MƏSUM İMAMLARIN (ə) ÜSTÜNLÜYÜ (1)

:

Sual: Nə üçün şiələr “İmamət və vilayət”  məqamını “Nübüvvət və  peyğəmbərlik” məqamından üstün bilirlər?

İzah: Bu sual ən mühüm dini suallardan biri kimi, bütün zamanlarda həmişə diqqət mərkəzində olmuşdur. Əlbəttə, onun irəli sürülməsindən öncə Peyğəmbəri-Əkrəmin (s) kəlamında bu müddəanı sübut edən bəzi nişanələr də görünür. İbn Əbil-Hədid yazır:

والقول بالتفضيل قول قديم قد قال به كثير من الصحابة و التابعين

“Fəzilət və üstünlüyə (məsum imamların (ə) peyğəmbərlərdən üstünlüyünə) etiqad keçmiş etiqadlardandır və səhabə və tabeinlərin əksəriyyəti ona etiqad bəsləyirdi.”1
Demək, bu, yeni bir etiqad deyil və İslamın əvvəlindən indiyə qədər öz qüvvətində qalmaqdadır. Odur ki, böyük şiə alimləri imamların (ə) fəzilətlərini açıqlamaq üçün bir an belə sükut etməmişlər. Şeyx Müfid, Şeyx Tusi, Əllamə Hilli (Yusif ibn Mütəhhər), Əllamə Məclisi və müasir alimlər öz əsərlərində bu etiqadın dəlil-sübutlarını qələmə almışlar. Biz isə burada onlardan bir neçəsini qısa şəkildə qeyd etməyə çalışacağıq.
Cavab:
1. Məsum imamların (ə) bütün insanlardan, İslam Peyğəmbəri (s) müstəsna olmaqla, başqa peyğəmbərlərdən üstünlüyünü sübut edən ayələr: Şiə və bəzi əhli-sünnə firqələrinin alimləri məsum imamların (ə), xüsusilə imam Əmirəlmöminin Əlinin (ə) fəzilətini sübut etmək üçün Qurani-Kərimin bir çox ayələrinə istinad etmişlər ki, biz burada onların bir neçəsinə toxunacağıq:
a) Həzrət İbrahimin imaməti ilə bağlı ayə: Qurani-Kərimdə buyurulur:

وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِن ذُرِّيَّتِي قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ

