37-Cİ MÜNAZİRƏ - I hissə

:

MÜAVİYƏ VƏ YEZİDİN LƏNƏTLƏNDİYİNƏ DƏLALƏT EDƏN AYƏ VƏ RƏVAYƏTLƏR (2 Şaban, şənbə, 1345-ci il)
Şeyx: “Görəsən, Müaviyə ibn Əbu Süfyanı kafir saymağınız və daim ona lənət oxumanız doğrudurmu?! Sizin iki böyük xəlifə olan Müaviyə və Yezidi lənət oxuyub kafir deməyinizin dəlili nədir? Xüsusilə də, Müaviyə vəhy katibi və möminlərin dayısıdır”.

Dəvətçi: “Müaviyəni “möminlərin dayısı” adlandırmağınızın dəlili nədir?”
Şeyx: “Açıq-aydındır; çünki Müaviyənin bacısı Ümmü Həbibə Rəsulullahın həyat yoldaşı və möminlərin anasıdır. Bu səbəbdən, Müaviyə də möminlərin dayısıdır”.
Dəvətçi: “Sizə görə ümmül-möminin Ayişənin məqamı daha ucadır, yoxsa Müaviyənin bacısı Həbibənin?”
Şeyx: “Hər ikisi də ümmül-möminindir, amma Ayişənin məqamı hamısından daha ucadır”.

MƏHƏMMƏD İBN ƏBU BƏKR HƏZRƏT ƏLİNİN (Ə) ARDICILI OLDUĞU ÜÇÜN MÖMİNLƏRİN DAYISI SAYILMIR
Dəvətçi: “Dediyiniz qaydaya əsasən, Peyğəmbərin (s) xanımlarının bütün qardaşları möminlərin dayısıdır! O zaman nə üçün Məhəmməd ibn Əbu Bəkri möminlərin dayısı saymırsınız? Halbuki, onun atası Müaviyədən daha uca və bacısı da onun bacısından daha üstündür. Bu səbəbdən də Müaviyəni möminlərin dayısı olması həqiqət deyildir və onun üçün bir şərəf də sayılmaz!
Əgər Ümmül-möminin qardaşı olmaq bir şərafət sayılmış olsaydı, onda Rəsulullahın (s) həyat yoldaşı Səfiyyənin atası yəhudi olan Həyy ibn Əxtəb də şərafət sahibi olardı! Belə bir halda bilin ki, ümmül-möminin və ya möminlərin dayısı olmaq özü-özlüyündə bir şərafət sayıla bilməz. Ən əsası risalət ailəsinə müxalif olub-olmamaq məsələsidir.
Müaviyə (yeri Cəhənnəm olsun!) Əhli-beytlə müharibəyə qalxdı, müvəhhidlərin ağası həzrət Əliyə, Pəsulullahın (s) iki nəvəsi Həsən və Hüseynə lənət oxudu. İmam Həsən kimi şərəfli bir insanı, neçə səhabələri və təmiz şiə müsəlmanları qətlə yetirdi.
Mövzumuz ilə əlaqəli olaraq Əbul-Fərəc İsfəhaninin “Məqatilut-Talibiyyin”, İbn Əbdülbirrin “İstiab”, Məsudinin “İsbatul-vəsiyyə” və digərlərinin də öz kitablarında rəvayət etdiyi kimi, Əsma Cödə Müaviyənin əmri və təşviqi ilə imam Həsəni (ə) zəhərlədi. Hətta İbn Əbdülbirr və Təbərinin yazdığına görə, imam Həsənin (ə) şəhadət xəbərini eşidən Müaviyə təkbir gətirərək ətrafındakılarla birlikdə sevinib şadyanalıq etdi. Əlbəttə, bu cür lənətli insan sizin nəzərinizdə gərək möminlərin dayısı olsun!
Amma Məhəmməd ibn Əbu Bəkr vilayət məqamının tərbiyə etdiyi xalis şiələrdən biri idi və Əhli-beytə xitabən belə deyirdi:

Ey Fatimənin oğulları, siz mənim sığınacağımsınız,
Qiyamətdə sizinlə tərəzim ağırlaşır.
Sizinlə olan dostluğum həqiqiləşərsə,
Hər hansı bir itin hürməyindən qorxmaram.

