3-CÜ MÜNAZİRƏ - II hissə

:

BƏNİ-ÜMƏYYƏNİN ÇİRKİN ƏMƏLLƏRİ

Dəvətçi: «Qardaşlar, məgər Bəni-Üməyyənin çirkin tarixinə baxıb, onların iyrənc əməllərini görmədinizmi? Bu şəcərənin məlun, əxlaqsız tayfası müsəlmanların idarə edənləri və əmirliləri olduqları gündən bəri, müsəlmanlar arasında zülm, təcavüz və pozğunçuluq qapısı açılmışdı.


Etdikləri zülm qalmadı, nə qədər qan tökdülər, nə qədər namusa təcavüz etdilər! Bu heysiyyətsiz, rəzil qövm heç bir şeyə bağlı deyildi. Sizin böyük alim və tədqiqatçılarınız da onların çirkin və pis əməllərini böyük bir kədərlə öz kitablarında qeyd etmişlər».

ZEYD İBN ƏLİNİN (Ə) ŞƏHADƏT VAQİƏSİ

Sizin böyük alimlərinizdən olan Əllamə Məqrizi Əbül Abbas Əhməd ibn Şafei «Ən-niza vət-təhasum fima beynə Bəni-Haşim və Bəni-Üməyyə» adlı məşhur kitabında onların çirkin əməl və işlərini geniş bir şəkildə izah etmişdir: «Onlar ölü və diri tanımırlar». Misal olaraq iki önəmli tarixi hadisəni açıqlamaqla, bu sülalənin ‒ Bəni-Üməyyənin etdikləri çirkin cinayətlərdən bir neçəsin hüzurunuza ərz edim.

Təəccüblənməyin qardaşlar, bilin ki, söyləcəklərim sənəd və əsas üzrədir. Bu önəmli hadisə, həzrət Zeyd ibn Əli ibn Hüseyn (ə) və oğlu Yəhyanın şəhadətidir. Hər iki məzhəibn ‒ şiə və əhli-sünnənin bütün tarixçiləri bu cür yazmışlar: «Hişam ibn Əbdülməlik ibn Mərvan hicri-qəməri 105-ci ildə xilafətə yetişdi. Zülm və təcavüzkar əməllərini artırdı. Özü və ona tabe olanlar xüsusilə Bəni-Haşimə zülm və əzab verməkdə ən son həddə yetişdilər.

Nəhayət, Zeyd ibn Əli, o yeganə şərif, alim, abid, zahid, fəqih və mütdəqa insan olan zülmlərdən şikayət etmək üçün Şama, xəlifənin yanına getdi. Rəsafədə Hişamla görüşdü. Həzrət nə üçün gəldiyini bəyan etməzdən əvvəl, Hişam Rəsulullahın (s) bədəninin bir parçası, nəslindən olan bir müsafiri qarşılamaq, ona yardım etmək və ehtiyaclarını öyrənmək əvəzinə, onu dinləmədən, o həzrəti sərt bir şəkildə, dilə gəlməyən çirkin sözlərlə, təhqirlərlə və əzab verməklə xilafət sarayından qovdu.

Buna görə də, bizim və sizin böyük tarixçilərimiz məsələni, imam Məsudi «Mürucuz-zəhəb»in ΙΙ cildində, Əllamə Məqrizi «Ən-niza vət-təhasum fima beynə Bəni-Haşim və Bəni-Üməyyə», İbn Əbil-Hədid Mötəzili «Şərhi Nəhcül-bəlağə»də və digər şəxslər müfəssəl olaraq yazırlar ki, Zeyd ibn Əli ona yönələn təhqirlərdən, dəyən ağır zərbələrdən və xəlifənin yanından qovulduqdan sonra məcburən Şamdan Kufəyə getdi. Zülmü yox etmək üçün Əməvilərin əleyhinə bir hərəkat yaratdı.

Kufə şəhərinin hakimi olan Yusif ibn Ömər Səqəfi böyük bir ordu ilə o hərəkatı məfv etmək üçün mübarizəyə başladı. O həzrət də haşimi bir şücaət və cəsarətlə bu şerləri oxuyub döyüşürdü:

Zillətli həyat və izzətli ölüm, Hər ikisini də çətin və şiddətli görürəm. Onlardan birini seçmək məcburiyyətində olsam, İzzətli ölümə doğru getməyim daha gözəldir.

