22-Cİ MÜNAZİRƏ - II hissə

:

VİLAYƏT AYƏSİ HAQQINDA ŞÜBHƏLƏR VƏ CAVABLARI
Şeyx: «Bu ayəni nəql edərək Əlinin (ə) davamiyyətli xilafət və imamətini isbat etməyə çalışdınız. Halbuki, bu ayədəki «vəli» sözü imam və davamiyyətli xəlifə olmaq mənasında deyil, mühib və dost mənasındadır.

Əgər buyurduğunuz söz (ki, «vəli»dən məqsəd xəlifə və imamdır) doğru olsa belə, «Səbəbin xüsusi olması deyil, kəlmənin ümumi mənası diqqətə alınır» qanunu çərçivəsində «vəli» sadəcə bir nəfəri deyil, Əli də onlardan olmaqla digərlərini də əhatə edir. Bundan əlavə, «vəliyyukumullah» və «əlləzinə» kəlmələrindəki çoxluq kimi, ümumiliyi ifadə edir; dəlilsiz olaraq çoxluğu təkə yozmaq və icazəsiz Allahın kəlamını təfsir etmək doğru deyildir!».
Dəvətçi: «İlk olaraq; «vəliyyukum» kəlməsi barəsində səhv deyirsiniz. Çünki «vəli» kəlməsi təkdir; «kum» çox. Kum: «siz»dən məqsəd isə ümmətdir. Bu, təkə aid edilməmişdir ki, tənqid edirsiniz! Amma «vəli», o hər zamanda ümmətə vilayəti olan tək bir fərddir.
İkincisi, bəzi təəssübküş Xəvaric və Nasibilərin hücumlarına aldanan və təkə yozulmaz deyilən kəlmələr – «əlləzinə», «yuqimunə» və «yutunə» kəlmələridir. Bu tənqidin cavabını da, az öncə ərz etdim: Elm əhli və ədəbiyyatçılar yanında təkrim və təzim üçün çoxluğun təkə isnad verilməsi geniş istifadə olunan və məşhur bir üsuldur.
Əlavə olaraq deməliyəm ki, sizin ləfzin ümumu ifadə etdiyini iddia etdiyiniz kimi, biz də bu ayəni «həsr» (Həsr – ümumilikdən çıxarıb xüsusiləşdirmə) kəlməsi olan «innəma» sözü əhatəsində həzrət Əlinin (ə) şəninə nazik olduğuna inanmağımıza baxmayaraq, xüsusiləşdirmək iddiası etmirik; ismət ailəsindən olan digər fərdləri də bu ayənin əhatəsində bilirik (Yəni bu ayə, sadəcə həzrət Əli (ə) deyil, digər Əhli-beyt (ə) imamlarının vilayətini də isbat edir). Bu səbəbdən bizim mötəbər hədis və rəvayətlərdə yer aldığına görə, “Pak ailədən” olan digər məsum imamlar (ə) da bu ayənin əhatəsinə daxildirlər. Hər imam imamət məqamına yetişdikdə bu fəzilət və böyük xüsusiyyətə sahib olur. Bunlar, sizin də iddia etdiyiniz kimi, həzrət Əli ilə birlikdə sözügedən ayənin şamil olduğu kimsələrdir!
Bu səbəbdən Carullah Zəməxşəri «Kəşşaf» kitabında deyir: «Düzdür ki, bu ayə həsrdir və həzrət Əli haqqında nazil olmuşdur; lakin çoxluq olaraq zikr edilməsinin səbəbi, başqalarının o Həzrətə tabe olması üçündür».
Üçüncüsü, avam xalqı şübhəyə salmaq üçün «şiələr bu ayəni təvil-təfsir edib, Əliyə nisbət vermişlər» dediniz. Halbuki, bu ayə hər iki firqənin bütün müffəssir və mühəddislərinin ittifaqına görə, (inadkarlar istisna olmaqla) bir az əvvəl də zikr olunduğu kimi, həzrət Əli haqqında nazil olmuşdur; təkcə şiələrin təvili ilə bu məqam o Həzrətə nisbət verilməmişdir.
Şeyx: «Şübhə yoxdur ki, bu ayədəki «vəli» sözü yardımçı mənasındadır. Əgər xilafət və imamət məqamı olan təsərrüf sahibi (vilayət) mənasında olarsa, Rəsulallahın həyatında da bu məqama sahib olmuş olması lazım gəlir. Lakin belə bir sözün batilliyi aydındır!».
