, digəri isə kiçik Allah. Birinci Allah insanın işlərində rol oynamadığına görə, biz müstəqil, azad, iradəsi öz əlində olan insanı ikinci Allah kimi təsəvvür etmiş olarıq.
Bu şirkdir. (Allaha şərik qoşmaq deməkdir.) Bu ikiallahlığa əqidə bağlamaq deməkdir. Məsələ burasındadır ki, biz elə etməliyik ki, həm insanı azad bilək, həm də Allahın ona və onun rəftarına hakimiyyət etdiyini təsdiqləyək.

2. “Vasitə” nəzəriyyəsi
Məcburiyyət nəzəriyyəsi ilə təfviz, yəni tam azadlıq nəzəriyyəsi arasında olan hədd «vasitə» həddi, vasitə nəzəriyyəsi adlanır.
Əsas məsələ budur ki, biz bu iki məsələ arasında, yəni insan iradəsinin azadlığı və eyni zamanda Allahın insanın əməllərinə hakimiyyət etməsi arasında ziddiyyət təsəvvür etməliyik. Əsas məsələ budur ki, biz həm tam şəkildə Allahın ədalətini və insan iradəsinin azadlığını, həm də Allahın bütün aləmə, kainata, hətta insanın əməllərinə hakimiyyət etdiyini qəbul edək. Bu məsələni üsulid-dində vasitə «nəzəriyyəsi» adlandırırlar. (Yəni məcburiyyət və tam azadlıq nəzəriyyələri arasındakı hədd. Yəni insan öz əməllərində məcbur deyil, lakin tam şəkildə azad da deyil. Allahın da onun rəftarında rolu və hakimiyyəti var.)

Bu bəhs bir az qarışıq və çətin olduğu üçün, onu sadə bir misalla açıqlayırıq:
Təsəvvür edin ki, siz trolleybus sükanının arxasında əyləşib maşını idarə edirsiniz. Əgər elektrik cərayanı bir anlıq kəsilsə, trolleybus dərhal hərəkətindən qalacaq. Elektrik olan zaman siz azadsınız: istədiyiniz yerdə maşını saxlaya bilərsiniz, istədiyiniz qədər dayana bilərsiniz, hansı sürətlə istəsəniz, hərəkət edə bilərsiniz. Lakin sizin bu azadlığınıza baxmayaraq, elektrik cərayanına nəzarət edən şəxs istədiyi vaxt sizi hərəkətdən saxlaya bilər. Çünki trolleybusun bütün hərəkətləri elektrikdən asılıdır.
Bu misala diqqət etdikdə sürücünün azad, ixtiyar sahibi olduğu ilə yanaşı onun başqa bir şəxsdən asılı olduğunu da anlayırıq. Bu iki işin bir-biri ilə heç bir ziddiyyət və ixtilafı yoxdur.
Allah bizə qüdrət, qüvvət vermiş, huş, ağıl, düşüncə bəxş etmişdir. Bunlar hər an Allah tərəfindən bizə verilir və arası kəsilmir. Əgər onun lütf və mərhəməti bir an bizdən kəsilsə, məhv olarıq. Əgər biz bir iş görürüksə, onun bizə bəxş etdiyi qüdrətlə görürük. Hətta azadlığımız da bizə onun tərəfindən verilib. Yəni, o bizim azad olmağımızı və bu yolla təkamülə yetişəcəyimizi istəmişdir.
Buna əsasən, biz iradəmizin azad və muxtar olması ilə yanaşı Allahın ixtiyarındayıq. Biz özümüz qüdrət sahibi olmağımıza baxmayaraq, yenə də ona tabeyik. Onsuz biz puç olarıq. Bu əqidə, bu nəzəriyyə «vasitə» nəzəriyyəsi adlanır. Yəni, nə bir bəndəni Allaha tay və şərik qərar veririk, nə də bəndələri öz əməllərində məcbur bilirik. (Diqqət edin.)
Şiə imamlarından «məcburiyət və «azadlıq» nəzəriyyələri arasında başqa bir hədd varmı» deyə soruşduqda buyururlar ki, bəli! Bu iki nəzəriyyə arasında başqa bir hədd vardır ki, onların yerdən göyəcən fərqləri var.

3. Quranda «məcburiyyət» və «ixtiyar» məsələsi
Qurani-Məcid öz gözəl ayələri ilə insan iradəsinin azad olduğunu açıqlamışdır. Bu məsələ Quranın yüzlərlə ayəsində gözə çarpır. Bu ayələri bir neçə dəstəyə bölmək olar:
a) Əmr və nəhy, vacib və haram, məsuliyyətləri bəyan edən ayələrin hamısı insan iradəsinin azad olduğuna şahiddir. Əgər insan öz əməllərində məcbur olarsa, onda bu ayələrin heç bir mənası olmaz.
b) Günahkarları məzəmmət, möminləri isə mədh edən ayələr də insanın azad və ixtiyar sahibi olduğuna bir sübutdur. Çünki məcburiyyət olan yerdə tənə və tərifin heç bir mənası yoxdur.
c) Qiyamət gününün sorğu-sualı, hesab kitabı, Cənnət və Cəhənnəmdən söhbət edən ayələr də insanın azad olduğuna daha bir sübutdur. Çünki məcburiyyətlə bu deyilənlər uyğun gəlmir. Əksinə, məcburiyyət olduqda günahkarları cəzalandırmaq açıq-aşkar zülm olar.
d) “Kullu nəfsin kəsəbət rəhinəh.”
“Hər kəs öz əməlinin girovudur.” «(Hərə öz əməlinin girovunu alacaqdır.)», «Hər kəs öz əməlinin girovudur» kimi ayələr də açıq-aşkar insan azadlığından danışırlar.”
e) «Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir.)» kimi ayələr də insanın azad olduğunu göstərən sübutlardan biridir.
Quranda bir sıra ayələr də vardır ki, bunlar «vasitə» nəzəriyyəsini isbat edirlər. Lakin bəzi düşüncəsiz insanlar bu ayələri insanın məcbur olduğuna dair sübut və şahid gətirmişlər. O cümlədən «(Ey insanlar! Onu da bilin ki,) Allah istəməsə, siz heç nə istəyib iradə edə bilməzsiniz.» ayəsini buna nümunə gətirmək olar.
Bu və bu kimi digər ayələr insanın rəftar və iradəsində məcbur olduğunu bildirmir. Əksinə, bu cür ayələr bizə bunu çatdırır ki, insanın irədəcə azad və ixtiyar sahibi olmasına baxmayaraq, eyni zamanda o, Allahın nəzarəti altındadır.

Kitabın adı: Gənclər üçün üsulid-din haqqında 50 dərs
Tərcümə edən: Hacı Mais Ağaverdiyev

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!