“(Ya Peyğəmbər!) Xatırla o zamanı ki, İbrahimi öz Rəbbi müxtəlif sözlərlə (müxtəlif vasitələrlə) imtahana çəkdi və o, imtahanları gözəl şəkildə yerinə yetirdi (onların öhdəsindən layiqincə gəldi). Bu zaman Allah ona buyurdu: “Səni insanlara imam təyin etdim!” İbrahim “Mənim nəslimdən də (imamlar seç)!” – dedikdə, Allah buyurdu: “Mənim əhdim (imamlıq məqamı) heç vaxt zalımlara çatmaz! (Bu məqama yalnız sənin pak və məsum övladların layiqdirlər!)”2
Bu ayə həzrət İbrahimin (ə) həyatının ən parlaq çağlarını, yəni ağır sınaqları və onun imtahanlardan qələbə ilə başıuca çıxmasını göstərir. Elə imtahanlar ki, İbrahimin (ə) əzəmət, məqam və şəxsiyyətini, varlığının dəyərini tamamilə aydınlaşdırır. O, bu imtahandan müvəffəqiyyətlə çıxdıqdan sonra Allah ona müəyyən bir mükafat verməli idi. Buna görə də buyurdu: “Mən səni insanlara imam və rəhbər təyin etdim.” Həzrət İbrahimin imtahanları bunlardan ibarət idi:
1. Ürəyinin parası olan övladını qurbangaha aparması və Allahın əmri ilə onu qurban kəsmək üçün ciddi hazırlaşması;
2. Ailə-uşağından keçib, onları bir nəfərin belə yaşamadığı Məkkənin susuz və yandırıcı torpağında tək-tənha qoyması;
3. Babil bütpərəstlərinə qarşı şücaətlə qiyam edib bütlərini sındırması, tarixi mühakimədə şücaətlə özünü müdafiə etməsi, odun içinə atılması və bütün bu mərhələlərdə son dərəcə soyuqqanlılıqla kamil iman nümayiş etdirməsi;
4. Müqəddəs vəzifəsini yerinə yetirmək üçün bütpərəstlərin yaşadığı diyardan ucqar məkanlara köçməsi.
Doğrudan da, bu imtahanların hər biri öz növbəsində çox ağır və çətin idi. Amma həzrət İbrahim (ə) iman və səbir qüvvəsi ilə onların öhdəsindən gələrək imamət məqamına nail oldu.
Sözügedən ayədən qısa şəkildə başa düşülür ki, həzrət İbrahim (ə) yalnız bütün imtahanlardan və sübuta yetirdiyi ləyaqətlərdən sonra bu məqamı kəsb etmişdir. Bu isə, o həzrətin təkamül yolunun son zirvəsidir. Demək, tam qətiyyətlə deməliyik ki, imamət çox yüksək, hətta risalət və peyğəmbərlikdən də üstün bir məqamdır. Həzrət İbrahim (ə) ağır imtahanlardan şərəflə çıxdıqdan sonra Allah tərəfindən bu böyük məqama layiq görüldü. Yeri gəlmişkən, ayədən məlum olur ki, imam (xalqın məsum rəhbəri) mütləq Allah tərəfindən seçilməlidir. Çünki:
1. İmamət bir növ ilahi əhd-peymandır və aydındır ki, belə bir şəxsi Allah təyin etməlidir. Çünki o, əhd-peymanı bağlayan qarşı tərəfdir.
2. Zülm edən şəxslər, özünə və ya başqalarına zülm etməklə həyatlarında qara ləkələr yaradanlar, hətta bir an belə bütə sitayiş edənlər imamətə layiq deyillər. İmam bütün ömrü boyu günah və çirkinliklərdən uzaq və məsum olmalıdır.
Görəsən, Allahdan başqa bu sifətin kimdə olub-olmadığını kim bilir? Bu ölçü ilə İslam Peyğəmbərinə (s) canişin təyin etmək istəsək, imam Əmirəlmöminin Əlidən (ə) başqasını tapa bilmərik.3 O həzrət Allah tərəfindən imam təyin edildiyi üçün bütün məxluqatdan, o cümlədən, peyğəmbərlərdən üstün və fəzilətlidir.
b) “Mübahilə” ayəsi:

