22-Cİ MÜNAZİRƏ - I hissə

:

ƏLİ İBN ƏBU TALİBDƏ (Ə) ŞƏFQƏT VƏ MƏRHƏMƏT İZLƏRİ (28 rəcəb, çərşənbə, 1345-ci il)
Diqqətlə, insafla baxsanız mərhəmət, şəfqət və yumşaqqəlblilik sifətinə hər kəsdən daha layiq və daha qabaqcıl mövlamız Əmirəl-möminin həzrət Əlinin olduğunu təsdiq edərsiniz.

Çünki həzrət Əli xilafətə yetişdikdə bütün tarixçiləriniz, xüsusilə də İbn Əbil Hədidin geniş bir şəkildə yazdığına görə bidətləri aradan apardı. Osmanın xilafəti zamanında müxtəlif İslam bölgələrində valilik və hakimlik məqamına təyin edilmiş Əməvi və digər qəbilələrin zalım, facir və fasiq şəxslərini vəzifələrindən azad etdi.
Zahiri görən bir qrup siyasətçilər və İmamın (ə) dostlarından bəziləri hökumətin təməli sağlamlaşana qədər Müaviyə kimi bəzi vali və hakimlərin bir müddət öz məqamlarında qalmaları üçün icazə vermək və sonra onları vəzifələrindən kənarlaşdırmaq təkliflərini irəli sürdülər. İmam (ə) onların təkliflərinin cavabında buyurdu: «Allaha and olsun ki, mən dində yaltaqlıq və işimdə riya etmərəm. Məni onlara qarşı yaltaqlıq etməyə məcbur edirsiniz. Onların keçmişdə etdikləri kimi mənim hökumətimdə də zülm və haqsızlıq edəcəklərini bilmirsiniz?! O zaman ilahi ədalət məhkəməsində onların hesabını mənim verməyim lazım gələcək; mənim də buna gücüm yoxdur».
Həzrət Əlinin zalım hakim və valiləri istefaya göndərməsi, Müaviyə kimi bir qrup dünyapərəst kimsələrin müxalifət etmələrinə, Cəməl və Siffeyn döyüşlərinin meydana gəlməsinə səbəb oldu.
Təlhə və Zübeyr Bəsrə və Kufə valiliyi üçün Əmirəl-möminin həzrət Əlinin yanına gəldilər. Əgər İmam (ə) razılıq vermiş olsaydı, onlar müxalifət etməz, Bəsrə fitnəsi ilə Cəməl döyüşünü də meydana çıxarmazdılar.
Bəzi dar düşüncəli zahirçilər həzrət Əlinin bəzi siyasətlərinin səhv olduğunu söyləyirdilər. Lakin o, ədalət və siyasətin mənbəyi idi. Amma dünya əhlinin anladığı ümumi siyasət – ikiüzlülük, yaltaqlıq, yalan, hiylə, İslam düşmənləri ilə birlikdə olmaq, zahiri mənfəətləri əldə etmək üçün onları aldatmaq – ədalət, insaf, təqva və axirətə inanc abidəsi olan həzrət Əli kimi bir şəxsiyyətin yanında keçərli bir siyasət deyildi.
Bir gün o minbərdə danışarkən ağladı. Səbəbi soruşulduqda belə buyurdu: «Müaviyənin əsgərlərinin bir kəndə hücum edib İslamın amanında olan bir yəhudi qızın ayaqlarından bilərzik çıxartdıqlarını eşitmişəm...»
Həzrət Əlinin mərhəmət hissi dosta və düşmənə qarşı eyni idi. Osmanın etdiyi saysız pisliklərə baxmayaraq, evi xalq tərəfindən mühasirəyə alınanda İmam ona qarşı mərhəmətli davrandı. Osman damın üstündən həzrət Əliyə yemək və suyunun qurtardığını bildirdi. İmam da çörək və su təşkil edib, iki oğlu - Həsən və Hüseyn (ə) vasitəsi ilə onun üçün göndərdi. Bu səbəbdən İbn Əbil Hədid və digər tarixçilər bu mövzuya geniş şəkildə toxunmuşlar.
Həzrət Əlinin (ə) dosta və düşmənə göstərdiyi sevgi və məhəbbət, əsla, kimsənin inkar edə bilməyəcəyi bir faktdır. Yetim uşaqlara, sahibsiz kişi və qadınlara və yoxsul insanlara o qədər yardım etdi ki, «Yetimlər, miskinlər və sahibsiz kişi və qadınlar atası» ləqəbi ilə məşhur oldu.
Zahiri xilafəti dövründə, küçədə yorulmuş, bezmiş və çarəsi kəsilmiş bir qadını səhəng ilə su daşıdığını gördü. Özünü ona tanıtdırmadan su səhəngini alıb, qadının evinə apardı. Daha sonra un, xurma və digər qida maddələri də götürərək, o qadının evinə gətirdi. Zavallı qadının yetim uşaqlarını oxşadı; öz əli ilə yemək bişirdi və onların dərdlərini unutdurdu.
Xəlifə Osman da cömərdlik və bağışlamaq xüsusiyyəti ilə məşhur oldu; amma sadəcə Əbu Süfyan, Həkəm ibn Əbil As və Mərvan ibn Həkəm kimi öz qohum və yaxınlarına! Beytül-maldan, heç bir şəri sənəd olmadan, həddindən artıq və ürəyi istədiyi qədər bağışladı.