Bu anda düşmən tərəfindən bir ox Həzrətin mübarək alnına sancıldı və beləliklə, şəhadət şərbətini içərək, Allahına qovuşdu. O həzrətin oğlu Yəhya şiələrlə birlikdə qarşıqlıqdan istifadə edərək, atasının mübarək bədənini gizli bir şəkildə götürüb, şəhərin kənarındakı bir noxurun içərisində qəbir qazıb, dəfn etdilər. O həzrətin qəbrinin harada olduğunu bilməmələri üçün noxurun suyunu o qəbrin üzərinə axıtdılar. Amma Yusif Səqəfinin fitnəçi casusları bu hadisəni ona çatdırdılar. Bundan sonra Yusif Səqəfi qəbrin açılması və cəsədin məzardan çıxarılmasını əmr etdi. Qəbir açıldı və o həzrətin başını bədənindən ayırıb, Hişam üçün Şama göndərdilər. O nanəcib, ədalətsiz və məlun Kufə hakimi olan Yusif Səqəfiyə, Zeydin bədənini üryan olaraq dar ağacından asmalarını əmr etdi. O məlunlar da Hişamın əmrini yerinə yetirərək, səfər ayı hicri-qəməri tarixi ilə 121-ci ildə Rəsulullahın (s) zürriyətinin bədənini çılplaq şəkildə ağacdan asdılar. Rəsulullahın (s) bədəninin bir parçası olan o alim və zahidin bədəni 4 il ağacda asılı qaldı. 126-cı ildə Vəlid ibn Yezid ibn Əbdülməlik ibn Mərvan xilafətə yetişdikdə, o həzrətin cəsədini dar ağacından endirilib yandırılması və sonra da külünün havaya savrulmasını əmr etdi. Tabeliyində olanlar da bu əmri icra etdilər.

CƏNAB YƏHYANIN ŞƏHADƏTİ

O məlun Vəlid ibn Yezid eyni əməli Xorasan şəhərlərindən biri olan Cürcanda[1] Yəhya ibn Zeyd ibn Əli ibn Hüseynin (ə) mübarək bədəninə qarşı tətbiq etdi. Çünki o həzrət də Bəni-Üməyyənin zülmünə qarşı qiyam etdi və döyüş meydanında şəhid oldu; başını bədənindən ayırıb, Şama göndərdilər; mübarək bədənini, atasının bədəni kimi dar ağacından asdılar, 6 il beləcə ağacda asılı qaldı. Dost və düşmən o həzrətin halına ağlayırdı. Vəlid cəhənnəmə vasil olduqdan sonra Bəni-Abbas tərəfindən Bəni-Üməyyənin əleyhinə qiyam edən Əbu Müslim Xorasani Rəsulullahın (s) zürriyətinin bədənini zülm ağacından qurtarıb, Cürcanda dəfn etdi. İndiyə qədər mübarək qəbri bütün müsəlmanların ziyarətgahı və onların ehtiram göstərdikləri müqəddəs bir yerdir (məclisdə olanlar bu acı vaqiəni eşitməklə, təsirləndilər; bəziləri də özlərindən asılı olmayaraq, ağlayıb, o lənətlilərə lənət oxudular).

Bu səbəbdən, misal olaraq zikr etdiyimiz cinayətləri edən xəbis xanədanın əlinə Əmirəl-möminin həzrət Əli ibn Əbu Taliibn(ə) mübarək bədəni keçsəydi, o həzrətin cismilə də eyni şəkildə davranacaqdılar və bu əməl, onlar tərəfindən gözlənilirdi də.

Bu səbəbdən İmamın vəsiyyətinə əsasən, cənazəsi gecə ikən dəfn edildi və qəbrin üzərində heç bir əlamət qoyulmadı. Abbasi xəlifəsi Harun ər-Rəşidin zamanına qədər gizli qaldı.

