13-CÜ MÜNAZİRƏ - II hissə

:

İMAMƏT ŞİƏ ƏQİDƏSİNƏ GÖRƏ İLAHİ VƏ ÜLVİ BİR MƏQAMDIR
İmamət, “kəlam elmi”nin alimlərinin bəyan etdikləri kimi ilahi bir məqamdır və o da, üsulid-dindəndir. Bizim əqidəmizdə imamət, ilahi bir məqam olaraq Rəsulullah (s) tərəfindən irəli sürülən, din və dünya işlərində ona itaəti vacib olan idarəçilikdir.

Şeyx: İmamətin üsulid-dindən olduğuna dair qəti dəlillər gətirə bilsəydiniz yaxşı olardı. Çünki böyük İslam alimləri “imamət”i, üsulid-dindən deyil, füruid-dindən saymışlar və şiə alimləri dəlilsiz bir şəkildə “imamət”i üsulid-dinin bir hissəsi olaraq bilirlər.
Dəvətçi: «Bu bəyan sadəcə şiəyə aid deyildir. Sizin böyük alimlərinizdən bəziləri də imamətin üsulid-dindən olduğu inancına sahibdirlər. Məsələn sizin böyük və tanınmış müfəssirlərinizdən Qazı Beyzavi «Minhacul-üsul» adlı kitabının «əxbar» bəhsi bölməsində açıq bir şəkildə belə bəyan edir: «İmamət, üsulid-dinin ən önəmli məsələlərindəndir və bunun rəddi küfr və bidətə səbəb olar».
Molla Əli Quşçi «Şərhu-təcrid» kitabının “imamət” fəslində belə deyir: «İmamət, Peyğəmbərdən xilafət yolu ilə, din və dünya işləri xüsusunda ümumi bir rəhbərlikdir».
Əgər “imamət” füruid-dindən olsaydı, Rəsuli-əkrəm (s) “imamını tanımadan ölən cahil kimi öldüyünü” – buyurmazdı. Sizin böyük alimlərinizdən Həmidi «əl-Cəmu bəynəs-səhiheyn» adlı kitabında, molla Səd Təftazani «Əqaidi-Nəsəfi»nin şərhində və bir çoxları həzrət Peyğəmbərdən bu hədisi nəql etmişlər: «Kim zamanının imamını tanımadan ölərsə, cahiliyyə ölümüylə ölmüşdür».
Dinin cüzi məsələlərindən birini bilməmək, cahiliyyə ölümüylə ölməyə səbəb olmaz. Çünki Beyzavi; «İmamətə müxalifət etmək, küfr və bidətə səbəb olar» – deyir.
Nəticə etibarı ilə “imamət” üsulid-dindən olub nübuvvət məqamının tamamlayıcısıdır. Buna görə imamətin lüğəvi mənası ilə istilahı (terminaloji) mənası arasında çox böyük fərq vardır. Siz, öz alimlərinizi imam bilirsiniz və deyirsiniz ki; İmami-əzəm, imam Malik, imam Şafei, imam Əhməd ibn Hənbəl, imam Fəxri Razi, imam Sələbi, imam Qəzali və digərləri, burada qeyd olunan imam kəlmələri, İmamətin lüğəti mənasıdır və biz də İmam kəliməsini bu mənada da istifadə edirik. Camaat imamı və ya cümə imamı təbirləri buna bir misaldır.
Əgər “imam” bu məna ilə istifadə olunarsa, yüzlərcə imamın eyni zamanda yaşaması mümkündür. Amma imam, əvvəldə ərz etdiyimiz kimi Peyğəmbərdən (s) sonra ümmətin ümumi başçısı mənasınadır; hər zamanda sadəcə bir nəfər imam (başçı) ola bilər və bu imam, bütün əxlaqi sifətlərin yanında hər kəsdən daha alim, daha cəsur, daha təqvalı və ən önəmlisi məsum olmasıdır. Qiyamət gününə qədər yer üzü heç bir zaman belə bir imamın vücudundan məhrum qalmayacaqdır.
Aydındır ki, bu şəkildə insanlığın bütün kamalları vücudunda cəm olmuş bir imamın məqamı, mənəvi məqamların ən üstünüdür. Belə bir imam Allah-taala tərəfindən müəyyən edilməli və Peyğəmbər (s) tərəfindən də xalqa təbliğ edilməlidir. Bu xüsusiyyətə sahib olan bir şəxsin (imamın) məqamı, bütün məxluqatdan, hətta peyğəmbərlərdən daha böyük və ucadır.
Hafiz: «Siz bir tərəfdən Ğulatı qınayırsınız, digər tərəfdən də özünüz İmamlar haqqında ğuluv edirsiniz; onların məqamını peyğəmbərlərdən üstün bilirsiniz. Həm əqli dəlillərlə, həm də Qurani-kərim də, aydın bir şəkildə peyğəmbərlərin məqamını ən yüksək məqam olaraq tanıdmışdır və vacib ilə mümkün arasındakı ən yüksək məqam peyğəmbərlərin məqamıdır. Sizin bu iddianız, dəlilsiz bir iddia olduğuna görə qəbul edilməsi mümkün deyildir.

