35-Cİ MÜNAZİRƏ - I hissə

:

“ŞURA” MƏCLİSİNƏ ETİRAZ (2 Şaban, şənbə, 1345-ci il)
Şiə müsəlmanların yeganə günahı heç bir adətin təsirində qalmamaları və uzaqgörənliklə 14 əsr öncəki əhəmiyyətli həqiqətlərə baxmalarıdır. Onlar heç bir sevgi və qəzəbə qapılmadan Quran ayələri və iki firqənin mötəbər kitablarında yer alan hədislərdən istifadə edir və haqq üzrə hökm verirlər.

Həzrət Əlinin (ə) xilafətinin böyük oyunlar və hiylələr sayəsində dördüncü mərtəbəyə atıldığına və haqqının qəsb edildiyinə inanırlar.
Biz də inanır və etiraf edirik ki, Əbu Bəkr Səqifədə Əli (ə), Bəni-Haşim, səhabənin böyükləri olmadan və ənsardan Xəzrəc qəbiləsinin müxalifətinə baxmayaraq “Xəlifə” adlandırılmış, ondan sonra da fərdi bir diktatorluqla Ömər və Ömərin şurası ilə də Osmanı xilafət kürsüsündə oturtmuşlar. Əlbəttə, bu fərqlə ki, onlar özlərini seçən və xilafət halqasını boynuna asan bir qrupun xəlifəsi idi. Lakin bilindiyi kimi, həzrət Əli (ə) Allah-taala və Peyğəmbəri-əkrəm (s) tərəfindən seçilən bir xəlifədir.
Şeyx: “Haqsızlıq edirsiniz! Onlar arasında heç bir fərq yoxdur. Əbu Bəkr, Ömər və Osmanı  xilafətə gətirən xalq, Əlini (k.v) də xilafətə gətirmişdir”.

ÜÇ XƏLİFƏNİN TƏYİN OLUNMASINDAKI FƏRQLİLİK ONLARIN XİLAFƏTİNİN BATİLLİYİNƏ DƏLİLDİR.
Dəvətçi: “Xəlifələrin xilafəti təyin olunmasında bir çox baxımdan fərqlər vardır. Əvvəla; icmaya işarə etdiniz.
Mövzuları təkrarlamaqla doğru istiqamətə yönəlmirsiniz. İcma dəlilinin təməlsiz olduğunu əvvəlki gecələrdə ərz etmişdim. Ümmətin icması xəlifələrdən heç birinin xilafətinin başlanğıcında təşkil olunmamışdır.

