21-Cİ MÜNAZİRƏ - I hissə

:

OSMAN VƏ QOHUMBAZLIQ (28 rəcəb, çərşənbə, 1345-ci il)
Amma buyurduğunuz: «Mağara ayəsindəki «Möminlərə qarşı mərhəmətlidir» cümləsi Osman ibn Əffanın şəninə nazil olmuşdur və üçüncü mərtəbədə onun xilafətinə işarə edir; Çünki o, çox yumşaqqəlbli və mərhəmətli bir şəxsiyyət idi» sözünüzə gəlincə, təəssüflər olsun ki, bu etiqad da, tarixin şəhadətinə görə, onun əxlaqi səciyyələri ilə uyğunlaşmır.

Bu sözümə bir çox dəlillər vardır. Lakin artıq söhbətimizi tamamlamaq istəyirəm. Çünki bu mövzunu açıqladıqda ixtilaf düşə biləcəyindən ehtiyat edirəm».
Hafiz: «Əgər səhih sənəd və dəlillərlə danışsanız, əsla ixtilafa yol açmaz! Onları söymədən dəliliniz varsa, buyurun».
Dəvətçi: «İlk əvvəl bunu bildirməliyəm ki, mən söyüş söyən deyiləm. Əksinə, məclisdəkilərin də şahid olduğu kimi, mən söyüldüm. Lakin bunlara, sadəcə dəlil və bürhan ilə cavab verdim.
İkincisi; bu mövzudakı dəlilər o qədər çoxdur ki, hamısını nəql etməli olsam, bu məclisin vaxtı yetməz. Amma əmr etdiyiniz üçün bəzisini xüsusi olaraq bildirmək istəyirəm. Artıq özünüz insafla kimin mərhəmətli və yumşaq qəlb sahibi olduğuna hökm verərsiniz.
Əvvəla qeyd edim ki, böyük tarixçilərimizin ittifaq etdiklərinə və hətta mötəbər səhih kitablarınızın yazdığına görə Osman Rəsulullahın sünnə və Şeyxlərin (öncəki iki xəlifənin) üslubuna zidd hərəkət etmişdir. Məsələn: İbn Xəldun, İbn Xəllakan, Əsəmi Kufi «Sihahi-sittə», Məsudi «Murucuz-zəhəb», c. 1, səh. 435, İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi», c. 1... digər böyük alimləriniz öz kitablarında belə yazmışlar: «Osman ibn Əffan xilafət məqamına yetişdikdə Rəsulullahın sünnəsi və Şeyxeynin (Əbu Bəkrlə Ömərin) sirəsinə zidd hərəkət etdi...».
Bütün tarixçilərin birgə qərarına görə, Əbdürrəhman ibn Ovf şura məclisində Allahın kitabı, Rəsulullahın sünnəsinə və Şeyxeynin sirəsinə zidd davranmayacağı və əməvilərdən kimsəni iş başına gətirməyəcəyinə dair verdiyi sözə görə Osmana beyət etdi. Amma Osman iş başına gəldikdə, sözünün tam əksinə, onların sirəsinə və verdiyi əhdə zidd hərəkət etdi. Bildiyiniz kimi, Quran-kərimin hökmünə və səhih xəbərlərə əsasən əhdi pozmaq böyük günahlardandır. Böyük alim və tarixçilərinizin açıq-aydın ifadələrinə görə, xəlifə Osman əhdinə vəfa etmədi. Xilafət dövründə bütünlüklə “Şeyxeynin” xilafına hərəkət etdi və Bəni-Üməyyəni iş başına gətirərək, onları xalqın namus və malına hakim etdi. Bax, bu, onun üçün birinci böyuk bir ləkədir».
Hafiz: «Rəsulullahın (s) sünnə və Şeyxlərin davranışının əksinə necə davrandı?».