HƏZRƏT ƏLİNİN (Ə) ƏQİLİ ÇOX YARDIM İSTƏDİYİ ÜÇÜN ƏDƏBLƏNDİRMƏSİ
Həzrət Əli (ə) öz yaxınlarına ehtiyaclarından daha az verirdi. Bir gün böyük qardaşı Əqil İmamın yanına gələrək, təyin olunan miqdardan çox istədi. Lakin Həzrət onun xahişinə əhəmiyyət vermədi.
Əqil: «Sən bu gün xəlifəsən, əmr sənin əlindədir. Bizə daha çox köməklik göstərib, bəxşiş verməlisən» – deyə israr etdi. Həzrət onu cəzalandırmaq üçün bir dəmir parçasını yavaşca alovda qızdıraraq Əqilin bədəninə yaxınlaşdırdı. Əqil xəstə adamın ağrıya dözə bilməyib inildədiyi kimi zarıdı. Dəmirin istiliyindən dərisi yanacaqdı. Daha sonra İmam buyurdu: «Ey Əqil! Analar sənin müsibətində ağlasın! İnsanların oyuncaq üçün isitdikləri dəmirin istisinə inildəyirsən. Məni qəhhar Allahın yandırdığı atəşə çəkirsən?! Sən bu kiçik istinin müqabilində inildəyirsən, bəs mən o böyük atəşdə inildəməyəcəyəm?!».
İnsaflı ağaların bu iki xəlifənin məqam və mövqelərini müqayisə edib həqiqəti kəşf etmələri və haqqa tabe olmaları lazımdır!
Həzrət Əlinin mərhəmət və şəfqəti yalnız dostlara qarşı deyildi. Onun mərhəmət və şəfqəti dostlarını əhatə etdiyi kimi, düşmənlərini də əhatə etmişdi. Düşmənə qalib gəldikdə onlarla elə şəfqətlə rəftar edirdi ki, hər kəsi heyrətə gətirirdi.