İCMANIN BATİLLİYİNƏ DAİR SAİR DƏLİLLƏR
İkincisi; əgər icmaya əsaslansanız və bunu Allah-taala və Peyğəmbəri-əkrəm (s) tərəfindən olduğunu ümmət üçün şəri baxımdan isbat etsəniz, qaydaya əsasən hər xəlifə dünyadan getdikdə, ümmət toplanmalı və xəlifə seçimi üçün onların nəzəri soruşulmalıdır. Ümmət kimin xəlifə olmasına rəy verərsə, o, xalqın xəlifəsidir (Rəsulullahın xəlifəsi deyil); onda, belə çıxır ki, bu usulun bütün dövrlərdə istifadə olunması lazım gəlir!
Əlbəttə, siz də bilirsiniz ki, İslamda heç bir xəifə üçün belə bir icma mövcud olmamışdır; hətta bizim daha əvvəl isbat etdiyimiz naqis və yarımçıq bir icma da (əshabın böyükləri, Bəni-Haşim və əshabın əksəriyyəti orada deyildi) Əbu Bəkrdən başqa heç kim üçün gerçəkləşməmişdir. İslam mühəddisləri və tarixçilərinin birgə nəzərinə görə, Ömərin xilafəti Əbu Bəkrin təyini ilə həyata keçmişdir. Əgər xilafət təyinində icma şərt idisə, bəs niyə Əbu Bəkrdən sonra Ömərin xilafətə seçilməsi üçün icma təşkil olunmadı?”
Şeyx: “Heç şübhəsiz, Əbu Bəkr ümmətin icmasıyla xilafətə seçildiyinə görə onun təkbaşına xəlifə təyini üçün söylədiyi söz sağlam bir dəlil sayılmışdı. Ondan sonra artıq xəlifə təyini üçün icmaya ehtiyac qalmamışdı. Hər xəlifənin özündən sonrakı xəlifəni seçmək üçün söylədiyi söz sağlam bir sənəd kimi qəbul edilmişdir. Özündən sonrakı xəlifəni təyin etmək xəlifənin haqqıdır! Xalqı özbaşına buraxmamalıdır. Əbu Bəkr icma ilə seçildiyi üçün Öməri xilafətə təyin etmiş, Ömər də Peyğəmbərin (s) xəlifəsi olmuşdur!”
Dəvətçi: “Siz hər bir xəlifənin özündən sonra xəlifə seçməyə onun haqqı olduğunu və ümməti bu məsələdə özbaşına buraxmamalı fikrini bəyan etdiniz. Onun sözünün sonrakı xəlifənin təyinində kifayət olduğunu iddia etdiniz. Çox qəribədir, bəs nəyə görə insanların hidayətçisi olan Xətamul-ənbiyaya (s) gəldikdə bu haqqı qəbul etmirsiniz? Niyə sizin kitablarınızda da yer alan (əvvəlki gecələr sadəcə bəzisinə işarə etmişdik, bu gecə də Ümmü-Sələmənin hədisindəki açıq-aşkar nəsləri təqdim etdik) Peyğəmbəri-əkrəmin (s) açıq-aydın və ya kinayə yoluyla fərqli yerlərdə həzrət Əli üçün buyurduğu o qədər nəsləri görməzliyə vurur, qəbul etmir və hər biri üçün gülünc təvillər edirsiniz? Bu səbəbdən İbn Əbil Hədid də Ümmü-Sələmənin hədisində bu gülünc təvili qeyd edib, sonra açıq-aşkar nəssi rədd etmişdir.
Həqiqətən maraqlıdır; Əbu Bəkrin sözünün Ömərin xilafətə təyinində bir sənəd olduğunu hansı dəlillə söyləyirsiniz?! Ancaq bilindiyi kimi, digər tərəfdən Rəsulullahın (s) sözünün sənəd olmadığını ifadə edir və o hikmətli kəlmələri gülünc təbirlərlə bəyan edirsiniz.
Bundan əlavə, haradan və hansı dəlil üzrə (əgər qəbul etsək belə) icma tərəfindən seçilən birinci xəlifənin özündən sonrakı xəlifəni təyin etmək haqqı var?! Peyğəmbəri-əkrəmdən (s) belə bir əmr gəlmişdirmi? Cavab, heç şübhəsiz, mənfidir!

ŞURA MƏCLİSİNƏ ETİRAZ
Əgər belədirsə, niyə bu iş təkcə Ömərin xilafəti dövründə oldu? Niyə Osmanın xilafətində Ömər xəlifə təyin etməyərək işi altı nəfərdən ibarət şuranın ixtiyarına qoydu? Həqiqətən dəlilinizin nə olduğu bəlli deyildir!
Dəlillər ixtilaflı olduğuna görə də əsl mövzu aradan gedir. Əgər xilafətin isbatı üçün ümmətin icması dəlildirsə və bütün ümmətin birlikdə səs verməsi lazımdırsa, (Məlum olduğu kimi, Əbu Bəkr zamanında belə bir icma olmadı) bəs niyə Ömərin xilafətində belə bir icma təşəkkül tapmadı?
Ömər, Əbu Bəkrin əksinə olaraq, xəlifə seçimini “Şura”nın ixtiyarına qoydu. Həm də dünyanın heç bir yerində, hətta ibtidai-icma quruluşu qəbilələrində belə görünməmiş bir şuraya!
Dünyadakı bütün məclislərdə çoxluğun nəzərinin təmin olunması üçün təmsilçiləri xalq seçir; amma bu şuranın təmsilçilərini bilavasitə Ömərin özü təyin etmişdir.