OSMANIN ƏDALI DAVRANIŞI ƏBU BƏKR VƏ ÖMƏRİN XİLAFINA İDİ
Dəvətçi: «Rəsulullahın (s) sünnə və Şeyxeynin davranışının əksinə atdığı ilk addımı tarixçilər geniş şəkildə yazmışlar. Məsələn, hər iki məzhəbin qəbul etdiyi mühəddis və tarixçi Məsudi «Murucuz-zəhəb» kitabının 1-ci cildinin 433-cü səhifəsində qısaca olaraq belə zikr etmişdir: «Osman çox bahalı daş və taxtalardan özünə bir saray tikdirdi. Topladığı malları “əməvi”lərə və digərlərinə bağışlayırdı. Məsələn, öz zamanında fəth edilən xristian şəhərlərinin xümsünü (heç bir şəri səlahiyyəti olmadan) məlun Mərvana bağışladı. Buna əlavə olaraq, beytül-maldan Mərvana nəqd 1000 dirhəm bəxşiş etdi. Yenə beytul-maldan Abdullah ibn Xalidə 400 min dirhəm, Rəsulullahın sürgün etdiyi məlun Əbul Asa 100 min, Əbu Süfyana isə 200 min dirhəm bağışladı».
Əksəriyyətin ac və fəqir olduğu bir dövrdə Osmanın «Rəsulullahın xəlifəsi» adı altında bu qədər mal-sərvət toplaması və davranışı əqlən və nəqlən çirkin olması ilə bərabər, şura günü təəhhüd (Öhdəsinə alma, yerinə yetirəcəyinə söz vermə) etdiyi yoldaşları Əbu Bəkr və Ömərin yoluna və baxışlarına da zidd idi.
Məsudi «Murucuz-zəhəb» kitabının 1-ci cildində Osmanın həyatı haqqında belə yazır: «Xəlifə Ömər, oğlu Abdullah ilə həccə getdikdə gediş-gəliş xərcləri cəmisi 16 dinar oldu.  Xəlifə oğlu Abdullaha «Biz xərclərimizdə israf etdik» dedi».
İndi, siz ağalar, xəlifə Ömərin yaşayışı ilə Osmanın beytül-malı göyə sovurması arasında müqayisə edib, özünüz hökm verin! Bunu təsdiq edin ki, Osman verdiyi söz və əhdin tam əksinə hərəkət etmişdir.

OSMANIN BƏNİ-ÜMƏYYƏ FASİQLƏRİNİ İŞ BAŞINA GƏTİRMƏSİ
İkincisi, Osman Bəni-Üməyyənin ən fasiq, ən çirkin insanlarını iş başına gətirdi və onları xalqın mal, can və namusuna hakim kəsdi. Rəsulullahın və Şeyxlərin razı olmadıqları kəsləri iş başına gətirdi. Məsələn, tarixin şahidliyinə görə Osman Rəsulullahın sürgün etdiyi və lənətlədiyi məlun əmisi Həkəm ibn Əbil Asla, oğlu Mərvan ibn Həkəmi iş başına gətirmişdir».
Hafiz: «Onların xüsusən sürgün edildiyinə və lənətlədiyinə dair dəliliniz nədir?».

