ZUHA SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 1

:

ZUHA SURƏSININ MÖHTƏVASI
Zuha surəsi Məkkədə nazil olmuş və 11 ayədən ibarətdir. Məkki surələrdən sayılan “Zuha” surəsi Peyğəmbər (s) vəhyin müvəqqəti olaraq kəsilməsi və təxirə düşməsi nəticəsində çox narahat olduğu və düşmənlərin də bu məsələ barədə söz-söhbətə başladıqları zaman nazil oldu.

Bu surənin nazil olması rəhmət yağışı kimi Peyğəmbərin pak qəlbinə yağdı, ona yeni güc və həyat bəxş etdi. Həmçinin düşmənlərin ağzını bağlayıb etirazlarına son qoydu.
Bu surə iki and ilə başlayır və  Allahın həzrət Rəsulu (s) heç bir zaman yalnız qoymadığını və onu unutmadığını Peyğəmbərə müjdə verir.
Sonra Allah-taala ona razı qalana qədər nemət əta edəcəyini xəbər verir. Daha sonra isə Peyğəmbərin keçmişini, ona necə nemətlər verdiyini və həyatının çətin anlarında onu himayə etməsini Həzrətin gözü önündə canlandırır.
Buna görə də son ayələrdə o həzrətə göstəriş verir ki, İlahinin böyük nemətlərinə şükr olaraq yetim və fəqirlərə qarşı mehriban olsun və Allahın nemətləri haqqında başqaları üçün danışsın. Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədi Qurana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən.

ZUHA SURƏSININ MÖHTƏVASI
Həzrət Rəsuldan (s) belə bir hədis nəql olunmuşdur: “Bu surəni oxuyan şəxs Allahın razı qaldığı və Mühəmməd peyğəmbərin şəfaət edəcəyi şəxslərdən olacaq və hər bir yetim və fəqirin sayı qədər onun üçün on bərəbər savab veriləcəkdir.” (“Məcməul-bəyan” təfsiri, c. 10, səh. 503.)
Bildiyiniz kimi bütün bu fəzilətlər onu oxuyub əməl edən şəxslərə aiddir.
Diqqət: Bir çox rəvayətə əsasən bu surə və sonrakı surə (“İnşirah” surəsi) birlikdə bir surə sayılır. Çünki “Həmd” surəsindən sonra hər rükətdə tam bir surə oxunduğu üçün bu iki surə birlikdə oxunmalıdır.
İki surənin möhtəvasına diqqət etdikdə, aralarında “Bismillah” kəlməsinin fasilə salmasına baxmayaraq, onların mətləblərinin bir-birinə bağlılığını və biri digərinin davamı olduğunu başa düşmək olur.
Sual: Bu iki surə hər baxımdan bir surə sayılırmı, yoxsa yalnız namaz barəsində “bir surə” hökmündədir?
Cavab: Bu barədə fiqhi kitablara namazın qiraəti bölməsinə müraciət etmək lazımdır. Amma ümumi cavab kimi deyə bilərik ki, alim və fəqihlərin nəzərinə əsasən namazda bu surələrin biri ilə kifayətlənmək olmaz.
Surənin nazilolma səbəbi:
Bu surənin nazilolma səbəbi barədə çoxlu rəvayətlər nəql olunmuşdur. Lakin ən etibarlısı aşağıdakı rəvayətdir:
İbn Abbas deyir: “On beş gün keçdi, amma Peyğəmbərə (s) vəhy nazil olmadı. Bu zaman müşriklər dedilər: “Mühəmmədin Allahı onu tərk etmiş, ona düşmən kəsilmişdir. Əgər Allah tərəfindən məmur olduğunu doğru deyirsə vəhy davamlı olaraq ona nazil olmalıdır.” Burada uyğun surə nazil oldu. (Onların sözlərinə cavab olaraq)
Bir hədisdə belə buyurulur: Bu surə nazil olduqda həzrət Peyğəmbər (s) Cəbrailə (ə) dedi: “Gecikdin, halbuki səni görməyə o qədər müştaq idim.” Cəbrail (ə) dedi: “Mən səndən də artıq səni görməyə müştaq idim. Amma itaət quluyam, Allahın fərmanı olmadan yerə nazil olmuram.”
Digər rəvayətdə belə nəql olunur: Bir qrup müsəlman Peyğəmbərə (s) dedi: “Ey Allahın rəsulu! Niyə artıq sizə vəhy nazil olmur?” Həzrət (s) buyurdu: “Sizlər barmaqlarınızın arasını təmizləmir və dırnaqlarınızı tutmursunuz, bu halda necə mənə vəhy nazil olsun?!”  (“Məcməul-bəyan” təfsiri, c. 10, səh. 504.)
Sual: Vəhyin kəsilməsinin müddəti neçə gün olmuşdur?
Cavab: Bu barədə rəvayətlərdə müxtəlif rəqəmlər söylənilmişdir: 12 gün, 15 gün, 19 gün, 25 gün, hətta 45 gün də söylənmişdir. Bəzi rəvayətlərdə isə yalnız 2 gün olduğu bildirilir.

Ardı var ...

 ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!