Dəvətçi: «Bu inancın batil olması üçün əlinizdə hər hansı bir dəlilin olmaması, ayənin zahirinin ismi cümlə olması etibarı və «vəli» sözünün də sifəti-müşəbbihə olması və davamlılığı bu məqamın həzrət Əliyə aid olduğunu isbat edir. Bu iki xüsusiyyət bu böyük məqamın əzm və davamlığını və Rəsulallahın (s) İmamı (ə) Təbuk döyüşündə Mədinədə xəlifə təyin etdiyini və vəfat anına qədər də onun etibardan düşmədiyini göstərir.
Ayrıca, sözlərimi qüvvətləndirən digər bir hədis də «Mənzilət» hədisidir. Rəsulallah dəfələrlə belə buyurmuşdur: «Əlinin mənziləti mənə nisbətdə, Harunun Musaya olan mənziləti kimidir» (Bu hədisi əvvəlki gecələrdə geniş şəkildə izah etmişdik). Bunun özü də təkbaşına həzrət Əlinin Rəsulallahın sağlığında və onun (s) vəfatından sonra vilayət sahibi olmasına böyük bir dəlildir!».
Şeyx: «Zənn edirəm, bir az diqqətli düşünsəniz, bu ayənin (İnnəma vəliyyukumullah...) Əli haqqında nazil olmadığını söyləməniz daha düzgün olar. Çünki Həzrətin məqamı bu ayə ilə ona bir fəzilət isbat etməyimizdən daha ucadır. Çünki bu ayə bir fəzilət isbat etməməklə birlikdə, onun fəzilətlərini də ləkələyir».
Dəvətçi: «Birincisi, nə sən, nə mən, nə də ümmətdən hər hansı bir şəxs, hətta heç böyük səhabə belə, ayələrin şəni-nüzuluna dəxalət etmə haqqına sahib deyildir! Ayələrin nazil olma səbəbləri könül istəyinə görə deyildir. Ayələrin məna və nazil olmasında öz istəklərinə görə istifadə edənlər, şubhəsiz. dinsizlərdir! Bu səbəbdən bəkrilər, halı bəlli cail (hədis uyduran) İkrimədən bu ayənin Əbu Bəkr haqqında nazil olduğunu söyləyərək təsərrüf etmişdilər.
İkincisi, hər dəfə nitqə başladıqda, həqiqətən, sirlər kəşf edirsiniz! Çünki ilk dəfə belə bir şeyi sizdən eşitdim; Çox uca və gözəl bir kəşf etdiniz! Buyursanız çox yaxşı olardı ki, görəsən, bu ayə hansı baxımdan müvəhhidlərin mövlası möminlərin əmiri həzrət Əlinin vilayət məqamınc ləkəliyir?!».
Şeyx: «Mövlamız Əlinin (ə) uca məqamlarından biri budur ki, o, namaz halında Allaha elə diqqət edərdi ki, qətiyyən bir kəsi görməzdi. Hətta bizim yanımızda sabitdir ki, döyüşlərin birində Həzrətin bədəninə bir neçə ox batmışdı. Həzrət namazda ikən oxları bədənindən çıxarsalar da bu, onu heç incitməmişdi də. Çünki xüzu və xüşusunda Haqq-taalanın rəhmətinə qərq olmuşdu. Əgər Əmirəl-mömininin namaz halında üzüyünü fəqirə verməsi hadisəsi doğru olarsa, onun namazına böyük bir ləkə vurmuş olarsınız. Adi vəziyyətdə hər insanın təbii olaraq hiss edəcəyi ağrını xüşu və xüzusu səbəbindən hiss etməyən bir kəs necə olur ki, fəqirin inildəməsini hiss edərək rüku halında üzüyünü ona verir. Üstəlik, zəkat vermə kimi xeyir bir əməl niyyəti edir. Namaz qılarkən bütün vücuduyla Haqq-talaya diqqət etməsi lazım olduğu halda necə olur ki, namaz niyyətindən çıxıb diqqəti xalqa yönəldir?! Biz onun məqamını daha uca bildiyimiz üçün bunu təsdiq edə bilmərik. Əgər fəqirə sədəqə verilmişsə, şübhəsiz, namaz halında olmayıb! Çünki rüku xüzu və xüşu anlamındadır; yəni Həzrət xüzu ilə üzüyünü dilənçiyə vermişdir, lakin namaz halında yox!».
Dəvətçi: «Əzizim! Duanı gözəl öyrənmisən; amma yerini itirmisən! Tənqidiniz hörümçək yuvasından daha zəifdir!
