HÜCR İBN ƏDİYY KİMDİR? - I HİSSƏ

:

HÜCR İBN ƏDİYYİN HƏYATI HAQQINDA GENİŞ MƏLUMAT
Hücr ibn Ədiyy Allah Rəsulunun (s) böyük səhabələrindən idi. Şiə və sünni alimləri onun əzəməti barədə dəyərli ifadələr nəql etmişlər: "Yaş baxımından Allah Rəsulunun (s) digər səhabələrindən kiçik olmasına baxmayaraq, əzəmət cəhətindən səhabələrin böyüyü idi."

Hakim Nişaburi "Müstədrək" kitabında onu "Muhəmməd (s) səhabələrinin rahibi" adı ilə yad etmiş, İbn Əsir "Usdul-ğabə"də, İbn Həcər Əsqəlani "Əl-İsabə"də onu "Hucrul-xəyr" (xeyr mənzili) deyə xatırlamışlar. Onun abid bir şəxs və daimi olaraq dəstəmazlı olduğunu, eyni zamanda, dəstəmaz aldığı zaman namaz qıldığını qeyd etmişlər. İbn Əbdülbirr "Əl-İstiab" və İbn Əsir "Usdul-ğabə"də onu "duası qəbul edilən" adı ilə xatırlamışlar.1
Müğeyrə ibn Şöbə Müaviyə tərəfindən Kufəyə hakim olduğu zaman, Müaviyənin göstərişi ilə xütbə və söhbətlərində Həzrət Əliyə (ə) qarşı nalayiq və xoşagəlməz sözlər deyirdi. Belə hallarda Hücr ibn Ədiyy onun müqabilində dayanaraq Həzrət Əlinin (ə) fəzilətlərindən danışır və Müaviyəni rüsvay edirdi. Kufənin tanınmış və nüfuzlu şəxsiyyətlərindən olan Hücr öz bəyan və çıxışları ilə Müğeyrənin planlarını alt-üst edirdi.
Kufənin əksər əhalisi də onunla razılaşaraq Müğeyrənin sözlərinə qarşı çıxırdılar. Əlini onların qanına bulamaqdan çəkinən Müğeyrə buna səbr etməsinə baxmayaraq, Hücrün sözlərinin nəticəsindən qorxur və deyirdi ki, bütün hakimlər mənim kimi deyillər və onlar sənin müqabilində şiddət və zor tətbiq edəcəklər.
Müğeyrə hicri 51-ci ildə həlak edildi və bu zaman Müaviyə Bəsrənin valisi (hakimi) olan Ziyadı vəzifəsini saxlamaqla  Kufəyə vali təyin etdi. Ziyad da digər valilər kimi Müaviyənin göstərişi ilə zülm edərək Həzrət Əli (ə) haqqında minbərlərdə xoşagəlməz və nalayiq sözlər deməyə başladı və Hücrün müxalifətçiliyi ilə üzləşdi.
Hücr ibn Ədiyy və onun belə xoşagəlməz sözlərə dözməyən tərəfdarları Müaviyənin zalım hakimiyyəti müqabilində dayandılar və Ali-Əbu Süfyan və Şam hakimini ifşa etməkdən əl çəkmədilər, həmçinin, zalım Ziyadın təhdidlərinə əhəmiyyət vermədilər. Sonunda Ziyad onları həbs etdirdi və onların məzəmmət və təhqiri ilə bağlı məktub yazaraq Şama yolladı.
Hücr və tərəfdarlarını Dəməşqin yaxınlığındakı "Mərcu Əzra" adlı yerdə saxladılar və Müaviyə tərəfindən hökmün çıxarılmasını gözlədilər.
On dörd nəfər olan bu qrupun arasından yeddi nəfəri bəzilərinin Müaviyəyə vəsatəti (vasitəçiliyi) sayəsində xilas oldu, amma Hücr və onunla birlikdə müqavimət göstərən altı nəfər dindar olmaq və Həzrət Əliyə (ə) məhəbbət bəsləmək cinayəti ilə faciəli şəkildə şəhadətə yetirildilər.2
Əhli-sünnənin məşhur kitablarından olan "Kənzul-ummal"da Hücrün şəhadət zamanı belə vəsiyyət etdiyi qeyd edilmişdir:

لاَ تُطْلِقُوا عَنِّی حَدِیداً وَ لاَ تَغْسِلُوا عَنِّی دَمَاً وَ ادْفِنُونِی فِی ثِیابِی، فَإِنِّی لاق مُعاوِیَةَ بِالْجادَّةِ وَ إِنِّی مُخاصِمٌ

"Mənim əl və ayaqlarımdan zəncirləri açmayın, qanımı yumayın və məni öz paltarımda dəfn edin, çünki Qiyamət günü Müaviyə ilə bu vəziyyətdə görüşmək və Allahın aramızda hökm verməsini istəyirəm."3
Hücr və tərəfdarlarının qəbri günümüzdə Dəməşqin yaxınlığındakı Mərcu Əzra məntəqəsində yerləşir, tanınmış və məşhurdur, eyni zamanda əksər müsəlmanların ziyarətgahına çevrilmişdir. Hücr ibn Ədiyy və tərəfdarlarının şəhadəti istər həmin, istərsə də, sonrakı zamanda camaatın şiddətli etirazına səbəb olmuş və Müaviyənin həyatındakı ən pis ləkə kimi xatırlanmışdır.
İmam Hüseyn (ə) Müaviyəyə yazdığı məktubların birində Hücr və tərəfdarlarının şəhadətinə işarə edərək belə buyurur:

«أَلَسْتَ قَاتِلَ حُجْر، وَ أَصْحابَهُ الْعابِدِینَ المُخْبِتِینَ، اَلَّذِینَ کَانُوا یَسْتَفْظِعُونَ الْبِدَعَ، وَ یَأْمُرُونَ بِالْمَعْرُوفِ، وَ یَنْهَوْنَ عَنِ الْمُنْکَرِ، فَقَتَلْتَهُمْ ظُلْماً وَ عُدْواناً، مِنْ بَعْدِ ما أَعْطَیْتَهُمُ الْمَواثِیقَ الْغَلِیظَةَ، وَ الْعُهُودِ الْمُؤَکَّدَةَ، جُرْأَةً عَلَى اللّهِ وَاسْتِخْفَافاً بِعَهْدِهِ»;

"Ey Müaviyə! Sən Allah qarşısında təvazökar və abid olan Hücr və tərəfdarlarını qətlə yetirən kəs deyilsənmi? Onlar bidətlərdən uzaq olan, yaxşı işlərə dəvət edən və pis işlərdən çəkindirənlər idilər, amma sən onları zülm və düşmənçiliklə – onlara heç bir şey etməməyin barədə möhkəm əhd-peyman bağladıqdan sonra – qətlə yetirdin və bu əməli Allah müqabilində itaətsizlik etmək və onun peymanını yüngül saydığın üçün yerinə yetirdin."4
Aişə də Müaviyə ilə görüşündə ona belə demişdi: "Nə üçün Hücr və onun tərəfdarlarını öldürdün?" Müaviyə cavab verdi: "Ümmətin məsləhətini (xeyrini) bunda gördüm." Aişə dedi: "Allahın Rəsulundan (s) onların barəsində belə buyurduğunu eşitmişəm:

«سَیُقْتَلُ بِعَذْراءَ نَاسٌ، یَغْضِبُ اللهُ لَهُمْ وَ أَهْلُ السَّماءِ»