İMAMƏT MƏQAMI NÜBÜVVƏTİ-AMMƏDƏN DAHA ÜSTÜNDÜR
Dəvətçi: Siz, iddianın dəlilini soruşmadan, mənim dəlilsiz danışdığımı buyurdunuz. Ən böyük dəlil Quranın özüdür. «Bəqərə» surəsində Allahın xəlili olan həzrət İbrahimin dastanında, üç böyük imtahandan (can, mal, övladdan) sonra – bu bütün təfsirlərdə qəbul edilmiş və isbatlanmışdır ‒ Allah-taala bu böyük məqamı ona lütf etmişdir. Allah-taala həzrət İbrahimə nübüvvət, ulul-əzmlik (şəriət sahibi olmaq) və xəlillik məqamından daha üstün olan bu məqamı vermişdir. Əgər bu məqam onlardan daha üstün olmasaydı bu məqamı yüksəltmək, dərəcə ünvanı ilə verilməsinin mənası olmazdı. Allah-taala Bəqərə surəsinin 124-cü ayəsində Rəsuli-əkrəmə (s) belə xəbər verərək buyurur:
«Rəbbi İbrahimi bir neçə sözlə imtahana çəkdi. O da bunları yerinə yetirdikdə Allah-taala ona buyurdu: «Mən səni insanlara “imam” etdim». İbrahim soruşdu: «mənim nəslimdən necə?». Allah buyurdu: «Mənim əhdim zülmkarlara şamil olmaz».
Bu mübarək ayədən bir sıra nəticələr ortaya çıxır; onlardan biri də İmamət məqamının isbatıdır. Bu məqam nübüvvət məqamından daha üstündür. Çünki Allah-taala “imamət” məqamını nübüvvət məqamından sonra həzrət İbrahimə verdi. Yuxarıdakı dəlillərdən alınan nəticə imamət məqamının nübüvvət məqamından üstün olmasıdır.
Hafiz: «Sizin bu sözlərinizə görə, İmam olaraq qəbul etdiyiniz Əlinin (kərrəməllahu vəchəhu) məqamı, Peyğambərdən daha üstündür. Bunun isə ğulatın əqidəsi olduğunu özünüz söyləmişdiniz».
Dəvətçi: «Nübüvvətdən qəsdimiz sizin təbir etdiyiniz qisim deyildir. Siz özünüz də bilirsiniz ki «nübuvvəti-ammə» (ümumi nübüvvət) ilə «nübuvvəti xassə» (xüsusi nübüvvət) arasında çox böyük fərq vardır. İmamət məqamı nübuvvəti-ammədən üstündür. Amma nübuvvəti xasdan aşağıdır. Peyğəmbərimizin uca məqamı da nübuvvəti xas məqamıydı».
Nəvvab: «Söhbətə müdaxilə etdiyim üçün məni bağışlayın. Amma nə edim unutqan bir yadaşım var. Buna görə cəsarət edirəm. Deyə bilərsinizmi, bütün peyğəmbərlər Allah tərəfindən göndərilmiş və eyni məqama sahib insanlar deyillərdimi? Çünki Quran bu mövzuda belə buyurur: «Onun peyğəmbərləri arasında fərq qoymayın». («Bəqərə» surəsi, ayə 285)
Belə isə siz nə səbəbdən nübüvvəti «ammə və xassə» – deyə iki qismə ayırdınız?».
Dəvətçi: «Sizin dəlil olaraq gətirdiyiniz ayə öz yerində doğrudur. Bütün peyğambərlərin peyğəmbərliklərindəki hədəf, xalqı tərbiyə etmələri və onları yaranışın balanğıcına və məada dəvət etmələridir. Bu baxımdan bütün peyğəmbərlər bərabərdilər. Amma fəzilət kamal, peyğəmbərlik etmək qaydaları, dərəcə və rütbələri baxımından bir-birlərindən fərqlidirlər.

