28-Cİ MÜNAZİRƏ - II hissə

:

“RİZVAN” BEYƏTİNƏ DAİR CAVAB
Üçüncüsü, səhabənin “Rizvan” beyətində ağac altında Peyğəmbəri-əkrəmə (s) beyət etmiş olduğu üçün tərifə layiq olduğunu, zikr olunmuş ayə səbəbi ilə qınanılmayacağını söylədiniz.

Tədqiqatçı alimlər bu mövzuda bir qrup cavablar zikr etmişlər ki, sadəcə o xüsusi beyət hadisəsi ilə əlaqəlidir; ömürlərinin sonuna qədər olan əbədi bir razılıq deyildir! Çünki bildiyiniz kimi, Hüdeybiyyədə (ağaç altında) edilən bu beyətdə ümmətdən sadəcə 1500 nəfər vardı. Bu səbəbdən onlardan bəziləri “nifaq” ayələrinin bariz nümunəsi olmuş və Allah-taala onlara əbədi cəhənnəm atəşini vəd etmişdir. Məgər Allah Rəsulunun razı olduğu kimsələrdən bir qisminin Cəhənnəmdə, bir qisminin də Cənnətdə olması mümkündürmü? O halda aydın olduğu kimi, Allah-taalanın razılığı, sadəcə ağac altında olan beyətlə əlaqəli deyildir; xalis iman və saleh əməllə bağlıdır. Yəni tövhidə və nübüvvətə qəlbən inanaraq beyət edənlər Allah-taalanın razılığına nail olmuş və əbədi cənnəti qazanmışlar.
Lakin bilindiyi kimi, imanları olmadığı halda beyət edənlər və ya imanları olub beyət etməyənlər Allah-taalanın qəzəbinə uğrayıb, Cəhənnəmi əldə etmişlər. O halda, bu beyət yalnız Allahın razılığı üçün kifayət deyildir. Cəhənnəmdə əbədi qalacaq şəxslərin halından, o gündə iman sahibi olmadıqları anlaşılır.
Heç bir müsəlmanın inkar edə bilməyəcəyi bir həqiqət də budur ki, səhabənin etdiyi gözəl əməllər tərifə layiqdir. Bu səbəbdən kimdən yaxşı əməl görülərsə, tərifə layiqdir. Əlbəttə, bu tərif, ondan pis bir əməl görülmədiyi müddətə qədərdir. Amma mömin, hətta səhabə olsa belə, pis əməl işlədiyi təqdirdə tənqidə məruz qalır, qınanılır.
Şiələr səhabənin yaxşı əməllərini ardıcıl olaraq rəvayət edir və tərifləyirlər. Pis əməllərini tənqid etməklə bərabər, səhabənin yaxşı əməllərini də qəbul edirlər. Məsələn: Onların Rizvan beyəti, Rəsulullaha hicrət, o həzrətə yardım etmək, (fəthlərin həzrət Əli (ə) vasitəsi ilə həqiqiləşdiyinə baxmayaraq) döyüşlərdə iştirak etmək və s... bir çox gözəl əməllərini tərifləmiş, eyni zamanda çirkin və pis əməllərini tənqid etmişdir».
Hafiz: «Rəsulullahın (s) əshabının pis əməllər etdiyini söyləməyiniz çox qəribədir. Halbuki, Rəsulullah (s) onları tək-tək bu ümmətin hidayətçisi və rəhbəri bilmişdir. Bu səbəbdən bir hədisdə belə buyurulur: «Şübhəsiz, əshabım ulduzlar kimidir; hansına tabe olsanız hidayətə çatarsınız».
Bu, heç şübhəsiz, sadəcə sizin əqidənizdir; biz də tək əqidəni qəbul edə bilmərik!

