HƏYATDA İNTİZARIN PSİXOLOJİ TƏSİRİ NƏDƏN İBARƏTDİR?

:

Həyatda intizarın intizarçılara bir çox psixoloji təsirləri vardır ki, biz aşağıda oların bir neçəsini qeyd edirik: 

1. QƏLƏBƏLİK ARZUSU

“İntizar”, ümid və arzu mənasını daşıyır.1 Yaxşı vəziyyətin yaranmasına ümid bəsləmək, təbiət aləminin ümumi cərəyanına və tarixin təkamül seyrinə nikbin olmaq, daha parlaq gələcəyə inanmaq rəvayətlərdə “zühurun intizarını çəkmək” ifadəsi ilə işlənmişdir. (Başqa sözlə, “intizar”, insanın mövcud vəziyyətdən narahat olaraq yaxşı vəziyyətin yaranması ümidilə gözlədiyi hala deyilir. Məsələn, sağalmaq intizarını çəkən xəstə mövcud vəziyyətdən, yaxud övladının səfərdən qayıtmasının intizarını çəkən ana övladının ayrılığından narahatdır və hər ikisi bu vəziyyətin sona çatmasını gözləyir.) “Zühurun intizarını çəkmək” İslamın ümumi əsaslarından, yəni Allahın lütf və mərhəmətindən, ümidsizliyin haram olmasından qaynaqlanmışdır. Qurani-Kərimdə buyurulur: ...وَلاَ تَيْأَسُواْ مِن رَّوْحِ اللّهِ إِنَّهُ لاَ يَيْأَسُ مِن رَّوْحِ اللّهِ إِلاَّ الْقَوْمُ الْكَافِرُونَ  “...Allahın mərhəmətindən ümidinizi qırmayın. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər.”2

İmam Əmirəlmöminin Əlinin (ə) kəlamında da Allahın lütf və mərhəmətinə ümid bəsləmək təcəlla etmişdir: “Zühurun intizarını çəkin və Allahın lütf və mərhəmətindən ümidinizi üzməyin. Çünki Onun dərgahında ən fəzilətli əməl zühurun intizarını çəkməkdir.”3 Ayə və rəvayətlərə əsasən, Allah-taala müsəlmanlara və məzlumlara qələbəlik vəd etmişdir. Bu vəd imam Zamanın (ə) qeybə çəkildiyi əsrdə intizarçıların fərdi və ictimai həyatında mühüm təsirlər bağışlayır. Belə ki, intizarçılar haqqın batilə qələbəsi ümidi ilə özü və ictimanın islahı ilə məşğul olur, çətinliklər, zülm və tüğyan müqabilində müqavimət göstərir. Psixoloji baxımdan qəti qələbəlik vədəsi zühurun intizarını çəkən şəxsdə ruhi-psixi müqavimət yaradır. Odur ki, intizarçılar tarix boyu böyük imkanlara və hərbi təchizatlar malik olmasalar da, yüksək əhval-ruhiyyə ilə ən böyük və mütərəqqi qüdrətlərin diz çökməsinə qadir olmuşlar. Qüdrətli ölkələr elm, sənaye, texnologiya və hərbi təchizatlar sahəsində özlərini müsəlmanlardan üstün bilsələr də, ruhi-psixoloji baxımdan onlara məğlub olmuş və heç vaxt onlarla mübarizə apara bilməmişlər. Odur ki, Vilyam Henvi intizarı həyat amili hesab edərək yazır: “Əgər intizar olmasaydı, bəşər şam şöləsitək tədriclə ölüb, fanilər sırasına qoşulardı.”4

2. QÜDRƏTLİ ÖLKƏLƏRİN QÜRUR VƏ HEYBƏTİNİN SINMASI

Dini təlimlərə əsasən, zülmkarlıq, təcavüz və məzlumun haqqını mənimsəmək tarixi bir həqiqət kimi, insanın xilqətinin başlanğıcından özünü göstərmişdir. Buna məzlumların düşməni olan Fironu, Nəmrudu, Əbu Ləhəbi və Əbu Cəhli misal göstərmək olar.