"Tezliklə Əzra məntəqəsində bir qrup insan öldürüləcək ki, Allah və səma əhli onlara görə qəzəblənəcəkdir."5, 6
"Hucrul-xəyr" və "İbn Ədbər" kimi tanınan Əbu Übeyd Ərrəhman Hücr ibn Ədiyy Kindi7 cahiliyyət və İslam dövründə yaşayanlardan idi.8 O, Peyğəmbərlə (s) görüşmüş9 və o Həzrətlə söhbət etmişdir.10
Hücr İslam tarixinin nurani simalarından və şiəlik tarixinin uca zirvəsində olanlardandır.
O, hələ cavanlıq yaşında ikən Peyğəmbərin (s) hüzuruna gəlmiş və İslamı qəbul etmişdir. Dünyadan üz çevirmək, zahidlik, çoxlu namaz qılmaq və oruc tutmaq, cəngavərlik və şücaət, şərafət, kəramət, düzgünlük və ibadət onun xüsusiyyətlərindəndir.11
O, zahidliyi ilə məşhur idi.12 Pak ruh, sağlam nəfs, üstün rəftar və saf üslub Hücrü “Duası qəbul edilən” şəxs etmişdi.13
O, əsla haqqın zay edilməsi və batilə meyllilik qarşısında sükut etməzdi. Bu xüsusiyyət onun digər mömin və mücahidlərlə birlikdə Osmanın üzərinə hücum etməsinə səbəb olmuşdu14. Həmçinin, Həzrət Əlinin (ə) hakimiyyətə gəlməsi ilə bağlı heç bir fəaliyyətini əsirgəməmiş və beləliklə, o Həzrətin xüsusi səhabəsi15, müti tərəfdarı16 hesab edilmişdir.
Hücr döyüşlərdə Həzrət Əli (ə) ilə birlikdə iştirak etmişdir. "Cəməl"17 döyüşündə Kindi qəbiləsinin süvarilərinin baş sərkərdəsi olmuşdu.18 "Siffeyn"19 döyüşündə qəbiləsinin sərkərdəliyini öz öhdəsinə götürmüşdür.20 "Nəhrəvan" döyüşündə Həzrət Əlinin (ə) qoşununun sol21 və ya sağ22 cinahına rəhbərlik etmişdir.
O, fəsahətli bəyan və nüfuzedici (təsirli) sözə malik idi. Bəlağətlə danışar və həqiqətləri fəsahətlə bəyan edərdi. Həzrət Əlinin (ə) uca məqamı barədə gözəl və qəflətdən oyadıcı sözləri bu həqiqətin göstəricisidir.23
O, Həzrət Əlinin (ə) vəfalı köməkçilərindən və o Həzrəti müdafiə edənlərdən idi. Zəhhak ibn Qeys İraqı qarət etməyə üz tutduqda, Hücr ibn Ədiyy Həzrət Əlidən (ə) onunla qarşılaşmaq üçün icazə aldı və şücaətlə onu məğlubiyyətə uğratdı və Zəhhak qaçdı.24
Hücr Həzrət Əlinin (ə) zərbə alacağı məsələsindən son anda xəbər tutdu və bütün təlaşı ilə o Həzrəti xəbərdar etməyə çalışsa da, buna müvəffəq ola bilmədi.25 O Həzrətin qana boyanmasından çox məyus oldu.
O, İmam Həsənin (ə) də qeyrətli davamçılarından idi.26 Sülh müqaviləsinin bağlanması xəbərini eşitdiyi zaman, damarlarında qanı cuşə gəldi və bu müqavilənin bağlanmasına etiraz elədi.27 İmam Həsən (ə) ona buyurdu: "Əgər başqaları da sənin kimi izzətli olmaq istəsəydi, mən heç zaman bu müqaviləni imzalamazdım."28
Hücrün qəlbi Müaviyədən yanıqlı idi və davamlı şəkildə hakimiyyətə gələn "Hizbut-tuləqa"dan (Məkkənin fəthi zamanı azad edilmiş (bağışlanılmış) dəstə) uzaq gəzir və bir dəstə şiə ilə birlikdə ona lənət göndərirdi.29 Ona görə ki, Allahın Rəsulu (s) onların məlun (Allahın rəhmətindən uzaq) olduğunu söyləmişdi.
Alçaqlıq və pis xasiyyətlilikdə tayı-bərabəri olmayan və "Hizbut-tuləqa"nın hakimiyyəti ilə Kufə hakimliyinə yiyələnən Müğeyrə Həzrət Əli (ə) və onun tərəfdarlarına tənə vurduğu zaman Hücr heç bir şeydən çəkinməyərək müdafiəyə qalxır və onu məzəmmət edirdi.30
Hücrün tutduğu mövqe, ifşaçılıq, inadkarlıq və möhkəmliyindən cana doymuş Müaviyə Hücrün ölüm hökmünü imzaladı və tərəfdarları ilə birlikdə31 Mərcu Əzrada32 hicri 51-ci ildə33 şəhadətə çatdırdı.34
Hücr sevilən, nüfuzlu və xeyirxah bir şəxsiyyət idi. Onun şəhadəti camaata ağır gəldi.35 Onlar Müaviyəyə etiraz edərək onun pis əməllərini məzəmmət etdilər. O cümlədən, İmam Hüseyn (ə) Müaviyəyə yazdığı məktubda36 Hücrün zülmə qarşı mübarizəsini xatırlatdıqdan və onu çoxlu mədh etdikdən sonra, etiraz edir və Maviyənin əhd-peymanı pozduğunu və zalımcasına Hücrün pak qanını axıtdığını onun yadına salır. Aişə də Mərcu Əzra şəhidləri37 ilə bağlı rəvayəti xatırlatmaqla Müaviyəyə etiraz etdi.38
Müaviyə bu qədər hiyləgərliyinə baxmayaraq, Hücrün qətlə yetirilməsini özünün səhvlərindən olduğunu boynuna alır və peşmançılıq hissi keçirirdi.39 Öldüyü zaman Müaviyə belə deyirdi: "Əgər bir nəsihət edən olsaydı, bizi Hücrün qətlindən saxlayardı."40
Həzrət Əli (ə) onun şəhadəti barədə xəbər vermiş, onun və tərəfdarlarının şəhadətini "Uxdud əshabı"nın41 şəhadətinə bənzətmişdi.42