BƏNİ- ÜMƏYYƏ, HƏKƏM İBN ƏBİL AS VƏ MƏRVANIN ALLAH VƏ PEYĞƏMBƏR (S) TƏRƏFİNDƏN LƏNƏTLƏNMƏSİ
Dəvətçi: «Lənətlədiklərinə dair iki növ dəlil vardır. Birincisi ümumidir. Allah-taala «İsra» surəsinin 60-cı ayəsində Bəni-Üməyyəni «Şəcərətul-məlunə; lənətlənmiş ağac» olaraq tanıtdırır. Bu səbəbdən imam Fəxri Razi, Təbəri, Qurtəbi, Nişapuri, Alusi, İbn Əbi Hətəm, Xətib Bağdadi, İbn Mərdəviyə, Hakim, Beyhəqi və öz alim və müfəssirlərinizdən bir çoxu zikr edilən bu ayənin təfsirində İbn Abbasdan belə nəql etmişlər: «Quranda «lənətlənmiş ağac»dan məqsəd Bəni-Üməyyədir. Çünki Rəsulullah yuxuda onları minbər və mehrabına daraşan meymunlar şəklində gördü. Həzrət yuxudan oyandıqdan sonra Cəbrail (ə) zikr olunmuş ayənin nazil olduğunu xəbər verdi: «Röyada gördüyün meymunlar Bəni-Üməyyədir. Onlar səndən sonra xilafəti qəsb edəcəklər. Mehrab və minbərin 1000 ay onların idarəçiliyi altında olacaqdır».
Fəxri Razi İbn Abbasdan nəql edir: «Rəsulullah Bəni-Üməyyə arasından, xüsusilə Həkəm ibn Əbil Asın adını xatırladırdı».
Qurani-kərimin hökmünə görə, Həkəm ibn Əbil As «Şəcərətul-məlunə»dən olduğu üçün məlundur. Rəsulullah, xüsusilə onun adı çəkildikdə lənət deyirdi. Hər iki firqənin mötəbər ravilərindən onların lənətləndiklərinə dair bir çox hədis nəql edilmişdir. Lakin məclisin ilk gecəsində şiə hədislərindən dəlil gətirməyəcəyimə söz verdiyim üçün zehnimdə olanları həqiqətin kəşf olması məqsədilə, sadəcə sizin alimlərinizin nəql etdikləri hədis və rəvayətləri deyəcəyəm.
Hakim Nişapuri «Müstədrək»in 4-cü cildinin 487-ci səhifəsində və İbn Həcər Məkki də «Səvaiq» adlı kitabında Hakimdən belə nəql edir: «Rəsulullahdan nəql edilən bu hədis səhih bir sənədlə yetişmişdir: «Əhli-beytim məndən sonra yaxın bir zamanda ümmətimdən onları öldürən və evlərindən çıxarıb sərkərdan edən bəzi kəslərlə qarşılaşacaqlar. Bəni-Üməyyə, Bəni-Müğeyrə və Bəni-Məxzum qəbilələrinin bizə olan kin və düşmənçilikləri hər kəsdən daha çoxdur».
Rəsulullah (s) bu sözü buyurduqda Mərvan uşaq idi. Həzrət ona işarə edərək belə buyurdu: «Bax, bu vəzəğ (Qurbağa) oğlu vəzəğ və məlun oğlu məlundur».
Fəxri Razi «Təfsiri-kəbir» kitabının 5-ci cildində «Şəcərətul-məlunə» (lənətlənmiş ağac) ayəsinin mənasında Ümmül-möminin Ayişənin sözünə toxunur. O, Mərvana belə deyirdi: «Sən atanın sülbündə ikən Allah-taala onu lənətlədi. Sən Allahın lənətlədiyi zatın bir parçasısan».
Əllamə Məsudi «Murucuz-zəhəb» kitabının 1-ci cildi 435-ci səhifəsində deyir: «Mərvan ibn Həkəm Rəsulullahın Mədinədən qovduğu və sürgün etliyi bir kəs idi».
Mərvanın Əbu Bəkr ilə Ömərin zamanında Mədinəyə gəlməsinə izn verilmədi. Amma Osman xəlifə olduqda Rəsulullah, Əbu Bəkr və Ömərin əksinə, onu Mədinəyə gətirdi və Bəni-Üməyyədən olan digər şəxsləri yanına toplayaraq, onlara hədsiz dərəcədə ehtiram göstərdi».
Nəvvab: «Qiblə sahib! Həkəm ibn Əbil As kim idi və Rəsulullah nə səbəbdən onu Mədinədən sürgün etmişdi?».

HƏKƏM İBN ƏBİL AS
Dəvətçi: «Həkəm ibn Əbil As Osmanın əmisi idi. Təbəri, İbn Əsir və Bəlazərinin «Ənsab» kitabının 5-ci cildinin 17-ci səhifəsində yazdıqlarına görə, Həkəm cahiliyyət dövründə Rəsulullahın qonşusu idi. O, Həzrət Rəsulu (s) xüsusilə besətdən sonra çox incidirdi. Məkkənin fəthindən sonra Mədinəyə gələrək, zahirdə İslamı qəbul etdi. Amma cəmiyyət içində Peyğəmbəri təhqir etməyə çalışırdı. Rəsulullah hərəkət etdikdə Həkəm onun arxasınca düşərək gözü, əli, ağzı, burnu və hətta namazda belə bir qrup hərəkətləri ilə məsxərə edir, alçatmaq istəyirdi. Rəsulullah bu hərəkətlərinə görə, ona bəd dua etdi. Bu dua nəticəsində o, havalanıb dəli kimi oldu. Bir gün (üzr istəmək üçün) Rəsulullahın evinə getdi. Həzrət çölə çıxaraq «heç kim ondan ötrü üzr istəməsin. O, onun oğlu Mərvan və digər ailə üzvləri Mədinəni tərk etməlidirlər» - deyə buyurdu.
Beləliklə, Rəsulullahın (s) əmri ilə Taifə sürgün edildilər. Əbu Bəkr və Ömərin xilafətləri dövründə Osman əmisidir deyə şəfaət edərək onların Mədinəyə qaytarılmasını istəsə də, onlar qəbul etmədilər: «Biz Rəsulullahın qovduğu və sürgün etdiyi kəsləri geri qaytara bilmərik!».
Lakin Osman xilafətə yetişdikdə, səhabə və müsəlmanların - etirazlarına etina etməyib, onları Mədinəyə gətirdi. Üstəlik onlara bəxşişlər də verdi. Mərvanı xilafət sarayının rəisi etdi. Bəni-Üməyyənin bütün qabaqcıllarını öz ətrafına toplayaraq onlara çox həssas, önəmli vəzifə və məqamları verdi. Ömərin də əvvəlcədən gördüyü kimi, onlar Osmanın bədbəxtliyinə səbəb oldular.