Bir gün Harun Rəşid xidmətçiləri ilə birlikdə qamışlıq və ceyranların mövcud olduğu yer olan Nəcəf çölünə ova çıxıb, tazı [2] və parslarla [3] ahuları təqib edirdi. Ovlar “Təllü-Nəcəfə”[4] sığındılar; amma tazı və parslar Təllü-Nəcəfin üzərinə çıxmadılar. Bu əməl bir neçə dəfə təkrarlandı; yəni tazılar geri qayıtdıqda, ceyranlar təpədən aşağı enir, təqib edildikdə isə, təkrar o təpəyə sığınırdılar. Xəlifə, tazıların təpənin üzərinə çıxmadıqlarını gördükdə, o yerdə bir sirrin olduğunu düşündü. Bu səbəbdən, xidmətçilərinə yerli camaatdan yaşlı bir adamı onun huzuruna gətirmələrini əmr etdi. Bir ağsaqqal tapıb gətirdilər. Xəlifə o adamdan «Bu təpədə nə sirr vardır ki, tazılar ceyranların ardınca onun üzərinə çıxmırlar?» – deyə soruşdu.

HƏZRƏT ƏLİNİN (Ə) QƏBRİNİN AŞKAR EDİLMƏSİ

Qoca cavabında, «Mən sirrini bilirəm, lakin söyləsəm, həyatım əldən gedər» dedi. Xəlifə təminat verdikdə, ağsaqqal sözə başladı: «Atamla birlikdə buraya gəldik. Atam bu təpənin üzərini ziyarət edib, orada namaz qıldı. Atamdan, «Burada nə vardır?» deyə soruşdum. Atam cavabında belə dedi: «Biz imam Cəfər Sadiqlə (ə) birlikdə buranı ziyarətə gəldik. İmam (ə), «Bura cəddimiz Əli ibn Əbu Talibin (ə) məzarıdır, bu yaxında aşkar olacaqdır» buyurdu.

Xəlifə o yerin qazılmasını əmr etdi. Oranı qazanda, qəbir əlamətinə oxşar daş çıxdı. Orada iki sətir “Süryani” xətti ilə yazılan bir lövhə gördülər. Lövhədəki yazını tərcümə etdikdə, bu sözlərin yazıldığı məlum oldu: «Bu Nuh peyğəmbər tərəfindən 700 il əvvəl Mühəmmədin (s) vəsisi olan Əli üçün qazdığı qəbirdir».

Harun bunu gördükdə, o qəbrə çox ehtiram göstərdi; topraqları təkrar öz yerinə tökmələrini əmr edib, özü də dəstamaz alandan sonra aşığı endi. İki rükət namaz qıldı, çox ağladı və özünü o pak və mütəhhər qəbrin üzərinə atdı. Daha sonra həzrət Musa ibn Cəfərin (ə) huzuruna bir məktub yazaraq, bu hadisənin o həzrətdən öyrənilməsini əmr etdi. Həzrət onların sualarının cavabında belə yazdı: «Bəli, ora cəddim Əmirəl-möminin həzrət Əlinin (ə) qəbridir».

Harun qəbrin üzərində daşla bir bina tikilməsini əmr etdi. Bu bina «Təhciri-Harun» adı ilə məşhur oldu. Daha sonra bu xəbər digər şəhərlərə yayıldı. Möminlər dörd bir tərəfdən səfər edib, o həzrətin ziyarətinə axışdılar. Bu səbəbdən, Seyid İbrahim Mücab da fürsət tapıb, Şiraz şəhərindən Həzrətin ziyarəti üçün yola çıxdı. Kərbəlayi-Müəllanı ziyarət edib ondan ayrıldıqdan sonra, Haqqın nidasına «ləbbeyk» deyib, dünyadan köçdü və cəddi imam Hüseynin (ə) yaxınlığında dəfn edildi. İndiyə qədər mübarək qəbri həzrət Hüseynin (ə) məqbərəsinin şimal qərbində dostlarının ziyarətgahıdır.

