ƏR-ARVAD MÜNASİBƏTLƏRİ - 1

:

İnsan həyatının əsas yönümlərindən biri onun ətrafdakılarla rabitəsidir. Bizim ətrafdakılarla əlaqə növümüz ruhumuzun və şəxsiyyətimizin xüsusiyyətlərinin göstəricisidir. Buna görə də psixoloqlar insanları öyrənərkən onların rabitə növünü nəzərdən keçirirlər. İnsanların bir-birləri ilə əlaqələri müxtəlif yollarla gerçəkləşir.

Əlaqədəki çatışmazlıq problemlər yaradır və əlaqələrin kəsilməsi ilə nəticələnir.
İnsanlararası rabitələrdə mövcud olan çətinliklərin çoxu rabitə nümunələrindəki yetərsizlikdən qaynaqlanır.
Bəzilərimiz ətrafdakılarla rabitənin incəliklərindən bir o qədər də xəbərdar deyilik və hansı yolla sağlam rabitə qurmalı olduğumuzu bilmirik. Məsələn, danışıq və dinləmənin incəliklərindən xəbərsizlik. Öz qəlb istəklərimizi qarşı tərəfə necə çatdırmalıyıq, hansı üsulla qarşı tərəfi tənqid etməliyik, bəd gümanlara necə cavab verilməlidir, pis təsəvvürlərin qarşısı necə alınmalıdır, öz narazılığımızı qarşı tərəfə necə çatdırmalıyıq? Başqaları ilə sağlam rabitə qurmaqda nə qədər çox məharətli olsaq, həmin qədər də bu rabitələri müxtəlif sahələrdə dərinləşdirə bilərik. Bu yolla dostları qoruyub, ətrafdakılara məhəbbətimizi süstlükdən qorumaq mümkündür.

SÖZ RABİTƏSİ
Ən çox yayılmış rabitə növlərindən biri söz rabitəsidir. Biz danışmaq və dinləmək vasitəsi ilə ətrafdakılarla rabitə qurur və bu yolla məlumatlarımızı, hisslərimizi bölüşürük. Öncə nəzərə gəlir ki, sözlə rabitənin elə də böyük məharətə ehtiyacı yoxdur. Əslində isə:
Söz vasitəsi ilə ətrafdakılarla sağlam rabitə qurmaq üçün xeyli məharət tələb olunur.
Söhbətimizin davamında ailə rabitələri sahəsində bəzi məharətləri nəzərdən keçirəcəyik.

AZ DANIŞMALI, YOXSA ÇOX?
Bəziləri başqaları ilə ünsiyyətdə sözə ara vermir və onların qarşı tərəfi dinləməyə səbri çatmır. Onların bir növ dinləmə mədəniyyəti olmur. Belələri qarşı tərəfə öz hisslərini açıqlamağa imkan vermirlər. Onlar ara vermədən danışır, qarşı tərəfə macal vermir. Bu zümrədən olanlar hər hansı məclisə düşdükdə, adətən, natiq tək çıxış edir və ətrafdakıların sözünü ürəyində qoyurlar. Çoxdanışanların ziddinə olaraq başqa bir zümrə danışmaqdan yorulmuş kimi susur. Belələri qarşı tərəflə əlaqə qurmaqda acizdirlər. Bəzi kişilər ailədə o qədər sakitdirlər ki, onların hüzuru ətrafdakıları da yorur. İstənilən bir səbəbdən ifrat sükut ədəb qaydalarına uyğun deyil.
İnsan vəzifəlidir ki, başqalarına ehtiram göstərərək onlarla ünsiyyət saxlasın və bu yolla rabitə qursun. Belə bir rəftarla göstərilir ki, başqalarının vücudu və hüzuru insan üçün dəyərlidir.
Bəzən kişinin az danışmasının səbəbi anlaşma sahəsindəki ziddiyyət, qadının danışığının ərə xoş gəlməməsi olur. Unutmaq olmaz ki, ailə mühiti dərs otağı, elmi yığıncaq yox, səmimi rabitələr üçün bir məhəldir. Kişi öz həyat yoldaşından elmi və ya ictimai baxımdan nə qədər yüksək olsa da, ailə mühitində öz üstünlüklərini yaddan çıxarmalı, qarşı tərəflə eyni bir səviyyədən çıxış etməlidir. Başqa bir nöqtəyə də nəzər salmaq lazımdır:
Ərlə arvadın söhbəti yalnız məlumat mübadiləsi üçün yox, həm də hisslərin bölüşdürülməsi üçündür.
Yəni qadın söhbət vasitəsi ilə öz həyat yoldaşı ilə hisslərini bölüşür, onunla ünsiyyət saxlayır.
Sağlam rabitə fəal və qarşılıqla rabitədir. Qarşı tərəfin sözlərinə diqqət və maraqla qulaq asmaq lazımdır. Bu yolla qarşı tərəfə anlatmalıyıq ki, onun dedikləri bizim üçün mühümdür. Qarşı tərəf danışdığı vaxt onun sözünü kəsmək, diqqəti başqa bir yerə yönəltmək bir növ biganəlikdir. Bundan əlavə müraciət edən tərəfi dinləməmək əxlaq qaydalarına ziddir. Beləcə, qarşı tərəfin sözlərinə diqqətsizlik mövcud rabitələrin zəifləmə səbəbidir.
Hər iki tərəfin maraq dairəsində olan müştərək mövzuların nəzərdə tutulması, həmin mövzularda söhbət aparılması rabitələri gücləndirməklə yanaşı məlumat mübadiləsinə, düşüncələrin yaxınlaşmasına səbəb olur. Belə bir addım qarşılıqlı anlaşmada təsirlidir.
Bütün bu söhbətlərə baxmayaraq, günbəgün qadınla kişi baxışı arasındakı fərq artır, qarşılıqlı anlaşma və həmrəylik azalır.