ƏBDÜRRƏHMAN İBN OVFA GENİŞ SƏLAHİYYƏT VERİLMƏSİNƏ ETİRAZ
Çox qəribədir! Bu da azmış kimi, bütün təmsilçilərin iradəsinə məhdudiyyət qoyaraq, Əbdürrəhman ibn Ovfa geniş səlahiyyət verdi. Əlbəttə, bundan məqsəd onun Osmanın yaxınlarından olması, daha doğrusu digərlərini deyil, məhz Osmanı seçəcəyi idi. Ömər belə demişdi: “Əbdürrəhman ibn Ovfun tutduğu tərəf haqdır; Əbdürrəhman kimə beyət edərsə, digərləri də ona təslim olmalıdır!”
Diqqət etsəniz, burada “şura” adıyla bir diktatorluğun hökm sürdüyünü görərsiniz. Halbuki, indiki təbirlə desək, demokratiya bunun tam əksinədir.
Peyğəmbəri-əkrəm (s) əvvəlki gecələr sənədlərini də qeyd etdiyim bir hədisdə dəfələrlə belə buyurmuşdur: “Əli haqq ilədir. Əli harda olarsa, haqq onunladır”.
Yenə belə buyurmuşdur: “Bu Əli ümmətimin faruqudur. Haqla batili bir-birindən ayırandır”.
Bu səbəbdən Hakim “Müstədrək”də, Hafiz Əbu Nəim “Hilyə” də, Təbərani “Ovsət”də, İbn Əsakir “Tarix”də və Süyuti də “Durrul-mənsur” da, İbn Abbas, Salman, Əbuzər və Hüzeyfədən nəqlən Rəsulullahın (s) belə buyurduğunu rəvayət edir: “Məndən sonra bir fitnə qopacaqdır. O zaman Əlidən ayrılmayın; çünki Əli Qiyamətdə mənimlə ilk qucaqlaşa biləcək bir kəsdir. Əli ən böyük siddiq və bu ümmətin Faruqudur; haqla batili bir-birindən ayırandır və o, möminlərin əmiridir”.
Əvvəlki gecələr sənəd silsiləsini də zikr etdiyim bir rəvayətdə Peyğəmbəri-əkrəm (s) Əmmara belə buyurmuşdur: “Əgər bütün insanlar bir yolda, Əli də, başqa bir yolda gedərsə, sən Əlinin yoluyla get, insanlardan ehtiyacsız ol. Ey Əmmar! Əliyə itaət, mənə və Allah-taalaya itaətdir”.

ƏMİRƏL-MÖMİNİNİN MƏQAMINA AÇIQ-AŞKAR ZÜLM
Bu vəziyyətdə Ömər, Peyğəmbəri-əkrəmin (s) əmrinin əksinə olaraq, həzrət Əlini Əbdürrəhmanın əlində olan bir şuranın ixtiyarına buraxır. İndi bu vəziyyətdə müxalif olmamaq mümkündürmü? Səhabənin böyüklərini bir kənara çəkmiş, xilafət mövzusunda onların fikir bildirmə haqlarını əllərindən almışdı. Daha doğrusu, bu şurada da həzrət Əliyə böyük bir haqsızlıq edilmişdir; Həzrət Əli kimi haqq və batili bir-birindən ayıran böyük bir şəxsiyyət Əbdürrəhman kimi birinin əmri altına salınmışdır.
Həzrət Əlini (ə) Əbdürrəhman və hətta şura üzvü olan digər beş nəfərlə müqayisə edin. Əbdürrəhman hakimlik məqamına daha layiqdir, yoxsa Əmirəl-möminin həzrət Əli, müqayisə edərkən siyasi oyunlarla vilayət haqqının tapdalandığını bilavasitə müşahidə edin.
Xülasə, əgər Ömərin xəlifə təyinindəki “şura” əmrinin tətbiq olunması zəruri olan bir göstəriş idisə, o halda niyə görə həzrət Əlinin (ə) xilafətində tətbiq edilmədi?
Şeyx: “Əgər dediyiniz doğrudursa və buyurduğunuz kimi dərindən düşünülərsə, həzrət Əlinin xilafəti də sarsıntıya uğrayacaqdır. Çünki əvvəlki üç xəlifəni xilafətə gətirən icma, Əlini (ə) də xilafətə gətirmişdir”.