HƏZRƏT ƏLİNİN (Ə) MƏZARI HAQQINDAKI İXTİLAF

Hafiz: «Amma mən belə açıq və qəti buyurduğunuz kimi, mövlamız həzrət Əlinin (ə) qəbrinin Nəcəfdə olduğunu düşünmürəm. Çünki alimlər onda ixtilaf etmişlər. Bəziləri Kufənin hökumət sarayında, bəziləri Kufə məscidinin qiblə tərəfində, bəziləri Kufə məscidinin Babul-Kəndesində, bəziləri Kufə Rəhəbəsində və bəziləri də Bəqi qəbristanında olduğunu söyləmişlər. Bizim Əfqanıstanın Kabul şəhərinin yaxınlarında da «Məzari-Əli» adında bir qəbir vardır. Deyirlər ki, mövlamız Əlinin cənazəsini bir sandığa qoyub sonra onu bir dəvənin üzərinə bağlayaraq, Mədinəyə doğru apardılar; bəziləri sandığın içərisində qiymətli əşyaların olduğunu zənn edərək, karvanı qarət edirlər. Sandığın ağzını açdıqda, Həzrətin mübarək cəsədini gördülər. Onu Kabula gətirib, orada dəfn etdilər. Bu səbəbdən, o bölgənin əhalisi o məzara ehtiram edirlər».

Dəvətçi: «Bütün bu mübahisəli fikirlər o həzrətin qəbrinin gizli qalmasını əmr etməsinə görə ortaya çıxmışdır. Bu fəqir (mən) təfsilatıyla izah etmək istəmədi. Bu səbəbdən, imam Cəfər ibn Məhəmməd Sadiqdən (ə) belə bir rəvayət nəql edilmişdir: «Həzrət Əmirəl-möminin Əli (ə) vəfat anında oğlu imam Həsənə belə buyurdu: «Nəcəfdə məni dəfn etdikdən sonra qəbrimin yerini heç kəsin bilməməsi üçün bu dörd yerdə qəbir qaz: 1. Kufə məscidində; 2. Rəhəbədə; 3. Cödə Hübeyrənin evində; 4. Ğərada».

Əlbəttə, bu fikir ayrılığı sizin alimləriniz arasındadır. Çünki onlar hər kəsin sözünə etina göstərirlər. Amma şiə alimlərinin o həzrətin mübarək qəbrinin Nəcəfül-Əşrəfdə olmasında fikirləri birdir. Çünki onlar hədislərini pak Əhli-beytdən almışlar. Əhli-beytin də, beytdə olan şeyləri başqalarından daha yaxşı bilmələri açıq-aşkardır.

«Həzrət Əlinin (ə) məzarı Kabulun yaxınlığındadır» buyurduğunuz sözə gəlincə, bu söz həqiqətən çox gülünc, tamamilə yalandır və bu hadisə, doğru bir xəbərdən daha çox əfsanəyə yaxındır.

Daha çox sizin alimlərinizə heyrət edilməlidir. Çünki hər yerdə pak Əhli-beytdən və onların sözlərindən uzaq durmuşlar; hətta ixtilaf çıxmaması üçün atalarının qəbrinin yerini övladlarından soruşmağa belə hazır olmamışlar. Çünki «ev əhli» evdə olanı daha yaxşı bilir; o həzrətin övladlarının atalarının dəfn edildiyi yeri başqalarından daha yaxşı bilmələri, gün kimi aydındır.

Əgər o zikr edilmiş yerlərdən hər hansı biri doğru olsaydı, hər halda pak və məsum imamalar öz şiələrinə xəbər verərdilər. Əksinə, Nəcəful-Əşrəfə yönəlmişlər. Hətta özləri belə Əmirəl-möminin (ə) Nəcəfdəki qəbrinin ziyarətinə getmiş və şiələri də bu işə təşviq etmişlər.

Sibt ibn Cuzi «Təzkirə» kitabında müxtəlif rəvayətlər zikr etmişdir: «Altıncı rəvayət də budur ki, həzrət Əlinin (ə) qəbri, bu gün bütün xalqın ziyarətgahı olan «Nəcəful-Əşrəf» şəhərindədir. Bu rəvayət daha aşkar və məşhurdur».

Yenə digər alimləriniz, məsələn Xətib Xarəzmi, «Mənaqib», Xətib Bağdadi «Tarixi-Bağdad», İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə» və sairləri öz kitablarında o həzrətin dəfn edildiyi yerin Nəcəfül-Əşrəf olduğunu yazmışlar.