PEYĞƏMBƏRLƏRİN MƏRTƏBƏLƏRİNDƏKİ FƏRQLİLİK
Görəsən, min nəfər üçün peyğəmbərlik etməyə seçilən bir peyğəmbərlə, bütün bəşərə peyğəmbərlik etmək üçün seçilən peyğəmbər birdirmi? Misal olaraq deyim ki, birinci sinif şagirdlərinə dərs deyən müəllimlə onuncu sinifə dərs deyən və ya liseydə dərs verən bir müəllimlə universitet professoru birdirlərmi? Ümumilikdə təhsil qurumlarının vəzifəsi cəmiyyəti təlim-tərbiyə etməkdir. Bu baxımdan baxsanız hamsı birdirlər. Amma bilikləri və elmi dərəcələr baxımından, qətiyyən eyni deyillər. Hər biri sahib olduğu elm, fəzilət və çalışdıqları vəzifə etibarı ilə bir-birlərindən fərqli dərəcələrə sahibdirlər. Peyğəmbərlər də dəvət etmə məqamı baxımından eynidirlər. Amma məqam və elm baxımdan fərqlidirlər. Eyni surənin başqa bir ayəsində Allah-taala belə buyurur: «O peyğəmbərlərdən bəzisini başqalarından üstün etdik. Onların arasında Allahın özü ilə danışdığı və dərəcələri yüksək olanlar var». («Bəqərə» surəsi, ayə 285)
Sizin böyük müfəssirlərinizdən olan Zəməxşəri «Kəşşaf» təfsirində belə deyir: «Ayədəki bəzi peyğəmbərlərdən məqsəd, bizim peyğəmbərimizdir. Sahib olduğu fəzilət xüsusiyyətləri digər peyğəmbərlərə nisbətən çox yüksəkdir; bunların ən önəmlisi «Xatəmiyyət – sonuncu olmaq» məqamıydı.
Nəvvab: «Bu bizlərə qaranlıq olan məsələni açıb izah etdiyiniz üçün çox şad olduq. Bir az mövzudan kənar olmasına baxmayaraq, mən digər qardaşların da izni ilə sizdən bir məsələni soruşmaq istəyirəm. Görəsən, “nübuvvəti xassə”nin xüsusiyyətlərini qısa və sadə bir şəkildə bizə bəyan edərsinizmi? Uzun illəridir bu mövzu haqqında düşünmüşəm, bəzi qaranlıq nöqtələri alimlərdən soruşmaq istəmişəm, lakin işlərin çoxluğu və bəzi başqa səbəblərdən fürsət tapmamışam. Onun üçün bu anda fürsətdən istifadə etmək istəyirəm».
Dəvətçi: «Nübuvvəti xassənin xüsusiyyətləri və bu mövzudakı dəlillər olduqca çoxdur. Necə oldu ki, bütün peyğəmbərlərin arasında kamil bir şəxs nübuvvəti xassə məqamına sahib oldu? Suala veriləcək cavablar çoxdur. Amma bu məclis paktəbiətli müsəlmanlar tərəfindən nübuvvəti xassə məqamının isbatı üçün təşkil olunmamışdır. Əgər bu mövzu haqqında danışsaq, əsil mövzumuz olan imamət məsələsi qalacaq, vaxtımız da çox azdır. Amma sizin istəyinizi qismən də olsa yerinə yetirmək üçün «ma la yudrəku kulluh, la yutrəku kulluh» (Tam əldə edilməsi mümkün olmayan şeyi, bütünlüklə tərk etmək olmaz) sözünə görə, qısa bir şəkildə və lazım olduğu qədər bu mövzuya toxunacağam.

