5-Cİ MÜNAZİRƏ - II hissə

:

İSLAM HƏR CÜR İRQÇİLİYİ QADAĞAN ETDİ 

Əvvəldə söylədiyiniz sözün cavabını verdikdən sonra əsl mətləbə keçəcəyəm. «Siz hicazlı, Məkkədən və mədinəli olduğunuz halda, nə üçün iranlıları müdafiə edirsiz?» deyə buyurduğunuz sözünüzə gəlincə, bu aydındır ki, məkkəli, mədinəli və Mühəmmədi olmaq iftixarımdır; yalnız cəhalət və ağılsızlıqdan qaynaqlanan irqçilik təəssübü qətiyyən məndə yoxdur.

Çünki uca cəddim Xatəmul-ənbiya (s) hər millətin qövm və vətən sevgisini nəzərə alaraq, «Vətənin sevgisi imandandır» cümləsini buyurmaqla, hər qövm və millətə vətəni sevməyi əmr etmişdir. 

Rəsulullahın (s), insanların birliyi və onlardan hər növ mənasız düşüncələri aradan aparmaq yolunda atdığı ən böyük addımlardan biri də, irqçilik və cahilyanə təəssübləri tamamilə aradan aparması idi. Uca bir səslə bütün insanların diqqətini, buyurduğu bu sözə cəlb etdi: «Ərəbin əcəmə, əcəmin ərəbə, ağ dərilinin zənciyə, zəncinin də ağ dəriliyə elm və təqvadan başqa heç bir üstünlüyü yoxdur». 

Yenə Rəsulallah (s), alim və təqvalı şəxslərin məsələni səhv başa düşüb, buyruğundan sənəd ittixaz etməmələri, təvazökarlıqdan uzaqlaşıb, başqalarına qarşı kibr və mənəmçilik göstərməmələri üçün belə buyurdu: «Ərəbdən olmağım iftixar deyildir; Adəm övladlarının seyidi (ağası) olmağım da iftixar deyildir». 

Zikr edilən bu cümlənin məxsus mənası budur ki, ərəb və Adəm övladlarının ağası ‒ şərəflisi olmağıma baxmayaraq, bu məqam və soyla başqalarına qarşı öyünmürəm. Peyğəmbərin (s) iftixarı, sadəcə Allahın itaətkar qulu olmasıdır. Allaha yalvarışlarında belə ərz edirdi: «Allahım! Sənə qul olmağım mənə iftixar olaraq yetər». 

Allah-taala «Hucurat» surəsinin 13-cü ayəsində belə buyurmuşdur: «Ey insanlar! Həqiqətən biz sizi bir kişi və bir qadın olaraq yaratdıq və bir-birinizlə danışmağınız üçün sizi xalqlar və qəbilələr halında olmağınızı qərar verdik. Heç şübhəsiz, Allah qatında sizin ən üstün [kərim] olanınız, təqvaca ən irəlidə olanınızdır». 

Gördüyünüz kimi, Allah-taala fəzilət, üstünlük və ucalığı təqvada qərar vermişdir. Yenə «Hucurat» surəsinin 10-cu ayəsində belə buyurur: «Həqiqətən möminlər qardaşdırlar. Belə isə, aralarında sülh yaradın». 

Ağ, qara, sarı və qırmızı dərili irqdən olan kəndli, şəhərli, afrikalı, asiyalı, avropalı və amerikalı olan bütün insanlar, İslam bayrağı və «La ilahə illəllah Mühəmməd Rəsulullah» kəlməsi altında bir-biriylə qardaşdırlar və heç birinin başqa birisindən ‒ təqva xaric olmaqla ‒ üstünlüyü yoxdur.

İslamın uca rəhbəri Xatəmul-ənbiya (s) da əcəmdən olan Salman Farsini, Rumdan olan Süheyb Rumini və Həbəşədən olan zənci Bilalı məhəbbət və sevgiylə qəbul etməyi əməlində açıq göstərmişdir. Lakin ərəblərin ən yaxşı irqindən, şərif soydan olan əmisi Əbu Ləhəbi özündən uzaqlaşdırdı və onun haqqında bir surə belə nazil oldu və aşkar belə buyurdu: «Əbu Ləhəibn iki əli qurusun və qurudu da…». 

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!