HƏZRƏT ƏLİNİN (Ə) MƏRVAN, ABDULLAH İBN ZÜBEYR VƏ AYİŞƏYƏ MƏRHƏMƏTİ
Hər kəs Mərvan ibn Həkəmin Əmirəl-möminin (ə) qatı düşmənlərindən biri olduğunu bilirdi. Həzrət Əli düşmənçiliyinə baxmayaraq, Cəməl döyüşündə Mərvana qalib gəldikdə əfv edib üzünü ondan çevirdi.
Bunlardan daha əhəmiyyətlisi Ümmül-möminin Ayişəyə qarşı rəftarıdır. Həzrətin ona qarşı davranışı insanları heyrətə gətirmişdir. Halbuki, Ayişənin xilafətin ilk günlərindən fitnə yaratması, İmama qarşı qiyam etməsi və onun haqqında çirkin sözlər danışması insanı o qədər əsəbiləşdirir ki, insan öz-özünə «Onu ələ keçirsəydim, həlak edərdim, ən şiddətli cəzayla cəzalandırardım» - deyə düşünür. Lakin həzrət Əli qalib gəldikdə, ona qarşı heç bir təhqir və əziyyətə yol vermədi.
Qardaşı Məhəmməd ibn Əbu Bəkri ona xidmət göstərməsi üçün vəzifələndirdi. Sonra qəzəblənmək əvəzinə, ona lazım olan dərəcədə ehtiram etdi. Daha sonra Əbdülqeys qəbiləsindən 20 igid xanıma qadın olduqlarının bilinməməsi üçün üzlərini örtərək kişi paltarı geymələrini, silahlanıb Ayişəni Mədinəyə aparmalarını əmr etdi. Ayişə Mədinəyə yetişdikdə Rəsulallahın (s) zövcələri və digər qadınların hüzurunda həzrət Əlidən razı olduğunu dedi: «Mən ömrümün sonuna qədər Əlidən razıyam, ona minnətdaram. Onun bu qədər böyük insan olduğunu zənn etmirdim. Ona etdiyim bu qədər duşmənçilik və itaətsizliyimə baxmayaraq, etdiyim işlərdən birini belə üzümə vurmadı. Əksinə, həddən artıq lütf və mərhəmət etdi. Amma təkcə bir hərəkəti məni incitdi; o da budur ki, məni qərib kişilərlə Mədinəyə göndərdi». Ayişənin sözlərini eşidən qadınlar o dəqiqə gələrək, geydikləri kişi paltarlarını çıxarıb, üzlərini açdılar. Beləcə, onların hamısının qadın olduğu ortaya çıxdı.
Demək, həzrət Əli bu əmri ilə bir tərəfdən Ayişənin qadınlar ilə getməsini təmin etdi, digər tərəfdən də quldurların onları kişi zənn edərək yollarını kəsməmələrini əvvəlcədən nəzərə aldı. Bəli, böyük, dahi insanlar belə edərlər! Onların etdiklərini etmək lazımdır!