HÜCR İBN ƏDİYYİN ƏMİRƏL-MÖMİNİNƏ MÜTLƏQ ŞƏKİLDƏ TABE OLMASI
Hücr ibn Ədiyy Həzrət Əlinin (ə) tərəfdarlarından və o Həzrəti ciddi şəkildə müdafiə edənlərdən idi.43
O, İmam Əlinin (ə) bütün döyüşlərində iştirak etmiş, "Cəməl" döyüşündə Kindi qəbiləsinin süvari qoşununa komandanlıq etmiş, "Siffeyn" döyüşündə öz qəbiləsinin rəhbərliyini öhdəsinə almış, "Nəhrəvan" döyüşündə qoşunun sol və ya sağ cinahına başçılıq etmişdir.44
Abdullah ibn Şərikin nəql etdiklərinə əsasən, "Siffeyn" döyüşündə Hücr Əmirəl-mömininə (ə) xitab edərək dedi: "Ey Əmirəl-möminin (ə)! Biz döyüş övladları və onu (döyüşü) qalibcəsinə sona çatdıran kəslərdənik. Döyüş bizi sınamış, biz də döyüşü yoxlamışıq.45 Bizim ləyaqətli tərəfdarlarımız və çoxsaylı qəbiləmiz, ölçülüb-biçilmiş düşüncəmiz və tutarlı qüdrətimiz var.
Bizim rəhbərimiz sizsiniz və sizin əmrinizə müntəzir və tabeyik. Əgər şərqə üz tutsanız, şərqə gedər, əgər qərbə yola düşsəniz, qərbə gedərik, nəyi əmr etsəniz, yerinə yetirərik."
Həzrət Əli (ə) buyurdu: "Sənin bütün qəbilən bu düşüncədədirmi?"
Cavab verdi: "Mən onlardan yaxşılıq və gözəllikdən başqa, heç bir şey görməmişəm, mənim tabeçiliyim, müsbət cavabım onların tərəfindən nümayəndə olmağımdandır." 
Sonra Həzrət Əli (ə) onu mədh etdi.46, 47

Hazırladi:Qahir Dadaşov

Ardı var...

