ZEYD İBN HARİSƏ KİMDİR?

:

Zeyd ibn Harisə uşaqlıq dövründə anası Sə`ləbə ibn Əbdü Amir qızı Sədi ilə birlikdə qohumlarını görmək məqsədilə Sə`ləbə ibn Amir qəbiləsinin yanına gedəndə yolda Bəni Qeyn qəbiləsi onlara hücum edərək onları qarət edir və Zeyd də orada quldurlara əsir düşür.

Quldurlar Zeydi əsir götürdükdən sonra Məkkənin Əkkaz bazarına aparıb qul adı ilə satırlar.
Həkim ibn Hizam Zeydi alaraq Peyğəmbərin (s) əziz xanımı Həzrət Xədicəyə (əs) xidmətçi kimi təhvil verir və xanım Xədicə (əs) də İslam Peyğəmbəri (s) ilə ailə qurduqdan sonra onu Peyğəmbərə (s) hədiyyə edir. Bundan sonra Peyğəmbərlə (s) bir yerdə olan Zeyd o həzrətə xidmətçi olmağı öz öhdəsinə götürü.
Peyğəmbər (s) Məkkədən Taif şəhərinə təbliğ məqsədilə səfərə getdiyi zaman, yetkinlik yaşına çatan Zeyd də o həzrətin qoruyucusu kimi onunla birlikdə Taif səfərinə gedir. Düşmənlər Allah Rəsuluna (s) hücum edəndə o özünü sipər etdi. Düşmənlərin atdığı daşlar Zeydin bədəninə dəyirdi və beləcə yetkin yaşlı bu cavan Peyğəmbəri (s) müdafiə edirdi.
Cavan yaşlı Zeyd Allahın Peyğəmbəri (s) ilə münis olaraq onu çox istəyər elə bu səbəbdən də atası və əmisi onu tapmaq və özləri ilə aparmaq üçün Məkkəyə gəldikdə, Peyğəmbərin (s) xidmətində olan Zeydi təhvil almaq üçün birbaşa Peyğəmbərin (s) əmisi Əbu Talibin yanına getdilər. Peyğəmbər (s) də onu azad qoyaraq buyurdu ki, ailəsinə dönmək üçün atası və əmisi ilə qayıtmaqda ixtiyar sahibidir. Lakin heyrət içində gördülər ki, Zeyd atası və əmisi ilə ailəsinin yanına qayıtmaq və Peyğəmbərdən (s) aytılmaq istəmədiyini bildirdi. Zeydin atası oğluna dedi: vay sənin halına, sən qul olmağı azadlığa tərcih verirsənmi? Sən ailənin yanına qayıtmaq istəmirsənmi?
Zeyd dedi: bəli, elədir ki, var. Mənim bu kişidən gördüklərimi hər şeyə tərcih verməyə dəyər və heç bir halda İslam Peyğəmbərindən (s) ayrılmağa razı deyiləm.
Zeyd, Peyğəmbər (s) ilə əlaqəsi və sevgisi o qədər səmimi oldu ki, onu Muhəmmədin (s) oğlu Zeyd adlandırırdılar.1
İslamın ilk günlərində iman gətirmiş üçüncü müsəlman Zeyd ibn Harisədir. O, İslamın inkişafı üçün Peyğəmbərə (s) çox kömək etmişdir. Müsəlmanlar Məkkədə təhlükədə olduğları üçün Mədinəyə hicrət etdikdə o da Mədinəyə gəldi və nə vaxt İslam və Müsəlmanların şəhəri düşmənlərin hücumunə məruz qaldıqda Peyğəmbər (s) də müsəlmanların müdafiəsinə məcbur olduğu zaman Zeyd ibn Harisə Peyğəmbəri (s) himayə etmək üçün ön cəbhədə iştirak edərdi. Xəndək, Mütə, Cümum, Qirədə, Vadiyül-Qura və s. kimi çoxlu döyüşlərdə işitirak etmiş bir neçə döyüşlərdə isə İslam qoşununa sərkərdəlik etmişdir.2
Zeyd ibn Harisə iman və şücaəti ilə o qədər ucaldı ki, Peyğəmbərin (s) digər səhabələrinə nisbət özünəməxsus xüsusiyyəyləti ilə fərqlənərək ən yaxın və üstün səhabələrdən hesab olundu. Yeri var ki, Zeyd haqqında bunu da qeyd edək ki, Peyğəmbərin (s) səhabələri içində Quranda3 adı çəkilən
yeganə səhabədir.4
Bəni Müstələq döyüşündə Peyğəmbər (s) iştirak edən zaman Zeyd ibn Harisəni öz canişini seçərək Mədinədə hakimiyyəti ona tapşırdı.
Nəhayət Zeyd ibn Harisə İslamin bu böyük mücahidi, Mütə döyüşündə İslam qoşunun sərkərdəlik məsuliyyətini öhdəsinə götürdüyü halda hicrətin Səkkizinci ili Cəmadiül-Əvvəl ayında şəhadətə çataraq İslam yolunda çəkdiyi zəhmətləri muzdunu aldı.5