MÜAVİYƏNİN SUYU KƏSMƏSİ VƏ HƏZRƏT ƏLİNİN (Ə) MƏRHƏMƏTİ
Süffeyn döyüşündə Müaviyənin əmri altında olan Şam ordusunun 12 min əsgəri Fərat çayına daha əvvəl yetişdi və həzrət Əlinin əsgərlərinin sudan istifadə etmələrinə mane oldu. Həzrət Əli onların bu əməlindən sonra Müaviyəyə bəyanat göndərdi: «Biz buraya su üçün döyüşməyə gəlməmişik. Hər iki tərəfin əsgərlərinin sərbəst şəkildə sudan istifadə etmələri üçün əsgərlərinə mane olmamalarını əmr et!».
Müaviyə həzrət Əlinin bəyanına cavab olaraq belə dedi: «Əli və ordusu susuzluqdan ölənə qədər, su verməyəcəyik!».
Müaviyənin cavabını eşidən İmam (ə) Malik Əştərin başçılığı altında bir qrup əsgəri Müaviyənin əsgərləri üzərinə hücuma göndərdi. Düşmən geri çəkildi və Fərat İmamın əsgərləri tərəfindən ələ keçirildi.
Əshabdan bəziləri: «Ya Əmirəl-möminin! İcazə verin, fürsətdən istifadə edək. Döyüşün tez qurtarması və susuzluqdan ölmələri üçün suyu onlara verməyək» - dedi. İmam buyurdu: «Xeyr! Allaha and olsun ki, mən onların etdiyi kimi etməyəcəyəm. Çayın bəzi yerlərini onlar üçün açıq qoyun!».
Məclisin vaxtını nəzərə alıb həzrət Əlinin düşmənlərinə qarşı olan şəfqət və mərhəmətini qısa olaraq ərz etdim. Böyük alimləriniz öz kitablarında bunları daha geniş və daha təfsilatlı şəkildə nəql etmişlər. Məsələn, Təbəri «Tarixi İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi», Məsudi «Murucuz-zəhəb», Süleyman Bəlxi Hənəfi «Yənabiul-məvəddə»nin 51-ci babında və digər bir çox tarixçiləriniz öz dəyərli kitablarında bu mövzuya toxunmuşlar.
Bu səbəbdən insaflı və aydın fikirli möhtərəm ağalar bu iki xəlifənin - Osman və həzrət Əlinin həyatlarına nəzər yetirib, mütəaliə etdikdən sonra, əvvəlki nəzərlərindən fərqli olaraq, sağlam bir fikirlə «Möminlərə mərhəmətlidir» ayəsinin onlardan hansına şamil olduğuna baxsınlar!
Ayeyi-şərifə bir az daha diqqət və insafla baxsanız, «Mühəmmədun Rəsulallah»ın mübtəda, «Vəlləzinə məəhu» bağlayıcı vasitəsilə mübtədaya bağlanmaqla birlikdə onun xəbəri olduğunu görərsiniz. Ondan sonra gələn cümlələr isə ikinci xəbərdir. Bunların hamısı bir nəfərin sifətidir. Yəni bu sifətlər Rəsulallah ilə bərabər olmaq, döyüş meydanlarında, elmi və dini münazirələrdə kafirlərə qarşı şiddətli olmaq, dost və düşmənə qarşı şəfqət və mərhəmətlilik sadəcə bir nəfərə aiddir. O da, daha öncə isbat etdiyim kimi həzrət Əlidir ! Çünki Əmirəl-möminin bir an belə həzrət Peyğəmbərdən ayrılmamışdır; ayrılmağı ağlından belə keçirməmişdir!
Daha əvvəl ərz etmişdim: Əllamə Fəqih Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayəut-talib» kitabında deyir: «Allah həzrət Əlini bu ayeyi-şərif ilə sifətləndirmişdir».
Şeyx: «Bəyanat və açıqlamalarınızın çox cavabı vardır. Əgər ayənin mənası sizin dediyiniz kimi olarsa, o zaman «Vəlləzinə məəhu» (Onunla birlikdə olanlar) cümləsiylə doğru olmaz. Çünki «Vəlləzinə məəhu» çoxluğu və cəmi bildirir; bu ifadənin özü də zikr olunan ayənin bir nəfər haqqında nazil olmadığını göstərir. Əgər bu sifətlər bir nəfər haqqında nazil olubsa, o zaman nə üçün cəm olaraq zikr olunub?!».
Dəvətçi: «Birincisi, sözlərimin bir çox cavabı olduğunu buyurdunuz. Ağalar! Bəs nə səbəbdən məsələnin aydınlığa qovuşması üçün cavab vermirsiniz?! Ağaların susub cavab verməməsi sözlərimin məntiqli olduğuna yetərli bir dəlildir! (Lakin münaqişə və söz oyunu üçün yol açıqdır!) Amma siz cənablar insaflı olduğunuz üçün məntiqli cavabların qarşısında susmağı qəbul edirsiniz!

AYƏDƏ KƏLMƏNİN CƏM GƏLMƏSİ TƏZİM VƏ EHTİRAM ÜÇÜNDÜR
İkincisi, bəyanınızdan məqsəd söhbətdə münaqişə yaratmaqdır. Özünüz də bilirsiniz ki, ərəb və ya digər dillərdə təzim və ehtiram üçün təkə cəm şəkilçisinin əlavə olunması çox məşhur və geniş istifadə olunan bir üsuldur.