ARDINI BURADAN OXUYUN


1. Daha çox məlumat əldə etmək üçün "Usdul-ğabə", c.1, səh. 385-386; "əl-İsabə", c.1, səh. 314; "Muxtəsəru tarixi Dəməşq", c.6, səh. 236-dan sonraya; "Əyanuş-şiə", c.4, səh. 569-dan sonraya və "əl-Ğədir", c.11, səh. 53-dən sonraya müraciət edə bilərsiniz.
2. "Təbəri tarixi", c.4, səh. 187-207; İbn Əsir, "əl-Kamilu fit-tarix", c.3, səh. 472-486; "Muxtəsəru tarixi Dəməşq", c.6, səh. 235-242, "Murucuz-zəhəb", c.3, səh. 3-4; "əl-Ğədir", c.11, səh. 37-dən sonra; "Əyanuş-şiə", c.4, səh. 569-586-ya müaraciət edin.
3. "Kənzul-ummal", c.11, səh. 353, hədis 31724; Həmçinin, "Usdul-ğabə", c.1, səh. 386; "Əl-İsabə", c.1, səh. 315-ə müraciət edin.
4. "Əl-İmamə vəs-siyasə", c.1, səh. 203; Eyni zamanda, "Biharul-ənvar", c.44, səh. 213-ə müraciət edin.
5. "Muxtəsəru tarixi Dəməşq", c.6, səh. 241 və "Əl-İsabə", c.1, səh. 315;
6. Ayətullah Məkatim Şirazinin nəzarəti altında "Aşura – prinsiplər, maraqlar, hadisələr, nəticələr" kitabından seçmələr, səh. 190.
7. "Ət-Təbəqatul-kubra", c.6, səh. 217; "Seyru əlamin-nubəla", c.3, səh. 463, hədis 95; "Dəməşq tarixi", c.12, səh. 211; Zəhəbi, "İslam tarixi", c.4, səh. 33.
8. "Əl-Mustədrəku ələs-səhihəyn", c.3, səh. 534, hədis 5983; "ət-Təbəqatul-kubra", c.6, səh. 217; "Dəməşq tarixi", c.12, səh. 211.
9. "Əl-Mustədrəku ələs-səhihəyn", c.3, səh. 532, hədis 5974; "ət-Təbəqatul-kubra", c.6, səh. 217; "Ənsabul-əşraf", c.5, səh. 276; "Seyru əlamin-nubəla", c.3, səh. 463, hədis 95; "Dəməşq tarixi", c.12, səh. 207; "Usdul-ğabə", c.1, səh. 679, hədis 1093.
10. "Əl-Mustədrəku ələs-səhihəyn", c.3, səh. 534, hədis 5983; "Seyru əlamin-nubəla", c.3, səh. 463, hədis 95; Zəhəbi, "İslam tarixi", c.4, səh. 193; "əl-İstiab", c.1, səh. 389, hədis 505; "Usdul-ğabə", c.1, səh. 679, hədis 1093. (وفیهما «کان من فضلاء الصحابة)
11. "Seyru əlamin-nubəla", c.3, səh. 463, hədis 95; "əl-Bidayətu vən-nihayə", c.8, səh. 50.
12. "Əl-Mustədrəku ələs-səhihəyn", c.3, səh. 531; "Dəməşq tarixi", c.12, səh. 212; "əl-Bidayətu vən-nihayə", c.8, səh. 50.
13. "Əl-İstiab", c.1, səh. 391, hədis 505; "Usdul-ğabə", c.1, səh. 698, hədis 1093.
14. "Əl-Cəməl", səh. 137.
15. "Ət-Təbəqatul-kubra", c.6, səh. 217; "Usdul-ğabə", c.1, səh. 679, hədis 1093 ( وفیه «کان من أعیان أصحابه»،); "Əl-Əxbarut-tival", səh. 224 ( وفیه «کان من أعیان أصحابه»،).
16. "Seyru əlamin-nubəla", c.3, səh. 463, hədis 95.
17. "Əl-Mustədrəku ələs-səhihəyn", c.3, səh. 532, hədis 5974; "ət-Təbəqatul-kubra", c.6, səh. 218; "Ənsabul-əşraf", c.5, səh. 276; "Dəməşq tarixi", c.12, səh. 210.
18. "Əl-Cəməl", səh. 320; "əl-Əxbarut-tival", səh. 146.
19. "Əl-Mustədrəku ələs-səhihəyn", c.3, səh. 532, hədis 5974; "ət-Təbəqatul-kubra", c.6, səh. 218; "Ənsabul-əşraf", c.5, səh. 276; "Dəməşq tarixi", c.12, səh. 207.
20. "Siffeyn döyüşü", səh. 117; "Xəlifə ibn Xəyyat" tarix kitabı, səh. 146; "Seyru əlamin-nubəla", c.3, səh. 463, hədis 95 ( وفیه «شهد صفّین أمیراً).
21. "Əl-İstiab", c.1, səh. 389, hədis 505; "Usdul-ğabə", c.1, səh. 697, hədis 1093.