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

“(Ya Peyğəmbər!) Hər kəs sənə (İsa haqqında) elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb) yalançılara Allahın lənətini qərar verək.”4
Bu ayə Peyğəmbərin (s) Əhli-beytinin – Əli, Fatimə, Həsən və Hüseynin (ə) yüksək məqamını göstərən ən aydın və möhkəm dəlildir. Ayədəki “ənfüsəna” (özümüz) sözündə məqsəd, şübhəsiz ki, təkcə Peyğəmbəri-Əkrəmin (s) özü deyildir. “Özümüzü dəvət edək” – ibarəsində yalnız Peyğəmbər (s) nəzərdə tutulsa, onda, insanın özü-özünü dəvət etməsi mənasız olacaqdır. Çünki insanın özü-özünü müəyyən bir işə dəvət etməsi qeyri-mümkündür. Dəvət dedikdə, başqasını bir işə dəvət etmək nəzərdə tutulur. Buna əsasən, ayədə qeyd olunan “ənfüsəna” (özümüzdən) sözündə məqsəd başqa bir şəxsdir. O da, yalnız imam Əlidir (ə)!5
Buradan belə nəticəyə gəlirik:
1. İmam Əli (ə) Peyğəmbərin (s) özü kimidir.
2. Peyğəmbəri-Əkrəm (s) bütün peyğəmbərlərdən üstün və fəzilətlidir.
3. Əgər Peyğəmbəri-Əkrəm (s) bütün peyğəmbərlərdən üstün və fəzilətlidirsə, imam Əli (ə) də onların hamısından fəzilətlidir.
4. Nəticədə, on iki imam Peyğəmbəri-Əkrəmdən (s) başqa bütün peyğəmbərlərdən fəzilətlidir.
Təfsirçilərin mülahizələrinə nəzər saldıqda, bu ayənin imam Əlinin (ə) İslam Peyğəmbərindən (s) başqa, bütün peyğəmbərlərdən üstünlüyünə necə dəlalət etməsi məlum olur. İmam Əlinin (ə) üstünlüyü sübuta yetirildikdə, təbii ki, digər məsum imamların (ə) da onlardan üstünlüyü sübuta yetəcəkdir. Şiə sxolastiklərinin çoxu ayəni belə təhlil və təfsir etmişlər.
2. Məsum imamların (ə) bütün insanlardan üstünlüyünü sübut edən hədislər: Alimlər imam Əmirəlmöminin Əlinin (ə) bütün insanlardan, xəlifələrdən, hətta peyğəmbərlərdən üstünlüyünü sübut etmək üçün bir sıra aşkar və sənədli hədislərə istinad etmişlər. Buna “mənzilət”, “vilayət”, “üxüvvət” (qardaşlıq), “məhəbbət”, “vəsiyyət”, “qızardılmış quş”, “təəhhüd” və s. hədisləri misal göstərmək olar. Biz isə burada onların iki nümunəsini qeyd etməklə kifayətlənirik:
a) İmam Əlinin (ə) insanlardan üstünlüyü: Bununla əlaqədar bir neçə hədisi qeyd etməklə kifayətlənirik:
1. “Teyr” (quş) hədisi: “Əl-müstədrəkü ələs-səhiheyn” kitabında belə yazılır: “Peyğəmbər (s)-in uzun həyat sürən Ənəs adlı xidmətçisi xəstələndiyi zaman Məhəmməd ibn Həccac bir neçə nəfərlə birlikdə onun görüşünə getmişdi. Onlar çox şey haqda danışdılar. Nəhayət, Əlidən (ə) söz düşdükdə, Həccacın oğlu o həzrətin barəsində nalayiq sözlər deməyə başladı və Ənəs narahat olub dedi: “Bu kimdir, belə danışır? Məni əyləşdirin!” Onu yerindən qaldırıb, oturtdular. O dedi: “Ey Həccacın oğlu! Nə üçün Əli ibn Əbu Talibin (ə) haqqında pis fikirdəsən? Mühəmmədi (s) peyğəmbərliyə seçən Allaha and olsun! Mən Peyğəmbər (s)-in xidmətçisi olmuşam. Hər gün ənsar cavanlarından biri o həzrətin qulluğunda dururdu. Növbə mənə çatan gün Ümmü Əymən Peyğəmbər (s) üçün (qızardılmış) quş gətirib, o həzrətin qarşısına qoydu. Həzrət buyurdu: “Ey Ümmü Əymən! Bu quşu haradan gətirmisən?” Ümmü Əymən dedi: “Onu özüm ovlamış və sizin üçün bişirmişəm!” Bu zaman Peyğəmbər (s) əlini göyə qaldırıb belə dua etdi:

اَللّهُمَّ جِئْنِى بِاَحَبَّ خَلْقِكَ اِلَيْكَ وَاِلَىَّ، يَأكُلُ مَعِى مِنْ هذا الطَّيْرِ