Bu gün qüdrətli ölkələrin və zülmkar quruluşların hərbi və texnoloji üstünlüyü onların zülmünü artırır və aşağı təbəqəli insanlar özlərində zəiflik və gücsüzlük hiss edirlər. Bir çox İslam ölkələri mütəal Allahın qəti vədlərinə diqqət yetirmədən zülmkar hökumətlərin mütərəqqi hərbi imkanlarından təsirlənərək “İmam Məhdi (ə) qılıncla bugünkü dünyanın mütərəqqi silahlarına necə qalib gələcək?” – deyə soruşurlar.

Bu sualın cavabı aşağıdakı incəliklərə diqqət yetirməklə aydınlaşır:

1. Ayə və rəvayətlərdə qələbəlik vədəsi və zühur müjdələri müsəlmanların ruhi-mənəvi gücünü artırır, onlarda ümid və müqavimət hissini yaşadır və İslam ardıcıllarına güc-qüvvə, əhval-ruhiyyə verərək zülmkarların qurur və heybətini sındırır. Necə ki, Allah-taala “Kəhf” səhabələrinin hüzurunda zülmkarların qürur hisslərini əzdi.

Ayətullah əl-üzma Safi yazır: “Bu ilahi vədlər müsəlmanlara əməvilər hakimiyyəti, səlib yürüşləri və bu kimi hadisələrin müqabilində dözüm, səbir verdi və nəhayət, onların əleyhinə çıxaraq cihad etdilər. Bunu qəti dini və tarixi həqiqətlər da sübuta yetirir. Bu vədlər əməvilər və abbasilər siyasətini yürüdən hökumətlərin haqq-ədalətdən uzaq olduğunu və sonda, süquta uğradığını bildirərək zülm, təfriqə və ixtilafa son qoyulacağını, İslamın qiyamət gününə qədər davam edəcəyini, dünyanı hidayət edəcək bir islahatçının zühurunu müjdələyir.”5

2. Zülmkarlar mütərəqqi hərbi-texnoloji imkanlara malik olsalar da, müsəlmanların müqabilində əhval-ruhiyyədən düşəcək və ruhi-psixi məğlubiyyətə uğrayaraq müqavimət hissini itirəcəklər. İmam Sadiq (ə) buyurmuşdur: “Bizim əmrimizin vaxtı (imam Məhdinin (ə) hökuməti) çatdıqda, Allah-taala şiələrimizin qəlbindən qorxunu götürüb, düşmənlərimizin qəlbində yerləşdirilər. O zaman bizim şiələrimiz nizədən iti və şirdən şücaətli olacaqlar.”6

Rəvayətlərə görə, imam Məhdinin (ə) qiyamı dövründə şiələrin vücudu və əqidələrindən süstlük və zəiflik götürüləcək, qəlbləri poladtək möhkəmlənəcək,7 şirdən şücaətli və nizədən iti olacaq, düşmənləri ayaqlarının altında əzəcək və əlləri ilə öldürəcəklər.8

Rəvayətlərdə göstərilir ki, imam Zaman (ə) ən mütərəqqi hərbi imkanlara və silah təchizatına malik olacaq. Lakin bu, düşmənlərin gözündən gizli qalacaq. Düşmənin hərbi təchizatı o həzrətin qüvvələrinin hərbi və müdafiə təchizatına təsir etməyəcək. İmam Sadiq (ə) buyurmuşdur: “Məhdinin səhabələri şərqlə qərbi dolduran ordu ilə belə, döyüşsələr, onları dərhal məhv edər və düşmənin silahı onlara əsla təsir etməz.”9

Şübhəsiz, İmamın (ə) silahı zühur əsrinin silahları ilə tamamilə fərqlənəcək. Rəvayətlərdə qeyd olunan “seyf” (qılınc) sözü “silah” ifadəsinin kinayə formasıdır və məqsəd, yalnız qılınc deyildir. Rəvayətlərə əsasən, İmamın (ə) əsgərlərinin silahı dəmirdən olacaq; belə ki, dağa dəydikdə, onu iki hissəyə böləcək.10 İmam (ə) və əsgərləri günün ən güclü hərbi taktikalarına malik olacaqlar. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizdən sonra qövmlər gələcək ki, yer üzü onların ayaqları altında yığılacaq və dünya üzlərinə açılacaq... Yer üzü onların ayaqları altından bir göz qırpından da tez ötəcəkdir.”11 İmama (ə) mələklər və möminlərlə, eləcə də düşmənlərin qəlbinə qorxu çökməklə yardım ediləcək.12

Beləliklə, bu hədislərdən bir neçə qənaətə gəlirik:

1. İmam Məhdinin (ə) zühurundan qabaq intizar çəkən müsəlmanların vucudunu qorxu bürüsə də, zühurdan sonra aradan qalxacaqdır.