İBRAHİM MÜCABIN ÖVLADLARI

«Əl-kəlamu yəcurrul-kəlam»[5] münasibətiylə əsl mövzudan uzaqlaşdıq. İbrahim Mücabın (r.ə) Kərbəlada vəfatında sonra ondan Əhməd, Məhəmməd və Əli adında üç oğlu yadigar qaldı. Onların hər üçü də cədlərinin dinini təbliğ etmək üçün o zaman hökumət mərkəzi sayılan İrana doğru hərəkət etdilər. Əhməd «Qəsri ibn Hübeyrə»yə gedərək, orada məskunlaşdı və övladlarının hamısı dinə xidmətlə məşğul oldular.

Məhəmməd [6] Kirmana gəldi. Ondan Əbu Əli Həsən, Məhəmməd Hüseyn Şəyyiti və Əhməd adında üç uşaq yadigar qaldı. Onlara da çox şərəfli nəvələr nəsib oldu. Məhəmməd Hüseyn və Əhməd Kərbəlaya qayıtdılar və atalarının qəbri kənarında ömürlərini başa vurdular. Onların nəslindən Kərbəla və ətrafında məşhur böyük qəbirlər vardır. Məsələn, möhtərəm “Ali Şəyyiti” və “Ali Fəxxar” seyidlərinin qəbiləsi ki, Məhəmməd Hüseyn Şəyyitinin nəslindəndirlər və Əli Əbu Nəsr və Əli Tumə seyidləri də imam Hüseynin (ə) pak hərəminin xidmətçilərindən idilər. Onlar da Əhmədin soyundandırlar.

Əliyyul-Həsən isə Şiraza gəldi. Şiraz əhalisi təəssübkeş sünni, ümumilikdə nasibi və xəvaric tərəfdarlarından idilər. Əhli-beytə qarşı məxsus bir ədavətləri olduqlarına görə, Əliyyul-Həsən seyid olduğunu gizli saxladı. Buna görə də, ərəb libasıyla şəhərin kənarındakı çuxur bir yerdə[7] evlər tikib, orada yerləşdi. Şirazın Sərəzdək məhəlləsində evləri olan şiə ailələri şərafətli imamzadələrlə əlaqə yaratdılar. Onlar dagizli bir şəkildə dini təbliğat və vilayət haqqında həqiqətləri yaymağla məşğul oldular.

Əbu Əli Əhməd vəfat etdikdən sonra onun böyük oğlu olan Əbu Təyyib təbliğat sahəsini genişləndirdi, yavaş-yavaş şöhrəti artmağa başladı. Müxaliflərdən çoxu hidayət olub, haqq yolunu tapdılar. Artıq şiə cəmiyyəti çoxalmağa başladı. Müəzzəm imamzadələrin təbliğat və təşəbbüsləri nəticəsində, əhəmiyyətli təşkilatlar quruldu. Hətta Şirazda «Abidi və Mücabi seyidləri» adında təbliğat minbərləri bərpa edildi.

Öz qohumlarını dini təbliğ etmək üçün dəstə-dəstə kəndlərə göndərir, bir az olsun belə, dini xidmət və təbliğ etməkdən çəkinmirdilər. Onların təbliğat sahəsi İranın ətrafındakı şəhərlərdə getdikcə genişlənirdi. Şiəliyi seçən Diyaləmə zamanında, həmçinin Qazan xan (Mahmud) və Monqol Ülcayitu (Sultan Məhəmməd Xudabəndə) səltənəti dövründə və tamamilə azad olduqları Səfəviyyə zamanında şiə aləminə böyük xidmətlər edildi; İran şəhərlərinin çoxunda şiə imamiyyə məzhəbinin həqiqətləri bu uca xanədan vasitəsi ilə yayılmış oldu.