Məhəmməd, Əbu Bəkrin oğlu və ümmül-möminin Ayişənin qardaşı olmasına baxmayaraq, onu möminlərin dayısı saymamış, lənətləmiş, hətta atasının mirasından belə məhrum etmişlər.
Əmr ibn As və Müaviyə ibn Xüdeyc Misiri fəth etdikdə Məhəmməd ibn Əbu Bəkrə su belə vermədilər və onu susuz halda qətlə yetirdilər. Daha sonra onu ölmüş uzunqulağın qarnına qoyaraq yandırdılar. Müaviyə bunu eşidən kimi sevincindən az qalmışdı ki, havalansın.
Siz bu hadisəni eşitdikdə, “bu lənətlilər möminlərin dayısı və Əbu Bəkrin oğlu Məhəmmədə necə oldu belə etdilər və necə oldu onu belə çirkin bir şəkildə şəhid etdilər” – deyib üzülmürsünüz, amma Müaviyənin lənətləndiyini eşitdikdə qəmlənirsiniz və onu möminlərin dayısı bildiyi üçün ehtiramını saxlayırsınız?!
Bu halda təsdiq edin ki, bunlar Peyğəmbərin (s) Əhli-beyt ilə savaşmışlar. Məhəmməd də Əhli-beytin (ə) dostu olduğundan onu möminlərin dayısı saymır və bu cür zülm və əziyyətlə qətlə yetirilməsinə heyfslənmirsiniz, amma cəhənnəm əhli olan Müaviyəni, Əhli-beytin (ə) baş düşməni olduğu və onları hər yerdə lənətlədiyi halda möminlərin dayısı sayır və tərəfkeşliyini edirsiniz. İnad və təəssübdən Allaha sığınıram!

MÜAVİYƏ VƏHY KATİBİ DEYİL, NAMƏLƏRİN KATİBİ İDİ!
Müaviyə vəhy katibi deyildi! Çünki o hicri 10-cu ildə vəhy dövrünün sonlarında müsəlman oldu. Müaviyə namələrin katibi idi! Müaviyə Peyğəmbərə (s) olduqca əziyyət vermiş, olduqca pis sözlər söyləmiş və Məkkə fəthində müsəlman olan atası Əbu Süfyana məktublar yazaraq, “Niyə müsəlman oldun?” - deyə onu danlamışdı. Bu səbəbdən müsəlmanlar arasında etibarsız bir insan kimi tanınmışdır. Peyğəmbərin (s) əmisi Abbas Müaviyənin bu rüsvayçılıqdan, utandırıcı vəziyyətdən xilas olması və müsəlmanlığı qəbul etdiyi üçün Rəsulullahdan (s) ona bir imtiyaz verməsini istədi. Peyğəmbər (s) də Abbasın xahişindən sonra onu məktublarının katibi etdi.

MÜAVİYƏNİN LƏNƏTLƏNDİYİNƏ VƏ KAFİRLİYİNƏ DAİR DƏLİLLƏR
Bundan əlavə, onların küfrü haqqında ayələr, rəvayətlər və etdiyi çox sayda pis işlərə görə bir çox dəlillər vardır”.
Şeyx: “Ayə və hədislərdən olan dəlillər eşidilməlidir! Zəhmət olmasa, bu müəmmaların aradan getməsi üçün iddia etdiyiniz ayə və rəvayətləri bizə də söyləyin”.
Dəvətçi: “Təəccüblənməyin, ortada bir müəmma yoxdur. Lakin bunun müqabilində dəlillər olduqca çoxdur. Vaxt qısa olduğu üçün onlardan sadəcə bəzilərinə işarə edəcəyəm. Yoxsa bütün dəlilləri zikr etsəm, bu mövzu özü-özlüyündə bir kitab olar!
Mövzu ilə əlaqədar olaraq Müslim “Səhih” kitabında belə rəvayət edir: “Müaviyə Rəsulullahın (s) hüzurunda olanları yazırdı”.
Mədaini isə belə deyir: “Zeyd ibn Sabit vəhy yazır, Müaviyə isə Peyğəmbər (s) üçün onunla ərəblər arasındakı mövzuları yazırdı”.