«ƏSHABA TABE OLUN» HƏDİSİNƏ DAİR CAVAB
Dəvətçi: «Özünüzə elə bir hədis dəlil gətirdiniz ki, onu gətirməklə məni böyük bir daşlığa atdınız; gövhəri də onların arasından tapıb çıxarmaq böyük bir iftixardır!
Dediyiniz hədis haqqında qısa da olsa, izah vermək məcburiyyətindəyəm. Sonra da lazım olan cavabı verməyə çalışacağam.
Əlbəttə, biz bu hədisin sənədini müzakirə etməyəcəyik; çünki mövzumuzdan uzaqlaşa bilərik. Sadəcə hədisin dəlalət etdiyi məna haqqında bəhs edəcəyəm.
Bilindiyi kimi, Rəsulullahı (s) ziyarət edən və ya ondan hədis qeyd edənlərə səhabə və əshab deyilir. Bunda mühacir, ənsar və digərləri arasında bir fərq yoxdur.
Etdiyiniz ən böyük səhv sahib olduğunuz hüsn-zənlə bütün əshabın hər cür nöqsan və eyibdən pak olduğunu saymağınızdır. Halbuki, bilindiyi kimi, Peyğəmbəri-əkrəmin əshabı arasında yaxşı və pis olanlar vardır. Rəsulullah da onların yaxşı və pis hallarından xəbərdar idi. Bunun ən böyük dəlili də «Munafiqun», «Tövbə» və «Əhzab» surələrində münafiq və fasiqlərə aid olan ayələrdir. Böyük və dəyərli alimləriniz də öz mötəbər kitablarında onların eyib və qüsurlarını nəql etmişlər. Məsələn: Hişam ibn Məhəmməd Sayib Kəlbi səhabənin eyib və qüsurları haqqında xüsusi bir kitab yazmışdır.
Allah-taalanın Quranda və Rəsulullahın da nitqlərində qınadığı və cəhənnəm atəşi vəd etmiş olduğu münafiqlər zahirdə müsəlman, amma batində fasiq və fasid insanlar idi. Hamısı da Peyğəmbəri-əkrəmin əshabı arasında idi. O halda, onların hamısına yaxşı gözlə baxa bilmərik! Daha doğrusu, onlardan hər birinə tabe olmaqla da qurtuluşa çata bilmərik!
Görəsən, «Əqəbə» hadisəsində Peyğəmbəri-əkrəmi öldürmək istəyənlər zahirən yaxşı insanlar, əshabın münafiq olanları deyildimi?!»
Hafiz: «Əqəbə hadisəsini bəzi alimlərimiz şiənin uydurması bilirlər. Daha doğrusu, doğruluğu məlum deyildir!»
Dəvətçi: «Səhvə yol verdiniz, xarici və nasibilərin əqidələrini özünüzə sənəd etdiniz! Çünki bu hadisə bilavasitə alimlərinizin də qəbul etmiş olduğu çox məşhur və açıq bir hadisədir. Məsələn: böyük alimlərinizdən olan Hafiz Əbu Bəkr, Əhməd ibn Hüseyn Beyhəqi Şafeinin «Dəlailun-nubuvvət» kitabına müraciət edin. Beyhəqi “Bətni-Əqəbə” hadisəsini sənəd və ravi silsiləsi ilə birlikdə zikr etmişdir. İmam Əhməd Hənbəl «Müsnəd»in 5-ci cildinin sonunda Əbu Tufeyldən və İbn Əbil Hədid isə «Nəhcül-bəlağənin şərhi» kitabında bunu qeyd etmişdir. Peyğəmbəri-əkrəmin o gecə əshabdan bir qrupa lənət etməsi hadisəsi məhşur bir hadisədir».