SƏDAQƏT VƏ AÇIQ RABİTƏ
Ətrafdakılarla sağlam rabitənin mühüm xüsusiyyətlərindən biri sədaqətli olmaqdır. Ərlə arvad öz rabitələrində yalnız sədaqət və düzlüyü gözləməlidirlər. Arada yaranan inciklik və kin-küdurət münasib məqamda açıqlanmalı və həllini tapmalıdır. Əgər ortada şübhə varsa, bu şübhə dərhal açıqlanmalıdır ki, mövcud qəlb rabitələrini qorumaq mümkün olsun. Hər halda ərlə arvad arasındakı rabitələr açıq olmalıdır. Qadın və ya kişi öz problemini qarşı tərəfə dərhal açıqlaya bilməlidir. Normal rabitədə hər iki tərəf qorxub çəkinmədən öz hisslərini qarşı tərəflə bölüşə bilir.

ANLAŞILMAZLIQ
İnsan aydın şəkildə danışmalıdır ki, anlaşılmazlığın qarşısı alınsın. Bu nöqtə diqqəti çox cəlb edir. Çox olur ki, deyilənlər eşidilənlərdən fərqlənir. Biz bir söz deyirik, qarşı tərəf başqa bir şey anlayır. Bu səbəbdən də danışarkən sözləri düzgün seçmək, uzun-uzadı təfsirlərdən çəkinmək lazımdır.
Bəziləri xüsusi bir ruhiyyəyə malik olduqlarından anlaşılmazlığa hazırdırlar və onların düşüncəsi istənilən bir sözü başqa bir tərzdə qəbul edir. Bu zümrədən olan fərdlər xoşgümanlıq xüsusiyyətindən məhrumdurlar və onlarla rabitə saxlamaq çox çətin olur.
Ərinin məhəbbətinə çox həssas olan qadın üçün o zaman anlaşılmazlıq şəraiti yaranır ki, əmin-amanlığı üçün təhlükə hiss etmiş olsun. Bu halda o qarışqadan fil düzəldir, ciddi psixoloji böhran keçirir. Kişi öz söz və rəftarında bu halı nəzərə almalıdır ki, anlaşılmazlıq üçün şərait yaratmasın.
Qadınlar da öz növbəsində əsassız ehtimallardan, mənfi təbir və təfsirlərdən, vəsvəsələrdən çəkinməlidir ki, ailə rabitələri tamamilə qırılmasın. Bəzi psixoloqlar ailə ixtilaflarının əsas səbəbi kimi anlaşılmazlığı göstərirlər. Onların bu sahədə bir çox tövsiyələri vardır. Onların nəzərincə, ailə ixtilaflarının əsas kökü tərəflərin bir-birinin məqsədini düzgün anlamamasıdır. (Bu mövzuda daha artıq məlumat əldə etmək üçün “Eşq heç zaman bəs deyil” kitabına müraciət edin)

GİLEYLƏRİMİZİN BƏYANINDA İFRATA VARMAYAQ
Sağlam bir rabitədə gileylər və razılıqlar mütənasib şəkildə bəyan olunmalıdır. Bəziləri söhbətə başlayan kimi gileylənib qarşı tərəfi incidirlər.
Bəzən giley lazım olsa da, bu işdə ifrata varılmamalıdır.
Bu sayaq rəftar başqalarıyla rabitə, xüsusi ilə ailə üzvləri arasında ünsiyyət üçün münasib üsul deyil. İfrat, giley rabitələrdə soyuqluq yaradır. Digər bir tərəfdən giley üçün münasib məqam seçilməlidir. Əgər ər yorğun halda evə qayıtmışsa və ya ciddi bir işlə məşğuldursa, ona hansı problemləsə bağlı şikayətlənmək düzgün deyil.
Hər sözün öz yeri, hər nöqtənin öz məqamı var.