“İlahi! Sənin və mənim yanımda yaradılmışların ən sevimlisi olan şəxsi yetir ki, mənimlə birlikdə bu quşun ətindən yesin!”
Bu vaxt evin qapısı döyüldü. Mən öz-özümə dedim: “Kaş, qapının arxasında ənsardan biri olaydı. Lakin qapını açdıqda, Əlini (ə) gördüm və ona dedim: Peyğəmbərin (s) işi vardır (səninlə görüşməyə vaxtı yoxdur). Bunu deyib, qayıtdım və öz yerimdə əyləşdim. Yenidən qapını döydü. Yenə də sözümü təkrarlayıb, qapını bağladım. Üçüncü dəfə qapını döydükdə, Peyğəmbər (s) buyurdu: “Ey Ənəs! Hər kimdirsə, icazə ver, qoy gəlsin! Öz tayfasını sevən təkcə sən deyilsən və o da ənsardan deyildir!” Mən qapını açdım. Əli (ə) içəri daxil oldu. Peyğəmbər (s) buyurdu: “Ey Ənəs! Quş ətini ona yaxın qoy.” Mən quş ətini Peyğəmbərlə (s) Əlinin (ə) qarşısına qoydum və hər ikisi ondan yeməyə başladılar.”
Məhəmməd ibn Həccac dedi: “Ey Ənəs! Sən bu hadisəni öz gözünləmi gördün?”
Ənəs dedi: “Bəli!”
Bu vaxt Həccacın oğlu dedi: “Mən Allahla əhd-peyman bağlayıram ki, bundan sonra heç vaxt Əlinin (ə) haqqında pis fikirdə olmayım və kimin də ona irad tutduğunu görsəm, onun abır-həyasını aparacağam!”6
Əllamə Hilli yazır: “Bu rəvayət “təvatür” həddinə çatmış, həm şiə, həm də sünnilər arasında məşhur rəvayətlərdəndir.7
Bu rəvayətdən aydın şəkildə başa düşülür ki, imam Əmirəlmöminin Əli (ə) yaradılmışlar içərisində Allahın ən sevimli bəndəsidir. Hədisin davamı Peyğəmbərin (s) digər insanlar kimi öz yaxın adamlarına məhəbbətini göstərir. Demək, Allahın və Peyğəmbərin (s) yanında ən sevimli şəxs, sözsüz ki, bütün insanlardan, o cümlədən, peyğəmbərlərdən üstün və fəzilətli olmalıdır.
İmam Əmirəlmöminin Əlidən (ə) “mütəvatir” şəkildə nəql olunur ki, Ömərin vəfatından sonra təşkil olunan xilafət şurasında öz fəzilətini sübut etmək üçün bu rəvayətə istinad edərək buyurdu:

انشُدُكُم بالله هَل فيكُم أحَدٌ قالَ لَهُ رَسولُ الله (ص) اَللّهُمَّ ائتِْنِي بِاَحَبَّ خَلْقِكَ اِلَيْكَ يَأكُلُ مَعِى مِنْ هذا الطَّيْرِ فَجاءَ أحَدٌ غَيرى فَقالوا اَللّهُمَّ لا فَقالَ اَللّهُمَّ اشْهَدْ

“Sizə Allahı and verirəm, (deyin, görüm,) sizin aranızda elə bir kəs varmı ki, Peyğəmbəri-Əkrəm (s) onun haqqında belə buyursun?: “İlahi! Sənin və mənim yanımda yaradılmışların ən sevimlisi olan şəxsi yetir ki, mənimlə birlikdə bu quşun ətindən yesin!” Məgər məndən başqası gəldimi?” Hamı dedi: “Allahı şahid tuturuq ki, xeyr!” Həzrət buyurdu: “İlahi, Özün şahid ol ki, hamı onun doğruluğunu etiraf etdi.”
2. “Məhəbbət” hədisi:

قال والَّذى نَفْسى بيدِهِ لَاُعْطِيَنَّ الرّايَةَ رَجُلاً يُحِبُّ اللهَ وَرَسُولَهُ وَ يُحِبُّهُ اللهُ وَرَسُولُهُ لَيس بفَرّارٍ يَفْتَحَ اللهُ عَلَى يَدِهِ و أرسَلَ إلىَّ و أنا أرمَدُ و تَفَلَ فى عَينِى و قال اَللّهُمَّ اكْفِهِ أذَى الحَرِّ و البَرْدِ فَما وَجَدْتُ بَعْدَهُ حَرَاً و لا بَرْداً