ƏQƏBƏ HADİSƏSİ VƏ PEYĞƏMBƏRƏ (S) SUİ-QƏSD
Nəvvab: «Zəhmət olmasa, Əqəbə hadisəsini və Peyğəmbəri-əkrəmi (s) öldürmək istəyənlərin kimlər olduğunu bəyan edin».
Dəvətçi: «Hər iki məzhəbin alimlərinin yazdığına görə, Təbuk döyüşündən döndükdə münafiqlərdən 14 nəfər Rəsulullahı (s) öldürməyi qərarlaşdırdı. Dağın ətəyində ancaq bir nəfərin keçəbiləcəyi qədər dar bir keçid olan Bətni-Əqəbədən keçdikdə əvvəlcədən hazırladıqları hiylələrini yerinə yetirmək istədilər. Cəbrail (ə) hadisəni Peyğəmbəri-əkrəmə xəbər verdi. Rəsulullah Hüzeyfəni dağın ətəyinə göndərdi. Hüzeyfə orada gizləndi. Münafiqlər gəldikdə onların danışıqlarını eşidib, hamısını tanıdı. Onlardan 7 nəfər Bəni-Üməyyədən idi. Hüzeyfə geri dönərək onları Peyğəmbəri-əkrəmə  tanıtdı. Rəsulullah buyurdu: «Bu sirri gizli saxla, Allah-taala bizi qoruyacaqdır».
Peyğəmbər gecə ordunun önündə hərəkət edirdi. Əmmar Həzrətin (s) dəvəsinin ipindən çəkir, Hüzeyfə isə arxadan sürürdü. Dar keçidə gəldikdə münafiqlər xırda daşla doldurduqları qablarını (və ya yağla dolu şüşələri) qışqıraraq Rəsulullahın dəvəsinin önünə atdılar. Münafiqlər Peyğəmbərin dəvəsini hürküdərək onu uçuruma yuvarlatmaq istəyirdilər. Amma bilindiyi kimi, Allah-taala Peyğəmbəri-əkrəmi qorudu. Münafiqlər də qaçdılar; orduya qoşulub, özlərini gizlətdilər.
Bunlar əshabdan deyildilərmi?! Elə isə onların bu əməli yaxşı və onlara tabe olmaq da hidayət yoludurmu?! İndi, Peyğəmbəri-əkrəmi görənləri və ondan hədis rəvayət edənləri əshab saymaq, onların hər cür pisliklərini görməməzliyə vurmaq, cənnət əhli olduqlarına inanmaq, özlərini, bəlkə özlərinə tabe olanları da qurtuluş əhli bilmək doğrudurmu?!

HƏZRƏT PEYĞƏMBƏR (S) YALANÇILARA TABE OLMAĞI ƏMR ETMƏMİŞDİR
Daha əvvəlki gecələrdə söylədiyim kimi, məgər Ömərin: «Peyğəmbərdən yalan hədis rəvayət edir» – deyərək qamçıladığı Əbu Hüreyrə əshabdan deyildimi?! Rəsuli-əkrəmdən (s) bir çox hədis rəvayət etməmişdirmi?! Səmurə ibn Cündəb kimi yalan hədis rəvayət edənlər əshabdan deyildimi?! Görəsən, Rəsulullah ümmətə hidayətə çatmaları uçün yalançı və hədis uyduranlara tabe olmağımı əmr etmişdir?
Əgər əshabın əzəməti haqqında rəvayət etdiyiniz bu hədis doğrdursa, o zaman iki fərqli yolla gedən əshabdan hansına tabe olsaq qurtuluşa çatmış olarıq? Qurtuluşa çatmağımız üçün inanclarında bir-birinə müxalif olan və ya bir-birləri ilə savaşan əshabdan hansına tabe olmaq lazımdır?!»
Hafiz: «Əvvəla, Peyğəmbəri-əkrəmin əshabı, əsla, bir-biri ilə müxalifət etmir və savaşmırdılar. Əgər müxalifət etmişdilərsə də, araşdıraraq daha təmiz və daha dəlilli olanına tabe olun!».
Dəvətçi: «Əgər dediyiniz kimi, araşdırıb bunlardan birinin təmiz və haqq əhli olduğunu görsək və ona tabe olsaq, o halda digəri batil əhli sayılmış olmazmı?! O halda, bu hədis özü-özllüyündə etibar dərəcəsindən düşmüş olur! Daha doğrusu, səhabədən hansına tabe olarıqsa, hidayət və qurtuluşa yetişərik iddiasının da puç olduğu aydınlaşır.

