SƏLƏFİ FİRQƏSİ - 1

:

Sələfilər bir məzhəb kimi tanınmazdan öncə əqidəvi cərəyan və hərəkat, hətta ictimai və bəzən siyasi bir hərəkat hesab edilmişlər. Bu cərəyan tarix boyunca bir neçə dəfə İslam dünyasının müxtəlif məntəqələrində zahir olmuşdur.

Sələfi cərəyanı saleh sələflərin, yəni İslamın əvvəllərində yaşayan müsəlmanların əməl və rəftarlarını dirçəltmək məramında olmuşlar. Adətən, İslam ümmətində müxtəlif etiqadlı firqə və məzhəblər yarandıqda, İslam xalqları müxtəlif qruplara bölündükdə, dünyanın ayrı-ayrı guşələrində bəzi fərdlər dindəki bidətləri aradan qaldırmaq, müxtəlif firqələrin İslama artırdıqları qol-budaqları kəsmək üçün qiyam edərək, Peyğəmbər (s) dinində islahat aparmaq istəmişlər. Sələfilər iddia etmişlər ki, öz nəzəriyyələri ilə Peyğəmbər ümmətini azğınlıqdan düz yola döndərəcəklər. Onlar bu hədəfin gerçəkləşməsi üçün hamılıqla saleh sələflərin getdiyi yola və adət-ənənələrə qayıdaraq onlar kimi fikirləşib əməl etmək istəyirdilər. Onlar deyirdilər ki, saleh sələflərimiz olan Peyğəmbər (s) və səhabələrin əsrindən sonra artırılan şeylərdən uzaqlaşmaq lazımdır. Məhz buna görə də, bu cərəyana “sələfilik” adı verilmişdir.
Qeyd:
Bu bəhsdə iki mühüm məsələ qeyd edilməlidir:
1. İslam dünyasında bəzən “Xalis İslamın Bayraqdarı” iddiası ilə müəyyən cərəyanlar yaranıb, sair firqələri bidətçi və kafir adlandırmışlar. Bunlar təkcə İslam ümmətinə məxsus deyil, adətən bütün dini və ideoloji cərəyanlarda belə islahatçılıq meylləri meydana gəlir. Bəzi dinlər, o cümlədən, xristianlıqda meydana gələn “ortodoks” sözü “xalis din” mənasındadır. Belə ki, ortodoks məsihiləri öz ayinlərini sair məsihi firqələrinin müqabilində xalis bir din hesab edir və inanırlar ki, bu ayin məhz həzrət İsanın hər növ bidət və azğınlıqdan pak olan dinidir.
2. Hər hansı bir tədqiqatçı müəyyən bir məzhəbin ideoloji əsaslarını araşdırmaq, o məzhəbin əqidə üsullarını təhlil etmək və haqqı batildən ayırmaq məqamına gələrək, öz gümanı əsasında onu islah etmək istəsə, şübhəsiz, onun öz şəxsi fikirləri də bu işdə mühüm rol oynayacaqdır. Belə şəxslər adətən öz əqidə və məsləkinin təsirindən çıxa bilmir. Və onların yürütdüyü mühakimələrin tam düzgün olmasına da heç bir zəmanət yoxdur. Nəticədə bu kimi islahat prosesi yeni bir məzhəb yaradır və sair alimlər də onun qarşısında əks mövqe tuturlar.
Bəzən hər hansı bir ümmət arasında vəhdət yaratmaq məqsədi ilə başlanan bu kimi hərəkatın özü, daha artıq və yeni-yeni təfriqələrin yaranmasına səbəb olur.
Ən mühüm sələfi cərəyanı əvvəlcə 7-ci əsrin axırlarında və 8-ci əsrin əvvəllərində, sonralar isə 12-ci və 13-cü əsrlərdə meydana gəlmişdir.
7-ci hicri əsrinin axırlarında başlanan cərəyan aydın şəkildə “sələfiyyə” adı ilə məşhurlaşmış, 12-ci və 13-cü əsrlərdə yaranan cərəyanlar isə başqa adlarla tanınmışdır. Burada yalnız 7-ci əsrdə baş verən hadisələrə nəzər salacağıq.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

 Ardını buradan oxuyun

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!