ŞİRAZ SEYİDLƏRİ TEHRANDA

Mərhum Fətəli Şah Qacarın səltənət dövrünün sonlarında Mərhum seyidul-füqaha vəl müctəhid Əllamə Hacı Seyid İsmail Müctəhid Mücabinin ən seçilmiş övladlarından olan bizim böyük cəddimiz mərhum Seyid Həsən Vaiz Şirazi müqəddəs Məşhəddə imam Rzanın (ə) məzari-şərifini ziyarət edib döndükdən sonra Tehrana gəldi. Müsəlman elmsevər şahənşah ona çox maraq göstərib Tehranda qalmasını rica etdi. Dini vəzifəsini icra etmək üçün o, şahın ricasını qəbul etdi. O zamanlar Tehranda alimlərin dini məsələləri bəyan etdikləri məscidlərdən başqa, bugünkü kimi digər təbliğat məclisləri adət deyildi. Təkkələrdə sadəcə təziyə və növhə oxuyaraq, mərasimlər təşkil olunurdu. Onlardan ən əhəmiyyətlisi, Şahənşah dövlətinin təkkəsində təşkil olunan məclislər idi.

Bu səbəbdən, hörmətli seyid Həsən və Şahin şahın ona göstərişi ilə təkkələr, nohə və təziyə məclislərini təbliğ məclislərinə çevirdilər.

Tehranda ilk təbliğ toplantısının təməlini qoyan və moizə minbərləri quran, böyük babam mərhum Seyid Həsən Vaiz Şirazi olmuşdur. Bu toplantılar, müctehid və mərceyi-təqlidlərin hədəfləri istiqamətindəki irəliləyişlərə çox yardımçı olmuşdur. Bunun üçün mərhum Seyid Həsən və mərhum Hacı Seyid İsmaili Müctəhidin öz cədləri olan Şirazda yaşayan babalarına bir məktub yazırlar. Bununla əlaqədər öz övladları arasından Seyid Cəfər, seyid Rza müctehidi-fəqih, Hacı Seyid Abbas, Seyid Cavad, Seyid Məhdi, Seyid Müslim, Seyid Kazim və Seyid Fəthullah Tehrana gedirlər.

Qəzvin əhalisinin dəvəti ilə Seyid Məhdi, Seyid Müslim və Seyid Kazim təbliğ üçün o bölgəyə göndərilirlər. O üç seyidin nəslindən olan Mücabi seyidləri indi də o bölgədə məşhurdurlar.

Mərhum Seyid Həsənin özü də, digər qardaşlarıyla birlikdə Tehranda təbliğ məclisləri təşkil edirdi. Bu təbliğ sahəsini genişləndirir, mehrab, minbər vasitəsiylə şəri-ənvəri ‒ nurlu şəriəti yaymağa çalışırdılar. Hicri 1291-ci ildə mərhum Seyid Həsən vəfat edir. Ondan sonra «Silsileyi-cəliləi sadat»ın riyasəti, o mərhumun böyük oğlu, mənim böyük babam olan mərhum Seyid Qasim Bəhrül-üluma intiqal edir. Çünki «Silsileyi-cəliləi sadat»ın bu gözəl riyasət libası, o zaman min kişi bərabərində olan Şirazi xanədanı arasında zöhd və təqvada məşhur, məqul və mənqulu[8] cəm və üsul və füruu əhatə edən, zamanın üstün zəkalısı, elm, əməl və siyasətdə tam məşhur olan sadəcə o şanı uca Seyidə yaraşırdı.

Mərhum Bəhrül-ülumun Allahın rəhmətinə qovuşduğu [9] hicri 1308-ci ildən bu zamana qədər, bu şanı uca xanədanın riyasəti, «şiənin köməyi, şəriəti yaşadan, İslam ümmət və dininə yardım edən, Peyğəmbərin əhkamını yayan, siqətul-İslam vəl-müslimin, fəridüd-dəhr, vahidul-əsr» və Qacar şahı Nəsrəddin tərəfindən «Əşrəful-Vaizin» ləqəbiylə məşhur olan cəddimiz həzrət Seyid Əliəkbər ilədir.

Bu alicənab və uca insan səksən ilə yaxın müddət ərzində töhvid bayrağı olmuş və müxtəlif, xüsusən son əsrin hadisələri, din düşmənləri və əcnəbilər qarşısında tam bir cəsarət, fədakarlıq və sonsuz bir qüdrətlə durmuş, din və əhkamı yaymaqda çalışmış, nəhy ediləni qabaqlamaqda, pak İslam şəriətinin hökmlərini qorumaqda, həqiqətləri çatdırmaqda və elm mərkəzlərini genişləndirməkdəki xidmətləri, dost və düşmən tərəfindən təsdiq və təyid olmuşdur.