ƏHLİ-SÜNNƏ ALİMLƏRİNİN ÜMUMİ RƏYİNƏ ƏSASƏN «VİLAYƏT» AYƏSİ HƏZRƏT ƏLİ (Ə) HAQQINDA NAZİL OLMUŞDUR
Səmavi kitabların ən sağlam sənədi Qurani-kərimdə bunun bənzəri olan bir çox ayələr vardır. Məsələn, mübarək «Vilayət» ayəsində Allah-taala belə buyurur: «Sizin əsl vəliniz (sahibiniz) Allah, Onun Rəsulu və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və ruku halında ikən zəkat verirlər» (“Maidə” surəsi, ayə 55).
Bu ayənin həzrət Əli haqqında nazil olduğu bütün müfəssir (təfsirçi) və mühəddislər (hədis söyləyənlər) tərəfindən qəbul edilmişdir. Məsələn: 1. İmam Fəxri Razi «Təfsiri-kəbir», c. 3, səh. 431; 2. İmam Əbu Əshəq Sələbi: «Kəşfül-bəyan»; 3. Carullah Zəməxşəri «Kəşşaf», c. 1, səh. 422; 4. Təbəri «Təfsiri-Təbəri», c. 6, səh. 186; 5. Əbul Həsən Rummani «Təfsir»; 6. İbn Həvazin Nişaburi «Təfsir»; 7. İbn Sədun Qirtəbi «Təfsiri-Qirtəbi», c. 6, səh. 221; 8. Nəsəfi Hafiz «Təfsir», səh. 496; 9. Fazil Nişaburi «Qəraibul-Quran», c. 1. səh: 461; 10. Əbul-Oəsən Vahidi: «Əsbabun-nüzul», səh. 148; 11. Hafiz Əbu Bəkr Cəssas: «Təfsiri-əhkamil-Quran», səh. 542; 12. Hafiz Əbu Bəkr Şirazi: «Fi ma nəzələ minəl-Qurani fi Əmiril-möminin»; 13. Əbu Yusif Şeyx Əbdussəlam Qəzvini «Təfsiri-kəbir»; 14. Qazi Beyzavi: «Ənvarut-tənzil», 15. Muhibbuddin Təbəri «Riyazun-nəzərə», c. 2, səh. 227 və s.
Xülasə, böyük alim, müfəssir və mühəddislərinizin çoxu Sudey, Mücahid, Həsən Bəsri, Əməş, Utbə ibn Əbi Həkim, Qalib ibn Abdullah, Qeys ibn Rəbiə, İbayə ibn Rəbi, Abdullah ibn Abbas (Ümmətin alimi və Quranın tərcüməçisi), Əbuzər Qəffari, Cabir ibn Abdullah Ənsari, Əmmar, Əbu Rafi, Abdullah ibn Salam və digərlərindən nəql edərək “vilayət” ayəsinin həzrət Əli haqqında nazil olduğunu təyid və təsdiq etmişlər.
Bu şəxslərin hər biri müxtəlif ifadə və təbirlərlə «Həzrət Əli, namazda rüku halında ikən üzüyünü fəqirə sədəqə verdikdə bu ayə (vilayət ayəsi) nazil oldu» demişlər.
Ayənin cəm (çoxluq) şəklində zikr edilməsi də, İmamın (ə) vilayət, imamət və xilafət məqamını təzim etmək üçündür. Çünki Allah-taala inhisarlandırma kəlməsi olan (innəma – yalnız) ilə başlayaraq belə buyurur: «Sizin əsl vəliniz (sahibiniz) yalnız Allah, Onun Rəsulu və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və ruku halında ikən zəkat verirlər (yəni Əli ibn Əbu Talib)».
Şeyx: «Mövzu sizin buyurduğunuz kimi o qədər də sağlam deyildir. Bu ayənin nazil olma səbəbi ixtilaflıdır. Bəziləri, ənsar, bəziləri Ubadə ibn Samit, bəziləri də Abdullah ibn Salam haqqında nazil olduğunu söyləyirlər».
Dəvətçi: (Sizin kimi elmli insanların (şiə alimlərinin təvatürünə əlavə olaraq) bu qədər böyük alim və müfəssirlərinizin zikr olunmuş ayənin həzrət Əli haqqında nazil olmasına dair bildirdikləri fikir və əqidələr qarşısında bəzi məchul, zəif və mütəəssib kimsələrin rədd edilmiş sözlərinə istisna etmələri, həqiqətən də, qəribədir! Ancaq bir qrup mühəqqiq alimləriniz bu mənada ümumi rəyə gələ bilmişlər. Məsələn: Fazil Taftazani, Mövla Əli Quşçi («Şərhi-Təcrid») belə deyir: «Müfəssirlərin ittifaqına görə bu ayə həzrət Əli – namazda rüku halında ikən üzüyünü fəqirə verdiyi zaman – haqqında nazil olmuşdur».
Görəsən, insaflı bir alimin ağlı, əhli-sünnənin böyük alimlərinin fikirlərini nəzərə almayaraq bir qrup mütəəssib, hətta Xəvaric və Nasibilərdən qalan bir ovuc düşmənlərin puç, mənasız sözlərinə etimad etməyə yol verərmi?!

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!