DANIŞIQ TƏRZİ
Söz rabitəsində danışıq tərzi böyük əhəmiyyətə malikdir. Hər hansı sadə cümləni müxtəlif tərzlərdə bəyan etmək olar. Hər danışıq tərzi cümləyə xüsusi bir məna verir. Nəzərdə tutulmuş mənaya uyğun gəlməyən tərzdə sözün deyilməsi onu anlaşılmaz edir. Danışıq tərzində bəzən sərtlik, bəzən diqqətsizlik, bəzən istehza bəzən tənqid, bəzən isə təhqir olur. Bəzən də insan elə bir tərzdə danışır ki, onun danışığından məhəbbət, ədəb duyulur. Çalışıb dilimizi ağıl və iradəmizin ixtiyarına verməliyik. Dilə tüğyan imkanı verilməməlidir. Bəzən xoşagəlməz bir sözün işlədilməsi olduqca pis nəticələnir və vəziyyətdən çıxmaq çətin olur. Xüsusi ilə ailə çevrəsində insanlararası rabitə qəlb rabitəsidir. İnsan qəlbi olduqca həssas və kövrəkdir.
Bəzən düşüncəsiz bir söz qarşı tərəfin qəlbini sındırır və həmin qəlbi əvvəlki halına qaytarmaq asanlıqla başa gəlmir.

DİL YARASI
Bu gün müxtəlif millətlər arasında “dil yarası kimi bir təbir geniş yayılmışdır. Dil yarası yetərsiz, acı danışığın nəticələrindəndir. Dil yarası insanların bir-birləri ilə ünsiyyətdən məruz qaldıqları əzab-əziyyəti göstərir. Təcrübədən görünür ki, bəzilərinin dil yarası vurmaqda xüsusi məharəti var. Onlar hətta adi söhbət zamanı da qarşı tərəfi salamat buraxmırlar. Onlar öz ətrafındakı dostlarını və yaxınlarını ardıcıl şəkildə incidir, özlərinə qarşı nifrət oyadırlar. Onlar dil yarası vurmaqla qarşı tərəfin məhəbbətini itirir və nə üçün sevilmədiklərini anlamırlar. Bu məsələ ailə həyatında da bir çox problemlər yaradır, ailə rabitələrini zəiflədir. Doğurdan da, bəzən ünsiyyətdə olan tərəf qəlbində yara varmış kimi normal davrana bilmir. Bu əxlaqi nöqtənin acı nəticələri təkcə bu dünyaya yox, həm də axirət aləminə aiddir. Kiminsə qəlbini sındırmaq, onun kefini pozmaq dini təlimlərdə şiddətlə məzəmmət olunmuş günahlardandır.

Ər və arvad bir-birlərinə dil yarası vurmaqdan ciddi şəkildə çəkinməlidirlər.
Ərlə arvad rabitəsində acı sözə, məsxərəyə, təhqirə heç vəchlə yol verilməməlidir. Belə təzahürlər insanın mənəvi süqut nişanəsidir və axirət əzabı ilə nəticələnir. (Cəmiyyətimizdəki problemlərdən biri də yanaşı yaşayan qövmlərin bir-birinə qarşı təhqiramiz münasibətidir. Belə bir münasibət müxtəlif sahələrdə zərər-ziyan törətməklə yanaşı milli birliyi zəiflədir. Məsələn, bəzi məzhəkə, komediyalarda hansısa məntəqənin və ya kəndin əhli, onların adət-ənənələri məsxərəyə qoyulur. Bu sayaq komediyalar əxlaq və ədəbə zidd olmaqla yanaşı şəriət ölçülərinə sığmadığından qadağandır. Belə bir münasibət ya nadanlıqdandır, ya da düşmənçilikdən. İki ayrı qövmdən, şəhərdən və ya kənddən olan gənclər ailə qurduqda diqqətli olmalıdırlar ki, öz rəftarlarında qarşı tərəfin təhqirinə yol verməsinlər. Xalqın təbirincə, təhqirə dözmək aclığa dözməkdən çətindir. Necə ola bilər ki, insan bir dam altda yaşadığı ömür-gün yoldaşını təhqir edə?!)
Bütün hallarda ər və arvad öz qəlb rabitələrini bu sayaq bəlalardan qorumalıdırlar. Onlar bir-birləri ilə mülayim davranmalı, insani üslubda danışmalı, səhvə yol verdikdə dərhal üzr istəməlidirlər.

Kitabın adı: Gənc ailələr üçün göstərişlər
Tərcümə edən: M. Əmin
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!