ƏSHABIN SƏQİFƏDƏ MÜXALİFƏTİ
Fərz edək ki, bu hədis doğrudur. Onda nə üçün şiə müsəlmanları qınayırsınız?! Halbuki, onlar da Əbu Bəkrə beyət etməyən və ona müxalifət edən Salman, Əbuzər, Miqdad, Əmmar Yasir, Əbu Əyyub Ənsari, Hüzeyfə Nəxəi, iki şəhadət sahibi Xüzeymə və əvvəlki gecələr adını zikr etdiyim başqa səhabələrə tabe olmuşdur.
Bir-birinin qarşısında yer alan bu səhabələrdən hansı haqq, hansı batil əhli idi? Onlardan biri mütləq batil üzrə idi. Halbuki, rəvayət etdiyiniz hədis səhabələrdən hansına tabe olarsa, qurtuluşa yetişəcəyini bəyan edir!

SƏD İBN ÜBADƏNİN ÖMƏR VƏ ƏBU BƏKRLƏ MÜXALİFƏTİ
Ömər və Əbu Bəkrə beyət etməyən Səd ibn Übadə Ənsari əshabdan deyildimi?! Şiə və sünni alimlərinin ittifaq etdiyi kimi, Səd gedib Şamda qaldı. Ömərin xilafətinin ortalarında isə öldürüldü. Elə isə, bu hədisə uyğun olaraq, Səd ibn Übadəyə tabe olub Əbu Bəkr və Ömərə müxalifət edənlər də qurtuluşa yetmiş olurlar!

TƏLHƏ VƏ ZÜBEYRİN BƏSRƏDƏ HƏZRƏT ƏLİYƏ (Ə) QARŞI QİYAMI
Görəsən, Təlhə və Zübeyr ağacın altında həzrət Peyğəmbərə (s) beyət edənlərdən deyildilərmi? Təlhə və Zübeyr Rəsulullahın haqq xəlifəsi (sizə görə dördüncü xəlifə) həzrət Əliyə (ə) qarşı qiyam etmədilərmi?! Bir çox müsəlmanın qanının tökülməsinə səbəb olmadılarmı?: Qarşı-qaşıya duran bu iki qrup səhabəyə tabe olan hər kəs qurtuluşa çata bilərmi? Əkəq hər ikisinin də əshaba tabe olduğu üçün nəticədə haqq olduğunu söyləsəniz, səhvə yol vermiş olarsınız! Çünki iki zidd şeyi cəm etmək mümkün deyildir. Bir-biri ilə döyüşən iki qrupun hər ikisinin də hidayət və Cənnət əhli olduğunu söyləməksə, əsla doğru deyildir!
Şübhəsiz, həzrət Əliyə (ə) tabe olanlar hidayətə çatmış digər qrup isə zəlalətə düşmüşdür. Bu da, sizin Rizvan beyətində ağac altında beyət edənlərin hidayət və qurtuluşa çatdığını ifadə edən inanclarınızın doğru olmadığını göstərir. Çünki Rizvan beyətində aqac altında beyət edənlərdən olan Təlhə və Zübeyr sonda haqq xəlifə həzrət Əliyə qarşı döyüşə əl atdılar. Peyğəmbərin xəlifəsinə qarşı qiyam edən və o həzrətin: «Səninlə döyüşən, mənimlə döyüşmüşdür» – deyə buyurduğu kimsəyə qarşı döyüşən, həqiqətdə Rəsulullahla döyüşmüş olmazmı?! Böyük bir günaha düşmüş sayılmazmı?! O halda sadəcə əshab kəlməsi və ya Rızvan beyətində olmaq, necə insanın qurtuluşuna səbəb ola bilər?!