O ali şəxsin günəşdən daha aşkar olan sehirli bəyan və təsiredici sözləri, müxtəlif zaman və məkanlarda alim və mərceyi-təqlidlərin diqqətlərini çəkmişdir. Xüsusilə hüccətül-islamlar, ayətullahlar, mərceyi-təqlidlər, əsrin üstün zəkalıları mərhum höccətül-İslam Hacı Mirzə Məhəmməd Həsəni Şiraziye Bozorq (XΙΙΙ yüzillikdə Əhli-beyt məzhəbini canlandıran), Hacı Mirzə Həbibullahi Rəşti, Hacı Şeyx Zeynülabidin Mazandarani, Hacı Mirzə Hüseyn, Hacı Mirzə Xəlil Tehrani, Seyid İsmail Sədr İsfahani və Mirzə Məhəmməd Təqi Şirazi (Allahın salamı onlara olsun), xüsusi ilə elm şəhəri Nəcəfi-Əşrəfdə oturan, bu qarmaqarışıq əsrdə «Firqeyi naciyeyi imamiyyə»nin riyasətinin qabaqcıl fəqihi Əhli-beyti ismət vət-təharət, seyidul-füqaha vəl-müctəhidin, ayətullahi fil-ərəzin, həzrəti seyid Əbül Həsən İsfahani o şanı uca Seyidin ‒ Əşrəful-Vaizin haqqında həddindən çox lütf və məhəbbət izhar etmişlər [10].

Seyid Əbül Həsən İsfahani həqiqətən elm və hüsni-siyasətdə «انا مدينة الملم وعلي بابها» bayrağını, bir dünya müxalif qarşısında, bəşəriyyət aləmi üzərində yüksəltməyə, Mavərai-Bihara qədər İslam əhkamını yaymağa və müxtəlif millət və inanclara sahib olanlardan bir çox qrupların, İslam elm mərkəzinə və məzhəbi-haqq olan “Cəfəri məzhəbi”nə daxil olmalarına səbəb olmuşdur [11].

Yenə usdadların usdadı və Qumun ilahi elmlər mədrəsələrinin rəhbəri olan müqəddəs zat Ayətullah əl-uzma Hacı Şeyx Əbdülkərim Hairi Yəzdi (r.ə) [12] Əşrəful-Vaizinə həddindən artıq dəyər vermiş, təsdiq etmişdir; daima «Seyful-İslam» (İslamın qılıncı) adıyla onu yad etmişdir. Çünki kəsici dil qılıncının gücüylə küfr, mürtəd, azğın və fəsad sarayının təməlini sarsıtdığını, ilahi kəlam və haqq məzhəbi yaymaq yolunda cihad və fədakarlıq göstərməkdən çəkinmədiyini müşahidə edirdi.

Xülasə, indiyə qədər bu silsileyi-cəlilə Tehran və onun ətrafında, «Sadati Şirazi Abidi və Mücabi» adıyla daima şəriətə xidmət etmiş və üzərilərinə düşən vəzifələrini yerinə yetirmişlər. Müxaliflərin baltaları, böhtan və iftiraları qarşısında müqavimət göstərərək, gözəl bir şəkildə cavablarını vermişlər. Demək, «Nə səbəbdən İrana getdiniz və bu nə cür baş verdi?» – deyə soruşduğunuz sualın cavabı, bu pak şəcərənin uzun həyatından qısaca ərz etdiklərimdir.

Bu böyük xanədanın hədəf və məqsədi, imam Museyi-Kazimin (ə) oğlanlarından olan Seyid Əmir Məhəmməd Abid və Seyid İbrahim Mücabın zamanından (təqribən 1300 il ötür) indiyə qədər, İslam dini və şəriətinə xidmət etmək olmuşdur. Daima bu ayəni ‒ «O kəslər ki, Allahın risalətlərini və hökmlərini (camaata) yetirər və Ondan qorxar və Allahdan başqa heç kimdən qorxmazlar Allah özü (onların batinlərini və zahiri əməllərini) hesablamaqda kifayət edir.»[13] ‒ göz önündə canlandıraraq təbliğ kürsüsündə oturmuş, Allahdan başqa heç kəsdən qorxmadan, Allaha söykənərək, üzərlərinə düşən vəzifələrini yerinə yetirmişlər.