2. İmam Məhdinin (ə) zühuru ilə zalım qüvvələr qorxuya düşəcək və onlardan müqavimət hissi alınacaq.

3. Mütəal Allahın qəti vəd və müjdələri ilə zühurun intizarını çəkənlərdə izzət və zəfər ruhiyyəsi yaranacaq. Onlar yüksək əhval-ruhiyyə ilə böyük orduya malik olacaqlarına və heç bir qüdrətin onlara qalib gələ bilməyəcəyinə inanacaq, bir an belə zalım qüvvələrlə mübarizə və müqavimətdə səhlənkarlıq etməyəcəklər. Çünki onlar inanırlar ki, “Kəhf” səhabələrinin sərgüzəşti ilə imam Zamanın (ə) sərgüzəşti eyni olacaq.

3. İNTİZARÇILARIN TƏRİF, ZALIMLARIN İSƏ MƏZƏMMƏT EDİLMƏSİ

Bəzi rəvayətlərdə imam Zamanın (ə) qeybə çəkildiyi dövrdə intizarçılar təriflənir. İmam Səccad (ə) buyurur: “Onun qeybə çəkildiyi dövrdə immaətinə inananlar və zühurunu gözləyənlər bütün dövrün insanlarından üstün və fəzilətlidirlər. Çünki Allah-taala onlara o qədər şüur və mərifət verəcək ki, İmamın qeybə çəkilməsini hüzuru kimi hiss edəcəklər. Allah-taala zühur əsrinin intizarçılarını Peyğəmbərin hüzurunda qılıncla düşmənə zərbə endirən şəxs kimi qərar verəcək. Onlar xalis bəndələr, həqiqi şiələr, aşkar və gizlində Allahın dininə dəvət edənlərdirlər.”13

İslam Peyğəmbərinin (ə) baxışında ən fəzilətli əməl imam Məhdinin (ə) zühurunun intizarını çəkməkdir. Belə ki, buyurmuşdur:  اَفْضَلُ الْاَعْمالِ اُمَّتِى اِنْتِظارُ الْفَرَجِ مِنَ اللهِ عَزَّوَجَلَّ  “Mənim ümmətimin ən fəzilətli əməli Allahın vəd etdiyi zühurun intizarını çəkməkdir!”14

Bir çox rəvayətlərdə isə zalımlar və azğınlar məzəmmət edilir və eyibləri aşkarlanır. İmam Sadiq (ə) buyurmuşdur: “Zalımlar (qiyamət günü) qarışqa surətinə düşər və onlar camaatın ayaqları altda əzilməklə əzab olunarlar.”15

İmam Əli (ə) buyurmuşdur: “Atam kənizlərin ən yaxşısının oğluna (imam Məhdi (ə)) qurban olsun! O, (zalımları və azğınları) xar və zəlil edəcək, onlara zəhərli cam dadızdıracaq və onlarla qılınc və kütləvi qırğınlarla rəftar edəcək.”16

Bu rəvyətlərə görə, zühurun intizarını çəkənlərin ruh və cismindəki müsbət təsir aşağıdakılardan ibarətdir:

1. Zühurun intizarını çəkənlərin zalım qüvvələrin müqabilində mənəvi güc və qüvvələrinin artması;

2. Onların ruhi-psixi baxımdan güclənməsi;

3. Onların zalım qüvvələrlə rəftarında qüdrət və üstünlüklərinin qorunması.

Zalım qüvvələrin məzəmmət edilməsində məqsəd, onların yüksək hərbi-texnoloji imkanlara malik olmaları ilə belə, zillət və bədbəxtliklərinin xatırlanmasıdır. Demək, intizarçıların təriflənməsi, onların isə pislənməsi dedikdə, məzlumların düşüncə və ruhiyyəsində zalım qüvvələrin acizliyi, qürur və heybətilərinin sınması nəzərdə tutulur. Bu hiss intizarçıları tənbəllik və bədbəxtlikdən çıxaracaq, həyatın müxtəlif yönlərində qüvvətləndirəcək və süquta uğramaqdan saxlayacaqdır.

