9-CU MÜNAZİRƏ - I hissə

:

ŞİƏNİ ŞİRKDƏ GÜNAHLANDIRMAQ (25 rəcəb, bazar axşamı 1345-ci il)

Hafiz: «Sizin dua kitablarınızdakı bütün dualarınızda, şirk və küfr əlamətləri gözə çarpmaqdadır. Məsələn, Allaha diqqət etmədən, imamlardan hacətlərinizi tələb edirsiniz, bu isə, şirkin ən böyük dəlilidir». 

Dəvətçi: «Möhtərəm şeyxin keçmiş ata-bablarının sözlərinə uyaraq belə əsassız sözlər söyləməsi, həqiqətdə insafsızlıqdır. Ya nə buyurduğunuzun fərqində deyilsiniz və ya şirkin mənasına diqqət etmədən danışırsınız. Həqiqətin ortaya çıxması üçün ilk öncə şirk və müşrikin mənasını açıqlamağınızı rica edirəm».

ŞİƏNİ ŞİRKDƏ GÜNAHLANDIRMAQ

Hafiz: «Mövzu o qədər aydındır ki, izaha ehtiyac olmadığını sanıram. Allah-taalanı qəbul edib, Ondan başqasına yönəlmənin şirk olduğu, açıq bir həqiqətdir. Müşrik, Allahdan başqasına yönəlib, istəyini ondan tələb edən kəsdir.

Məlum olduğu kimi şiə camaatı tam şəkildə Allaha yönəlməmişdir. Bütün istəklərini Allahın adı olmadan, imamlarından istəyirlər. Hətta şiə fəqirləri, yollarda, evlərin qapılarına və ya dükanlara gəldikləri zaman, «Ya Əli!», «Ya Hüseyn!» «Ya qərib imam Rza!», «Ya həzrət Abbas» deyirlər. Bir dəfə olsun «Ya Allah» dedikləri görülməmişdir. Bütün bunlar şirkə, şiə camaatının Allaha yönəlmədiyinə və Allahdan başqasına yönəldiklərinə dəlildir». 

Dəvətçi: «Sözlərinizi nə cür anlayım bilmirəm. Görəsən, inadkarlıq üzündən, bildiyiniz halda özünüzü bilməzliyə vurmağınızamı, yoxsa həqiqətlərə lazımınca diqqət göstərmədiyinizəmi? Çünki alim olmağın şərtlərindən biri, insaflı olmaqdır. Haqqı bilən bir kəs, öz istək və məqsədi uğrunda haqqı təkzib edərsə, o kəs insaflı deyil deməkdir. İnsafı olmayan alim də, əməlsiz alimdir. Rəsulullah (s) bir hədisdə belə buyurur: «Elmi ilə əməl etməyən, meyvəsiz bir ağaç kimidir».

Danışığınızda dəfələrlə şirk və müşrik kəlmələrini işlətdiniz. Boş və əsassız dəlillərlə, Allahı tək bilən şiələri müşrik olaraq adlandırdınız. Bu kimi sözləriniz, məlumatsız əhli-sünnə qardaşların üzərində təsir buraxıb, şiələri müşrik bilmələrinə səbəb ola bilər ki, indiyə qədər də bu təsir qalmaqdadır. Başqa tərəfdən, burada olan şiələr də, bu sözlərinizdən çox narahat olurlar. Sizə qərəzli bir alim və iftiraçı gözüylə baxırlar. Çünki onlar əqidələrində sizin dediyiniz sözlərin hiç birinin olmadığını görürlər. Bu halda, sözlərinizə diqqət yetirib elə cümlələr söyləyin ki, həm haqq bəlli olsun, həm də qəlblərdə sizə qarşı məhəbbət yaransın. 

Burada olan və olmayan əhli-sünnə qardaşların zehinlərinin aydınlıq tapması üçün əgər izn versəniz, məcburiyyət qarşısında, məclisimizin vaxtını da nəzərə alaraq, Əllamə Hilli, Mühəqqiq Tusi, Əllamə Məclisi kimi şiənin iftixarı və dahiləri olan böyük tədqiqaçı alim, fəqih və həkimlərinin ‒ Molla Sədra, Molla Novruzi, Əli Taliqani, Molla Hadi Səbzivari, Mərhum Feyz Kaşani və Fəyyaz Lahicani kimi başqa həkim və tədqiqatçıların, Quranın ayələri, pak imamların (ə) uca əmirlərindən yola çıxaraq, şirk və müşrik mövzusundakı etiqadlarını ərz edəcəyəm. Belə ki, burada əyləşənlər zənn etməsinlər ki, şirkin mənası, müsahibim Hafiz qardaşın buyurduğu kimidir».

Hafiz: (əsəbi bir şəkildə) «Buyurun, buyurun».

Nəvvab: (ehtiramla) «Məclisdə iştirak edənlərin hamısı alim olmadığına görə, bəzi mövzuları və terminləri anlamaq onlar üçün imkansızdır. Rica edirəm sözlərinizi olduqca aydın və sadə söyləyin. Təkcə alimləri nəzərdə tutub, cavablarınızı onlara yönəltməyin. Xüsusilə, Hind və Pişəvərdən olanlar ali təhsilli deyillər. Bu səbəbən, qarışıq və çətin anlaşılan mövzulardan çəkinməyinizi xahiş edirəm».

Dəvətçi: «Möhtərəm Nəvvab qardaş, xatırlatdığınız sözləri mən hər zaman nəzərə alıram. Yalnız bu məclisdə deyil, hər hansı tədbir və yığıncaqda olursa olsun, alimləri deyil, camaatın ümumi kütləsini nəzərə almaq mənim adətimdir. Peyğəmbərlərin göndərilməsi, kitabların nazil olması, həqiqətlərdən xəbərsiz olan insanlar üçün deyildirmi? Həqiqətlər sadə və hər kəsin anlaya biləcəyi bir şəkildə izah edilməlidir. Bir hədisdə Rəsulullahın (s) belə buyurduğu nəql edilir: «Biz peyğəmbərlər, insanlarla ağılları yetişən səviyyədə danışarıq».

İstəyinizi daima nəzərdə tuturam. İnşallah, bundan belə daha çox diqqət edərəm. Əgər unutsam, rica edirəm, mənə xatırladın». 

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!