Müzakirə bura yetişdikdə, Seyid Əbdülhəy saatına baxıb belə dedi: «Gecədən xeyli vaxt keçmişdir. İzn versəniz, digər söhbətlər sabaha qalsın; sabah inşaallah vaxtımızın daha çox olması üçün bir az tez gələrik».

Mən də təbəssümlə həmsöhbətlərimə müvəffəqiyyət dilədim. Çay içib Hindistan şirnilərindən yedikdən sonra ayağa qalxdılar; biz də səmimiyyət və məhəbbətlə onlarla vidalaşdıq.


[1]   Hal-hazırda «Qorqan» adlandırılır.

[2]    Ov itinə deyilir.

[3]    Pələngə oxşayan yırtıcı heyvan.

[4]    «Nəcəf», lüğətdə suyun yetişdiyi təpəyə deyilir. Nəcəf selin ev və məzarlara mane olan Kufənin arxasındakı su bəndinin adıdır. Həzrət Əlinin (ə) məzarı o bəndin yaxınlığındadır. Bu səbəbdən, Firuzabadi Qamus adlı lüğət kitabında Nəcəfi bu şəkildə məna etmişdir. (Digər bir rəvayətə görə, Nəcəfin əsl adı «Ney Cəf», yəni «quru qamış»dır. Mütərcim).

[5]    Söz sözü gətirir.

[6]    «Hairi» ləqəbiylə məşhurdur.

[7]    Yavaş-yavaş şəhər genişləndi. Qacar səltənətinin əvvəli olan Məhəmməd xan Qacarın səltənəti zamanına qədər artıq şəhərin çevrəsindəki xəndək və çuxurlar şəhərin cüzi bir hissəsi oldu. İmamzadələrin ərəbi evlərdə təbliğat apardıqları məhəllə indi də Şirazda məşhurdur. O məhəllədə məhşur olan məscid, İran padşahı Kərim xan Zəndin qardaşı mərhum şeyx Əlixan Zənd tərəfindən o əsrlərin məşhur alimlərindən olan bizim böyük cəddimiz mərhum Hacı Seyid İbrahim Müctehid üçün tikdirilmişdi.

[8]    «Məqul» və «mənqul», əqlə və nəqlə söykənən elmlərə deyilir.

[9]    Mərhum Bəhrilul hicri. 1308-ci ildə vəfat etmişdir. Kərbəlayi Molla da Mirzə Musa Balkonuyla həzrət Hüseynın (ə) başının arxa tərəfi arasında cəddi mərhum seyid Həsəni Vaizi Şirazinin qəbrinin kənarında dəfn edildi.

[10]   Əşrəfül-Vaizin Şirazi 21 şəban h. 1351-ci ildə, 83 yaşında ikən Kirmanşahda Allahın rəhmətinə qovuşdu. Üç gün tətildən sonra mərhumun cənazəsi Dəvətçinin ittifaqıyla birlikdə müqəddəs ziyarətgahlara aparıldı. Böyük alim, tacirlər, əsnaf və s.-dən ibarət Kərbəla xalqının müşayəti ilə həzrət Seyyidüş-şühədanın (ə) mütəhhər ziyarətgahında (böyük cəddi Seyid İbrahim Mücabın qəbri kənarında) dəfn edildi.

[11]      Mərhum Seyid Əbül Həsəni İsfahani 9 zilhiccə h. 1365-ci ildə Kazimeyində, 30 il dünya müsəlmanlarının riyasət və liderliyindən sonra 88 yaşında ikən Allahın rəhmətinə qovuşdu. Mərhum Şeyx Mufiddən (r.ə.) sonra bənzəri görülməmiş qəribə bir cənazə ilə Nəcəfül-Əşrəfə qaldırılıb, qızıl eyvanın qarşısında yerləşən səhnin kənarındakı hücrədə basdırılmışdır.

[12]    17 Zilqəddə h. 1355-ci ildə Qum şəhərində dünyasını dəyişdi və «Mədrəseyi-Balasər»də dəfn edildi.

[13]    «Əhzab» surəsi, ayə 39.

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!