SUİ-ZƏNN VƏ BƏDGÜMANLIQ (2)

:

BƏDGÜMANLIQ, SUİ-ZƏNN NƏDİR?
Həzrət (ə) vəsiyyətnaməsinin bu hissəsində buyurur: “Sui-zənn və bədgümanlığa təslim olma.” (“Bədgümanlıq sənə qalib gəlməsin.”) Əvvəlcə bilməliyik ki, bu ifadələrdə nəzərdə tutulan nədir?

Bu barədə iki ehtimal var:
1. Bu sayaq təbirlər, adətlər o zaman işlədilir ki, bir sifət insanda sabit şəkil alıb, onun xarakterində möhkəmlənsin. Ərəblərin “ğələbə ələyhil-kərəm” deyiminin mənası budur ki, hansısa sifət (burada “kərəm”) insanda sabitləşmişdir. Bu baxımdan, Həzrətin (ə) buyruğundan belə anlaşılır ki, sui-zənn əhli olma, bədgümanlıqdan çəkin.
2. Bu ifadələrin digər bir mənası ehtimala görə budur ki, Həzrət (ə) sui-zənnin əmələ çevrilməsini tövsiyə edir. Sui-zənn bəzən insanın daxilində qalır, bəzən isə o qədər təsirli olur ki, insanı hansısa hərəkətlərə sövq edir. Belə ki, güclü sui-zənn insanın sifətində, hərəkətlərində, rəftarında aşkar müşahidə edilir. Məhz bu halda “insan sui-zənnə məğlub olub” deyirlər. Bu baxımdan Həzrətin (ə) kəlamının mənası budur ki, sui-zənn etdikdə ona məğlub olamayın; yəni sui-zənnə qalib gəlib, düşüncə və rəftarı onun təsirindən qorumaq lazımdır.
Uyğun ifadəyə hər iki mənanı tətbiq etmək mümkündür. Amma ərəb dilinin qanunlarına görə birinci məna daha münasibdir. Birinci mənaya görə, sui-zənnin xarakterdə sabitləşməsinin qarşısı alınmalıdır.
Buna görə də, kəlamın iki mümkün mənasından birincisini əsas götürərək deyə bilərik ki, sui-zənnə məğlub olmaqdan çəkinməliyik. Məbada, sui-zənn bizdə sabit xasiyyət şəklinə düşsün və bütün ətrafdakılara qarşı bədgüman olaq. Tövsiyənin davamında birinci mənanın təsdiqi olaraq buyurulur ki, bədgümanlıq qalib gəldiyi təqdirdə dostlar arasındakı səmimiyyət aradan qalxasıdır. Belə insanlar bütün ətrafa bədbin münasibət bəsləyirlər.

