XƏVARİC FİRQƏSİ - 4

:

İMAM ƏLİ(Ə)NİN  XƏVARİCLƏ MÜNAZİRƏSİ
Hz. Əli (ə) Nəhrəvana çatdıqda, xəvaric nizələrini o həzrətə tərəf tuşlayıb “la hökmə illa lillah” şüarını verirdilər. Həzrət Əli (ə) dedi: Allahın hökmünü icra etməkdən başqa sizdən heç nə istəmirəm. Bizim qardaşlarımızı öldürənləri təhvil verin ki, onların barəsində Allahın hökmünü icra edim.

Sizinlə bundan artıq işim yoxdur və mənim əsas məqsədim Şam əhli ilə qarşılaşmaqdır. Bəlkə, Allah sizin qəlblərinizi xeyrə döndərdi.
Xəvaric dedi: Onların (İbn Xəbbab, Haris və sairlərinin) qatilləri bizim hamımızıq. Bizim hamımız onların və sizin qanınızı mübah hesab etmişik.
İmam Əli (ə) buyurdu: Ey camaat! Mən Əli ibn Əbu Talibəm, mənə deyin görüm, hansı əsasla mənimlə müxalifət edib intiqam almaq istəyirsiniz?
Dedilər: Bizim ilk dəlilimiz budur ki, biz Bəsrə əhli ilə müharibədə (Cəməl döyüşündə) sənin tərəfində vuruşduq, amma sən onlara qələbə çaldıqda, onların mal-dövlətlərini bizə mübah etdin. Lakin qadın və övladlarını bizə vermədin.
İmam Əli (ə) dedi: Ey camaat! Bəsrə əhli bizimlə vuruşdular, müharibəyə başlayanlar da onlar idilər. Allah məni onlara qalib etdiyi zaman sizə qarşı döyüşənlərin mal-dövlətlərini sizin aranızda bölüşdürdüm. Lakin qadın və uşaqlara əl vurmağı sizə qadağan etdim, çünki qadınlar sizinlə vuruşmamışdılar və onların övladları İslam fitrətində dünyaya gəlmişdilər. Buna görə də, onların qadın və uşaqlarına əl vurmağı sizlərə qadağan etdim. Siz bilirsiniz ki, Rəsuli-Əkrəm (s) Məkkəni fəth edən zaman Məkkə əhlinə minnət qoyub, onların qadın və uşaqlarını əsir götürmədi. Peyğəmbər müşriklərə minnət qoyubsa, mənim müsəlmanlara minnət qoymağımı, onların qadın və uşaqlarını əsir götürməməyimdən təəccüblənməyin.
Xəvaric dedi: Sənə olan başqa bir iradımız da bundan ibarətdir ki, Siffeyn müharibəsində, səninlə Müaviyə arasında əhdnamə yazılan zaman sən öz katibinə dedin ki, belə yazsın: “Bu, möminlərin əmiri Əli ibn Əbu Taliblə Müaviyə ibn Əbi Süfyan arasında olan bir əhdnamədir.” Müaviyə sənin möminlərin əmiri olmağına etiraz etdikdə, sən o ünvanı pozdurub dedin ki, belə yazılsın: “Bu Əli ibn Əbi Taliblə Müaviyə ibn Əbu Süfyan arasında olan bir əhdnamədir”. Əgər sən möminlərin əmiri deyilsənsə, onda kafirlərin əmirisən. Halbuki biz möminik və sən bizim əmirimiz olmamalısan.
İmam Əli (ə) buyurdu: Ey camaat! Siz öz sözlərinizi dediniz, indi cavabı eşidiniz. Mən Hüdeybiyyə sülhündə Peyğəmbərin (ə) katibi idim. O həzrət (s) mənə buyurdu ki, belə yazım: “Bu Allahın Rəsulu Mühəmməd ilə Məkkə əhli arasında bir sülhnamədir.” Əbu Süfyan (yaxud Məkkə müşriklərinin nümayəndəsi olan Süheyl ibn Əmr) dedi: Əgər mən sənin Allahın Rəsulu olduğunu qəbul etsəydim, səninlə müharibə etməzdim. Belə isə özünün və atanın adından başqa bir şey yazma.” Buna görə də, Peyğəmbər (s) mənə əmr etdi ki, risalət ünvanını pozub belə yazım: “Mühəmməd ibn Əbdillah ilə Məkkə əhli arasında olan bir sülhnamədir.” Mənim xilafət ünvanını götürməyim eynilə Peyğəmbərin risalət ünvanını götürməyinə oxşayır və Peyğəmbər də bu işdə mənim üçün nümunədir.