Birincisi, bu əməl Əmirəl-möminin (ə) məqamına hər hansı bir nöqsan gətirmədiyi kimi, onun məqamının ucalması və kamalına, eləcə də fəqirin qəlbini fərəhləndirməsinə, sevindirməsinə səbəb olmuşdur. Çünki o, hər bir halda Allahı xatırlamış və hər zaman olduğu kimi, Allahın rızasını ön cərgəyə keçirmişdir. Bu əməlində də Allah yolunda mal infaq etmək ibadətiylə, həm bədəni, həm də ruhi ibadəti bir araya cəm etmişdir.
Əziz qardaş! Namazın xüşusuna zərər verən və ibadətin savabının azalmasına səbəb olan maraq, nəfsi və dünyəvi şeylərə göstərilən maraqdır. Amma bir ibadətdə ayrı bir ibadət olan xeyir bir əmələ diqqət etmək kamala səbəb olur.
Məsələn, əgər bir kimsə namazda əziz bildiyi birinə, hətta Allahın ən sevimli bəndəsi olan Rəsulallahın (s) ailəsi və Əhli-beytinə (ə) ağlayırsa, namazı batil olur. Amma Allaha olan eşqindən və ya onun qorxusundan ağlayarsa, kamal və fəzilətə səbəb olur.
İkincisi, buyurdunuz ki, rüku xüşu mənasındadır. Bu söz məlum bir yerdə doğru ola bilir. Amma əgər məlum fərz bir fel olan namazın rükusuna dair əmri lüğətdəki xüşu-xüzu mənasında bilsəniz, ağıl sahibləri, din və elm əhli yanında rüsvay olarsınız.
Bu ayədə də zahirin xilafına olan fikir irəli sürdünüz. Kəlməni (rükunu) əsl, həqiqi və ürfi mənasından çıxartdınız. Bilirsiniz ki, rüku şəriət ürfündə namazın əməllərindəndir və bir rüknə bağlıdır. O da, əllər dizə yetişəcək qədər əyilmədir. Bu mənanı (həzrət Əlinin (ə) namazın rükusunda üzük verməsini) öz böyük alimləriniz təsdiq etmişlər. Onları daha əvvəl ərz etdim. Fazil Quşçi «Şərhi-təcrid» kitabında müfəssirlərin nəzərlərini açıqlayaraq belə deyir: «Həzrət Əli namazda rükuda olduğu bir halda üzüyünü fəqirə verdi».
Bütün bu sözlər bir tərəfə; indi buyurun görək, həsr (innəma) kəlməsi ilə nazil olan bu ayə (vilayət ayəsi) leyhinə nazil olmuşdur, yoxsa əleyhinə?».
Şeyx: «Mədh olunduğu üçün nazil olduğu açıq-aydındır».
Dəvətçi: «Hər iki firqənin - şiə və sünninin böyük müfəssir, mühəddis və tədqiqatçılarının çoxu bu ayənin həzrət Əli (ə) haqqında nazil olduğunu və onu mədh etdiyini bildirdikdən sonra artıq mübahisələrə yer qalmaz! Çünki Xəvaric, Nasibi və təəssübkeşlər bu cür sözlər söyləyirlər. Uşaqlıqdan sizin kimi pak bir insanların beyninə «Biz bu hadisəni qəbul etmirik!» sözünü yeritmişlər. Bax, elə bu səbəbdən də belə rəsmi bir məclisdə düşünmədən, tam bir cəsarətlə «Biz bu hadisəni təsdiq etmirik» deyirsiniz».
Şeyx: «Çox üzr istəyirəm, siz xətib, minbər əhli və natiq olduğunuzdan bəzən   sözlərinizdə bir qrup kinayə və məcazlardan istifadə edirsiniz ki, bu da bəzi məlumatsız insanların səhv başa düşmələrinə səbəb olub yaxşı nəticə verməyə bilər. Bu səbəbdən sözlərinizdə buna riayət edin!».
Dəvətçi: «Sözlərimdə həqiqətən başqa bir şey yoxdur. Allah şahiddir ki, kinayəylə nəsə demək qəsdim yoxdur. Həm də ki, kinayə ilə danışmağa ehtiyac da yoxdur. Çünki istədiyim şeyi açıq şəkildə söyləyirəm. Düz demədiniz və ya qüsur tutmaq üçün belə düşünürsünüz. Zəhmət olmasa, o kinayənin nə olduğunu buyurun».