4. İCTİMAİ AZĞINLIQLARIN MÜQABİLİNDƏ MÜQAVİMƏT

İmam Məhdinin (ə) intizarının mühüm təsirlərindən biri də intizarçıların ictimai azğınlıqlar müqabilində müqavimətidir. Qələbəliyə və dünyanın çiçəklənməsinə inamın çoxlu tərbiyəvi-etiqadi təsirləri vardır. Rəvayətlərdə belə buyurulur: “Bizim Qaimimizin (imam Məhdi (ə)) qeybə çəkildiyi dövrdə vilayətimizə möhkəm bağlanan şəxsə Allah-taala Bədr və Ühüd döyüşündə şəhid olanlar kimi min şəhidin savabını verər.”17

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizdən sonra elə insanlar gələcək ki, onlardan biri sizin əlli nəfərinizin savabını qazanacaq.” Dedilər: “Ey Allahın Rəsulu, biz Bədr, Ühüd və Hüneyn döyüşlərində sizinlə birgə vuruşmuşuq, Quran bizim zamanımızda nazil olmuşdur! (Axı, necə ola bilər ki, onlar daha çox savab qazansın?)” Həzrət buyurdu: “Əgər onların başına gələnlər sizin başınıza gəlsəydi, onlar kimi səbirli olmazdınız.”18

Ayətullah əl-üzma Safi yazır: “İntizar dedikdə, vəzifə və məsuliyyətlərin yerinə yetirilməsində zəiflik, süstlük və səhlənkarlıq, eləcə də ictimai pozuntularla mübarizəni, insanları yaxşılığa dəvət və pislikdən çəkindirməyi tərk edənin bəhanəsi nəzərdə tutulmur; onu sükut, sönük, hərəkətsiz, etinasızlıq, mövcud vəziyyətlə razılaşmaq və ümidsizlik kimi mənalandırmaq düzgün deyildir. İntizar azğınlıq, küfr, irtica, zülm və haqsızlıqla mübarizə aparmaq, islahat, inqilab və fədakarlıq deməkdir. İslahatla intizar bir-birilə yanaşıb olub, heç vaxt bir-birindən ayrılmaz. İntizar islahat və hərəkatın səbəbidir. Demək, buna inam sayəsində İslam aləminin mücahidləri dünyanın bütün zülmkar qüvvələrinin sıxıntıları müqabilində müqavimət göstərəcək, əqidəsindən azacıq belə dönməyəcək, haqq dövlətin bərpası uğrunda yorulmaq bilməyəcəkdir.”19

5. ÜMİDLƏ ÜMİDSİZLİYİN BƏRABƏRLƏŞMƏSİ

Bir çox rəvayətlərdə müsəlmanların uğur və qələbəlik müjdəsindən söz açılır. Peyğəmbəri-Əkrəm (s) buyurur: “Ey camaat, siz uğurla müjdələnəcəksiniz. Həqiqətən, Allah Öz vədinə əks çıxmaz və qəzası geri dönməz. O, hər bir şeydən xəbərdardır. Doğrudan da, uğur və qələbə yaxındır.”20

İmam Zamanın böyük qeybi dövründə, xüsusilə, “axirəz-zaman”da geniş azğınlıqlar baş qaldıracaq. İmam Əli (ə) buyurmuşdur: “Yer üzü zülm və haqsızlıqla dolacaq; heç kim (qorxusundan) Allahın adını çəkə bilməyəcək və Allah yalnız gizlində yad ediləcək. Bu zaman Allah yer üzündə haqq-ədaləti bərpa etmək üçün saleh bir qövm göndərcək.”21

Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra fitnə-fəsad sürətlə artmağa başladı. O həzrət buyurmuşdur: “Bir zaman gələcək ki, insan ölüm arzulayacaq.”22

Müasir dünyamızda fitnə-fəsad artsa da, müsəlmanlar çətinliklərə və təzyiqlərə məruz qalsa da, İslam qüdrəti və birliyinin şahidiyik. Onlar İslam qüdrəti və birliyinə ümid etdikləri halda, fitnə-fəsad və azğınlıqdan əziyyət çəkərək naümid olurlar. Zühurun intizarını çəkən müsəlmanları müjdələyən, intizarın fəziləti və intizarçıların savabı haqda söz açan rəvayətlərdə onların şəxsiyyətində həm ümid, həm də ümidsiz hissi oyanacaq. Bu da imam Məhdinin (ə) böyük qeybə çəkildiyi dövründə indiyə qədər vəzifə və məsuliyyətin icrasına mane olan ruhi-psixi təzyiqləri aradan qaldıracaq və zalım qüvvələrin qəlbinə vəhşət, qorxu salacaq.

SON HƏDİS

Bir nəfər imam Sadiqdən (ə) soruşdu: Haqq hökumətin bərpasının intizarını çəkdiyi halda dünyadan gedən şəxs haqqında nəzəriniz nədir? İmam buyurdu: “O, Qaimlə (imam Məhdi (ə)) sanki bir işdə onun xeyməsində (ordusunda) hazır olan şəxs kimidir. (Həzrət bir az sükut etdikdən sonra buyurdu:) O, İslam Peyğəmbəri ilə birgə mübarizələrdə iştirak edən şəxs kimidir!”23

Kitabın adı: Dini suallara cavablar

Müəllif: Tədqiqat qrupu

Tərcümə edən: R. ŞÜKÜRLÜ .


1.“İslam və dünya məzhəbləri baxımından həzrət Məhdinin (ə) zühuru”, Seyid Əsədullah Haşimi, səh.99.

2. “Yusif” surəsi, ayə: 87.

3. “Biharül-ənvar”, 52-ci cild, səh.123

4. “Üsturə dər cəhan”, Cəlal Səttari, səh.228.

5. “İmamət və məhdəviyyət”, Ayətüllah Lütfüllah Safi Qulpayiqani, 2-ci cild, səh.371.

6. “Biharül-ənvar”, 52-ci cild, səh.336.

7. “Biharül-ənvar”, 52-ci cild,səh.317.

8. “Biharül-ənvar”, 52-ci cild,səh.318.

9. “Bəsairüd-dərəcat”, Məhəmməd ibn Həsən ibn Fərrux Səffar Qummi, səh.141.

10. “Bəsairüd-dərəcat”, Məhəmməd ibn Həsən ibn Fərrux Səffar Qummi, səh.141.

11. “Firdovsül-əxbar”, Əbu Şüca Şiruyə ibn Şəhdar ibn Şiruyə Deyləmi, 2-ci cild, səh.429.

12. “Biharül-ənvar”, 52-ci cild, səh.336.

13. “Biharül-ənvar”, 52-ci cild, səh.122.

14. “Biharül-ənvar”, 52-ci cild, səh.122.

15. “Üsuli-kafi”, Şeyx Kuleyni, 2-ci cild, “kibr” bölümü, səh.311, hədis: 11.

16. “Qeybəti-Nömani”, Məhəmməd ibn İbrahim ibn Cəfər Katib Nömani, səh.229.

17. “Mizanül-hikmət”, 1-ci cild, səh.282.

18. “Mizanül-hikmət”, 1-ci cild, səh.281.

19. “İmamət və məhdəviyyət”, Ayətullah Lütfüllah Safi Qulpayqani, səh.385 və 387.

20. “Yovmul-xilas”, Kamil Süleyman, səh.226.

21. Yovmul-xilas”, Kamil Süleyman, səh.494.

22. “Əl-müsnəd”, Əhməd ibn Hənbəl, 2-ci cild, səh.232.

23. “Məhasini-Bərqi”, “Biharul-ənvar” kitabından nəqlən, qədim çapla 13-cü cild, səh.136.

 

 

Tags: İMAM ZAMAN (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!