FASİQ VƏLİD SƏRXOŞ OLDUĞU HALDA CAMAAT NAMAZI QILDIRDI
Bunlardan biri Osmanın Kufəyə vali göndərdiyi Vəlid ibn Əqəbə ibn Əbu Muit idi. Məsudi «Murucuz-zəhəb» kitabında Osmanın tərcümeyi-halını bildirərkən belə deyir: «Rəsulullah Vəlidin haqqında buyurmuşdur: «O, atəş əhlindəndir». Vəlid fisqu-fücurda, açıq-aşkar günah edənlərin son hddinə yetişmişdi».
Məsudi «Murucuz-zəhəb» və Əbul Fida öz «Tarix»ində, Süyuti «Tarixul-xuləfa»nın 104-cü səhifəsində, Əbul Fərəc «Əğani»nin 4-cü cildinin 178-ci səhifəsində, İmam Əhməd «Müsnəd»in 1-ci cildinin 144-cü səhifəsində, Təbəri «Tarixi-Təbəri» adlı kitabının 5-ci cildinin 60-cı səhifəsində, Beyhəqi «Sünəni-Beyhəqi»nin 8-ci cildinin 318-ci səhifəsində, İbn Əsir «Kamil»in 3-cü cildinin 42-ci səhifəsində, Yəqubi «Tarixi-Yəqub»nin 2-ci cildinin 142-ci səhifəsində və İbn Əsir «Usdul-ğabə» kitabının 5-ci cildinin 91-ci səhifəsində və digərləri yazırlar: «Vəlid Kufədə vali olduqda bir gecə sübhə qədər əyləndi. Sübh azanının səsi eşidildikdə, sərxoş halda məscidə gələrək, mehrabda durdu. Sübh namazını dörd rükət qıldı və sonra xalqa, «istəsəniz, daha da artıra bilərəm» – dedi.
Bəziləri isə Vəlidin mehrabda qusduğunu və bütün camaatın Osmana şikayət etdiyini yazırlar.
Osmanın ətrafındakı fasiqlərdən biri də Müaviyədir. Osman onu Şama, Səd ibn Ası isə Kufəyə (Vəliddən sonra) vali təyin etdi. Bunların İslam ölkələrindəki etdikləri zülm və fəsad son həddə yetişdi. Xalqın fəryadları yüksəlməyə başladı; xalqın şikayət məktublarını xilafət sarayına gətirən hər kəs qovulurdu.

OSMANIN ETDİYİ XƏTALAR ÖLÜMÜNƏ SƏBƏB OLDU
Osmanın Rəsulullahın (s) sünnəsinə, hətta Əbu Bəkr və Ömərin belə yoluna zidd olan bu əməlləri xalqın qəzəbinə gəlib, onların qiyamına səbəb oldu; nəticədə də olan oldu. Qətiyyətlə deyə bilərik ki, Osmanın bədbəxtliyi və qətlinin səbəbkarı özüdür. Çünki etdiyi işləri incələyib gözdən keçirmədi. Həzrət Əlinin nəsihətlərinə qulaq asmadı və özünü ətrafındakı Bəni-Üməyyəyə qurban verdi.
II xəlifə Ömər bu vəziyyəti əvvəlcədən müəyyən etmişdi. İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi» kitabının 3-cü cildinin 106-cı səhifəsində Ömər ilə İbn Abbasın söhbətini nəql edərək yazır: «Ömər bu 6 nəfər “Şura” əhlinin hər biri haqqında bəzi sözlər deyib nöqsanlarını vurğuladı. Növbə Osmana gəldikdə, üç dəfə dərin ah çəkərək dedi: «Allaha and olsun ki, Osman xilafəti ələ keçirərsə İbn Muit oğullarını (Mərvan və digərlərini) mütləq xalqın boynuna mindirəcəkdir. Sonra da ərəblər qiyam edib onu öldürəcəklər».
Ağalar, insaf yaxşı şeydir. Böyük alimlərinizdən olan hicri 300-cü ildə yaşayan Məhəmməd ibn Cərir Təbərinin «Tarix» kitabına bir nəzər yetirin. 357-ci səhifədə yazır: «Rəsulullah (s) Əbu Süfyanın uzunqulağa mindiyini, Müaviyənin onu qabaqdan çəkdiyini, Yezidin də onu arxadan sürdüyünü gördükdə belə buyurdu: «Allah-taala uzunqulağın tərkindəkinə, onu qabaqdan çəkənə və onu arxadan sürənə lənət etsin».
Bunları öyrəndikdən sonra özünüz hökm verin ki, görəsən, Osman nə səbəbdən Allahın Rəsulunun lənət və sürgün etdiyi bir kəsi möhtərəm sayıb, bağrına basır?! İslam dininə qarşı üsyankarlıq etmələrinə görə onlara əmirlik və hökümət verir?!
Biz, xəlifənin bu cür əməllərinə və onun düşünçəsizliyinə təəccüblənirik. Sadəcə biz deyil, Təbəri və İbn Əsəmi Kufi kimi böyük alimləriniz də təəccüblənirlər: «Görəsən, xəlifə Osman niyə xilafətinin ilk günlərində İslamı, vəhyi və Cəbrailin nüzulunu inkar edən Əbu Süfyanı öldürməyib hadisənin üstünü ört-basdır etdi? Halbuki, bütün müsəlmanların ittifaqıyla, belə bir məlunun qətli vacib idi!».