SUİ-ZƏNN RUHİYYƏSİNİN QADAĞANI
Sui-zənn mövzusu ilə əlaqəli ayə və hədislər kifayət qədərdir. Bu sifət Qurani-Kərimdə məzəmmət olunur və qəti şəkildə qadağan edilir: “Ey iman gətirənlər! Çox zənnə-gümanə qatılmaqdan çəkinin. Şübhəsiz ki, bəzi zənnlər günahdır...” (“Hücurat” surəsi, ayə: 12)
Ayədə sui-zənn günah kimi yad edilir. Əksər rəvayətlərdə də sui-zənn günah sayılır. Bəli, İslam dini belə bir ruhiyyəni qəbul etmir və onu pisləyir. Amma bəzi suallar da doğur. Məsələn, insanın ixtiyarında olmayan nəfsani halətlə mübarizə aparmaq olarmı? Çünki müəyyən şəraitin təsiri altında nəfsdə öz-özünə hallar yaranır. Yəqinlik üçün şərait olmadıqda, insan öz-özünə şəkkə düşür. Zənn də belədir. İstər pis, istərsə də yaxşı gümanı ortaya çıxaran şərtlər mövcuddur. İlkin şərtlər, amillər ödəndikdə nəfsani halət insanın iradəsindən asılı olmayaraq, ortaya çıxır. Bu vaxt yaranmış gümanın yaxşı və ya pisliyində insanın rolu olmur. Bəs, necə olur ki, bizə xoşgümanlıq tövsiyə olunur?
Bu suala müxtəlif şəkillərdə cavablar verilmişdir. Nəfsani halətin yaranması insandan asılı olmasa da, ilkin şərtlər insanın ixtiyarındadır. Halı yaradan müqəddimə insanın öz əlində olduğundan elə həmin halın da insandan asılı olduğunu deyə bilərik. Tutaq ki, insanın zehnində hər hansı zəif bir ehtimal yaranmışdır. İnsan özünətəlqin vasitəsi ilə bu ehtimalı gücləndirə bilir. Bu yolla ehtimal bədgümanlığa, bəzən isə əlaqənin kəsilməsinə aparıb çıxarır. Bəzən isə güclü bir ehtimal şübhələr vasitəsi ilə zəiflədilir.
Demək, zənnin yaranması birbaşa insandan asılı olmasa da, onun yaranma şəraiti insanın ixtiyarındadır. İnsan dolayı yolla zənni gücləndirə də bilər, aradan da qaldırar. Zənn və gümana qapılmamaq üçün insan öz zehnində ilkin şərtlərə yol verməməlidir. Məsələn, gecənin qaranlığında çiynində yük aparan gördükdə, ilk əvvəl ağlımıza gəlir ki, həmin şəxs oğrudur. Amma özümüzdən soruşa bilərik ki, axı, haradan bilirik bu adam oğrudur? Bəlkə bu şəxs saleh bir insandır və ehtiyaclılara ərzaq paylayır? Amma elə düşüncələr də var ki, həmin ehtimalı gücləndirər. Məsələn, gecənin qaranlığında bu adama nə düşüb ki, çiynindəki ağır yükü gizlənə-gizlənə aparır?
Bəli, əgər deyirlərsə bədgüman olmayın, demək, insan öz zehnindən şübhələri qova-qova bədgümanlıqdan qaça bilər. Bəs, necə etmək olar ki, zehnimizdə xoş gümanlar yaransın? Bu məsələni açıqlayan rəvayətlərlə qarşıda tanış olacağıq.
Bədgümanlığın aradan qaldırılmasının mümkünlüyü digər bir cavabda da öz əksini tapır. Qeyd olunur ki, insan bədgümanlığın aradan qaldırılması və ya gücləndirilməsinə öz təsirini göstərə bilər. Həm əvvəlcədən bədgümanlığın qarşısı alına bilər, həm də sonradan onu zəiflətmək olar.
Bəzi alimlər və təfsirçilər də bu mövzuda öz baxışlarını açıqlamışlar. Məşhur “Əl-mizan” təfsirində bildirilir ki, sui-zənn nəfsani halət olduğundan ona münasibətdə vəzifə yoxdur; amma onun qadağan olunması əmələ çevrilməməsinə aiddir. Yəni insan pis gümanlar əsasında hərəkət etməməlidir. Zehndə bədgümanlıq yox, əmələ çevrilən bədgümanlıq qadağan olunmuşdur. Qəlbimizdə bədgümanlıq olsa da, onu büruzə verməyin. Xoşagəlməz həddə çatmış sui-zənn əsasında əməl etmək haramdır və məzəmmət olunur.
Bir sözlə, bədgümanlığın insandan asılı olmaması iddialarına cavab olaraq, deyə bilərik ki, bədgümanlığa şərait yaratmamaq, müxtəlif yollarla onu zehndə zəiflətmək olar. Ən azı bədgümanlığın əmələ sirayət etməsinin qarşısı alınmalıdır.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: QURAN, HƏDİS, SUALLARA CAVAB, NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!