NÜBUVVƏTİ-XASSƏNİN NİŞANƏLƏRİ
Əgər insanın yaradılışına bir az diqqət edilsə, bu məqama yetişmək yolu aydın olar. Çünki Allah-taala bəşəriyətin kamalını nəfsin kamalında qərar vermişdir. Nəfsin kamalı isə ancaq nəfsin paklanması ilə mümkündür.
Müvəhhidlərin mövlası Əmirəl-möminin həzrət Əli (ə) özünə nisbət edilən bir cümlədə belə buyurur:
«İnsan (cismini nəzərdə tutaraq) natiq bir nəfsə sahib olaraq yaradıldı (ki, o insanın həqiqətidir). Əgər bu nəfs elm və əməllə paklanırsa, xilqətinin əsil başlanğıcı olan bir qrup ülvi cövhərlərə bənzəyəcəkdir. İnsan əgər mötədillik məqamına yetişib və cismaniyyət maddələrindən uzaqlaşırsa, uca varlıqların bənzəri olar. O zaman insan heyvaniyyət aləmindən çıxıb həqiqi məqamı olan insaniyyət məqamına nail olar».
İnsan cismani vücudun xaricində natiq bir nəfsə sahibdir; insanı digər varlıqlardan üstün edən də bu nəfsdir. Bir şərtlə ki, o şərt də insanın özünü təzkiyə etməsi (paklaması) və o natiq olan nəfsini elm və əməllə qüvvətləndirməsidir.
Əlbəttə, nübüvvət də (daha əvvəl nübüvvət bəhsində geniş bir şəkildə deyildiyi kimi) fərqli mərtəbələrə sahibdir. İmkani vücud mərtəbələrində o mərtəbədən daha yüksək bir məqam yoxdur. Bax o məqam, Xatəmul-ənbiyanın vücududur; Onun məqam və mənziləti, məqami vacibdən (Allahın məqamından) aşağı və imkan aləmindəki bütün məqamlardan üstündür. Peyğəmbərimiz bu mərtəbəyə nail olduğunda, peyğəmbərlik onun mübarək vücuduyla sona yetmiş oldu.
İmamət məqamı, xatəmiyət məqamından bir dərəcə aşağı və nübüvvət məqamının digər bütün dərəcələrindən də yüksək bir məqamdır. Əmirəl-möminin həzrət Əli (ə) həm nübüvvətin bütün dərəcələrinə sahib olduğundan və həm də Xatəmul-ənbiya ilə nəfs birliyinə sahib olduğundan, “imamət” məqamına mənsub edilmiş və bütün keçmiş peyğəmbərlərdən də üstün olmuşdur.
Hafiz: «Siz söhbətlərinizdə davamlı olaraq məsələləri çətinləşdirir və bir mövzunun cavablarını həll etmədən yeni bir mövzu qarşıya çıxardırsınız».
Dəvətçi: «Məncə bizim anlaşılması çətin olan bir məsələmiz qalmadı. Amma sizin nəzərinizdə belə bir məsələ varsa, buyurun, biz də cavab verək».
Hafiz: «Sonuncu açıqlamanızda izah edilməsi mümkün olmayan bir neçə cümlə buyurdunuz. Əvvəla; Əli ibn Əbi Talibin (kərrəməllahu vəchəhu) nübüvvət məqamına sahib olduğunu buyurdunuz; sonra peyğəmbərlər nəfs birliyinə sahib olduğunu söylədiniz və sonra, Əlinin bütün peyğəmbərlərdən üstün olduğunu buyurdunuz. Bu iddialarınızı məcburən qəbul edək, yoxsa bu iddiaları isbatlayan dəlilləriniz vardır? Əgər dəliliniz yoxsa qəbul edilməsi mümkün deyildir. Əgər dəliliniz varsa bəyan edin».
Dəvətçi: «Mənim bəyanlarımın müşkül, qarışıq və həll edilməsi qeyri-mümkün olduğunu söylədiniz. Bu siz və sizin kimi, həqiqətlər üzərində dayanmaq istəməyənlərin düşüncəsidir. Yoxsa tədqiqatçı, düşüncəli və insaflı alimlərin nəzərində həqiqət aydındır. Amma mənim bəyanlarıma gətirdiyiniz iradlara gəlincə, qaçış yollarının bağlanması və «bəyanınız müşkül, qarışıq və həll edilməsi qeyri-mümkündür» – deməməniz üçün indi onlara bir-bir cavab verərəm.

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!