Mənbə: islamquest.net saytı
Rizvan.net saytı üçün tərcümə etdi R.Mahmudzadə


1 - Əhzab, 5-ci ayə. ادْعُوهُمْ لِآبائِهِمْ هُوَ أَقْسَطُ عِنْدَ اللَّه – Onları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha düzgündür (daha ədalətlidir).
2 - bax: İslam pedia, İslam Peyğəmbərinin (s) döyüşləri.
3 - baxmayaraq Quran oni bir növ qınayır lakin bu qınaq, onun məqamını və şəxsiyyətini kiçildən həddə deyil
4 - Əhzab, 37 - وَ إِذْ تَقُولُ لِلَّذي أَنْعَمَ اللَّهُ عَلَيْهِ وَ أَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَ اتَّقِ اللَّهَ وَ تُخْفي‏ في‏ نَفْسِكَ مَا اللَّهُ مُبْديهِ وَ تَخْشَى النَّاسَ وَ اللَّهُ أَحَقُّ أَنْ تَخْشاهُ فَلَمَّا قَضى‏ زَيْدٌ مِنْها وَطَراً زَوَّجْناكَها لِكَيْ لا يَكُونَ عَلَى الْمُؤْمِنينَ حَرَجٌ في‏ أَزْواجِ أَدْعِيائِهِمْ إِذا قَضَوْا مِنْهُنَّ وَطَراً وَ كانَ أَمْرُ اللَّهِ مَفْعُولاً - (Ya Peyğəmbər, yada sal) o zaman(ı) ki, Allahın (iman) nemət(i) əta etmiş olduğu və sənin də ona nemət verdiyin (azad edərək oğulluğa götürdüyün) şəxsə deyirdin: «Zövcəni saxla (boşama), Allahdan qorx». Və sən (gələcəkdə) Allahın aşkar edəcəyi şeyi (onun boşanmış zövcəsi ilə evlənməyə əmr olunmağını) öz ürəyində gizli saxlayırdın və camaatdan qorxurdun (ki, desinlər: «Öz oğulluğunun boşadığı zövcəsi ilə evlənmişdir»). Halbuki Allah Ondan qorxmağa daha layiqdir. Beləliklə elə ki, Zeyd ondan ehtiyacını çəkdi (onunla əlaqəsini kəsib ona təlaq verdi) onu sənin kəbininə keçirdik (səninlə evləndirdik) ki, (gələcəkdə) oğulluqları öz ehtiyaclarını zövcələrindən çəkdikləri zaman (onları boşadıqda) – möminlər üçün öz oğulluqlarının zövcələri ilə evlənməkdə bir çətinlik və maneə olmasın, və Allahın (yaradılış) əmri daim olasıdır
5 - Bax: İbn Əsir, Usdul Ğabə fi mərifətil səhabə, c2, s129-132.

 

Tags: SUALLARA CAVAB, MƏQALƏLƏR, SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!