Xəvaric dedi: Digər bir iradımız da budur ki, sən həkəmlərə dedin: “Allahın kitabına nəzər edin, əgər məni Müaviyədən fəzilətli bilsəniz, xilafətə məni seçin, yox əgər Müaviyəni fəzilətli bilsəniz xilafətə onu seçin.” Demək, sən özün-özünə arxayın deyilsən ki, deyirsən, Müaviyə məndən əfzəldir. Belə ki, bizim sənin əfzəl olmağın barəsindəki şəkkimiz, sənin özünə olan şəkkindən daha çox olacaqdır.
İmam Əli (ə) buyurdu: Mən bu işlə Müaviyə ilə insafla rəftar etmək istəyirdim, əks halda, həkəmlərə deyə bilərdim ki, mənim xeyrimə hökm edin və Müaviyəni boşlayın. Müaviyə də bu işə razı olmazdı. Eləcə də, əgər Rəsuli-Əkrəm (s) Nəcran məsihiləri ilə mübahilədə “gəlin mübahilə edək və Allahın lənətini sizə qərar verək” – desəydi, məsihilər bu işə razı olmazdı. Məhz bu səbəbdən onlarla insafla rəftar etdi. Mən də Peyğəmbər kimi Müaviyə ilə insafla davrandım, Əmr Asın mənim nümayəndəmə hazırladığı hiylədən agah deyildim.
Xəvaric dedi: Sənə digər bir iradımız da vardır. Sən öz haqqın olan bir işi həkəmlərə həvalə etdin.
İmam Əli (ə) buyurdu: Rəsuli-Əkrəm (s) Bəni-Qureyzə barəsində Səd ibn Məazı həkəm seçdi. Halbuki istəsəydi, belə etməyə bilərdi. Sonra Səd onların kişi və qadınlarının qətlinə, övladlarının əsirliyinə, mal-dövlətlərinin qarət edilməsinə hökm verdi. Rəsuli-Əkrəm (s) özü görməli olduğu bir şeydə digərini həkəm seçdi. İndi deyin, mənim əleyhimə deyə biləcəyiniz başqa bir dəliliniz vardırmı?
Xəvaric sakit oldular və deməyə heç bir söz tapmadılar. Amma öz aralarında dedilər: Düz deyir. O, bizim bütün dəlillərimizi batil etdi. Bu zaman camaat hər tərəfdən fəryad çəkib dedi: Ya Əmirəlmöminin! Tövbə, tövbə!
Bu hadisədə xəvaricdən 8000 nəfər tövbə edərək Əmirəlmöminin Əliyə (ə) tərəf gəldilər. O həzrət də onların tövbələrini qəbul etdi. Amma dörd min nəfərə kimi qaldı və Əbdüllah ibn Vəhəb Rasibinin sərkərdəliyi ilə, tarix kitablarında müfəssəl şəkildə deyildiyi Nəhrəvan müharibəsində Əmirəlmöminin Əlinin (ə) qarşısında cəbhələşdilər və nəhayətdə sayları 10 nəfərdən az olan bir dəstə istisna olmaqla, hamısı qətlə yetirildi.
Nəhrəvana gəlməyən xəvaric dəstəsi, eləcə də Nəhrəvanda Əlinin (ə) vasitəsi ilə öldürülənlərin övladları xəvaricin siyasi və əqidəvi cərəyanının davam etməsinə səbəb oldu.
Xəvaric tədriclə öz əqidə və fikirlərinin bəzilərini yaymaqla, xüsusilə “günaha mürtəkib olmaq şirk və küfrdür” məsələsinə etiqad bağlayaraq, bir məzhəb və məktəbə çevrildi, sair məzhəblərin, o cümlədən, mürciə məzhəbinin müqabilində dayandı. Belə ki, onlar günaha mürtəkib olanın dindən çıxaraq əzaba layiq olmasına inanmırdılar. Xəvaric cərəyanı da sair əqidəvi cərəyanlar kimi müxtəlif firqələrə bölündü ki, burada onların firqələri ilə tanış olacağıq.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Ardını buradan oxuyun

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!