HƏZRƏT ƏLİ (Ə) XİLAFƏTƏ ALLAH-TAALA VƏ PEYĞƏMBƏR (S) TƏRƏFİNDƏN TƏYİN OLUNMUŞDUR
Dəvətçi: “Dediyiniz, Peyğəmbərdən (s) bir nəss olmadığı təqdirdə keçərlidir. Lakin həzrət Əlinin (ə) xilafətinin ümmətin icmasıyla işi yoxdur; bilavasitə Allah-taala və Peyğəmbər (s) tərəfindən seçilmişdir! O, xilafəti icma tərəfindən deyil, haqqı geri almaq üçün qəbul etmişdir! Çünki haqqı qəsb edilən bir kəs illər keçdikdən sonra da fürsət tapdıqda haqqını almaq haqqına sahibdir. Bu səbəbdən maneələr qalxdıqda və lazımi şərtlər olduqda həzrət Əli (ə) də haqqını özünə qaytardı.
Ağalar, əvvəlki gecələrdə danışılan sözləri unutdunuzsa, zəhmət olmasa, xüsusi olaraq nəşr olunan jurnal və qəzetləri mütaliə edin. Əvvəlki gecələr isbat etdiyimiz kimi, həzrət Əlinin (ə) xilafəti ümmətin icmasıyla olmamışdır; əksinə, Rəsulullahın (s) nəsləri, Quran ayələri və haqqın geri alınması əsasında gerçəkləşmişdir.
Siz hər iki tərəfin qəbul etdiyi bir hədis tapa bilərsinizmi ki, Rəsulullah (s): “Əbu Bəkr, Ömər və Osman mənim xəlifələrimdir”, - deyə buyurmuş olsun? Və ya Əməvi və Abbasi xəlifələrinin xilafətlərinə dair birinin adının zikr edildiyi bir hədis misal göstərə bilərsinizmi?
Amma bütün mötəbər kitablarınızda (şiə kitablarının təvatürü ilə birlikdə) həzrət Əlini (ə) xilafət və vəsiliyinə dair həzrət Peyğəmbərdən (s) çox sayda hədis mövcuddur. Bunlardan bəzisinə əvvəlki gecələrdə toxunmuşduq; bu axşamda Ümmü-Sələmənin rəvayətini ərz etdim”.
Şeyx: “Bizə yetişən rəvayətlərdə Peyğəmbər (s): “Əbu Bəkr mənim xəlifəmdir “, - deyə buyurmuşdur”.
Dəvətçi: “Əvvəlki gecələrdə bu hədislərin uydurma olduğunu ərz etdim. Deyəsən, unutmusuz, amma bu gecədə sizi cavabsız qoymayacağam. Şeyx Məcduddin Firuzabadi “Səfərus-səadə” kitabında belə deyir: “Əbu Bəkrin fəziləti haqqında rəvayətlər iftira, yalan və uydurmadır ki, əql də buna şəhadət verir”.

ƏLİNİN (Ə) XİLAFƏTİ İCMAYA DAHA YAXINDIR
Bundan əlavə, diqqət etsəniz, görərsiniz ki, həm “Xülafayi-raşidin” və həm də Əməvi və Abbasi xəlifələrinin heç birində xilafətin zahiri şərtləri mövcud olmamışdır! Bütün ümmət icma təşkil etməmiş, rəy verib seçilməmişdir. Amma həzrət Əlinin (ə) xilafətinə baxdıqda, əvvəlki və sonrakı xəlifələrin əksinə olaraq, ümmətin icmasına daha yaxındır. Çünki tarixçilərinizin də yazdıqlarına görə, Əbu Bəkrin xilafətində təkcə Ömər və qəbir qazan Əbu Ubeydə ibn Cərrahın təsiri olmuşdur. Daha sonra da Ovs qəbiləsi, Səd ibn Ubadəni namizəd göstərən Xəzrəc qəbiləsinə müxalif olduqlarına görə, bəziləri də hədələnərək və bir qrupu da tamah məqsədilə beyət etmişdir. Hətta bəziləri məsələn; ənsar, sonuna qədər də Səd ibn Ubadəyə bağlı qalaraq beyət etməmişdir.
Ömərin xilafəti də, təkcə Əbu Bəkrin göstərişi əsasında olmuşdur. Burada icma deyilən bir şey yoxdur, tam bir səltənətdir. Osman isə Ömərin əmrilə qurulan diktatorluq şurasının qərarıyla xilafət məqamına keçmişdir.
Amma həzrət Əlinin (ə) xilafəti Mədinədəki xilafət sarayının qarşısına dörd bir yandan axışıb gələn ədalətsevər müsəlmanların böyük bir icmasıyla gərçəkləşmişdir. Onların təkidi nəticəsində həzrət Əli (ə) zahiri xilafətə seçilmişdir”.
Nəvvab: “Qibləsahib! Dörd bir yandan Mədinəyə gələn müsəlmanların icması xilafətin təyini üçün idi?”
Dəvətçi: “Xeyr, üçüncü xəlifə hələ vəzifə başında idi. Onlar xilafət məqamına yaxın olan Bəni-Üməyyə dərəbəylərinin, Mərvan və digər vəlilərin etdiyi çirkin işlərindən, zülmlərindən şikayət etmək üçün Mədinədə toplanmışdılar. Böyük səhabələri də əhatə edən bu cəmiyyət baş verən zülmlərdən cana doymuşdular. Bu səbəbdən şikayət üçün xilafətin mərkəzi olan Mədinədəki xilafət sarayına gəlmişdilər.
Osmanın səhv işləri, həzrət Əli (ə) və digər böyük səhabələrin nəsihətlərinə qulaq asmaması, sonda onun öldürülməsinə gətirib çıxartdı.
Bu səbəbdən Mədinə xalqı oraya dörd bir yandan gələn şəxsiyyətlərlə birlikdə həzrət Əlinin (ə) evinə getdilər. Yalvararaq, onu məscidə gətirib, icma halında beyət etdilər. Belə bir icma əvvəlki üç xəlifə zamanında olmamışdı. Mədinə xalqı azad iradəsi və müsəlman bölgələrin görkəmli şəxsiyyətlərinin ittifaqı ilə həzrət Əliyə (ə) beyət edərək, onu xəlifə seçmişdilər. Amma bu cür seçim əvvəlki xəlifələrdə görülməmişdir!
Biz bu icmanı həzrət Əlinin (ə) xilafətinə dəlil saymırıq. Çünki bizim dəlilimiz Quran və Rəsulullahın (s) hədisləridir. Bu, öz xəlifələrini Allahın əmri ilə seçən bütün peyğəmbərlərin üslubuna da uyğundur.
Bir daha siz həzrət Əli (ə) ilə digər xəlifələr arasında heç bir fərqin olmadığını bəyan etdiniz; bilmirəm bilərəkdənmi səhvə yol verdiniz, yoxsa bilməyərəkdənmi? Çünki əqli və nəqli dəlillər və hətta icmaya əsasən həzrət Əli (ə) ilə digər xəlifələr arasında böyük fərq vardır!