22. "Əl-Əxbarut-tival", səh. 210; "əl-İmamə vəs-siyasə", c.1, səh. 169.
23. "Əl-Cəməl", səh. 255.
24. "Əl-Ğarat", c.2, səh. 425; "Təbəri tarixi", c.5, səh. 135; "əl-Kamilu fit-tarix"; c.2, səh. 426.
25. "Əl-İrşad", c.1, səh. 19; İbn Şəhr Aşub, "əl-Mənaqib", c.3, səh. 312.
26. "Ənsabul-əşraf", c.3, səh. 280; Tusi, "ər-Rical", səh. 94, hədis 928.
27. "Ənsabul-əşraf", c.3, səh. 365; "əl-Əxbarut-tival", səh. 220; "Nəhcül-bəlağənin şərhi", c.16, səh. 15.
28. "Ənsabul-əşraf", c.3, səh. 365;
29. "Təbəri tarixi", c.5, səh. 256; "əl-Kamilu fit-tarix"; c.2, səh. 489.
30. "Ənsabul-əşraf", c.5, səh. 252; "Təbəri tarixi", c.5, səh. 254; "əl-Kamilu fit-tarix"; c.2, səh. 489.
31. "əl-Mustədrəku ələs-səhihəyn", c.3, səh. 532, hədis 5978; "Dəməşq tarixi", c.12, səh. 211; Zəhəbi, "İslam tarixi", c.4, səh. 194; "Murucuz-zəhəb", c.3, səh. 12; (وفیه «سنة ثلاث وخمسین)
32. "Mərc" sözü "otlaq" mənasındadır. Mərcu Əzra Dəməşqin yaxınlığındakı abad məntəqələrdən biridir və o, Xovlan vadisində yerləşir. Hücrün məqbərəsi bu ərazidədir və müsəlmanların ziyarətgah yeridir.
33. "Əl-Mustədrəku ələs-səhihəyn", c.3, səh. 532, hədis 5974; "Murucuz-zəhəb", c.3, səh. 12; "əl-İstiab", c.1, səh. 390, hədis 505.
34. "Dəməşq tarixi", c.12, səh. 217; "əl-İstiab", c.1, səh. 389, hədis 505.
35. "Əl-Əxbarut-tival", səh. 224.
36. "Ənsabul-əşraf", c.5, səh. 129; "əl-İmamə vəs-siyasə", c.1, səh. 203; Kəşşi "ər-Rical", c.1, səh. 252, hədis 99; "əl-Ehticac"; c.2, səh. 90, hədis 164.
37. "Ənsabul-əşraf", c.5, səh. 274; "Dəməşq tarixi", c.12, səh. 226; "əl-İsabə", c.2, səh. 33, hədis 1634; "Yəqubi tarixi", c.2, səh. 231.
38. "Əl-Mustədrəku ələs-səhihəyn", c.3, səh. 534, hədis 5984; "Ənsabul-əşraf", c.5, səh. 48; "Təbəri tarixi", c.5, səh. 279; Zəhəbi, "İslam tarixi", c.4, səh. 194;"əl-İstiab", c.1, səh. 390, hədis 505.
39. "Seyru əlamun-nubəla", c.3, səh. 465, hədis 95; "Dəməşq tarixi", c.12, səh. 226; "Təbəri tarixi", c.5, səh. 279; Zəhəbi, "İslam tarixi", c.4, səh. 194.
40. "Ənsabul-əşraf", c.5, səh. 275; "Dəməşq tarixi", c.12, səh. 231.
41. "Buruc" surəsi, 3-cü ayədə "Uxdud əshabı"na işarə edilmişdir. Qövmlərinin dindən əl çəkməyə məcbur etdiyi möminlərin bu işdən çəkinməsi nəticəsində onları (möminləri) odla dolu çalalara atmışlar (Müraciət edin: Biharul-ənvar, c.14, səh. 438 (Qissətu əshabul-Uxdud)).
42. Məhəmməd Mehdi Reyşəhri, "Əmirəl-möminin ensiklopediyası", c.13, səh. 149.
43. "Təbəri tarixi", c.5, səh. 135; "əl-Ğarat", c.2, səh. 425.
44. "əl-Mustədrəku ələs-səhihəyn", c.3, səh. 532; "Siffeyn döyüşü", səh. 117; "əl-İmamə vəs-siyasə", c.1, səh. 169.
45. Zarəsətul-umur: Cərrəbtuha və ərəftuha ("Lisanul-ərəb", c.6, səh. 118).
46. "Siffeyn döyüşü", səh. 104.
47. Məhəmməd Mehdi Reyşəhri, "Əmirəl-möminin ensiklopediyasından seçmələr", "Darul-hədis" çap və nəşriyyat mərkəzi, 1-ci çap, c.13, səh. 159.

 

 

Tags: TARİX, SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!