“Canım əlində olan Allaha and olsun! Bayrağı elə bir kəsə verəcəyəm ki, həm o, Allah və Peyğəmbərini sevir, həm də Allah və Peyğəmbəri onu sevirlər. O, heç vaxt müharibə meydanından qaçmaz. Allah-Taala yəhudilərin qalasını (Xeybər qalası) onun əli ilə fəth edəcək.” Bu zaman bir nəfəri mənim yanıma göndərdi. Mənim gözüm ağrıyırdı. Həzrət ağzının suyunu gözümə sürtüb buyurdu: “Allah onu isti və soyuğun çətinliyindən qorusun!” Ondan sonra isti və soyuq mənə təsir etmədi və göz ağrısına da düçar olmadım.”8
Bəzi rəvayətlərdə “qədən” (sabah) sözü də işlənmişdir. Halbuki İslam Peyğəmbəri (s) “Xeybər” qalasını fəth etmək üçün birinci Əbu Bəkri, sonra isə Öməri göndərdi. Onlar bu işə müvəffəq olmadıqda, imam Əlini (ə) göndərməyi qərara aldı.
İbn Hişam bu hədisin imam Əlinin (ə) fəziləti haqda olduğunu bildirib yazır: “Sələmət ibn Əmr Əkvə dedi: “Bir gün Peyğəmbəri-Əkrəm (s) ağrəngli müharibə bayrağını Əbu Bəkrə verib, “Xeybər” qalalarından birini fəth etməyə göndərdi. Lakin o, qalanı fəth etmədən geri qayıtdı. Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o, Allah və Peyğəmbərini sevir, həm də Allah və Peyğəmbəri onu sevirlər. Allah-Taala yəhudilərin qalasını (Xeybər qalası) onun əli ilə fəth edəcək. O, heç vaxt meydandan qaçmayacaq.” Ertəsi gün Peyğəmbər (s) Əlini çağırdı. Onun gözü bərk ağrıyırdı. Peyğəmbər (s) ağız suyunu onun gözünə sürtüb buyurdu: “Bu bayrağı tut və hücum et ki, Allah (qalanı) sənin üçün fəth etsin.”9
Beləliklə, müddəamızı isbat etmək üçün belə deməliyik: “İmam Əmirəlmöminin Əli (ə) Allah dərgahında insanların ən sevimlisidir. Allah dərgahında ən sevimli şəxs insanların ən fəzilətlisi və üstünüdür. Belə isə imam Əli (ə) insanların ən fəzilətlisi və üstünüdür. Bütün məsum imamlar (ə) yeganə nur olduqları üçün insanların ən fəzilətlisidirlər.

Ardı var...

ARDINI BURADAN OXUYUN


1. “Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-Hədid Mötəzili, “Ayətullah Mərəşi Nəcəfinin kitabxanası”, 1404-cü h.q. ilinin çapı, 20-ci cild, səh.221.
2. “Bəqərə” surəsi, ayə 124.
3. “Təfsiri-nümunə”, 1-ci cild, səh.444.
4. “Ali-İmran” surəsi, ayə 61.
5. “Təfsiri-asan”, Məhəmmədcavad Nəcəfi, 1398-ci h.q. ili, 1-ci çap, “İslamiyyə” çapı, Tehran, 2-ci cild, səh.309.
6. “Əl-müstədrəkü ələs-səhiheyn”, 3-cü cild, səh.131, “Darul-mərifət” çapı.
7. “Kəşfül-yəqin fi fəzaili Əmirilmuminin (ə)”, Əllamə Hilli, 1-ci çap, 1411-ci h.q ili, “İrşad” nəşriyyatı, Tehran, səh.289.
8. “Elamül-vəra bi-əlamül-hüda”, Şeyx Təbərsi, üçüncü çap, 1390-cı h.q. ili, “İslamiyyə” nəşriyyatı, Tehran, səh.185.
9. “Əs-sirətun-Nəbəviyyə”, Əbdülməlik ibn Hişam Himyəri Məafiri, təhqiq: Müstəfa Səqqa, İbrahim Əbyari və Əbdülhəfiz Şəlbi, Beyrut, “Darul-mərifət”, 2-ci cild, səh.334.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!