MÜAVİYƏ VƏ YEZİDİN LƏNƏTLƏNDİYİNƏ DƏLALƏT EDƏN AYƏ VƏ RƏVAYƏTLƏR
1. Allah-taala “İsra” surəsinin 60-cı ayəsində belə buyurur: “Sənə göstərdiyimiz o yuxunu və Quranda lənətlənən ağacı, ancaq insanları sınamaq üçün meydana gətirdik. Biz onları qorxuduruq. Bu, onlara böyük bir azğınlıqdan başqa bir şey verməz”.
İmam Sələbi, imam Fəxri Razi və digər müfəssirlərinizin rəvayət etdiyinə görə, Peyğəmbər (s) röyasında Bəni-Üməyyənin meymunlar şəklində öz minbərinə çıxıb-düşdüyünü gördü. Cəbrail (ə) bundan sonra zikr olunmuş ayəni nazil etdi. Bu ağacdan məqsəd Bəni-Üməyyə soyudur.
Allah-taala, başı Əbu Süfyan ilə Müaviyə olan Bəni-Üməyyəni lənətlənmiş bir ağac olaraq zikr etmişdir; aydınlaşdığı kimi, bu ağacın bir möhkəm budağı olan Müaviyə də məlundur.
2. “Əhzab” surəsinin 57-ci ayəsində də belə buyurur: “Allah və Rəsulunu incidənlərə Allah dünyada və Axirətdə lənət etmiş və onlar üçün həqarətli bir əzab hazırlamışdır”.
Şübhəsiz, Əmirəl-mömininə, Rəsulullahın (s) iki reyhanı Həsən (ə) və Hüseyn (ə) və xas səhabəsi Əmmar və digərlərinə əziyyət etmək də Peyğəmbərə əziyyətdir. Bu ayəyə görə də o müqəddəs insanlara əziyyət edən Müaviyə dünya və axirətdə lənətlənmişdir.
3. “Mömin” surəsinin 52-ci ayəsində də belə buyurur: “Elə bir gün ki, zalımlara üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onları lənət və axirət yurdunun pis əzabı gözləyir!”
Zalımlar haqqında nazil olan bu və bənzər ayələr açıq şəkildə hər zalımın məlun olduğunu buyurur. Dost və yad – heç kim, Müaviyənin açıq zülmlərini inkar edə bilməz. Zalım olduğu üçün də Allahın lənətinə gəlmişdir. Buna görə də, Allahın lənətlədiyi kəsə biz də lənət deyirik.
4. “Nisa” surəsinin 93-cü ayəsində isə belə buyurur: “Kim bir mömini qəsdən öldürərsə, cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlayar”.