MÜAVİYƏ VƏ ƏMR İBN ASIN HƏZRƏT ƏLİNİ (Ə) SÖYMƏSİ
Peyğəmbəri-əkrəmin (s) xəlifəsi ilə döyüşən, minbər, yığıncaq və hətta cümə xütbələrində həzrət Əliyə (ə) lənət deyən Müaviyə və Əmr ibn As da əshabdan deyildimi?! Halbuki, bilavasitə böyük alimləriniz mötəbər kitablarında Rəsulullahın (s) belə buyurduğunu nəql etmişlər: «Əlini söyən məni söymüşdür; məni söyənsə Allahı söymüşdür».
Elə isə dəlil olaraq nəql etdiyiniz hədisə görə, Rəsulallahın təbiri ilə «lənətli oğlu lənətli»yə və həqiqətdə Peyğəmbəri söymək olan həzrət Əlini söyənlərə (ki, öz alimləriniz də bunu qeyd etmişlər) tabe olanlar da hidayətə yetişmişlər və Cənnət əhlidirlər?
Fazil Təftazani «Şərhi-məqasid» kitabında ətraflı olaraq bu mövzu haqqında belə deyir: «Səhabə arasındakı şiddətli savaş və mübarizələr onlardan bəzisinin haqq yoldan azdığını, həsəd, inad, şəhvət və məqam sevgisi üzündən hər cür zülmə bulaşdığını göstərir».
Məlumdur ki, hər səhabə məsum olmayıb və bir çox pis əməllərə mürtəkib olub. Buna baxmayaraq, bəzi alimlər hüsni-zənn cəhətindən səhabənin pis rəftarını və əməlini dəyişdirərək yazıblar. Rəvayət etdiyiniz hədisin doğru olmadığını göstərən bir çox dəlil vardır. Amma təəssüflər olsun ki, bundan daha artığını danışmaq imkanımız yoxdur.
O halda, bu hədis, bilavasitə öz alimlərinizin də yazdığı kimi, uydurmadır və sənəd silsiləsində zəiflik vardır.

«ƏSHABIM ULDUZLAR KİMİDİR...» HƏDİSİNİN SƏNƏDLƏRİ ZƏİFDİR
Bu səbəbdən Qazi Əyyaz «Şərhuş-Şifa» kitabının 2-ci cildinin 91-ci  səhifəsində bu hədisi nəql edərək belə deyir: «Dariqutni «Fəzail» kitabında və İbn Əbdülbirr də onun yoluyla bu hədisin sənədinin dəlil ola bilməyəcəyini söyləyir. Əbd ibn Həmid «Müsnəd» kitabında Abdullah ibn Ömərdən nəql edərək Bəzzarın bu hədisin səhihliyini inkar etdiyini söyləyir».
Bu səbəbdən İbn Üdəyy «Kamil» kitabında öz sənədi ilə Nafidən, o da Abdullah ibn Ömərdən bu hədisin sənədinin zəif olduğunu rəvayət edir. Beyhəqi də bu hədisin mətninin məşhur olduğunu, amma bilindiyi kimi, sənədinin zəif olduğunu rəvayət edir. Çünki bu hədisin sənədində yer alan Haris ibn Qəzzinin halı məchuldur. Həmzə ibn Əbu Həmzeyi-Nəsiri isə iftira və yalançılıqla günahlandırılmışdır. Aydın olduğu kimi, bu hədisin zəifliyi sabitdir!
Bunlardan əlavə, İbn Həzm də bu hədisin uydurma, yalan və batil olduğunu açıq-aydın tərzdə bəyan etmişdir.
Bu səbəbdən də belə zəif sənədə etimad etmək, əsla, doğru deyildir! Hətta doğru olsa belə, ümumiliyi ifadə etməz. Sadəcə Qurani-kərim və Əhli-beytə (ə) tabe olan yaxşı səhabələr qəsd edilmiş ola bilər.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!