HƏZRƏT ƏLİ (Ə) DİGƏR XƏLİFƏLƏRDƏN ÜSTÜNDÜR
Həzrət Əlini (ə) digər xəlifələrdən ayıran ilk xüsusiyyəti onların bir qrup insan, Əmirəl-mömininin isə Allah-taala və Peyğəmbər (s) tərəfindən seçilməsidir. Şübhəsiz, Allah-taala və Rəsulullah tərəfindən seçilən kəs xalq tərəfindən seçilənlərdən üstündür! Allah-taala və Peyğəmbər (s) tərəfindən seçilən bir xəlifənin digər xəlifələrdən çox fərqli olduğunu hər kəs bilir.
Həzrət Əlini (ə) digər xəlifələrdən ayıran ən böyük xüsusiyyət onun elm, fəzilət, şərəf və təqvasıdır. Ümmətin bütün alimlərinin ittifaqı ilə Peyğəmbərdən (s) sonra Əli (ə) ümmətin ən alimi, fəzilətlisi, şərəflisi və təqvalısıdır.
Bu mövzuda bilavasitə Əbu Bəkr və Ömərdən rəvayət edilən saysız-hesabız rəvayətlər də mövcuddur. Əvvəlki gecələr bunları bilavasitə mötəbər kitablarınızdan rəvayət etmişdim. Quran da bunu təsdiq edir. İndi də gün kimi aydın həqiqətlər anlaşsın deyə, zehnimdə qalan bir rəvayəti nəql etmək istəyirəm.
Əhməd ibn Hənbəl “Müsnəd”də, Müvəffəq ibn Xarəzmi “Mənaqib”də, Mirseyid Əli Həmədani Şafei “Məvəddətül-qurba”da, Hafiz Əbu Bəkr Beyhəqi “Sünən”də və digərləri təkrar surətdə fərqli təbirlərlə Peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişlər: “Əli sizin ən aliminiz, fəzilətliniz və ən yaxşı hökm verəninizdir. Onun (hökmünü, sözünü və nəzərini) rədd edən məni rədd etmiş kimidir; məni rədd edən isə Allahı rədd etmiş kimidir; bu da, Allaha şirk qoşmaq həddindədir”.
Böyük alimlərinizdən İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi” kitabında belə yazılır: “Həzrət Əlinin (ə) ən fəzilətli olması hələ qədimdən bəri söylənilən bir sözdür. Əshab və tabeindən bir çoxu bu inancdadır. Bağdad şeyxləri də bu mənanı təsdiq etmişlər”.
(Söz bura çatanda işa namazının azanı oxundu. Ağalar namaza qalxdılar. Çay süfrəsindən sonra söhbətə davam etdim.)

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!