MÜAVİYƏNİN İMAM HƏSƏN (Ə), ƏMMAR, HÜCR İBN ƏDİYY, MALİK ƏŞTƏR VƏ MƏHƏMMƏD İBN ƏBU BƏKR KİMİ MÖMİNLƏRİ QƏTLƏ YETİRMƏSİ
Bu ayə, bir mömini bilərəkdən öldürənin Allahın lənətinə gəldiyini və onun yerinin də Cəhənnəm olduğunu bildirir. Zəhmət olmazsa, insafla söyləyin, Müaviyə möminləri qətlə yetirməmişdirmi?! Hücr ibn Ədiyy və 7 yoldaşını onun əmrilə qətlə yetirmədilərmi?!Əbdürrəhman ibn Həssan Ğənəzini diri-diri basdırmadılarmı?!
İbn Əsakir və Yaqub ibn Süfyan öz “Tarix” kitablarında, Beyhəqi “Dəlail”də, İbn Əbdürrəhman “İstiab”da və İbn Əsir “Kamil” kitabında rəvayət etdiyi kimi səhabənin böyüklərindən olan Hücr və onun 7 dostunu Müaviyənin əmrilə, işgəncə verərək öldürdülər. Hücrün günahı təkcə həzrət Əlinin (ə) lənətləməməsi və Müaviyənin tərəfdarı olduğunu söyləməməsi idi.
Görəsən, Peyğəmbərin (s) böyük nəvəsi “Kisa” əshabının dördüncüsü olan həzrət Həsən (ə) möminlərin böyüklərindən və Cənnət əhli olan gənclərin iki ağasından biri deyildimi?! Məsudi, İbn Əbdülbirr, Əbul-Fərəc İsfəhani, Məhəmməd ibn Səd “Təbaqat”da, Sibt ibn Cuzi “Təzkirə”də və digər bir çox böyük alimlərinizin öz kitablarında yazdığına görə, Müaviyə Cödə üçün zəhər göndərdi və ona: “Həsən ibn Əlini öldürsən, sənə 100 min dirhəm verər və oğlum Yezidlə evləndirərəm” - deyərək vəd etdi. (Həzrətin şəhadətindən sonra Müaviyə ona 100 min dirhəm verdi, amma oğluyla evləndirmədi.)
Həzrət Həsənin (ə) şəhadəti bir möminin qətlindən əlavə, daha çox Peyğəmbəri (s) qəmləndirən bir hadisədir. Zikr olunan iki ayənin açıq hökmünə baxmayaraq, hələ də Müaviyəyə lənət etməkdə tərəddüd edirsinizmi? Böyük səhabədən olan Əmmar Siffeyn döyüşündə Müaviyənin əmri ilə öldürülmədimi?! Böyük alimlərinizin də eyni fikrə gəldiyi kimi, Peyğəmbər (s) Əmmar haqqında belə buyurmamışdımı?!: “Ey Əmmar, səni tüğyan əhlindən olan bir qrup öldürəcəkdir”.

BUSR İBN ƏRTATIN 30 MİN MÖMİNİ MÜAVİYƏNİN ƏMRİ İLƏ ÖLDÜRMƏSİ
Müaviyənin bütün əməllərindən daha pisi, onun əmri ilə qaniçən Busr ibn Ərtatın minlərlə Əli (ə) tərəfdarını rəhimsizcəsinə, qəddarcasına qətlə yetirməsidir. Əbul-Fərəc İsfəhani, Əllamə Səmhudi “Tarixul-Mədinə”də, İbn Xəlləkan, İbn Əsakir, Təbəri öz “Tarix”ində, İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi”nin 1-ci cildində və digər alimlərinizin də öz kitablarında yazdıqları kimi Müaviyə, Busra böyük bir orduyla Mədinə ,Məkkə, Səna və Yəmənə doğru hərəkət etməsini əmr etdi. Əbul-Fərəcin rəvayət etditinə görə Zəhhak ibn Qeysə belə dedi: “Əli ibn Əbu Talibin şiəsi və əshabını harada tapsanız, orada da öldürün; uşaq və qadınlara belə rəhm etməyin”.
Bu səbəbdən 3 min nəfərlik böyük orduyla Mədinə, Səna, Yəmən, Taif və Nəcrana hücum etdilər. Yolda tapdıqları və bölgələrdəki bütün möminləri, hətta qadın və uşaqları belə qətlə yetirdilər. Tarix bu utandırıcı qətliamlara şahid oldu. Vaxt olmadığından bu cinayətləri qısa olaraq nəql edirəm.
Sonda Yəmənə çatdıqda, oranın valisi olan Abdullah ibn Abbas ibn Əbdülmüttəlibin evinə getdilər. Abdullah şəhərdən kənarda idi. Onun Süleyman və Davud adında iki kiçik uşağının başını anasının qucağında kəsdilər!
İbn Əbil Hədid “Nəhcül bəlağənin-şərhi”nin 1-ci cildinin 121-ci səhifəsində belə yazır: “Od vurub yandırdıqlarından başqa 30 min insanı qətlə yetirdilər”.
Siz ağalar, Quranın məlun oğlu məlunu – Müaviyəni dünya və axirətdə lənətlənməsi haqqında bəyanına hələ də şəkk və şübhə edirsiniz?!

