1-Cİ MÜNAZİRƏ - II hissə

:

NƏSLİN TƏYİNİ

Dəvətçi: «Bizim xanədan, ulu babamız imam Museyi-Kazimin (ə) vasitəsilə həzrət Rəsulullaha (s) yetişir; belə ki: Məhəmməd ibn Əli Əkbər (Əşrəful-vaizin) ibn Qasim (Bəhrul-ulum) ibn Həsən ibn İsmail əl-Müctehidil-vaiz ibn İbrahim ibn Salih ibn Əbu Əli Məhəmməd ibn Əli[1] ibn Əbu Qasim Məhəmməd Təqi (Məqbulud-din) ibn Hüseyn ibn Əbu Əli Həsən ibn Məhəmməd ibn Fəthullah ibn İshaq ibn Haşim ibn Əbu Məhəmməd ibn İbrahim ibn Əbil Fityan ibn Əbdullah ibn Həsən ibn Əhməd (Əbit-Təyyib) ibn Əbu Əli Həsən ibn Əbu Cəfər Məhəmməd əl-Hairi (Nəzil Kirman) ibn İbrahim əz-Zərir[2] ibn Əmir Məhəmməd əl-Abid ibn imam Musa əl-Kazim ibn imam Cəfər Sadiq ibn imam Məhəmməd əl-Baqir ibn imam Əli Zeynəl-abidin ibn imam Əbu Əbdillahil-Hüseyn (Seyidüş-şühəda əş-şəhidi bit-Taff) ibn Əmirəl-möminin Əli ibn Əbu Talib (ələyhumus-salam)» .


Hafiz: «Bəyan etdiyiniz bu şəcərə, Əmirəl-möminin Əliyə yetişir. Halbuki, siz özünüzü Rəsulullaha istinad etdiniz. Bu nəsil silsiləsiylə özünüzün Rəsulullahın (s) övladlarından deyil, qohum-əqrabası olduğunuzu söyləməyiniz lazımdır! Çünki övlad, Rəsulullahın (s) soyundan və nəslindən olan kəslərdir».

Dəvətçi: «Nəslimizin Rəsulullaha (s) yetişməsi, həzrət Əba Əbdillahil-Hüseynin (ə) anası həzrət Zəhrayi-Siddiqeyi-Kubra Fatimə (səlamullahi əleyha) vasitəsiylədir».

Hafiz: «Sizin kimi alim və ziyalının belə danışması çox təəccüblüdür. Çünki özünüz də bilirsiniz ki, insanın nəsil və soyu qız övladları vasitəsiylə deyil, oğul övladları vasitəsi ilədir. Həzrət Rəsuli-əkrəmin (s) oğul övladlardan nəsli yoxdur. Belə olduqda, siz Rəsulullahın (s) oğul övladlarının nəvə-nəticəsi deyil, qız övladından olan nəvə-nəticələrindənsiniz».

Dəvətçi: «Möhtərəm cənabların söhbətdə inadkarlıq edəcəklərini heç bilməzdim. Əks təqdirdə, cavab verməyə də cəhd göstərməzdim».

Hafiz: «Deyəsən, bir anlaşılmazlıq oldu. Çünki mən sözümdə heç bir inadkarlıq etmədim. Həqiqətdə əqidəm belədir. Alimlərdən çoxu da nəsil və soyun qız övladlardan deyil, oğul övladlardan olduğu inancındadırlar. Bu yerdə şair də belə söyləmişdir: “Oğullarımızın oğulları, onların da qızları övladlarımızdır. Amma qızlarımızın uşaqları, kənar kişilərin uşaqlarıdır.” Əgər Rəsuli-əkrəmin qızlarının oğul övladları dərəcəsi olduğuna dair bir dəliliniz varsa, buyurun. Dəliliniz kamil olarsa, qəbul edər və şad olarıq».

Dəvətçi: «Qurani-kərim və hər iki məzhəbin səhih hədislərindən olan dəlillər olduqca güclüdür».

Hafiz: «İstifadə etməyimiz üçün o dəlilləri açıqlamağınızı rica edirik».

Dəvətçi: «Danışdığınız anda, Abbasi xəlifələrindən olan Harun Rəşid və imam Musa ibn Cəfər arasında baş verən bir mübahisəni xatırladım. Həzrət Musa ibn Cəfər (ə) Haruna elə yetərli cavab verdi ki, onun özü də İmamın (ə) dediklərini təsdiq etdi».

Hafiz: «Zəhmət olmasa, o mübahisəni bəyan edin».

ardı var ...

ARDINI BURADAN OXUYUN



[1]          «Mərdan» adı ilə məşhurdur.

[2]          «Mücab» adı ilə məşhurdur.

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!