XALQIN NARAHATÇILIĞI OSMANIN ÖLDÜRÜLMƏSİNƏ SƏBƏB OLDU
Bunlara əlavə olaraq «Nəhcül-bəlağə»nin 163-cü xütbəsinə və İbn Əbil Hədidin «Nəhcül-bəlağənin şərhi» kitabının 2-ci cildinin 482-ci səhifəsində (Misir nəşri) xütbəni şərh edərkən «Tarixi-Təbəri»dən nəql etdiyi rəvayətə müraciət edin: «Rəsulullahın (s) səhabələrindən bəziləri şəhərlərə məktublar yazaraq müsəlmanları cihada dəvət etdilər. Əməvi və digərlərinin Osmanın himayəsi ilə etdikləri zülmlərdən cana doyan xalq hicri 34-cü ildə Mədinəyə – həzrət Əlinin hüzuruna gəldilər. Onu vasitəçi qərar verib, xəlifə Osmanın yanına göndərdilər. İmam mümkün olduğu qədər ona nəsihət etdi, bir qrup vali və hakimlərin dəyişməsini və etdiyi əməlləri təkrar gözdən keçirtməsini istədi; onu bu cür işlərin doğura biləcəyi nəticələr haqqında xəbərdar etdi. Hətta canının təhlükədə ola biləcəyini belə bu sözlərlə ona başa saldı: «Allaha and verirəm, çəkin! Bu ümmətin öldürülən rəhbəri olma. Çünki söylənənə görə, bu ümmətdə bir rəhbər öldürüləcəkdir. Onun öldürülməsi ilə Qiyamətə qədər ümmətin içində ölüb-öldürülmə olacaqdır».
Amma Mərvan və xəlifə Osmanın ətrafındakı Əməvilər Həzrətin (ə) ona dəyərli nəsihətlərini təsirsiz hala gətirdilər. O, həzrət Əli yanından getdikdən sonra xalqın məscidə toplanmasını əmr etdi. Valiləri vəzifələrindən uzaqlaşdırmalı olduğu halda, minbərə çıxaraq elə bir şəkildə danışdı ki, onsuz da incimiş xalqı daha da incitdi. Nəhayət, iş o yerə çatdı ki, Ömərin dediyi kimi Osman ondan narazı xalqın əliylə öldürüldü.
Demək, Osmanın ölümünə səbəb olan şey onun yanlış işləri oldu; böyüklərin nəsihətini dinləmədiyi üçün etdiklərinin cəzasını gördü. Amma Əbu Bəkr və Ömər belə etmədi; onlar ardıcıl olaraq Əmirəl-möminin həzrət Əlinin nəsihətlərini dinlədilər.

OSMANIN ƏMRİ İLƏ RƏSULULLAHIN (S) ƏSHABININ DÖYÜLMƏSİ
Osman etdiyi xətalar ucbatından ona etiraz edən bəzi səhabələrin döyülməsini əmr etdi. Osmanın bu əmri sayəsində onları o qədər döydülər ki, bəziləri öldü, bəziləri isə şikəst oldu.
Osmanın döydürtdüyü səhabələrdən biri Abdullah ibn Məsud idi. O, hafiz, qari, Quran katibi və Rəsulullahın (s) məxsus səhabələrindən idi; Hətta Əbu Bəkr və Ömər ehtiram göstərib onunla məsləhətləşirdi.
İbn Xəldun «Tarix» kitabında yazır: «İkinci xəlifə Ömər xilafəti dövründə Abdullahın ondan ayrılmamasında israrlı idi. Çünki o, Quran və dini hökmlər haqqında zəruri, lazımlı məlumatlara sahib idi. Rəsulullah onu çox tərif etmişdi». İbn Əbil Hədid və digərləri də öz əsərlərində bu mövzuya toxunmuşlar.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!