MÜAVİYƏNİN HƏZRƏT ƏLİNİ (Ə) LƏNƏTLƏMƏYİ ƏMR ETMƏSİ VƏ ƏLEYHİNƏ HƏDİS UYDURMASI
Müaviyənin küfrünə və məlun olduğuna dair ən əhəmiyyətli dəlil, həzrət Əlini (ə) lənətləməsi və xalqı da bu böyük günaha məcbur etməsidir. Şiə-sünni, hətta xarici tarixçilərin belə qeyd etdiyi kimi, cümə namazının xütbələrində bu çirkin əməl və bidəti yerinə yetirmiş, bir çox insan lənət demədiyi üçün də qətlə yetirilmişdir. Bu cinayətlər Ömər ibn Əbdüləzizin dövrünə qədər davam etdi və o, bu bidəti aradan qaldırdı.
Şübhəsiz ki, müvəhhidlərin imamı, Peyğəmbərin (s) qardaşı, həzrət Fatimənin həyat yoldaşı və möminlərin əmiri həzrət Əliyə (ə) həyatda ikən və ya vəfatından sonra lənət oxuyan və lənət oxumağı əmr edən məlun və kafirdir!
Çünki imam Əhməd “Müsnəd”, imam Nəsai “Xəsaisul-Ələvi”, imam Sələbi və imam Fəxri Razi “Təfsir” kitablarında, həmçinin İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi”, Məhəmməd İbn Yusif “Kifayətut-talib”, Sibt ibn Cuzi “Təzkirə”, Süleyman Bəlxi Hənəfi “Yənabiül-məvəddə”, Mirseyid Əli Həmədani “Məvəddətül-qurba”, Deyləmi “Firdovs”, Müslim ibn Həccac “Səhih”, Məhəmməd ibn Təlhə Şafei “Mətalibus-süul”, İbn Səbbağ Maliki “Fusulul-muhimmə” və xülasə, böyük alimləriniz fərqli təbirlərlə qısa və ya ətraflı şəkildə Peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişlər: “Əlini söyən məni söymüşdür; məni söyən isə Allahı söymüşdür”.
Bəziləri də bu mövzuda başqa hədislər rəvayət etmişdir ki, ümumi olaraq Əliyə (ə) əziyyət verənin məlun olduğuna dəlalət edir.
İbn Həcər “Səvaiqul-muhriqə” kitabında ümumi olaraq “Əhli-beyti (ə) söyən və lənət oxuyan” babında Peyğəmbərin (s) belə buyurduğunu nəql etmişdir: “Əhli-beytimi söyən Allahdan və İslamdan dönmüşdür. Allahın lənəti olsun itrətim haqqında mənə əziyyət verənə”.
O halda, Müaviyə namazda həzrət Əliyə (ə) və Rəsulullahın (s) iki nəvəsi Həsən və Hüseynə, İbn Abbasa və Malik Əşdərə lənət oxuduğu üçün özü lənətlik və məlundur! Bunu İbn Əsir “Kamil” kitabında və digərləri də öz əsərlərindərəvayət etmişlər.
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!