Şeyx: «İndiki söhbətinizdə «Mühəmmədun rəsulallah» ayəsindəki sifətləri bəyan edərkən buyurdunuz ki, bunlar, ömrünün əvvəlindən sonuna qədər imanında şübhə və tərəddüd olmayan Əli ibn Əbi Talibə (ə) məxsus olan bir qrup sifətlərdir. Bu cümlə kinayə yolu ilə digərlərinin imanlarında şübhə və tərəddüd olduğunu vurğulayır. Xülafəyi-Raşidin və digər səhabələrin öz imanlarında şəkk və şübhələri var idimi?! Heç şübhəsiz, bütün səhabə Əli kimi, iman gətirdiyi ilk gündən ömürünün sonuna qədər inanclarında sabit qalmış və bir an olsun belə azaraq, Rəsulallahdan (s) uzaqlaşmamışlar!».
Dəvətçi: «Birincisi, buyurduğunuz kimi demədim. İkincisi, bilirsiniz ki, bir şeyi isbat etmək, başqa bir şeyi nəhy etmək deyildir. Üçüncüsü, həqiqətləri öyrənmək əvəzinə qüsur tapmaq istəyirsiniz. Amma digərləri bu cür olmaya bilərlər. Heç şübhəsiz, bu bəyanınızda (üzr diləyərək söyləyirəm) müğalitə etdiniz. Allah şahiddir ki, zənn etdiyiniz kimi danışmağı ağlımdan belə keçirmədim. Hətta muğalitə və şübhə icad etmək qəsdiniz də olmasaydı, belə bir şey düşünmüş olsaydınız, yavaşca məndən soruşmağınız daha yaxşı olardı; mən də mənfi və ya müsbət bir cavab verərdim».
Şeyx: «Danışma tərzinizdən başa düşüldüyünə görə bir şeylər vardır. Əlbəttə, cavab verməməyinizin özü bir qrup şübhələr doğurur. Ağlınızda və zehninizdə olanları səhih sənədləri ilə bəyan etməyinizi xahiş edirəm».
Dəvətçi: «Bu sualı soruşmaqla daha çox siz şübhələrə səbəb oldunuz. Yenə də ərz edirəm, bu fikrinizdən imtina etməyiniz dana yaxşı olardı; israr etməyin».
Şeyx: «Əgər əxlaqsızlıq oldusa da, artıq arxada qaldı; cavab verməkdən başqa çarəniz yoxdur. Əgər qənaətbəxş cavab verməzsəniz, heç şübhəsiz, narazılıqlara səbəb olacaqdır; bunun da müsbət nəticə verəcəyini zənn etmirəm».
Dəvətçi: «Mənim tərəfimdən, əsla, ədəbsizlik olmaz! İsrar və ya başqa bir təbirlə təhdidləriniz həqiqətlərin kəşf olunmasına səbəb oldu. Bu həqiqətlər böyük alimləriniz tərəfindən kəşf olunmuşdur və səhih bildiyiniz kitablarınızda qeyd edilmişdir.
Şəkk və şübhəyə gəlincə, təsadüfən imanları kamal dərəcəsinə yetişməyən əshabın çoxu bəzən şəkk və şübhəyə qapılırdı. Bu səbəbdən bəzi ayələr onlar haqqında nazil olurdu. «Münafiqun» surəsi də onlar haqqında nazil olmuşdur.
Lakin belə sualların olması əxlaqi baxımdan doğru deyildir. Çünki cahil insanlar hədsiz sevgi və ya qəzəblərindən etiraz edə bilərlər. Yenə də xahiş edirəm ki, bu sualdan imtina edin və ya icazə verin, cavabını başqa bir vaxt, öz aramızda, ərz edim».
Şeyx: «Yəni demək istəyirsiniz ki, Xüləfayi-Raşidin şübhə edənlərdən idilər?».
Dəvətçi: «Həqiqətən muğalitə edirsiniz, əsəbləri təhrik edirsiniz! Madam ki, bu qədər israr edirsiniz, cavabsız qoymaram! Əgər avam xalqın içərisində hər hansı bir çaxnaşma yaranarsa məsuliyyəti siz daşıyırsınız! «Yanılırsınız və ya qəsdlə belə danışırsınız» deməyimin səbəbi öz böyük alimlərinizin nəql etdikləri və tarixə düşənlərdir».
Şeyx: «Hansı mövzuda yazmışlar? Onların şübhəsi harada imiş və şubhə edən şəxslər kimlərdir? Zəhmət olmasa, bəyan edin!».
Dəvətçi: «Tarix və hədis kitablarından anlaşıldığına görə, bəzi şəxslər bir dəfə deyil, bəlkə bir neçə dəfə şübhə etmişlər; amma həqiqət zahir olunca şübhələri yox olmuşdur. Ancaq bəziləri şübhə içərisində qalmış və Allahın qəzəbinə uğramışlar.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!